RAFİQ HÜMMƏT – XOŞBƏXTLİK

XOŞBƏXTLİK

Bahara eşq olsun, 
rəngi açılıb
Torpaqdan boy verən tər çiçəklərin.
Çiçəyi çırtlayır, gözü açılır – 
Bəxtəvər başına kəpənəklərin.

Bəxtəvər başına kəpənəklərin,
Gəlimi-gedimi dəli heyrətdi.
Üç günlük ömürdə tər çiçəkləri
Öpə-öpə ölmək – əbədiyyətdi.

Bəxtəvər başına kəpənəklərin,
Qüssədən bircə an xəyala dalmır.
Ölür sevə-sevə tər çiçəkləri,
Ölür…
Ayrı işə macalı qalmır.

Müəllif:RAFİQ HÜMMƏT

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================

Məzahir İsgəndər – B i l i n m ə z

B i l i n m ə z

(Bir az da düşünəkmi?)

Bu dünyanın işi gəldi-gedərdi,
Kimi gəldi, kimi getdi, nə dərdi?
Xətərimiz bir-birindən bətərdi,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Kim yeyib tox yatar, kimi ac yatar,
Kimi eniş tutar, kim yoxuş tutar
Yoxuşdakı enişdəkin unudar,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Kim ocaqdı, kim alovdu, kimi kül,
Kimi buta, kimi tikan, kimi gül,
Buna ağla, buna sızla, buna gül,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Dünya kimin yarasını sarısın?
Kimi qovar, kimi udar sarısın,
Qovulan, qovan da sorar Tanrısın,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Ər oldu kimisi, ərtək qoydu ad,
Kim oldu arvaddan aşağı arvad,
Onu da, bunu da dişinə bir dad,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Hörmət-izzət nə adladı,sanladı,
Yer samladı, nahaq haqqı damladı,,
Xoruz yumurtladı, toyuq banladı,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Kimini eşq, kimi yıxdı qərəzi,
Dəyişmədi, kimin nəydi mərəzi,
Qurulanda bir gün mizan-tərəzi,
Vay sənəmi, vay mənəmi, bilinməz!

Müəllif: Məzahir İsgəndər

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================


AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün görkəmli jurnalist Məzahir Süleymanzadənin doğum günüdür. Yazarlar camiəsi adından Məzahir müəllimi təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı arzu edirik. Ad gününüz mübarək, Məzahir müəllim!!! Var olasız !!!

QISA ARAYIŞ:

1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.

Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib.

1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» – «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan «Səhər» qəzetini təsis edib.

Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir.

Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

İLKİN MƏNBƏ: Məzahir Süleymanzadə – Vikipediya

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================

VER MƏNƏ ƏLİNİ, ƏLİNDƏN TUTUM

VER MƏNƏ ƏLİNİ, ƏLİNDƏN TUTUM

Göydə ulduzlarla uzaqdır aram,
Sən yerdə ulduzum, sən yarım, param.
Kim tutsa əlimdən, bil, yıxılaram,
Ver mənə əlini, əlindən tutum.

Göz, nuru könüldən, ürəkdən içər,
Gözlər soraq verər, ürəklər seçər.
İstisi qanıma, canıma keçər,
Ver mənə əlini, əlindən tutum.

Yaz mehi duyular zərif səsindən,
Solar tər çiçək də sözün nəsindən.
Məst ollam dilinin xoş kəlməsindən,
Ver mənə əlini, əlindən tutum.

Diləklər, arzular qanda qovuşar,
Həsrət qalan gözlər anda qovuşar.
Könül də, ürək də, can da qovuşar,
Ver mənə əlini, əlindən tutum.

Qəlbimiz bir olsun, lap, tək də gedək,
Düzəndə, səhrada, həm, dikdə gedək.
Ömrün sonunacan birlikdə gedək,
Ver mənə əlini, əlindən tutum.

İldırım, sığal çək, dərd, kədər oyma,
Sevən ürəyinə, qəlbinə qıyma!
Uzanan əlimi havada qoyma,
Ver mənə əlimi, əlindən tutum.

Müəllif: ILDIRIM AKBEROĞLU

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================