FƏRİDİN AD GÜNÜDÜR…

DÜNYA BİR PƏNCƏRƏDİR…

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək gərəkdi, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, 
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı saymasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı. (13:33-15’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================