İSLAM TÜRKAY – MƏN SÜLH İSTƏMİRƏM…

MƏN SÜLH İSTƏMİRƏM...

Məni qınamasın ellər, obalar,
Ağbirçək nənələr, düşgün babalar,
Qoy mənim boynuma bütün baballar-
Biçarə vətənim bölüm-bölümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Kimə yön çevirim, kimə əl açım,
Hələ didərgindir, qardaşım, bacım.
Ölüb-dirilməkdir daha əlacım,–
Döyüşüm dünyaya təzə gəlimdi,
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Zəhərdi ,tökülüb aşımın altda,
Uyuyan ilandı daşımın altda.
Tük yastıq kimidir başımın altda,
Qəfəsdə oxuyan söz bülbülümdü,
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Qırmızı kədərdi, o, şadlıq deyil,
Bir qarın çörəkdi ,azadlıq deyil,
Xaraba könlümdü , abadlıq deyil,
Bu sülh sönən ocaq, qalan külümdü!
Közümüz kül altda, bu sülh ölümdür!

Manqurd papağıdı bu sülh başımda,
Gül açan ağacdı qarlı qışımda ,
Mənim torpağımda, mənim daşımda
Qırılan meşəmdi, solan gülümdü
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Açın tarixləri, kimik, nəçiyik,
Çoxunun gözündə hələ kiçiyik.
Sanki yurdumuzda kirayəçiyik
Qalxın, bu fağırlıq, ellər, zülümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Çörəyə qul olduq- Göyçəmiz getdi,
İblisə vurulduq – Zəngəzur itdi!..
Ağbaba qaralıb, kömürə döndü..
Vedinin alışan ocağı söndü..
Qarabağ- gözdağı, qara bağrımız,
Aşağı başımız, bitməz ağrımız…

Yetər, bu çörəyə qul olmağımız !
Yetər, iblislərə vurulmağımız !
Çörəyin qulları, atın çulları!
Qalxın, ata yurdun mərd oğulları!
Yetər, bu gələn il mənim ilimdi,
Bu necə dözümdü, bu ki, zülümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdü!

Müəllif:  Islam Türkay

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

TELLİ SƏNƏM BORÇALI – ÖMRÜM

ÖMRÜM

Mənim barmaqlarım bəyaz nəgmə tək

Bəyaz saclarını oxuyur ömrüm.

Sənə ürəyimi verəndən bəri

Bu dünya məhəbbət qoxuyur ömrüm.

*      *      *

Hər gün qoxlayıram cicəklər kimi

Sənli misralarda sözün ətrini.

Könlümdə eşq adlı od qalanıbdı

Get qoxla köksümdə közün ətrini.

*     *      *

Ömür naxış-naxış ,cicək -cicəkdir

Sən gələn yolların sinəsi üstə.

Mən səndən bir ovuc vüsal nəgməsi.

Sən məndən,bir ömür məhəbbət istə.

*     *      *

Hopub misra-misra duygularıma

Könlümü ucurdan sevgi nəfəsin.

Bu təmiz bakirə eşqin xətrinə

Əcəl mələkləri bizə dəyməsin.

Müəllif: TelliSenem BorcaliT

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

MAYIL DOSTU – KƏNDİM GİRMİŞDİ YUXUMA…

KƏNDİM GİRMİŞDİ YUXUMA

Kəndim girmişdi yuxuma — Sırxavənd. Özü də indiki viran, xaraba qalmış kəndim yox, davadan qabaqkı firavan, qayğısız, şəhidsiz kəndim… Dünyanın düz vaxtı, qurdun özünü quzuya yazıq kimi sırıdığı zaman, hamı işində – gücündə, əkin-biçinində, ənənəvi kənd qayğılarının içində yaşadığı vaxt. Həmişəki qaydada Günəş Fərrux dağının arxasından dairəvi nəhəng qırmızı şar kimi dan yerini sökür, Ballı Qayanın arxasında qürub edir. Kəndimi əhatə edən Ulbab, Ballı Qaya, Dmirçi Güneyi, Gərdən, Arıkəsilən, Çinarlı, Babaların Şişi, Dıqqının Yalı kimi yüksəkliklər də həmişəki kimi yerindəydi. Kəndimin altındakı əkin yerləri və biçənəklərin ətəyindən axıb keçən Xaçın çayı da həmişəki kimi Aran Qarabağa tələsir…
Zəhərini içində gizlədən ilanla — erməniylə bir oturub – durduğumuz, bir yerdə işlədiyimiz vaxtdır.Qonşu erməni 
kəndi Ballı Qayadan olan Armen, Zador, Roma, Arşaq, Babken, Mişa kəndimdə bənnalıq, dülgərlik edirlər. Çıldıranlı Tevos taxta qaşıq və çömçə ilə dolu heybəsi çiynində kəndimin ortasında “qaşıq, çömçə” deyə bağırır… Sovxozun sürücüsü Aharon kəndimdə xeyir və şər işlərdə kəsilən bütün heyvanların baş–ayağının təmənnasız və şəriksiz müştərisidi ( sonralar bu adamın evi daşnak yuvası olacaq və haqlı olaraq, özü və oğlu güllələnəcək). Vazgen kəndimizin klubunda “indeyski”, rayon mərkəzindən səyyar kinofilmlər gəzdirən Sarxan “müharibə” kinoları göstərirlər, Erməni toylarında cavanlarımız gəlinin bəyin yanında rahat oturmasına imkan vermir, ortalığa salıb şıdırğı oynadırlar. Dəcəl xoruzlarımız qaçıb qonşu erməni damında banlayır… Qartımış Nikolay, Sərkican və Siraqanın çəkdikləri tut arağını tərifləyə — tərifləyə gillədirik… Ağdamdan Stepanakertə dəmir yolu çəkməmişik… Ağdamın başının üstündə yerləşən, iki min nəfər erməni əhalisi olan Əsgəran kəndini rayon etməmişik hələ… 
***Bu o vaxtdır ki, erməni quldurları qan donduran vəhşilyi 
törətməyiblər — Novruz İmanov oğlu Mahalla, Qəzənfər Həsənov oğlu Vaqiflə biçənəkdən maşınla ot gətirərkən, cəlladlar tərəfindən pusquya salınıb güllələnməyib və maşınqarışıq meyidlərə od vurulmayıb hələ;
***Yelmar Cəfərov, Nazim Ağayev, Allahverdı Həsənov yük maşını ilə Ağdam bazarına gedərkən, səhərin alatoranında qarşıları kəsilib güllələnməyiblər hələ;
*** Qurban İmanov kənddən aralı örüşdə qoyun- keçisini otararkən, oturub çörəyini yediyi vaxt, pusquda dayanmış quldurlar tərəfindən ödürülərək, meyid üzərində vəhşi hərəkətlər edilməyib hələ;
***Gənc müəllim, 3 körpə atası Səməd Fərzəliyev səngərdə snayperlə başından vurularaq, qətlə yetirilməyib hələ;
*** Hücuma keçərək, kəndin başında bir neçə evi yandırmağa nail olmuş düşmənlə üzbəüz vuruşmada, yağının çoxlu sayda itki verərək geri çəkilməsində müstəsna xidməti olmuş, kənd özünümüdafiə batolyonunun komandiri Məmmədv Bəhmən qəhrəmancasına şəhid olmayıb hələ;
*** Elə həmin döyüşdə, yaxınlıqdakı evdə mühasirədə qalan və ağır yaralanmış Qardaşxan Mehdiyev xilas etmək üçün ona tərəf sürünərkən, quduz düşmən atəşilə öldürülən İslam kişi olayı yoxdu hələ;
*** Orta məktəbi yeni bitirmiş, səngərdə vuruşarkən düşmən gülləsinə tuş gələn İntizam Bəşirov ölməyib hələ;
*** Kəndin samballı ağsaqqallarından olan Süleyman Bayramov evinin kandarında qətlə yetirilməyib hələ; 
*** İş başında qəfil atılan düşmən mərmisindən gənc Məzahir Həsənov öldürülməyib hələ;
*** Bığ yerləri yeni tərləmiş, həyatın şirinliyini dadmamış, kəndin və Ağdərənin müdafiəsində qəhrəmanlıq göstərmiş 3 nəfər igid polis oğulumuz —Seymur Quluyev, Natiq Əliyev, Nuru Ağayev şəhid olmayıblar hələ;
*** Bir çətən külfətin başçısı İnqilab Əliyev idarə etdiyi yük maşınında düşmənin qurduğu minaya düşərək həlak olmayıb;
*** Mərzili kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Elmidar Abdullayev itkin düşməyib hələ;
*** Ağdərə və Ağdam uğurunda gedən döyüşlərdə müstəsna xidməti olan, Milli Qəhrəman Nadir Əliyev şəhid olmayıb hələ….
İlahi, bir gecəlik (əslində bir neçə saniyəlik) yuxuda necə xoşbəxt idim! 30 ilin o tərəfində yuxarıda adlarını çəkdiyim günahsız adamlar, 27 illik yurd həsrətinə tab gətirməyərək, “kəndim, yuvam” deyə-deyə əzabla can verən yüzlərlə ellim o vaxt necə bəxtəvər idilər…. 
Oyandım, qan– tər içindəydim. Mənə doğma və əziz şəhidlərin nigaran baxışlı ruhları dikilmişdi üzümə. Mənə nə isə demək istəyirdilər, amma deyə bilmirdilər… İLAHİ, GÖRƏSƏN, NƏ DEMƏK İSTƏYİRDİLƏR?

07. 12. 2018

Müəllif:MAYİL DOSTU

ƏLAQƏLİ VİDEOLAR: 

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar