AZƏRBAYCANLI İLƏ ALMAN DEDEKTİVİN SÖHBƏTİ

AZƏRBAYCANLI İLƏ ALMAN DEDEKTİVİN SÖHBƏTİ

(“SAHİLSİZ TƏZADLAR” romanından bir parça)

Nərmin Kepleri çağırdı. Ona bildirdi ki, Əli onunla söhbət etmək istəyir. Kepler əvvəl təəccüblənsə də, özünü o yerə qoymadı, razılaşdı. Nərmin Keplerə öz evlərinə gedib, tez də qayıdacağını söylədi. Hər ikisinə “Sərbəst danışa bilərsiz” deyib, otaqdan çıxdı.
Əli ilə Dedrik Kepler tək qaldılar. Onlar üzbəüz əyləşmişdilər. Sükutu Əli pozdu:
– Vasyanın qızları ilə söhbət edə bildiniz?
– Söhbət etdim. O zavallılara çox yazığım gəldi. Həyat onlara qarşı həmişə zalım, amansız olmuşdur. Hətta qızlar atalarının son arzusunu yerinə yetirib, ona bir fincan su da verə bilməmişdilər. 
– Həqiqətdə bütün insanlar zavallı və acizdirlər… – Əli söylədi.
– Baxır hansı müstəvilərdə. Bu qızlar digər insanların adi hesab etdiklərinə nail olmağı böyük arzular hesab edirlər. 
– Siz Nadejdanı da yazıq, həyatdan zərbə almış hesab edirsiz? – Əli soruşdu.
– Qətiyyən! Məncə, Vasyanın mövcudluğu onun istədiyi həyatı yaşamasına mane olurdu. İndi o, azadlıqdadır. Təbii ki, öz aləmində azadlığa çıxdığını zənn edir. Bilir ki, Nərmin xanım xeyirxah insandır. Onun gözdənəlil uşaqlarına hər cür qayğı göstərəcək. O, özü isə istədiyi yüngül həyatı yaşayacaq. Hər şeyi çox gözəl hesablayıb. 
– Beləliklə, Nadejda öz həyatını sərbəst yaşamaq üçün Vasyanı zəhərləyib?
– Tamamilə doğrudur. Vasya ikinci dəfə su istəyəndə, Nadejda ona zəhər verib.
– Mən də belə düşünürəm. Bəs Şahinlə Zilanın ölümü sizcə, adi qəzadır?
– Bəli, tamamilə təsadüfi bədbəxt hadisədir.
– Əsaslarınız var? – deyə Əli soruşdu.
– Onlar qəza olan gün təsadüfən həmişəki vaxtdan bir saat əvvəl yola çıxıblar. Əgər onları izləyirdilərsə, bu halda sui-qəsdçilərin planları pozulmalı idi. Çünki onlar planlarını zamana görə qurmalıydılar. İkincisi, qəzanı daha uzaqda törədərdilər, nəinki Nərminin, Zilanın işlədiyi klinikanın yaxınlığında. Bu, peşəkar cinayət məntiqinə ziddir. Üçüncüsü, əsası da odur ki, hadisə yerini tədqiq edən əməliyyatçılar belə qənaətə gəlib ki, Şahin özü kamazı sürətlə keçmək istəyib. Yəni qəzaya səbəb o, özü olub, kamaz sürücüsündə heç bir günah yoxdur. Çəkilən şəkillər və götürülən dəlillər də bunu sübut edir, – Kepler cavab verdi.
– Razıyam sizinlə. Bir tutarlı əsas da var. Sürücü də azərbaycanlı olub. Bu fakt da onu göstərir ki, sui-qəsdən söhbət gedə bilməz. Yəni bu, planlı bir cinayət olsaydı, azərbaycanlı yox, digər millətin nümayəndəsini seçərdilər. Həm də heç bir azərbaycanlı buna razılıq verməzdi.
– Mən də sizin kimi düşünürəm, – Kepler dedi.
