ƏLİ BƏY AZƏRİ – ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN – HEKAYƏƏLİ BƏY AZƏRİ – ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN – HEKAYƏ

Əli bəy AZƏRİ – yazıçı-publisist.

ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN

(hekayə)

Həmin gecə Sərhəd Dəstəsi üzrə cavabdehlik qərargah rəisindəydi. Yaşı yenicə qırxı haqlamış mayor Həmidov gecənin gec saatlarınadək bütün xidmətləri yoxladı. Rabitəçiyə dövlət sərhəddi boyunca ermənilərlə üzbəüz döyüş növbəsində olan bütün sərhəd məntəqələri ilə əlaqə saxlamağı tapşırdı. Hər yerdə xidmətin normada olduğunu dəqiqləşdirdi. Hamısı tikan üstündə oturmuşdular. Yaxın əeazilərdə olan Milli Ordunun qüvvələri Dağlıq Qarabağda döyüşə cəlb olunmuşdu. Əgər ermənilər burda döyüşə girişsəydi sərhədçilər ancaq öz güclərinə qarşısını almalıydılar.

Otağına gəldi, bir şirin yuxu onu çylğalayırdı, neçə günün yorğunluğu canındaydı. Eləcə başını yazı masasının üstünə qoydu. Lap az da olsa, mürgüləmək, gözünün acısını çıxartmaq keçdi könlündən. Nə vaxt yuxuya getdiyindən xəbəri olmadı.

Qapının möhkəm döyülməsindən ayıldı. Hövlnak gözlərini açıb başını yuxarı qaldırdı. Qərargah növbətçisi qapının qabağında dayanıb ona baxır, ağzının açılıb-yumulmasından hiss olunurdu ki, nə isə deyir. Gic kimi olmuşdu, başı ağrıyır, qulaqları uğuldayırdı, heç nə eşitmirdi. Başını silkələyib ayılmağa çalışdı. Sifətinin bir tərəfini masaya söykəmişdi deyə həm qulağı tutulmuşdu, həm də boynu bərk ağrıyırdı. Sifətini ovuşdurdu.

-Başa düşmədim, nə deyirsən? – deyə soruşdu.

-“Kəmərli”də bərk atışmadır, nəsə baş verib, – qərargah növbətçisi kəkələdi.

-Ermənilər hücuma keçib?

-Bilmirəm.

-Komanda-Qərargah Məntəqəsinə get, radistə de, bir də əlaqəyə çıxsın, dəqiqləşdirin, görün nə məsələdir.

-Cənab mayor, əlaqə yoxdur.

-Necə əlaqə yoxdur?

-Bircə deyiblər ki, “Kəpirlik”də döyüş gedir.

-“Kəpirlik”də, yoxsa “Kəmərli”də?

-Mən də elə bildim “Kəmərli”də. Ancaq radist dedi ki, “Kəpirlik”də. Getdi dəqiqləşdirməyə, qayıtdı ki, əlaqə itib.

-Növbətçiyə de, təcili “həyəcan” siqnalı versin. “Ehtiyat qrup” silahlansın, çıxırıq.

-Oldu. – Qərargah növbətçisi qaçaraq getdi.

***

Bu dəfə də kiçik çavuş Mehdiyevin manqası gecə növbəsinə düşmüşdü. Zastavaya gəlişindən İsgəndərin xidmətinə beşinci dəfəydi gecə vətəni dövlət sərhədləri boyunca qoruyanlardan biri olmaq yazılırdı.

Aydın, aylı-ulduzlu bir gecəydi. Səma çox açıq idi, lap süd gecələrindəki kimiydi. Hiss olunurdu ki, səhər buralara xas açıq və qızmar hava olacaq.

İsgəndər mövqeni çavuş Həzrətquliyevdən qəbul etdi.

-Bax haa, buraları da, əsgərlərini də yaxşı qoru. Diqqətli ol, erməni snayperləri işləyir.

-Baxma ki, sən həzrətquluların nəvəsisən, babalarının cəddi səni qoruyur. – İsgəndər həmkarına dolayısı bir atmaca atdı. – Mən də kiminsə qanadı altındayam, nə olsun ki, Mehdi-Zaman babamız ailə qurmayıb, nəsil törətməyib, qeybə çəkilib. – Gözü qarşıdakı qəbiristanlığa sataşdı, indi görürmüş ki, diqqətlə baxdı və əli ilə işarə etdi. – Bir də özünə baxma, mən buraları elə qoruyacam ki, səsi Sərhəd Qoşunlarının hər yerinə yayılacaq.

-Onları qorumağa ehtiyac yoxdu, öz ruhları özlərini qoruyur. – Çavuş Həzrətquluyev eyhamı anladı. – Sən elə burda mövqedə möhkəm dayan, əsgərləri də nahaq snayper gülləsinə tuş gəlməyə qoyma. Bir ayda iki əsgərimiz şəhid olub. Biz çavuşlar qoruya bilməmişik onları…

İsgəndər narahat insan idi, bunu komandirləri də, əsgər və çavuş yoldaşları da tanışlığın ilk günündən hiss etmişdilər. Elə hey vurnuxur, bir yerdə qərar tutub rahatlıq tapa bilmirdi. Bunu hələ Qarayazı Sərhəd Dəstəsinə qədəm qoyduğu gün hərbi hissənin psixoloqu hiss etmiş, bir neçə dəfə onunla bu barədə söhbət aparmışdı. Yekunda onun adını nəzarət tələb edənlər siyahısına yazaraq qərargah rəisinə məlumat vermişdi. “Bir müddət nəzarətdə saxlanılmasını, silahla davranılacaq xidmət növlərinə yazmamağı” xahiş etmişdi. Qərargah rəisi isə onunla razılaşmamışdı.

-Uşaq baxçasında deyilik. Dünən forma geyinənləri posta yazmaq olar, beşinci ildir forma gəzdirən İsgəndəri, deyirsən olmaz? – Etirazını bildirmişdi. – Heç nə olmaz. Qoy, getsin Vətənə xidmət eləsin. Burda qulluq edənlərin heç birindən nə artıq deyil, nə əskik. Burda hamı bərabərdir, hamı da posta durmalıdır, İsgəndər də xüsusən, görmürsən necə boylu-buxunludur, güclüdür. Bu neçə ildə forma geyməyin özü onu formaya salıb.

İsgəndər intizamsızlıq nümayiş etdirdiyindən və zəif oxuduğundan Ali Hərbi məktəbdən çıxarılaraq Sərhəd Qoşunlarında xidmətə göndərilmişdi. Psixoloqla söhbətində o, bunu qəsdən etdiyini boynuna almışdı.

-Yeddinci sinifdə oxuyurdum. Məktəbdə, evdə hər kəs məndən böyüyəndə kim, nəçi olmaq istədiyimi soruşurdu. Bezmişdim əllərindən, bu barədə heç fikirləşmirdim də. Çünki həyatda seçim etməkdə yekun qərarım yox idi. Anamın istəyinə qarşı çıxmadım, Heydər Əliyev adına Naxçıvan Hərbi liseyinə getdim. Orada elə ilk gündən başa düşdüm ki, hərbi həyat mənlik deyil, adamın azadlığını boğur. İstədiyini edə bilmirsən, istədiyin yerə gedə bilmirsən. Bütün günü hasarın arasında, oxumaq da nəzarət altında, yemək də, yatmaq da, hətta istirahət də… Anamın xətrinə bir müddət dözdüm. 

Anası Nüşabə İsgəndəri təkbaşına böyütmüşdü. Gənc qız vaxtı Əhməd adlı bir oğlanla qarşılaşıb, ilk baxışdan bir-birlərinin xoşuna gəliblər. Onda Əhməd hərbi xidmətdə olub, Nüşabə isə texnikumda oxuyurmuş. Təsadüfdənmi, ya nədənsə rastlaşmışdılar. Nüşabə bunu Tanrının qisməti kimi qəbul etmişdi.

Əhməd aran rayonlarının birində böyüyüb boya-başa çatmış boylu-buxunlu bir gənc idi. Əsgər geyimi ona çox yaraşır, pəhləvan cüssəli göstərirdi. Odur ki, uzun illər Nüşabənin yaddaşında elə beləcə də qaldı.

Nüşabəgilin ailəsi erməni işğalı nəticəsində məcburi köçkün olaraq gəlib şəhərdə sığınacaq tapmışdı. Sığınacaqları çox darısqal olduğundan sıxılır, çarəsizlikdən dözürdülər. Odur ki, Nüşabə qarşısına bir gül ilə çıxan bu gənci taleyinin qisməti olaraq qəbul etdi və tezliklə ailə quracağı, öz evinin olacağı xəyallarında məst oldu. Çox gözləmədilər. Əhməd əsgərliyini bitirən kimi Nüşabə ona qoşulub qaçdı. Toy, cehiz üçün düşünməyə dəyməzdi, təki öz ailəsi olsun. Bir müddət kənddə – Əhmədin ata evində yaşamalı oldular. İşsizlikdən, bir də anası, ərgən bacıları ilə yola getmədiklərindən Əhməd Nüşabəni də götürüb şəhərə gəldi. Nüşabənin valideynlərinin dəstəyi ilə bir neçə il birtəhər yaşadılar. Əhmədin xasiyyətinin dəyişkənliyindən tez-tez iş və yaşayış yerini dəyişməli oldular. Bir oğlan övladları oldu – adını İsgəndər qoydular. İsgəndərin iki yaşı olar-olmaz həyatları alınmadı deyə ailə dağıldı. Boşandılar, Əhməd çıxıb Rusiyaya getdi, gözüyaşlı Nüşabə isə atasının evinə qayıtdı. Atasıgil daha sığınacaqda qalmırdılar, torpaq sahəsi alıb ev tikdirmişdilər. 

Nüşabə oğlunu təkbaşına böyütdü, onun hər istəyini, hər arzusunu yerinə yetirdi, ərkəsöyün etdi, azadlığı bol-bol daddırdı. Yarımçıq qalmış arzularını tamamlamaq fikrinə düşdü, oğlunu hərbçi görmək istədi. “Sən mənim general oğlumsan, sənə forma çox yaraşacaq”, deyib boyunu oxşadı. İsgəndər bundan xoşallandı, hər istəyi yerinə yetirildikcə istəkləri çoxaldı, artdı, azadlığı da bol-bol uddu. Nəhayət, yeddinci sinifi bitirən kimi anasının qayğısı ilə Hərbi liseyə düşdü.

Bütün bunları İsgəndər aram-aram psixoloqa danışdı, əməlinə – hərbi məktəbi yarımçıq tərk etdiyinə ürəyində bəraət qazandırdı, bir az rahatlandı.

