Zaur Ustac – İnci, qərənfil…

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı. (15:00)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

E. Muradxanlı “Tələbə taqımı”

Əsəd CAHANGİR :

“Etibar Muradxanlını universitet illərindən tanıyıram – mən filologiyanın dördüncü kursunda oxuyanda o, birincidəydi. Kənddən gələn, kreativ davranışından tutmuş sağlam görünüşünəcən universitet mühitinə dağ havası gətirən Etibar öz həmkursları arasında dərhal seçilirdi. İIk gördüyümdə onun barəsində qərarımı vermişdim: bu oğlan universitetə, yəqin ki, öz gücüylə daxil olub; oxuyan tələbədir; onda “nəsə” var. O vaxt mənə elə gəlirdi ki, bu potensial “nəsə” Etibarın gələcək ədəbiyyatşünas fəaliyyətində üzə çıxacaq. Sonralar məlum oldu ki, yanılmamışam, sadəcə, bir fərqlə – Etibar alim yox, yazıçı oldu.

Doxsanıncı illərin xaotik olayları çoxları kimi, bizim də gələcək planlarımıza ağlagəlməz redaktələr etdi. Mətbuatda çalışmağa başladıq, hətta hər ikimiz bir müddət “Ekspress” qəzetində birlikdə işlədik. Həmin günlərin birində Etibar “Siz mühasirədəsiniz, cənab leytenant” hekayəsinin əlyazmasını oxumaq üçün mənə verdi. Kifayət qədər irihəcmli hekayəni birnəfəsə oxudum və oxuduqca da bir məsələni özüm üçün dəqiqləşdirdim – bu hekayənin müəllifinin nasir stixiyası var.

İndi o vaxtdan iyirmi ildən çox keçir. Bu iyirmi ildə Etibarın müxtəlif mətbu orqanlarında vaxtaşırı hekayələri dərc olunub, nəsr kitabı işıq üzü görüb. İkinci – “Tələbə taqımı” kitabına daxil etdiyi hekayələr və romanın əlyazmalarını oxuduqca isə görürəm ki, iyirmi il qabaqkı ilham onu nəinki tərk etməyib, əksinə, o vaxtkı gənclik temperamenti zəngin həyat materialı və çoxillik yaradıcılıq təcrübəsindən doğan əlavə keyfiyyətlərlə daha da zənginləşib. Çünki yazmaq ehtirası Etibarın ötəri gənclik marağından, “hamı yazır, mən niyə kənarda qalım?” həvəsindən, bir sözlə, günün dəbindən yox, neyləsə də gizlədə bilmədiyi, zaman-zaman üzə çıxıb, öz gerçəkləşmək haqqını tələb edən yazıçı taleyindən doğur. Bu, Etibarı onlarla nəsr iddialısından fərqləndirən birinci amildir – onun istedadı var.

Yazılarında bəzən açıq-aşkar üzə çıxan lirik ruha, hətta sentimental notlara baxmayaraq, Etibar ən sərt mövzuda – müharibədən yazır: əksər əsərləri ya birbaşa, ya da dolayısı ilə Qarabağdan danışır; bu əsərlərdən top gurultuları, avtomat səsləri eşidilir, barıt və qan qoxusu gəlir; əsas qəhrəmanları lazım gəlsə, öz həyatını doğma torpaqlar uğrunda döyüşlərdə qurban verən vətənpərvər, əsas ideyası torpaqlarımızın erməni işğalından azad edilməsidir. Yəni o, ədəbiyyata özünəməxsus problem, mövzu və ideyaları ilə gəlib. Bu, yazıçı dostumu onlarla konyukturşikdən fərqləndirən ikinci amildir – onun öz mövzusu var.

“Tələbə taqımı” kitabına daxil olan əsərlər üç qismə bölünür: “Fəridə nənəgilin pəncərələri” povesti bizi Sovetlər Birliyinin dağılması dövrünə aparır; “Tələbə taqımı” romanı birbaşa Qarabağ müharibəsi olaylarından bəhs edir; “Qaç, nə qədər gec deyil”, “Ay çıxana qədər” hekayələri isə müharibədən sonrakı dövrdə hüquq-mühafizə orqanları işçilərinin mənəvi və fiziki rəşadətindən, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərlərimizin qəhrəmanlıq və təhlükələrlə dolu fəaliyyətindən danışır.

İstər ön, istərsə də arxa cəbhə həyatına üz tutsun, hardan, kimdən, nədən yazırsa yazsın, Etibarın əsərlərini birləşdirən bir ümumi cəhət var – qaynağını həyatdan götürmək, təbii yaşantıya, real həyat faktlarına söykənmək və nəticə etibarilə oxucunu inandırmaq. Xüsusən də, müharibə mövzusunda yazdıqları Etibarın bir könüllü kimi iştirak etdiyi Qarabağ döyüşlərindəki canlı müşahidələrindən doğur.

Bəli, Etibar realist yazıçıdır, amma bu realizm həyatın fotosurətini çıxarmaq kimi bayağı sənət təsəvvürləri və pedant “gerçəklik” illüziyasından uzaqdır. Onun fokusuna təkcə olanlar yox, həm də olmalı olanlar düşür. Etibarın bədii dünyagörüşündə real və ideal elə təbii birləşir ki, bunlardan birinin harda başlayıb, digərinin harda qurtardığını bilmirsən. Nəticədə Fəridə nənə, Rövşən, Xudaverən, Fərhad, Ümidvar, mayor Pənahlı, leytenant Qafarov kimi bir tərəfdən tamamilə canlı, təbii özəllikəri əks etdirən, digər tərəfdən isə ən müqəddəs duyğularla yaşayan ideal insan surətləri yaranır. Etibar ləyaqətli, güclü, iradəli, qətiyyətli, xeyirxah insan surətləri, bir sözlə, müsbət qəhrəmanlar yaratmağa meyil edir. Məhz bu üzdən onun qəhrəmanları oxucunu öz ardınca aparmağa qadirdir. Bu, Etibarı başqalarından seçib ayıran üçüncü amildir.

Kitabdakı əsərlər hər biri özünün müəyyən cəhəti ilə seçilir. “Tələbə taqımı” romanı müasir döyüş nə deməkdir sualına ən xırda, mikroskopik detallarına qədər cavab verir. Mən, hətta E.M.Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanında da döyüşün belə təfərrüatlı təsvirinə rast gəlməmişəm. Etibar başı üstündə güllələr vıyıldayan, sürünməkdən dizləri qanayan qəhrəmanları ilə birlikdə oxucunu da bütün roman boyu dizin-dizin sürünməyə, vətən torpağını bağrına basmağa, onun hüzurunda baş əyməyə vadar edir.

Mən Orta əsrlər döyüşünün nə demək olduğunu ilk dəfə M.Gibsonun “Cəsur ürək” filminə baxandan sonra başa düşmüşəm. Bəlkə, bu, rejissorun fantaziyasıdır, bəlkə, tarixdə tamam başqa cür olub. Bəlkə də, sabah başqa bir rejissor at, zirehli geyim, qılınc, qalxan və nizə dövrünün döyüşlərini tamam yeni rakursdan, tamam yeni səviyyədə canlandırmaqla, Gibsonun filmini kinematoqrafiya tarixi faktına çevirəcək. Amma əsas odur ki, rejissorun heyrətamiz tarixi duyumu bizi onun çəkilişlərinin tarixilik baxımından real, sənətkarlıq baxımından (hələ ki!) ideal olduğuna inandıra bilir. Dünya kino sənətinin bu təkrarsız şedevrindən söz açmaqla yazıçı dostumun romanının da şedevr olduğunu demək istəmirəm. Amma bir məsələdə israrlıyam – Qarabağ müharibəsi haqda indiyəcən oxuduqlarım arasında məhz Etibarın romanı çağdaş hərbi texnologiya şəraitindəki döyüşün nə demək olduğunu oxucuya ən xırda təfərrüatlarına qədər göstərə bilir. Romanın son vərəqini çevirən oxucu özünü ağır, gərgin döyüşdən çıxmış yaralı əsgər kimi hiss edir.

“Tələbə taqımı” ənənəvi monoqəhrəmanlı roman deyil. Əsərin əsas qəhrəmanı hansısa konkret bir şəxs yox, özünün bütün üzvləri ilə birlikdə tələbə taqımı, bir az da geniş götürsək, vətənpərvərlik, qəhrəmanlıq və şəhadətdir. Monoqəhrəmanlı “Fəridə nənəgilin pəncərələri” povesti, “Tələbə taqımı”nın əksinə olaraq, özünün qeyri-adi, qu desən qulaq tutulan sakit aurası ilə seçilir. Amma, əslində, burda da müharibədən söz gedir. Əsərin əsas qəhrəmanı – ərini iyirmi il qabaq itirmiş, yeganə oğlu rus ordusunda xidmət edən, bir damın altında tək qaldığından öz-özüylə danışan Fəridə nənənin daxilində xeyirlə şər, işıqla qaranlıq, sevgiylə nifrət döyüşür – şəxsiyyətin ikiləşməsi baş verir. Amma Allaha iman qarını şizofreniyadan xilas edir – o, psixiatriya həkimlərinin yox, Tanırının hüzuruna gedir. Eynən Tolstoyun dayəsi (“Uşaqlıq”) kimi öz ölümünü mərdanəliklə qarşılayan və müqəddəs ayin kimi icra edən Fəridə nənənin aqibətini yazıçı ən yüksək şəhadət kimi mənalandırır. Peyğəmbər əfəndimizin buyurduğu kimi, haqq işi uğrunda meydanda döyüşmək cihadi-səğirdirsə (kiçik cihad), daxili döyüş cihadi-kəbirdir (böyük cihad).  