– Əsas məsələ, sizcə, Soniki kim zəhərləyib? Sifarişçi kimdir? Səbəb nədir? Nərmindən nə istəyirlər? – Əli soruşdu.
– Mən Nərmin xanımın “Somali uşaqları və biz” mövzusunda təşkil etdiyi konfransın videogörüntülərinə bir neçə dəfə baxmışam. Orda sizin və Nərmin xanımın özünün çıxışında kəskin fikirlər, dünya kapital sahiblərinin ifşasına yönələn ifadələr çoxdur. Səbəb budur. Uşağı zəhərləməklə Nərmin xanımı zərbə altına qoyublar. Bu cinayəti sifariş edənlər Nərmin xanımın yaxın ətrafından kimi isə seçməliydilər. Alison Talı seçdilər. Çünki onun Nərmin xanıma münasibəti soyuq, hətta düşmənçilik səviyyəsində idi. Bunun əsasında paxıllıq dururdu. Alison Talın Almaniyada yeni klinika almağa qarşı ciddi cəhdlə çıxması da buna maddi sübutdur. İkincisi də odur ki, onun qardaşı beynəlxalq mafiya ilə əlaqəli şəxsdir. Yeri-yurdu bilinməyən, nə işlə məşğul olduğu qaranlıq olan bu şəxs, tez bir zamanda hansısa bankla əlaqə yaradıb, ağır şərtlərlə Nərmin xanıma kredit təşkil edib. Alison Tal isə klinikada işləyən personaldan kimisə tərəfinə çəkib, Soniki zəhərlədib. Bilirsiz, mən klinikada işləyənlərin hamısı ilə ayrılıqda söhbət etmişəm. Onlar çox sadə, zəhmətkeş, təmiz insanlardır. Fikirləri və əməlləri qaranlıq görsənən yalnız Alison Taldır. Eyni sözləri bu şəxslərin yaxın ətraflarına da şamil etmək olar. Burada işləyən heç bir işçinin Albert Tal kimi hər şey etmək imkanına, həvəsinə, xarakterinə malik yaxın ətrafı yoxdur. 
Kepler danışdıqca Əli ona diqqətlə qulaq asırdı. Hiss edirdi ki, bu qeyri-simmetrik simalı insanın bu gün, deyəsən, işləri düz gətirməyib. O, çox pərt olmuş vəziyyətdədir. Elə burada edilən söhbət də onun ürəyincə deyil. Hətta bunu özü üçün təhlükə hesab edir. Əli onu da dəqiq bilirdi ki, bu şəxsin əsl düşüncə və əməlləri əsl siması kimi qeyri-simmetrikdir. Yəni çox fərqlidir. Əli Keplerin üzünə baxıb dedi:
– Sizcə, alman dəqiqliyi, özünü ayrı irq saymaq hissləri ilə rus cəsarəti və milliyyətçiliyi arasındakı fərq nə qədərdir?
Dedrik Kepler mövzuya aidiyyatı olmayan, gözlənilməz sualdan bir qədər çaşdı. Bir müddət susdu. Əli siqaret çıxardı, ona da təklif etdi. Kepler çəkmədiyini bildirib, təşəkkür etdi. Simasına aydın seziləcək yalançı təbəssüm verib dedi:
– Məncə, dəqiqlik cəsarətdən daha üstün və vacibdir. Özünü ayrı irq saymaqla milliyyətçiliyin yüksək dərəcəsi isə təxminən bərabərdirlər. 
– Ancaq mən düşünürəm ki, bu fərq İkinci dünya müharibəsinin nəticələrinə bərabərdir. 
Kepler güldü:
– Maraqlı fərziyyədir.
Əli əlindəki siqaretdən bir qullab da vurdu:
– Xristian təəssübkeşliyi ilə İslam həmrəyliyinin, kapital sahibləri ilə istismar olunanların, intensiv silahlanma ilə sürətlə yoxsullaşmanın, canlı aləmdə təbii bərpa ilə insanın vurduğu ziyanın, elmi-texniki tərəqqidən, internetdən istifadə müstəvisində xeyirlə şərin, xalqlara, dövlətlərə münasibətdə qlobal qanunların kağız üzərində olanla realıqdakı ümumi fərqlərinin pik nöqtəsi nəyə bərabərdir?
– Yəqin ki, Üçüncü dünya müharibəsinin nəticələrinə bərabər olacaq, – bunu deyib, o özündən razı halda gülümsədi. Əli qaşlarını düyünləyib dedi:
– Xeyr! Qiyaməti yaxınlaşdıracaq. Üçüncü dünya müharibəsi heç vaxt olmayacaq. Bu, kimlərinsə marağına uyğun yaradılmış əfsanədir. Heç vaxt belə bir müharibə olmayacaq. Siz yenə də dəqiq cavab verə bilmədiz. Necə ki, İkinci dünya müharibəsində Hitler dəqiq hesablaya bilməmişdi. Demək, alman dəqiqiliyi sadəcə bir mif imiş. Bilirsiz, tarix boyu özünə güvənib müharibələri qızışdıran və ya özü başladan şəxsiyyətlərin, eləcə də dövlətlərin uduzmaq səbəblərinin əsas fəlsəfəsində təxminilik dayanır. Onlar hər şeyi mövcud şəraitə, zamana, yəni müharibə başlayan ana qədərki vəziyyətə görə he-sablayırlar. Bu hesablamalar da xətalı və təxmini olur. Ancaq ən kobud xətaları, reallıqdan və dürüstlükdən uzaq hesablamaları gələcək zamanın təsvirində və hadisələrin inkişafının dinamikasının proqnozlaşdırmasında edirlər. Ən dahi sərkərdələr, qüdrətli dövlətlər də bu nöqtədə səhv edirlər. Odur ki, gözləmədikləri faciəvi nəticələrlə qarşılaşırlar. Makedoniyalı İsgəndər də, Napaleon da, Hitler də, “Ərəb baharı”nın müəllifləri və başqaları da bu səhvləri, kobud xətaları ediblər və bundan sonrakıların da edəcəkləri qaçılmazdır. Bu, təbiidir. Çünki dəqiqlik, dürüstlük mütləq mənada insana yox, Tanrıya məxsusdur. Cəsarət isə bütün canlılarda olduğu kimi, insanda da real olaraq var. Deməli, ruslar, eləcə də onlarla birlikdə olan digər xalqlar real silahla, cəsarətlə, Hitler isə mifik dəqiqliklə döyüşürdülər. İkincilər uduzmağa məhkum idilər, – Əlinin izahı Keplerin xoşuna gəlsə də, onu Hitlerə bənzətməyindən pərt oldu. Ürəyində, bəlkə də bənzəmək istəyərdi. Ancaq üzdə özünü pərt olmuş kimi göstərdi. Əli də bunu o dəqiqə hiss etdi, ancaq nəzərdə tutuduğu danışıq alınırdı. Dəqiqləşdirmək istədiyi məqamlara az qalmışdı. Fürsəti əldən verməyib: – Siz İkinci dünya müharibəsinin iştirakçısı olsaydınız, dəqiqliklə, yoxsa cəsarətlə silahlanıb döyüşərdiz? – sual verdi.
Kepler qaşqabağını tökərək:
– Üzr istəyirəm, bunların bizim əsas söhbətimizə heç bir dəxli yoxdur axı… Sizin üçün çox maraqlıdırsa, bəli, mən dəqiqliklə və cəsarətlə döyüşərdim. 
Əli dərhal bir az da uca səslə dedi:
– İnanmıram!
Kepler təəccüblə:
– Niyə inanmırsız?
– Siz əvvəl dəqiqliklə, sonra cəsarətlə, daha sonra hər ikisini birlikdə istifadə etməklə mübarizə aparmısız. Ancaq hər üç variantda bunu bacarmamısız. Bu, belə də olmalı idi. Çünki dedik ki, dəqiqlik yoxdur, o sıfra bərabərdir. Cəsarət isə özünəməxsus olanları geri qaytarmaq və qorumaq prosesində reallaşır. Başqa hallarda isə o da sıfra bərabərdir. Deməli, sizin həyatda mübarizə silahlarınız çox olsa da, mahiyyətləri sıfır olub. Necə ki, azərbaycanlı əsgərdə olan cəsarət, erməni əsgərində heç vaxt olmayacaq. Çünki onlar kapital sahiblərinin diktəsi ilə oyuncaq piyada rolunu oynayaraq, özlərinin olmayan torpaqlara iddia edirlər. Siz də özünüzə aid olmayan, özgənin malına, puluna göz dikmisiz. 
Dedrik Kepler əsəbi, sifəti qızarmış halda dedi:
– Nə demək istəyirsiz?
Əli onun gözlərinin içinə baxaraq, sakit, ancaq soyuqanlı və hökmlü səslə cavab verdi:
– Vasyanın ölümü, Şahinlə Zilanın həlak olması, Sonikin zəhərlənməsi, ümumiyyətlə, baş verən bu cinayət hadisələri ilə bağlı sizin dediklərinizin hamısı dəqiqlikdən və cəsarətdən çox kənar olub, mahiyyət etibarı ilə sıfra bərabər adicə əfsanədir. Sizin fikir və düşüncələriniz arxivsizdir. Niyyətiniz isə zibil yeşiyidir. Hər kəsi də buna inandırmısız… 
Keplerin gözləri böyüyüb hədəqədən çıxmışdı. Ağzı köpüklənə-köpüklənə ayaq üstə duraraq:
– Axı siz özünüz indicə mən dediyim arqumentləri təsdiqləyirdiz, indi nə baş verdi, – dedi.
Əli ayağa qalxıb, onun gözlərinin içinə baxaraq əsəbi şəkildə dedi:
– Mən sənə cinayətin mənzərəsini özünün də inanmadığın formada çəkməyə kömək edirdim. Sənin dünyanın səsi ilə danışırdım. Sən tülkü ilə canavarın birgə əlamətlərinə bənzər şəkil çəkməli idin! Öz adını da müvafiq yerdə yazmalı idin… Ancaq sən yaman pərt olmuşdun. Bu gün səninki heç gətirmədi. Qızlar atalarının telefonlarını sənə vermədilər. Sən bu məqsədlə ora getmişdin! Yəqin ki, o gözdənəlil qızları buna görə hədələyib, incitmisən. 
– Mən indi səni Şahinin yanına göndərərəm, – Kepler dedi.
O, qəflətən Əliyə möhkəm bir yumruq vurdu. Əli bunu gözləyirdi. Odur ki, başını cəld geri çəkdi və özü ondan da güclü zərbə endirdi. Kepler səndəlləsə də, yıxılmadı. Onun fiziki hazırlığı yüksək səviyyədə idi. Onlar əlbəyaxa oldular. Kepler əlbəyaxa döyüş növlərini peşəkarcasına mənimsəmişdi. Əli isə uşaqlıqdan idmana həvəskar olub, tələbəlikdə boksla məşğul olmuşdu. Əsgərlikdə isə çavuşlar üçün keçirilən xüsusi təlimlərdə iştirak etmişdi. 
Katya səs-küyü eşidib, həyəcanla qapını açdı. Gördüyü mənzərədən dəhşətə gəldi. Kepler əlində bıçaq, Əliyə hücum çəkirdi. Katya qışqırıb, geri qaçdı. Dəhlizə çıxıb, mühafizəçiləri çağırmağa başladı. Birinci mərtəbədə olan mühafizəçilər gəlib çatana qədər xeyli vaxt keçdi. Onlar Nərminin kabinetinə çatana qədər Əli Kepleri zərərsizləşdirə bilmişdi. Onu üzü üstə yıxıb, qolarını özünün, ayaqlarını isə Keplerin kəməri ilə möhkəm bağlamışdı. 

Müəllif: SADIQ QARAYEV 

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================