-Amma mən hərbçi olmaq istəmirdim. Anama qarşı da çıxa bilmirdim. Onun məni necə əziyyətlə böyütdüyünə görə dözürdüm. Bilirdim ki, bir gün buna son qoyulacaq. Ancaq nə vaxt..? Bax, bunu müəyyənləşdirə bilmirdim, qərarsızlığım məni üzürdü. Sadəcə, günümü keçirirdim, nə olurdu, nə baş verirdi, laqeyd yanaşırdım, bir sözlə, yola verirdim. Beləliklə, üç il birtəhər gəlib keçdi. Hərbi liseyi başa vurub Sərhəd Qoşunları Akademiyasına düşdüm. Burada nizam-intizam,  oxumağa görə tələbkarlıq ağlagəlməz dərəcədə yüksək və sərt idi. Özümü itirmişdim, bilmirdim neyləyim. Dözə bilmirdim, sıxılırdım. Hər günü Allahın əzabı ilə birtəhər yola verirdim. İlahi, bura necə yerdi, robot olmaq lazım idi ki, bütün mərhumiyyətlərə dözsün, bütün deyilənləri eləsin. Başa düşdüm ki, bura mənlik deyil. Nəhayət, bir gün anamla sərt danışdım. Ona fikrimin qəti olduğunu, çıxmaq istədiyimi bildirdim. Razılaşmadı, elə telefondaca haray-həşir qopardı, məni general formasında görüb sonra ölmək istədiyini söylədi. Mən isə dərk edirdim ki, bu mümkün deyil. Qətiləşdirib söhbətə son qoymaq qərarına gəldim. “Mən öz həyatımı yaşamaq istəyirəm, ana. Sən mənim taleyimi idarə edə bilməzsən. Mən sənin üçün oyuncaq deyiləm…” dedim. “Nə deyirəm ki… Allah yolunu açıq eyləsin!” Anam bunları söyləyən kimi qəhər onu boğdu, göz yaşları içində hıçqırdı və daha heç nə deyə bilmədi. Biz beləcə ayrıldıq və o gün-bu gün əlaqə saxlamamışıq. Ərizə yazdım, generalın qəbuluna apardılar və Sərhəd Qoşunları akademiyası ilə vidalaşdım. Peşman da deyiləm.

Psixoloq İsgəndərin davranışlarında qeyri-adiliyi hiss edirdi, ancaq bu qeyri-adiliyin hansı mənbədən qaynaqlandığını, necəliyini ayırd etməkdə çətinlik çəkirdi, hansı məcrada inkişafını müəyyənləşdirə bilmirdi. Anormallıqmı, natamamlıqmı, əqli zəiflikmi, iradəsizlikmi, yoxsa nə? Bütün bu suallar psixoloqu da çıxılmaz vəziyyətə salmışdı. Odur ki, qərargah rəisinə bir az səbrli olmağı, hələlik İsgəndəri müstəqil xidmətə çıxarmamağı, nəzarət altında saxlayıb müşahidə etdirməyi məqsəd kimi göstərmişdi. İnsanın, xüsusən də hərbi xidmətdə, kollektiv içində olan insanın xarakterinin, niyyətinin tezliklə açılmayacağını, onu tam aşkar etmək üçün müşahidə və nəzarəti gücləndirməyin vacibliyini psixoloq beş barmağı kimi bilirdi.

İsgəndər ilk günlər döyüş mövqeyində daha çox rahatlıq tapırdı. Bölgü zamanı posta yazılmağı özü xahiş edirdi. Növbədən sonra da heç zastavaya qayıtmaq istəmirdi, əlində əlac olsaydı sıravi əsgər kimi o biri manqa ilə də mövqedə qalardı. Elə gecə-gündüz postda durmaq, durbinlə qarşı tərəfdəki təpənin başında səngərdə oturub silahlarını onlara tərəf tuşlayan erməniləri nəzarətdə saxlamaq keçirdi könlündən. Burada olanda yemək, hətta yatmaq da yadına düşmürdü.

Onların müdafiə mövqeyi kəpirlikdə yerləşirdi, adına “Kəmərəlik postu” deyirdilər. Ermənilər isə üzbəüz yamacda yerləşən kənd qəbiristanlığının yuxarısında “Çılpaq yal” adlanan təpənin başında mövqə tutmuşdular. Kəpirliyin bir hissəsi də qarşı tərəfdəydi, “Çılpaq yal”a çathaçatda yoxa çıxırdı. Burda əvvəllər Milli Ordunun əsgərləri xidmətdə dayanırdılar. Bir aydan bir az artıq olardı ki, sərhədçilər milli ordu əsgərlərini əvəzləmişdilər. Elə İsgəndərin yeni formalaşan sərhəd zastavasına gəlişi də həmin vaxta təsadüf etmişdi.

Aslan kəndi ərazisindən başlayaraq sərhədçilər mövqeləri qəbul etməyə başladılar. Təxminən on gün ərzində gəlib Kəmərli ilə Hacılar kəndləri arasındakı yerə çıxdılar və burda məlum oldu ki, milli ordunun əsgərləri Ermənistanla dövlət sərhəddində deyil, bir neçə yüz metr geridə keşik çəkir. Elə buna görə də mövqelərin təhvil-təslimi hələlik dayandırıldı. Bunları İsgəndər Qarayazı Sərhəd Dəstəsinin qərargahında olarkən eşitmişdi. Onun nəzərincə Milli Ordunun əsgərləri hücuma keçib erməniləri oradan çıxartmalı, dövlət sərhəddini bərpa etməli, sərhədçilərə təhvil verməli idilər. Qərargah rəisi onu manqa komandiri təyin edəndə İsgəndər bu fikirdə olduğunu gizlətməmiş, birbaşa söyləmişdi. Onu diqqətlə dinləyən qərargah rəisi özlüyündə İsgəndərdən razı qalmış, psixoloqun qarasına gileylənmişdi: “Gül kimi çavuşdur, əsl manqa komandiridir, lap böyüklər kimi düşünür. Psixoloq da deyir ki, anormaldır, nə bilim, əqli cəhətdən zəifliyi var, nəzarət tələb edir, müşahidə altında xidmət keçməlidir…”

***

Axırıncı dəfə anası ilə danışanda kursant paqonları ilə təzəcə vidalaşmışdı.

-Salam, ana! – dedi və qəhərləndi. – Məni “təbrik” edə bilərsən. Arzuma çatdım, boyunduruqdan xilas oldum, azadlığa çıxdım. Bir az olar ki, əmrimi oxuyublar. Taboru meydançada düzmüşdülər. Məni dörd yüz nəfərin düzləndiyi cərgənin qarşısına çıxartdılar. Paqonlarımı da cərgənin qabağında sökdülər. Mən indi əsgərəm, bir neçə günə hərbi xidmətə göndərəcəklər. Mənə “yaxşı yol, uğurlar” arzula.

-Üzün ağ olsun! Nə deyə bilərəm?! – Anası da doluxsundu. – Allah yolunu açıq eləsin. Ancaq mən səni belə görmək istəməzdim.

-Taleyin yazısından qaçmaq olmaz, ana. Görünür belə olmalıymış…

-Bizim qaçqın düşməyimizdəmi taleyin yazısıydı? – Anası özünü saxlaya bilməyib coşdu, sanki bütün bu baş verənlərdə günahkar oğlu imiş. – Ermənilərin üstümüzə hücum çəkməsi, dinc əhalini qırması, kəndləri yandırması, elləri dədə-baba torpağından didərgin salması da taleyin yazısıydımı? Atan dibilin işləməməyi, ailəsini dolandırmamağı, bu neçə illərdə sənə bir corab da almamasıdamı taleyin yazısıydı? Di cavab ver, kopoyoğlu, mən bununçünmü sənin yolunda min bir əzab-əziyyətə qatlaşmışam? Mənim zəhmətimi niyə yerə vurdun?

-Əsəbləşmə, ana! – İsgəndər baxdı ki, anası indiyə kimi başına gələnlərin hamısında onu günahkar çıxardacaq, nə hikkəsi var, tökəcək üstünə. – Mən heç nə edə bilmərəm, hamısı Allahın işidir.

-Sən etməliydin. Çox şey etməliydin. Ömrümü çürütdüm ki, sən normal böyüyəsən. Heç nədən korluq çəkməyəsən. Kişi olasan, ər, igid olasan. Mən səni komandir – döyüşçü görmək istəyirdim. General olacağın günün xəyalı ilə yaşayırdım. Sən isə heç birinci kursu da başa vurmadın. Zəhmətimi yerə vurdun.

-Ana, görmürsənmi müharibə aparmağa, torpaqlarımızı azad etməyə imkan vermirlər. Döyüş olmursa, mən necə döyüşçü ola bilərəm? Yoxsa heç nəyə baxmazdım, qabağıma çıxan erməniləri biçə-biçə gedərdim, taa torpaqlarımızı azad edənə kimi dayanmazdım.

-İndi bunların heç bir mənası yoxdur. – Anası dedi. – Get, əsgər kimi xidmətini elə. Əgər yaxşı-yaxşı fikirləşib yenidən oxumaq istəsən, yaxşı xasiyyətnamə ilə qayıdıb bərpa olunsan, onda məni axtararsan. Yalnız o zaman arxanda duracam.

***

İsgəndər saatına baxdı, dördün yarısına azalırdı. Təxmini götür-qoy elədi, hələ vaxta vardı, tələsmədən əməliyyatı keçirtmək olardı. O, nə tələsmək istəyirdi, nə gecikmək. Tələsib səs-küyə səbəb olacağından qorxurdu, geciksəydi, hava işıqlaşardı, bir iş görə bilməzdi. Bu işi ustalıqla başa gətirəcəyinə inanırdı.

Müdafiə mövqeyinin ən sağ qurtaracağı olan Dikburuna tərəf getdi. Yerişinə diqqət yetirdi ki, görsün səs-küy salmır. İndiki halda olduqca ehtiyatlı yeriməyə öyrəşməliydi. Gecənin bu vaxtı ən sakit zamandı, adicə bir kolun tərpənişi də şaqqıltı sala bilərdi. Bəzi yerlərdə bu vaxta “qulaq quqquldayır” deyirlər. Təbiət o qədər sakit olur ki, ətrafdan heç bir hənirti çəkməyən qulaq öz səsini eşidir, əks-səda verir, yəni quqquldayır.

Dikburun çıxıntısı ilə ətrafı nəzarətdə saxlayan bir yer idi, buradan çox ərazilər müşahidə olunurdu. Tutumu yaxşı olsun deyə elə ilk gündən rabitəni də burda quraşdırmışdılar. Burada Cabir adlı əsgər müşahidə aparırdı. O, bir ildən artıq idi ki, xidmət keçirdi, necə deyərlər, bərkə-boşa düşmüş, sınanmış sərhədçilərdəndi, ölərdi, mövqeyini düşmənə verməzdi. Hərbi xidmətdə əsgərlər əsasən soyadları ilə tanınır, çağrılırlar. Ancaq nədənsə İsgəndər bu qaydanı heç sevmədi, manqasında olanların hamısını adı ilə çağırırdı. Cabir İsgəndərin tezliklə ünsiyyət qurduğu, dostlaşdığı əsgərlərdən biriydi. 

Cabir İsgəndəri hələ aralıdan gələndə görmüşdü, gözü qaranlığa öyrəşdiyindən dərhal tanıdı.

-Cabir, diqqətli olsan, burdan erməniləri nə ilə vura bilərsən? – İsgəndər çatan kimi soruşdu.

Gecənin qaranlığında Cabir bu qəribə suala cavab vermədi, eləcə İsgəndəri süzdü, sözünün canını öyrənməyə çalışdı. “Yenə bu, nə sayıqlayır? Allah göstərməsin, yoxsa bir xatası var?” – deyə fikrindən keçirdi.

-Ara məsafə yeddi yüz metrdən artıq olar. Özün fikirləş, nə ilə dəqiq vurmaq olar. Biz silahları burda öyrənmişiksə, sən elə akademiyada təhsil almısan, bunu bizdən yaxşı bilməlisən.

-Akademiyada nə yatdım ki, nə də yuxu görüm. Dörd ildə öyrənəcəkdik hər şeyi, mən birinci ili başa vuran kimi gəlmişəm.

-Onda… – Cabir sözünün gerisini gətirmədi, İsgəndərin dəymədüşər olduğunu bilirdi, gecənin bu vaxtı manqa komandirinin xətrinə dəyəcəyindən ehtiyatlandı.  – Nə etmək istəyirsən?

-Cabir, biz gedirik qabağa, sən hələlik qalırsan burda. Pulemyot da səndədir, həm ağırdır, özümüzə yük etməyək, həm də sən onunla bizə dəstək olarsan.

-Ciddi sözündür? Zarafat etmirsən ki?

-Qərargah rəisi şəxsən əmr verib.

-Mən onu yaxşı tanıyıram, belə olsaydı, özü gəlib oturardı burda.

-Bu işi gizlin etmək lazımdır, səs-küy salmaq olmaz.

-Onda qoy özü ilə bir əlaqə saxlayım, bu gün Dəstə üzrə cavabdeh odur.

-Olmaz. Ermənilər efiri dinləyə bilərlər.

-Bir azdan məruzə vaxtıdı, üstüörtülü eşitdirərəm.

-Sakitcə deyərsən ki, hər şey öz qaydasındadır, başa düşəcək.

-Biz qəbiristanlığın içi ilə gedəcəyik. Ermənilərin postuna az qalmış qumbara atacam, sonra hücuma keçəcəyik. Gördün ki, atəş açırlar, sən o zaman pulemyotu işə sal. Bax ha, birdən karıxıb bizi vurarsan.

-Narahat olma, siz gedənə kimi hava işıqlaşacaq, görəcəm.

-Onda gəl vidalaşaq, bir şey olsa, haqqını halal elə… – İsgəndər Cabiri qucaqladı.

-Sən lap gerçəklədin e… nə olasıdır. – Cabir əli ilə onun kürəyinə vurub aralaşdı. – Halal olsun.

İsgəndər geriyə qayıtdı. Mövqedə bir-birindən müəyyən məsafədə aralı dayanmış əsgərləri Küptəpənin başına topladı. Hamısı çöməlib oturdular.

-Döyüş əmrini dinləyin, çox vacib bir işimiz var. – dedi.

-Nə döyüş əmri? – Birinci Ərəstun dilləndi. – Gecənin bu vaxtı döyüş əmri hardan çıxdı.

-Sakit ol, səs salma, məni dinlə. Qərargah rəisinin əmridir, mənə şəxsən çatdırıb. Səs-küy salmadan bu gecə yerinə yetirməliyik. Azərbaycanla Ermənistanın dövlət sərhəddi buradan deyil, bax o qarşı təpədəki kəmərəlikdən, “Çılpaq yal”dan keçir. O vaxt ara qarışanda ermənilər bizimkilərdən cəld tərpənib o kəmərəlikdə post qurublar. Bizimkilər də gəlib burada oturublar. Sərhəd Qoşunları buraları Milli Ordudan qəbul edəndə bu məsələ aşkar olunub. İndi biz bu səhvi düzəltməliyik.

-Bu, bizim səhvimiz deyil. – Yenə Ərəstun dilləndi, bu dəfə astadan, pıçıltı ilə dedi. – Niyə bunu milli ordunun əsgərləri eləmədilər? Onlar qarşıdakı təpəni alıb bizə təhvil verməliydilər.

-Bu məsələ bizlik deyil. Bilirsiniz, “Atəşkəs”dən sonra çox keçib, mövqelər dəyişməyib, kim harda idisə, orda da oturub. Beynəlxalq aləmdə səs-küyə səbəb olmaq istəməyiblər. Bunu da elə eləməliyik ki, guppultusu çıxmasın.

-Bəs bizə niyə bu barədə heç nə deməyiblər?

-Məktəbdə deyilik, ordudayıq. Əmr məxfidir, mənə deyilib, mən də indi sizə çatdırıram.

-Biz indi neyləməliyik?

-Sakitcə gedib qarşıdakı təpəni almalı, dövlət sərhəddini bərpa etməliyik.

-Ay-hay. Bu elə asan olsaydı, milli ordunun əsgərləri çoxdan almışdı. Kim gedir getsin, mən getmirəm. – Ərəstun yaxasını qırağa çəkdi.

-Daha kim getmək istəmir? – İsgəndər soruşdu.

Heç kimdən səs çıxmadı.

-Siz əmr nə olduğunu başa düşmürsünüz?

Yenə də dillənmədilər.

-Baxçada, məktəbdə deyilsiniz, ordudasınız. Burda öz gücünüzə arxalanmalısınız, valideynlərimiz belə köməyimizə yetməz. Əmr əmrdir, yerinə yetirilməlidir. İstəyirsən şalvarını batır, istəyirsən ağla, faydası yoxdur. Ölməlisən, ancaq əmri yerinə yetirməlisən.

Susdular, bir kəlmə belə demədilər.

-Başa düşün! Mən sabah qərargah rəisinə deyə bilmərəm ki, manqa mənim əmrimi yerinə yetirmədi. Ölərəm, ancaq əmri yerinə yetirərəm.