E.Muradxanlı öz qəhrəmanının daxili aləminə nüfuz edərək povesti ənənəvi realizm hüdudlarından çıxarır və psixoloji realizmə üz tutur. Amma məsələ bununla yekunlaşmır. Rusiyadan qayıtmış oğlu Nazim anasının ruhunu yiyəsiz qalmış evlərinin pəncərəsində görür və bununla da yazıçı bir addım da qabağa ataraq metafizik realizmə keçir.

Fəridə nənə müəyyən qədər Anarın Həmidə xalasını (“Ötən ilin son gecəsi”) xatırladır. Amma Anarın hekayəsindən fərqli olaraq, Etibarın povestində ötən ilin yox, ötən zamanın – sovet dövrünün son gecəsindən söz gedir. Etibarın qəhrəmanı, sadəcə, yeni ili yox, yeni dövrü – müstəqillik dövrünü qarşılayır. Belə rakurs povesti ailə-məişət çərçivəsindən çıxarır, ona siyasi məzmun verir. Bu, sadəcə, iki yazıçı və iki əsər yox, həm də və daha çox iki zamanın – ümid dolu, mülayim 60-cı illərlə, ümidin ancaq Allaha qaldığı, radikal 90-cı illərin fərqidir.

Fəridə nənənin oğlundan gələn məktubu oxuduqca həyat xronotopunun geri fırlanması və keçmişlərin cümləbəcümlə xatırlanması, qarının öz xəyali rəfiqəsi, gözəgörünməz oxşarı (əcəli!) ilə söhbətləri, real, psixoloji və metafizik qatlar arasındakı rahat və interaktiv keçidlər əsərin orijinal, modern tərəfləridir. Qatıqsatan Tahirə, qonşu qadın Dilbər, poçtalyon, rus dili müəllimi Tahir, ev dəllalı Xanlar kimi anturajlar əsas qəhrəman ətrafında, sadəcə, zahiri fon yaratmaqla qalmayıb, həm də 90-cı illərin təkrarsız koloritini canlandırırlar. Rus ordusunun keçmiş zabiti, pedant xarakterli, gözətçilik elədiyi yataqxanada, iş başında, oturduğu yerdə canını tapşıran Rəhim kişi obrazıyla isə yazıçı sovet ideologiyasına, ümumən başqalarına sadəlövh inamın tragikomik finalını göstərməklə qalmayıb, həm də Fəridə nənənin oğlu Nazimin oxşar gələcəyinə işarə edir.

Rəhim kişi sövet dövrünün, digər surətlər yeni zamanın, Fəridə nənə bu ikisi arasında qalmış vətənin rəmzidir. Rəmzləşdirmənin daha yüksək səviyyəsinə isə yazıçı pəncərə obrazında nail olur. Pəncərə, sadəcə, Fəridə nənənin ətrafa yox, həm də Azərbaycanın dünyaya çıxış zərurətinə işarədir. Finalda isə o, hətta metafizik (ilahi!) qata keçidin rəmzi işarəsinə çevrilir. Yazıçı 90-cı illərdə ümidin Allaha qaldığını sezir və oxcuya da sezdirə bilir.

Əsərləriylə tanışlıqdan görürsən ki, Etibar hərbi işə bağlı adamdır. Şübhə etmirəm ki, gəncliyində o özünü ordu zabiti kimi təsəvvür edirmiş. Tale süngünü qələm, döyüşçünü yazıçıyla əvəz edərək onu bədii yaradıcılıq yoluna salsa da, Etibar təslim olmayıb. Düzdür, o, taleyin hökmü ilə yazıçı olmağına olub, amma hərbi-vətənpərvərlik mövzularında yazmaq şərtilə. Və beləcə, bu mövzularda yazmağı özünün tale təyinatı kimi dərk edən, başlıca yaradıcılıq amalına çevirən bir yazıçı formalaşıb.

Bu gün Qarabağ mövzusunda yüzlərlə əsərlər yazılır, amma, məncə, ədəbiyyatımız vətən qarşısındakı borcundan hələ çıxmayıb. Bu missiyanı ən kəskin dərk edənlərdən biri, bəlkə də, birincisi E.Muradxanlıdır desəm, məncə, mübaliğəyə yol vermərəm. Mənə elə gəlir ki, Qarabağ həqiqətlərini bədii şəkildə qələmə almaq bir yazıçı kimi, onun tale təyinatıdır. Və inanıram ki, özünün gələcək yaradıcılığı ilə o, bu təyinata layiq olduğunu sübut edəcək.”

Müəllif: Esad Cahangir


İLKİN MƏNBƏ:Sözün ön və arxa cəbhəsi… – Əsəd CAHANGİR yazır