Qələndər Xaçınçaylı – NƏSİMİ

NƏSİMİ

( Neçə Nəsimi soyuldu o gecə… )

Neçə Nəsimi soyuldu,
Hər dəridən bir Nəsimi çıxdı,
Getdilər Tanrı dərgahına,
Orada Nəsimi əliərin sıxdı.
Sonra üzünü Yaradana tutub dedi:
-Ey Qibləgahım,
-Ey Allahım!
Bunlar kafirlərə,
işğalçılara qarşı çıxan,
haqq məndədir,
mənəm haqq,
Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam,
deyən Nəsimilərdir.
Sənə ibadət edən,
iman gətirənlərdir…
Tanrı yer göstərib,
O cənnət-məkan sizindir,
Mələklərindir dedi:
Buna Nəsimi əmindi.
O qır qazanda yanır
dediyiniz kafirlər indi…
16.01.2019.

Müəllif: QƏLƏNDƏR XAÇINÇAYLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

20 YANVAR, 20 ŞAİR, 20 ŞEİR…

Bəxtiyar VAHABZADƏ – ŞƏHİDLƏR…

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.


HƏQİQƏT HƏQİQİ – YENƏ QƏRƏNFİLLƏ 

Yenə qərənfillə görüşə gəldik,
Baş əydik,diz çökdük,yenə dikəldik.
Əsarət altında olan torpağı,
Alsaydıq,bayrağla sizə gələrdik.

Yenə qərənfillə görüşə gəldik,
Ağladıq,sızladıq,fəryad elədik.
Haqsız tökülən qan hələ yerdədi,
Sizin qanınızı ala bilmədik.

Yenə qərənfillə görüşə gəldik,
Yeni qərənfillər əkdik,becərdik.
Ey torpaq altında yatan şəhidlər,
Kaş ki,qərənfil tək düşmən biçərdik.

Yenə qərənfillə görüşə gəldik,
Bir gün bayraq ilə bəzənəcəksiz.
Millətim,torpağım azad olacaq
Şəhidlər,xalqıma güvənəcəksiz!

20.01.2019.

Eldar Elli – Məzarım üstünə”Qələbə” yazın…

(20 Yanvar)

Məzar sükutu var içimdə yenə,
Yenə məzar-məzar düzülməyim var…
Şəhid məzarları yaz çiçəkləri,
Hər bahar gələndə üzülməyim var…

Ağlamaq kişiyə yaraşmır ,atam;
Hamıdan yüksəyəm,hamıdan başam.
Silin məzarımnan qəm havasını;
Qılınc oynatmağı yadırğamışam…

Çıxarın adımı məzar daşınnan,
“Qələbə” sözünü yazın yerinə.
Doğum tariximi çıxarıb atın,
“Vətən”kəlməsini asın yerinə.

Başınız üstünə qaldırın məni,
Üçrəngli bayrağın vüqarı mənəm.
Hər bahar gələndə çiçəkləyərəm,
Azadlıq toxumu,baharı mənəm.

Doğuldum qələbə günlərində mən,
Qanımla Vətəni suvardım,atam,
Qeyrət simvoluna çevrilər kişi,
Doğulub ölməyə nə vardı,atam.

Nəsimi ruhudu Vətən göyləri,
Mənim dərdlərimi Hələbə yazın.
Məni ağlamayın… ağlamaq günah,
Məzarım üstünə “Qələbə” yazın.

Cəsarət Cəfərov – O qanlı gecə…

(Allah şəhidlərmizə rəhmət eləsin.)

Xalqımız azadlıq, yolunu seçdi 
Bilmirdi qiyməti, olacaq necə !
Qocada, uşaqda, bu yolu keçdi
İyirmi yanvarda, o qanlı gecə !

Çıxmışdı meydana, hər bir vətəndaş
Qadınlar bacıydı, kişilər qardaş
Hamı bir biriylə olmuşdu sirdaş
İyirmi yanvarda, o qanlı gecə.!

Ordu vətəndaşa, hücuma keçdi
Nə qədər ömürü, güllələr biçdi
Vətəndaş dönmərəm, deyə and Içdi
İyirmi yanvarda, o qanlı gecə !

Çıxdı tank önünə, yalın əliylə
Rastlaşdı bir çoxu, güllə seliylə 
Qorudu bir birin, öz sinəsiylə
İyirmi yanvarda, o qanlı gecə !

Unuda bilmərik, biz bu anları
Cəsarət qeyd etdi, düz olanları
Olubdu şahidi, görüb onları
İyirmi yanvarda, o qanlı gecə
21-01-1990

Kemale Mecidova – ADSIZ…

(Bu şeiri 1990 – cı il yanvarın 21 – də gecə yazmışdım. Səhər şəhidlər torpağa tapşırılacaqdı. )

Siz ey mənim vətənimin cəlladları ,
Gözünüzdən silin toru , yaxşı – yaxşı baxın barı!
Öz qanına bulaşsa da bu gün torpaq ,
Sabah ordan yalnız haqqın , ədalətin gur nəğməsi ucalacaq !
Şəhidlərin qanı ilə yazılacaq bayrağıma,
Azad vətən, bərabərlik, qeyrət, ismət, birlik sözü .
Bəsdir dözdük əsrlərlə əsarətə, köləliyə,
Niftət olsun millətimə ölüm hökmü yazmış “igid cəngavər “ə ! 
Bu gün yurdu bürümüşdür matəm səsi ,
Çocukların dodağına qonub belə kədər, qüssə , qəm kəlməsi ….
Sil gözünün yaşın, ana , qoy düşmənlər sevinməsin ,
Bircə qarış torpaq üçün bu torpağa qovuşmaq da səadətdir !
Siz ey azğın işğalına mın bir cürə yamaq vuran qaniçənlər ,
Unudulmaz heç bir zaman vətən üçün sinəsini sipər edən mərd oğullar, igid qızlar.
Yox ! Qızılgül demirəm mən , vaxt gələcək,
Şəhidlərin qanı düşmüş torpağımız qan rəngində qara xallı lalələr də bitirərəcək !
Siz ey xalqın övladları, heç sönməsin ümidiniz,
Azadlığın, ədalətin işığında təpər gəlsin qəlbinizə.
Vətən üçün, millət üçün daim vursun ürəyiniz,
Yalnız birlik kömək edər xəyanətin əli girmiş yurdumuza!!!

Ildırım Akberoğlu – QALX ORDUM!

Qalx ordum,qılınc vur bu qırx düyünə,
Çox da yadırğadıq barıt iyinə.
Barmağını bal eyləyib ver yenə,
Yağı düşmən geri verməz torpağı.

Əfsus,bizi yarıtmadı yarıdan,
Dua ilə donuz çıxmaz darıdan.
Üzə-üzə paltarını qurudan,
Dönüb daha görə bilməz torpağı.

Sülh deyirdik,bu da sülhün son həddi,
Düşmən başı bir yumruğa qəhətdi.
Xəritədə silə bilən sərhəddi,
Tariximdən silə bilməz torpagı.

Bu yıxılmaq gücüdürmü yıxanın?…
Yaxşı boylan əl yerinə yaxanın.
Silahını öz başına çaxanın,
Tarix boyu ağlar,gülməz torpağı.

Aralığa girən də bir oyunçu,
Biz soyulan,osa soyan soyğunçu.
Bu əsirdə bu sınaq da sonuncu,
Möhkəm dursaq yağı bölməz torpağı.

Mayil Dostu – KÜLÜM GÖZLƏYİR

İgidlərim şir olacaq,
Vətən bütöv, bir olacaq,
Yurdlar əziz pir olacaq,
Gələcək o ilim mənim.
***
Bülbül havalanıb uçmur,
İnciyibdi, qönçəm açmır,
Daha qızlar dərib qaçmır, 
Qəribsəyib gülüm mənim.
***
Yurd sarıdan üzüm qara,
Qisas hara, söhbət hara?
Düşmənə vuracam yara,
Uzanacaq dilim mənim.
***
Qürurum, vüqarım enməz,
Hərarətim, odum sönməz,
Qarabağdan üzüm dönməz,
Yol gözləyir külüm mənim.

Abdulla Cəfər- Qanlı gecə 

( 20 yanvar şəhidlərinin və bütün şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun.)

Gözlərə yaş qondu, üzlərə qəhər,
Atəş səslərinə oyandı şəhər.
Səhər gözlərini açdı bir təhər,
Yazıldı tarixə bu qanlı gecə.

Elə bil göylərdə ildırım çaxdı,
Məsum ürəkləri yandırıb yaxdı.
Xəzər axan qana sakitcə baxdı,
Yazıldı tarixə bu qanlı gecə.

Yataqda yatana silah sıxdılar, 
Qocaya, qadına silah sıxdılar,
Yurdumun adına silah sıxdılar,
Yazıldı tarixə bu qanlı gecə.

Şəhidlərin qanı axmadı hədər,
O qanlı gecədən alındı bəhər, 
Üç rəngli bayraqla açıldı səhər,
Yazıldı tarixə bu qanlı gecə.

Mafila Muntezir- ŞƏHİDLƏR UNUDULMAZ!!!


Çox sevdiyim qərənfilim, 
90-lardan boynun əyib. 
Şəhidlərə ərməğan gül, 
Şəhid qanından don geyib.

Tamam Uluxanlı- Yandı el qızı


Ağ qar üstə qan bulaşdı,
Göy ot üstə şeh qırmızı.
Bir evdə ana alışdı,
Bir evdə yandı el qızı

Qəhvəyi torpağı qandı,
Bir igidin köksü yandı.
Bir bacı qəlbi odlandı,
Yandı vətənin gül qızı

Səngərində qan laxtası,
Off! Ananın ər balası!
Millət tutdu şəhid yası,
Tökdü başına kül qızı

Buludlardan baxan şəhid!
Ruhundan yaş axan şəhid.
Gözəl qəlbi yaxan şəhid,
Sevgisi ağı,dil qızı

Muzeffer Mezahim- 20 YANVAR

( MÜZƏFFƏR MƏZAHİM)

Bu gün arzumuzun azadlıq günü,
Bu gün azadlığın zurvə günüdür.
Ulu babaların səpdiyi dəni,
Göyərdən millətin zərbə günüdür.

Bu gün min illərlə gələn yollarıın,
Sabaha açılan hür qapısıdır.
Haqqını istəyən mərd oğulların,
Şərəflə keşdiyi nur qapısıdır.

Bu gün yer üzündə ən qədim xalqın,
Özünə yenidən dönüm anıdır.
Vətəni canından çox sevənlərin,
Vətən qarşısında imtahanıdır.

Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.

Bu gün öz qanıyla yazdı bu millət,
Ən yeni tarixin salnaməsini.
Ucaldı müqəddəs şəhidləriylə,
Çatdırdı dünyaya haqqın səsini.

Bu gün azadlığın, müstəqilliyin,
Qan ilə yazılmış təməl günüdür.
Ölümün üzünə dik baxa-baxa,
Özgür yaşamağın bədəl günüdür.

Bu gün ürəklərdən qorxunun, xofun,
Ölümün əliylə çıxan günüdür.
Millətin divləri, əjdahaları,
Birliyin gücüylə yıxan günüdür.

Günay Ələddinqızı- Şəhidlər xiyabanı..

( Günay Günəş )

Susan bizik “Vətən” , danışan onlar.! 
Onların baxışı ah – nalə çəkir. 
Niyə eşitmirik-niyə duymuruq?! 
Bizi daş baxışlar suala çəkir.

Düzülüb igidlər, hamsı bir boyda, 
Necə məğrur- məğrur duruşları var. 
Qeyrət timsalıdı, namus timsalı, 
Burda canlı olan, bütün daş məzar

Vətən harayıdı, torpaq harayı, 
-“Can bala ” :söyləyən, ana naləsi.
Burda Şəhidlərə layla səsidi , 
Məğrur dalğalanan bayrağın səsi.

Sırayla düzülən dunya var burda, 
Hərəsi bir ayrı, zamandan gəlib. 
Eyni məkan üçün yonulmuş daşlar, 
Eyni tarix altda, mərməri dəlib.

Arzuları fidan, hələ tər çiçək, 
Gör neçə diləyi daşa oydular. 
Neçə mühəndisin, neçə həkimin, 
Adını bu yerdə “Şəhid” qoydular!

Bu məkan, bu xalqın, ibadət yeri,
Bu yerdən “Tanrıya” neçə yol gedir. 
Vətən igidlərin olduğu yerdən 
Başlayıb, yatdığı bu yerdə bitir.

Bura qan yaddaşın susduğu yerdi,
Burda zaman donub, fəsil ötmür.
Bura arzuların məzarlığıdı,
Burda körpə qalıb, gör neçə ömür.

Ürək parçalanır, ürək yarılır,
Məzardan gör neçə göz baxır sənə.
Qisas qiyamətə qalmaz deyirdik,
Niyə susub indi, bu millət, niyə ?!

Susan bizik “Vətən” , danışan onlar.! 
Onların baxışı ah – nalə çəkir.
Niyə eşitmirik-niyə duymuq?! 
Bizi daş baxışlar suala çəkir.

Lilpar Cəmşidqızı- 20 Yanvar mərsiyəsi

Neçə illərdi, Vətən, torpağına qan tökülüb,
Bulaşıb qanla üzün, köksünə min can tökülüb.

Tükənən səbrimizin ilməsini kim çözəcək?
Bu qədər qanlar axıb, naləsinə kim dözəcək?
Bu kədər millətimi ötsədə illər, üzəcək.
Neçə illərdi, Vətən, torpağına qan tökülüb,
Bulaşıb qanla üzün, köksünə min can tökülüb.

Analar layla çalır daşlara, illərdi axı,
Bala həsrətli yanan laylalı dillərdi axı.
Utanan, boynubükük ordakı güllərdi axı.
Neçə illərdi, Vətən, torpağına qan tökülüb,
Bulaşıb qanla üzün, köksünə min can tökülüb.

Tutulub gözlərimiz, bir qara zülmətdi çökən,
O qaranlıq gecədir, Yerlərə ah-nalə tökən.
Ana torpaqdı ki, övladını qoynunda bükən.
Neçə illərdi, Vətən, torpağına qan tökülüb,
Bulaşıb qanla üzün, köksünə min can tökülüb.

O gecə qan gölünə döndü Bakım, döndü Xəzər,
Bizi bizlərdən olan atdı gölə, kəsdi nəzər.
Uyudu nəşlərimiz, ruhları göylərdə gəzər.
Neçə illərdi, Vətən, torpağına qan tökülüb,
Bulaşıb qanla üzün, köksünə min can tökülüb.

Bütün aləm ki, görür yüksələn haqqdır səsimiz,
Bizə bizdən savayı, yoxdu kömək bir kəsimiz.
Qara Yanvar çözülə, bir də azadlıq bəsimiz.
Neçə illərdi, Vətən, torpağına qan tökülüb,
Bulaşıb qanla üzün, köksünə min can tökülüb.

Qafqaz Quruçaylı- ŞƏHİDLƏR..

Səmadan doğdular xoş dilək kimi,
Dar gündə oldular bir ürək kimi.
Vətən göylərindən od, şimşək kimi,
Düşmənin başına çaxdı Şəhidlər.

Son, andı şəhidlik sözündə qoydu,
Kişilik rəmzini izində qoydu.
Yağının arzusun gözündə qoydu,
Düşməni, yandırıb,yaxdı Şəhidlər.

Mərdliklə öldülər bu torpaq üçün,
Hər qarış yer üçün,dərə,dağ üçün.
Yad əllərdə qalan Qarabağ üçün,
Haqqın döyüşünə qalxdı Şəhidlər.

Məhv edib,düşmənin qanın içdilər,
Namus,qeyrət üçün candan keçdilər.
Son anda, şəhidlik yolun seçdilər,
Ölümə,ölümsüz baxdı Şəhidlər.

Açsın qulağını,eşitsin yağı,
Qoymarıq düşməndə biz Qarabağı.
Oğullar yetirib Vətən torpağı,
Canından keçməyə, çoxdu Şəhidlər.

Atılıb,döyüşə can Vətən deyə,
İgidlər dərs verdi yağı köpəyə.
Ay Qafqaz, müqəddəs Lələtəpəyə,
Vətən bayrağını taxdı, Şəhidlər.

Kamala Abiyeva- Şəhidlər xiyabanı…

Şəhidlər xiyabanı… Zəfər-hünər meydanı.
Həyat-ölüm zirvəsi.
Yarpaqların dilindən qopan hər pıçıltı da 
burda cəsarət səsi.
Şəhidlər xiyabanı…
Bura məlal meydanı…Bura xəyal meydanı.
Alqırmızı xonçalar bürüyüb hər bir yanı. 
Burda güllər, çiçəklər elə bil qan ağlayır… 
Baxıram xiyabana
Neçə arzu yan-yana, neçə istək yan-yana
Baxıram yana-yana

(Demək istəmədiyim)
Şəhidlər xiyabanı, 
Nə qədər qəhrəmanım, igidim var desəm də, 
Nə qədər qürrələnsəm, Nə qədər öyünsəm də
Hey danmaq istədiyim, Demək istəmədiyim, 
Deməyə bilmədiyim bir həqiqət içimdə
Hey alışır, hey yanır, Tüstüm ərşə dayanır. 
Gör neçə illərdi ki, elə şəhid oluruq, 
xiyabanlar salırıq, 
amma yurdsuz-yuvasız, el-obasız qalırıq… 
Vətəni şəhər-şəhər, kəndbəkənd itiririk, 
demək elə özümüz kəndbəkənd, şəhər-şəhər
məhv oluruq, itirik… 
Nələr düşünürük biz?Necə düşünürk biz?
Cavabsız suallara dönür əməllərimiz…

Şəhidlər xiyabanı… 
Siz məni qınamayın… 
Burda xatırlayıram Zəngəzur, Şuşa, Laçın
Şadlıq saraylarını… 
Təbriz, Qarabağ barı, Qubadlı restoranı
Düşür yadıma mənim. 
Bir də xatırlayıram orda oynayanları. 
Qol götürüb oynamaq kimin gəllib ağlına
Bu saraylarda görən? 
Hansımızın ağlıını Tanrı alıb əlindən?
Nələr itiririk biz, Nələr qazanırıq biz?
necə düşünürük biz? Necə düşünürük ki, 
Hər mahal itirdikcə bir saray ucaldırıq. 
Hər şəhər itirdikcə bir restoran tapırıq… 
Nələr düşünürük biz? Necə düşünürük biz?
Cavabsız suallara dönür əməllərimiz… 
Baxıram xiyabana, Baxıram yana-yana. 
Itirirəm özümü suallar arasında. 
Axtarıram özümü Şəhidlər sırasında.

MƏZAR VAR QƏHRƏMANDI

Şəhidlər xiyabanı… Ümid, inam meydanı. 
Burda düşünürsən ki, 
Torpağın yad əldəsə yaşamaq nə çətindir… 
Burda inanırsan ki, Torpaq hələ vətəndir. 
Burda anlayırsan ki, 
Adam var utanc yeri, Məzar var ki, insandı. 
Adam var ölü kimi , Məzar var qəhramandı!

Həyatı bahasına zirvəyə çatanların
Azadlığı ölümdən ucada tutanların
Qalibiyyət meydanı, 
əbədiyyət meydanı-Şəhidlər xiyabanı

VƏTƏN BİR DƏ DOĞULMUR
Şəhidlər xiyabanı
Burda insan axını Xiyabanı dolanır… 
Hər kəs bura gəlməyi özünə bir borc sanır. 
Şəhidlərin önündə hər kəs borcu önündə… 
Şəhidlərin önündə hər kəsin bir borcu var. 
Şəhidlərin önündə hər kəsin bir borcu var???

Şəhidlər xiyabanı… 
Cəsarətim çatmayır, Ləyaqətim çatmayır
Gəzməyə xiyabanı. 
Məzarların önündə o qədər kiçilirəm
məzarların önündə məzar-məzar ölürəm… 
Şəhidlər xiyabanı… 
Şəhidlərin gözündən qəm yağır, kədər yağır.. 
Hərdən elə bilirəm Şəhidlər haray salır:
“Siz ey insan axını, Götürün xiyabandan
Bu “şəhidlər” adını. 
Siz… Ey… İnsan axını… Niyə çaşıb qalmısız, 
Ünvanı səhv salmısız… 
Şəhidlər xiyabanı Ağdamdı, Qubadlıdı, 
Şuşadı, Xocalıdı, Laçındı, Cəbrayıldı, 
Xankəndi, Kəlbəcərdi, 
Hələ neçə mahaldı, Hələ neçə şəhərdi… 
Vətəni şəhid olan Oğullar şəhid olmur… 
Biz bir də doğularıq, Ölən Vətən doğulmur… 
Vətən özü şəhidsə Biz niyə şəhidik ki?.. 
Düşmən əlindədisə kimin şəhidiyik ki?… 
Şəhid yurdun, torpağın şəhidi olmaq olmur, 
igidi olmaq olmur. 
Biz bir də doğularıq, Vətən bir də doğulmur!!!
Vətən tikə-tikədi, Hər tikəsi şəhiddi… 
Gözümüz baxa-baxa bu vətən can üstədi. 
Qalxın, ayağa qalxın, Vətən imdad istəyir… 
Şəhidlikdən qurtarın bu vətən torpağını. 
Özümüzə qaytarın Siz “Şəhidlər” adını”.

Şəhidlər xiyabanı… 
Şəhidlərin gözündən qəmli bir qəzəb yağır… 
Elə bil ki, şəhidlər hay salır, haray salır… 
Üz çevirib dözümnən dözə bilməyən gəlsin, 
Eşidə bilən gəlsin Onların harayına, 
Gəlsin bu xiyabana… 
Şəhidlər xiyabanı… Qoy başına dolanım.. 
istəyini anlayım, gerçəyini anlayım, 
yanım, yanım kül olum, yolunda şəhid olum… 
Vətəni şəhidlikdən kaş ki qurtara bilim. 
Özümüzə qaytarım Kaş “Şəhidlər” adını
Şəhidlər xiyabanım, 
Şəhidlər xiyabanı…

Xanim Ismayilqizi – Qəribə bir xiyabandı…

( Xanım İsmayılqızı)

Qəribə bir xiyabandı, sanki ovsuna düşürsən,
Qara mərmərin üstündə adamlarla görüşürsən.

Hər birinin tarixçəsi, hər kəsin öz taleyi var,
Bir ocağa yığışıblar, burda tükənib arzular.

Sakitliyin arasında nəfəsləri də diridir,
Son sözləri bilinməyən son duaların yeridir.

Əl-ələ verib yatanlar gözlərdə dağ çəpəridir,
Bədənləri – bu torpaqda ruhların sağ çəpəridir.

Güllədən keçib gəliblər, torpağa can tapşırıblar,
Gedərkən, əmanət kimi, bizlərə QAN tapşırıblar.

Burdan ehtiyatla keçin, qurbanların yuvasıdır,
Şəhidləri sığallayan, cənnətin ruh havasıdır.

Nəfslər də təmizlənsin, havaya ləkə düşməsin,
Qara mərmər, qırmızı gül bir də heç vaxt görüşməsin.

Eldar Ismayil Böyüktürk-

QURTARIN VƏTƏNİ DARDA QOYMAYIN

(AZƏRBAYCAN OĞULLARI, AYIQ- SAYIQ OLUN!)

Bu gün namus günü, mürvət günüdü,
Qalxın igidlərim, qeyrət günüdü.
Ölüm-dirim günü, cürət günüdü,
Şəhidlər qanını yerdə qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Qarabağ üstündə qara yel əsir,
Düşmən gözlər ovur, düşmən baş kəsir!
Şahin ovlağında yarasa gəzir.
Şahinin qisasın sarda qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Duyan tək yağının namərd işini,
Döşəyin yan-yana, qoyun leşini.
Qaniçən cəlladın çəkin dişini,
İzini qazıyın, yurda qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Hanı Zəngibasar, hanı Sürməli?
Bizimdi Zəngəzur, bizimdi, bəli!
Hay verin, qıy çəkin, keçin irəli!
Amandı Göyçəni torda qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Yaman bürüyübdü bürkü cahanı,
Veribdi güdaza mürgü cahanı.
Vedini, Şuşanı, Kərkicahanı
Alovda, atəşdə, qorda qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Arxa olun, candan sevin qardaşı,
Qoy yandırsın qəlbinizdə qor daşı.
Bir yovşan çöpünü, bir qara daşı.
Acgöz yalquzağa qurda qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Qoruyun igidlər, hara Vətəndi!
Sinədə sızlayan yara Vətəndi!
Bura Azərbaycan, bura Vətəndi!
Çıxarın düşməni, burda qoymayın!
Qurtarın Vətəni, darda qoymayın!

Zakiyya Panahova- YAXASI QANLI YANVAR

Bakının sinəsinə 
Dağ çəkildi o gecə. 
Ürəklərə milli bir 
Dərd əkildi o gecə.

O gecənin ömrünə 
Şəhid ömrü calandı. 
Vahimədən Xəzərdə 
Balıqlar havalandı.

Tankların nərəsindən 
Yer-göy də lərzələndi. 
Bu ömür biçinində 
Torpaq qana bələndi.

Gecənin köynəyini 
Yırtdı odlu silahlar. 
Göylərə bülənd oldu 
Ürəkdən qopan ahlar.

O köynəkdən millətə 
Qara libas biçildi. 
O gecə al qanımız 
Şərab kimi içildi.

Fələkləri ağlatdı 
Anaların naləsi. 
Xatirəmi qanadır 
Gəmilərin fit səsi…

Çağrılmamış qonaq tək 
Çox qapı döydü güllə. 
Neçə qıza-gəlinə, 
Körpəyə dəydi güllə.

Nəşəli qaniçənlər 
Köksləri xəlbir etdi. 
Atan kim, atdıran kim, 
Şeytanmı əlbir etdi?

O gecənin bətnində 
Al səhər yetişmədi. 
O gecənin yarası 
Ömürlük bitişmədi.

O gündən gözdağı tək 
Qəmli xiyaban qaldı. 
Bəyaz donlu yanvarın 
Yaxasında qan qaldı.

“Rus qırğını” – demədik, 
Qatil yanvara dedik. 
Düşmən üzü ağ gəzdi, 
Biz aya qara dedik. 
Qara yanvara dedik…

Qələndər Xaçınçaylı- o gecə


Hər yana bir anlıq qaranlıq çökdü,
Zülmətə qərq oldu aləm o gecə.
Təbiət dözməyib göz yaşı tökdü,
Al qana böyandı,laləm o gecə.

Arzular açmadı, soldu, saraldı,
İlahi! Vətənim nə günə qaldı.
Beləcə gözləri baxdı. qaraldı,
Dərgahına qalxdı naləm o gecə.

Susmuşdu bu sözlü, sazlı dünyamız,
Elə qan ağladı nazlı dünyamız.
Həmişə baharlı, yazlı dünyamız,
Çalmadı sazını Lələm o gecə.

Oğuz igidlərin çatladı bağrı,
Sunəmə tuş oldu keçdi sərt ağrı,
Bitərək Əslimin gəlinlik nağlı,
Od tutub alışdı Kərəm o gecə.

Qovuşa bilmədi talelər o gün,
Al-qana boyandı lalələr o gün,
Ay nənə, kaş yuxum olmayaydı çin,
Əlimdə donmuşdu qələm, o gecə.
20 yanvar 1990-cı il..

Mövlud AğammədD Şəhid ruhlarına…


Güllər buta bağlayanda,
Çaylar daşıb çağlayanda,
Qərənfillər ağlayanda
Ağla şəhid ruhlarına
Bir dəstə gül bağla
şəhid ruhlarına.
***
Gəncdi Ülvi Bünyadzadə,
Nakam ömrü getdi bada,
Gətirib sən onu yada
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına.
****
Leyli-Məcnun əfsanədir,
Sədaqətə nümunədir–
Onlar İlham-Fərizədir.
Ağla şəhid ruhlarına
Bir dəstə gül
bağla şəhid ruhlarına.
***
Bir olmuşuq həmişə biz
Azad olsun Vətənimiz.
Mövlud,çatar zəfərimiz…
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına…

13.12.2014.

Zubeyde Rzayeva – bir neçə kəlmə:

1990-cı il yanvarın 19-u gecəsi Sovet ordusunun qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya hücum edib dinc əhalini vəhşicəsinə qətlə yetirdi. Qatillərə lənət olsun. Səhidlərimizə Allah rəhmət eləsin ruhları şad olsun.Tarixə qanla yazılan 20 Yanvar faciəsindən 29 il keçsə də biz unutmadıq, unutmarıq , unudulmaz …

20.01.2019 – cu il. Bakı.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN… BİZƏ GÜC VERSİN Kİ, ONLARIN MÜQƏDDƏS AMAL UĞRUNDA TÖKÜLƏN QANLARINI YERDƏ QOYMAYAQ…. AMİN… AMEN…

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================