-Birinci dəfə deyil burda mövqedə dururuq. Bizə bölgüdə əmr olunub ki, burda duraq.

-Bölgüdə Azərbaycan Respublikasının dövlət sərhəddi deyildi, bura yox. – İsgəndər qəzəblənmişdi, dodaqları səyriyirdi.

-Bizə bura dövlət sərhəddi kimi göstərilib.

-Yaxşı, nə deyirəm ki… Vaxtı itirə bilmərəm. Əməliyyata mən tək gedirəm. Əmr yerinə yetirilməlidir. Burdan aşağı düşürəm, dərəni keçib qəbiristanlıq yolu ilə irəliləyəcəyəm. Qəbiristanlığın baş tərəfinə çatanda çox güman ki, hava bir az işıqlaşar, orda məni görərsiniz. Qumbaraları atıb səngərə girəcəyəm. Orda çox əsgər olmaz, onları qırmağa bir daraq bəs edər. Ancaq sonra deməyin ki, demədi. Gördünüz mən səngərə girdim, qaçaraq köməyə gəlin. Çünki ermənilər mütləq hücuma keçib oranı yenidən almağa çalışacaqlar. Mən tək bir daraq patronla duruş gətirə bilmərəm. Gəlməsəniz, qərargah rəisi bunu sizə bağışlamaz. Biləcək ki, mənə tabe olmamısınız. Odur ki, əməliyyata tək getmişəm. Hamınızı hərbi tribunala verəcək. Ya da özüm qayıdıb “uf” demədən hamınızı güllələyəcəm. Di, salamat qalın.

İsgəndər bunu deyib getdi.

***

Vaxtı itirmək olmazdı, bu iş baş tutacaqdı. İsgəndər beynində hər şeyi dəqiqliklə ölçüb biçmişdi. Burda nə vardı ki..? İndiyə kimi neçə-neçə filmə baxmışdı. Ermənilər çox güman ki, yatmış olacaqdılar. Ehmalca posta yaxınlaşacaqdı, bir qumbara ilə səngərdəkiləri o dünyaya vasil edəcəkdi. Sonra da səngərə girib o tərəfdən üstünə hücum çəkənlərlə vuruşacaqdı. Buna qədər əsgər yoldaşları mütləq köməyə gələrdi. Qoy hamı bilsin ki, “Çılpaq yal” postunu ermənilərdən kim alıb, Dövlət Sərhəddini kim azad edib. Mütləq mükafatı da olacaqdı, bəlkə “Milli Qəhrəman” da verdilər. Yaşayırsansa, ölümünə yaşa, kişi kimi yaşa… Yoxsa, hərbi məktəb oxu, zabit ol, başıaşağı xidmət elə, uzun illər gözlə ki, gəlib general olasan, ya olmayasan… Nə qədər ki, silah əldədir, iş görmək lazımdır. Kimdir bu ermənilər? Niyə hər yerdə at oynadırlar? Paşinyan gəlib Şuşada, Cıdır düzündə kef məclisi qurur, gözəlçələrlə qol-qola yallı gedir, əmlik quzu kababı yeyir, konyak içir. Biz də burda oturub sıyıq yeyirik, kompot-kisel içirik, əslində içimizdəki hikkəni yeyirik, zəhəri içirik.

İsgəndər beynində fikir-xəyal edə-edə gəlib dərəyə çatdı. Dərə sulu idi, bura çay demək olmazdı, ancaq otlaqları suvarmağa suyu çatardı, arx suyu qədərdi. O, çaya yaxınlaşanda iki göyərçin çaydan qalxıb üzü qəbiristanlığa tərəf uçdular.

-Deyəsən, gecikirəm. İşə bax e… səhərin açılmasına hələ çox var, vəhşi təbiət isə oyanıb.

Əyilib əlini suda islatdı. Ovuclarını doldurub üzünə vurdu, sərin su onu xeyli gümrahlaşdırdı. İki ovuc doldurub içdi. “Deyirlər, mələklər göyərçin cildində görünür adamın gözünə… Bu göyərçinlər uçub ermənilərə tərəf getdi. Ermənilər axı müsəlman deyil! Bəlkə qarşıdakı səngərdə oturan ermənilər bizimkilərin övladlarıdır? Nə vaxtsa anaları xəlvətdə… bizimkiləri yanlayıblar…” Qəribə bir gülmək keçdi könlündən.

Qəbiristanlıq ilə getmək çox da asan deyildi. Kortəbii yerləşmiş qəbirlərin arası ilə gediş-gəliş olmadığından cığır da itmişdi. Hər yeri ot basmışdı. Şıqqıltı salmamaq üçün çox asta gedirdi İsgəndər. Qarşısına təzə qəbir çıxmadığından düşündü ki, müharibə başlayandan Hacılar camaatı bura gəlmir, ölənlərini ziyarət etmir. “Bəs ölənlərini aparıb harda dəfn edirlər? Yəqin ki, yeni qəbiristanlıq salıblar. Bəs nə yaxşı ermənilər bu qəbiristanlığı dağıtmayıblar? Bizimkilərdən qorxublar, yoxsa onlar indiyə qəbir saxlamazdılar. Əllərində əlac olsa ayaq basdığımız torpaqda izimizi də kəsib atardılar…”

Qəbiristanlığın ortasına çatanda arxada şaqqıltı eşitdi, tez yerə çökdü. Ehmalca diqqət yetirdi, heç nə görmədi. “Görünür məni qara basır. Qəbiristanlıqda olur belə şeylər… Mənəm də, bayaq göyərçin görürəm, mələk bilirəm… indi də şaqqıltı eşidirəm, gözümə ruh görünür… Erməniləri tərgidib ruhlarla vuruşacam, deyəsən…”

***

Cabir gələndə hamını bir yerdə – Küptəpənin arxasında gördü.

-Burda niyə toplaşmışsınız? – soruşdu.

-İsgəndər yığmışdı.

-Bəs özü hanı?

İsgəndərin getdiyini dedilər, hara getdiyini, niyə getdiyini anlamadıqlarını bildirdilər.

-Necə yəni anlamadınız? Adam döyüş tapşırığını söyləyir.

-Sənə də deyib?

-Elə birinci mənə dedi.

-Vallah, onun başı xarab olub. – Ərəstun bildirdi.

-Başı xarab olubsa, niyə qoyurdun gedirdi?

-O, komandirdi, özü bilər. Tutub saxlamayacaqdıq ki…

-Burda – güllə qabağında hamımız birik. Tutub saxlamalıydınız. Saxlaya bilmirdinizsə, onunla getməliydiniz. Bəlkə, doğrudan qərargah rəisi tapşırıq verib. Özbaşına nağıl uydurası deyildi.

-İndi nə edək?

-Nə etmək fikrindəsiniz?

-Bilmirik.

-Hara getdiyini dedimi?

-Hə.

-Onda bizim vicdanımız necə qəbul edər ki, o, təkbaşına tapşırığı yerinə yetirməyə getsin. Biz isə əl-qolumuzu sallaya-sallaya oturub burda müşahidə edək.

-O, dedi ki, mən səngərə girən kimi köməyə gəlin. Onu gözləyirik.

-Biz burdan ora gedənə kimi ermənilər gəlib onu tikə-tikə doğrayarlar. Mən gedirəm, kim gedirsə, qalxsın.

Ərəstundan başqa hamısı bu sözə bənd imiş kimi ayağa qalxdı.

-Ərəstun, sən qal Dikburundan müşahidə elə. Elə ki, gördün atışma başladı, dərhal pulemyotla bizə atəş dəstəyi ver. Bax ha, birdən səhv salıb bizi vurarsan. Biz ora çatana kimi hava işıqlaşar, hər yeri aydın görərsən. Hələlik efirə çıxma. Biz səngərə girən kimi qərarghaha xəbər elə, qoy onlar da köməyə gəlsinlər.

Cabir qabaqda, digərləri onun arxasınca İsgəndərin dediyi və getdiyi istiqamətdə yol aldılar.

***

İsgəndər qəbiristanlığın sonuna çatanda hiss elədi ki, bərk yorulub. Hava işıqlaşmaq üzrəydi, yol, riz aydın görünürdü. Mişar daşından qoyulmuş başdaşının üstündə oturdu – bu, lap çoxdanın qəbiri idi, nə şəkli, nə yazısı vardı. Dəsmalını götürüb boynunun, sinəsinin tərini sildi. Qumqumasını çıxardıb bir neçə qurtum su içdi. “Mən indi onlara göstərəcəm. Qoy görsünlər ki, analar necə oğullar doğub, Mübariz bu dünyaya tək gəlməyib!” Əyilə-əyilə yoluna davam etdi. İyirmi-iyirmi beş addım atmışdı ki, bir də dayandı. Geriyə boylandı, öz mövqelərini nəzərdən keçirdi, xüsusən də Dikburuna baxdı, orda heç kim gözə dəymirdi. “Görəsən, başları qarışmayıb? Məni yaddan çıxartmayıblar? Köməyə gələcəklərmi?”

Ermənilərin səngəri görünürdü. Səngərin qabağındakı torpaq nəm idi, ya təmizlik işləri görüblər, ya da sərhədçilər gələndən sonra səngərlərini dərinləşdiriblər. “Köpəyuşağı, ehtiyatlanırlar, deməli bizi gözləyirlər. Mən indi sizə göstərərəm…” Diqqətlə baxdı, heç kim gözə dəymirdi. Dayana bilməzdi, irəliləməliydi, dayansaydı bədəni soyuyurdu, elə özü də…

Avtomatı əlinə aldı, birinci patron lülədəydi, yavaşca qoruyucunu açdı, hələlik tək-tək atan vəziyyətə qoydu, patrona qənaət etmək lazımdı. Bir az da irəlilədi. Qumbaranı cibindən çıxardıb əlində tutdu. Bığcıqlarını düzəltdi. Yox, hələ atmaq olmazdı, səngərə gedib çatmazdı. Birdən yadına düşdü ki, ərazidə mina ola bilər. Yerə diqqət yetirdi; heç bir qazıntı-çıxıntı yox idi. Yoluna davam etdi və bir az da sağa tərəf çəkildi, bu tərəf kəmərəliyin qurtaracaşı idi, mina basdırılması istisna hesab olunurdu.

Səngərin lap yaxınına gəldi; on beş, uzağı iyirmi addım qalardı. Ürəyi sürətlə döyünməyə başladı. Bir istədi sürətlə qaçıb səngərə girsin. “Yaxşı, deyək ki, qaçıb girdim səngərə, bəs sonra? Bəlkə elə hamısı bir yerə toplaşıb, siqaret çəkirlər…”

“Kaş, bircə erməni görünərdi… Alnını odlayaydım, o birilər köməyə gələrdi, vəziyyəti bilərdim… Heyf! Qayıdıb Cabiri özümlə götürmədim. Cabir o biriləri kimi etməzdi. Mütləq mənimlə gələrdi. İndi ikimiz rahatca səngəri tutar, ermənilərin anasın ağladardıq… Nə isə…”

“Ya Allah” deyib qumbaranı çəkdi. Bir neçə addım da qabağa getdi ki, dəqiq olsun. Atmağı ilə üzüqoylu yerə yıxılmağı bir oldu. Qoşa partlayışlar lap qulağının dibində oldu. Nə baş verdiyini anlamadı. Dalınca qarşıdakı səngərdən qışqırıq səsləri ucaldı. Aha, deyəsən, səngərə düşmüşdü. Silahlar gurladı; iki, ya üç yerdən atırdılar. Düz qabağında torpağı göyə sovururdu. “Yəqin Cabirdi, pulemyotla mənə dəstək olur…”

İndi hiss elədi ki, nə isə isti bir şey baldırı aşağı axır, dabanında da küt ağrı vardı. Əlini baldırına sürtdü, qan idi. Bu nədir belə? Olmaya Cabirin atdığı güllələrdən biri ona dəyib. Geriyə boylandı, dabanı dağılmışdı, qan axırdı. İndi anladı ki, minaya düşüb. İrəliyə doğru sürünməyə başladı. Beş-altı metri birnəfəsə süründü. Əlli-altmış metrlikdən güllə atırdılar. Qarşıdakı səngərdə sakitlikdi, ya heç kim yox idi, ya da olanlar atılan qumbaradan yaralanıb, ölüblər. Kömək gəlməmiş qaçıb səngərə girmək lazımdı.

İsgəndər qolundakı Fərdi Sarğı Paketini açdı, içindəki piromidol iynəsini çıxartdı, tez hazırlayıb baldırına vurdu. Yaxşı ki, hərbi məktəbdə bunu öyrənmişdi. Arxadan addım səsləri eşitdi. Geriyə boylananda əlli-altmış metrlikdən ona tərəf qaçan Cabiri və digər əsgər yoldaşlarını gördü. Ürəkləndi, var gücü ilə qışqırdı:

-Urrrrrrrraaaaaaaa!…… Biz qalib gəldik….

Ayağa qalxdı, axsaya-axsaya qarşıdakı səngərə tərəf irəlilədi. Səngərin bir addımlığında taqəti kəsildi, üzüqoylu təzə qazılmış torpağın üstünə düşdü. Gözlərini yumub-açdı, aşağıdan on – on beş erməni əsgəri onlara tərəf qaçırdı. Avtomatını onlara tuşlayıb işə saldı.

-Ta… ta…

Dəymədi, nişan ala bilmirdi, gözləri qaralır, başı dumanlanırdı. Avtomatın qoruyucusunu dəyişdi.

-Ta… ta… tatatata….

Ermənilər yerə sərildilər.

-Bax, belə, köpəyuşağı.

-İsgəndər! Gir səngərə… – Cabirin səsi lap yaxınlıqdan gəldi.

Onlar qaçaraq səngərə girdilər, hansısa biri İsgəndəri də çəkib səngərin içinə saldı.

Qarşıdan köməyə gələn ermənilərə qarşı qızğın atışma başladı.

Bu ara Cabir baxdı ki, sol cinahdan onlara güllə atırlar. Bir az diqqət yetirdi, bir əsgər idi, yetmiş-yüz metr məsafədə balaca daşın böyrünə dirsəklənib atırdı. Səngərin qurtaracağından üzüaşağı isə beş əsgər iki yaralını aparırdılar. Əsgər yoldaşlarından kimsə onlara güllə atdı. Güllə daha birini tutdu, üçü birdən yerə dəyib diyirləndilər.

-Onlara dəyməyin, qoyun yaralılarını aparsınlar. Bu birisini vurun.

Özü İsgəndərin yanına qayıtdı, şalvarının bir qıçı bütöv qan içində idi. Əlini onun alnına qoydu, od tutub yanırdı.

-Tez yarasını sarıyın.

-Cabir… anama deyərsiniz… komandir… general… ola…mmadım… şəhid… oldum…

-Yoooxxx! – Cabir qışqırdı. – İndi səni aparacağıq həkimə. Sağalacaqsan, qorxma…

-Lazım deyil. Şəhid… olmaq… hamısından üstündür. Anama deyin, məni… bağışlasın… ona… çox əziyyət vermişəm…    

 Araya sükut çökdü, heç kim bilmirdi neyləsin. Birdən ermənilər tərəfdən atəş səsləri gurladı.

-Bizimkilər gəlir. – Əsgərlərdən kimsə sevincək dilləndi. – Odey kəmərəliyin üstü ilə qaça-qaça gəlirlər. Qabaqdakı, deyəsən, qərargah rəisidi.

-İsgəndər, gözlərini aç, qərargah rəisi özü köməyə gəlir.

Cabir astadan onu silkələdi. Ayılmadığını görüb avtomatını götürdü. Sakitcə qalxıb səngərin üzü ermənilər tərəfinə dirsəkləndi. Ermənilərin yeni dəstəsi gəlirdi, onlara tərəf güllə yağdıra-yağdıra gəlirdilər. Əsgər yoldaşlarının gözü Cabirdə idi, o isə səbrlə gözləyirdi. Ermənilər lap yaxınlaşmışdılar.

-Atəş! – Güllə kimi səsləndi.

Cabir tətiyi çəkdi. Darağın sonuncu patronu atılanadək əlini tətikdən çıkmədi. Ermənilərdən yıxılan yıxıldı, yıxılmayanlar da səndirləyə-səndirləyə hərəsi bir tərəfə qaçıb gizləndi. 

-Bax belə, köpəyuşağı… – Cabirin səsi onlara köməyə gələnlərə tərəf gedib kəmərəlikdə əks-səda verdi. 

20 may 2021, Qazax – Ağstafa  

“Xəzan” ədəbi-bədii jurnalı, N3(34), iyun-iyul 2021, səh.15-21

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir