AD GÜNÜNÜZ MÜBARƏK !!!

Onu bir yazar kimi 1987 – ci ilin yayından sonra “Karvan yolu” romanı ilə tanımışam. Allah hər ikisinə rəhmət eləsin, atam – Mustafa Müseyiboğlu – həmin günü üç kitab alıb gətirmişdi şəhərdən – Ağdamdan (Püstənin kitab mağazasından). Biri “İnsaf nənə”, biri “Dədə palıd”, bir də “Karvan yolu”. İndiki kimi yadımdadı, üçünü də tez varaqladım. Nəsə birinci “Karvan yolu”-nu oxumağa qərar verdim… Bəlkə yer-yurd adlarının tanışlığından, bəlkə nəsə başqa bir doğmalıq hissi məni buna sövq etdi bilmirəm. Ancaq, dəqiq belə oldu… Aydın məsələdir ki, sonra digər kitabları da dəfələrlə oxudum (adətən belə olurdu, yeni kitablar alınana qədər ən son alınanlar təkrar-təkrar oxunurdu). Hər ikisi çox təsirli kitab idi… Bəlkə də o vaxt “Dədə palıd” mənə daha təsirli görünmüşdü, nəinki “Karvan yolu” … Fəqət, sonralar onun digər kitablarını oxuduqca istənilən mövzuda olan yazılarında yer-yurd adları, müxtəlif məkanlar barədə, insanların hissləri, hətta üz cizgiləri barədə ən xırda detalları belə təsvir zamanı nəzərdən qaçırmaması, böyük ustalıqla təqdim etmək bacarığı məni heyran edirdi…

Bu gün – 11 dekabr 2018 – ci il tarixdə 100 yaşın tamam olur, ey böyük insan… … bu “yüz illik” nədir ki… Siz min illikləri qeyd olunmalı çox az saylı şəxsiyyətlərdən birisiniz və neçə belə “yüz illik” – lər ötsə də, belə olaraq qalacaqsınız… …sözün bayram etdiyi Bayram sözündə yaşayacaqsınız… …baxmayaraq ki, bütün el-oba kimi bu sözlər də bir az qəribçilik çəkir, ancaq, inanın ki, bütün bunlar tarix üçün heç bir anlam kəsb etməyən, çox qısa bir zaman kəsiyidir… “NƏTƏR Kİ” bu xalq Sizin sözlərinizdə yaşayan el-obasından ötrü darıxır, həsrətin çəkir, xiffətini edir, eləcə də bu və digər məsələlər…. Əslində bəlkə də bu təbii haldır və heç bir mübaliğədən və şişirtmədən söhbət gedə bilməz. Çünki, bu millət o yerləri bir yuxusunda görür, bir də Sizin yaratdığınız bədii lövhələrdə tapır, xatırlayır… Ad gününüz mübarək, Bayram müəllim… Ruhunuz bilirəm ki, heç cür şad ola bilməz özümüz və sözümüz qəribçilikdə olduqca… Uca Yaradan özü bizə kömək olsun… Amin… Amen…

QISA ARAYIŞ:

Bayram Bayramov 1918-ci il dekabrın 11-də  YELİZAVETPOL QUBERNİYASI-nın (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Qeyd:

YELİZAVETPOL QUBERNİYASI bu adı bilərəkdən belə seçilən yazmışam, yuxarıdakı tarix barədə sözümə qüvvət üçün indi hanı o ad… və digərləri… Xatırladığımız, Vaqifdir, Natəvandır…

LAYİHƏ:

Görkəmli söz adamı Bayram Bayramovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, “BAYRAM BAYRAMOV – 100” layihəsi çərçivəsində gənc yazarlara kömək məqsədi ilə metodiki tövsiyə xarakterli yeddi yazıdan ibarət “Söz bayramı və ya Bayram sözü” adlı məqalələr toplusundan ibarət e-kitab hazırlanıb fəaliyyətdə olan bütün elektron kitabxana bazalarına yerləşdiriləcək. (bu kitabın gələcəkdə “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında ənənəvi qaydada nəşri də nəzərdə tutulur) Layihə və onun gedişatı barədə təfsilat saytın “LAYİHƏLƏRİMİZ” bölümündə var. Layihənin müddəti 11 dekabr 2018-ci ildən, 11 dekab 2019-cu ilədək olan dövrü əhatə edəcək və dayanıqlı məlumatlandırmanı təmin etmək məqsədi ilə sosial şəbəkələrdə #bayram_bayramov_100 haştağından istifadə olunacaq.

USTAC.AZ


WWW.YAZARLAR.AZ
 və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

===========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir