TOFİQ QƏBUL – NƏSİMİ

İMADƏDDİN NƏSİMİ

SEYİD ƏLİ ADINDA İNSAN GƏLDİ DÜNYAYA,
TANRI TƏCƏLLƏSİDİR, NURDAN GƏLDİ DÜNYAYA,
İNSANI ALLAH BİLƏN İMAN GƏLDİ DÜNYAYA.
AÇDI QIFILBƏNDLƏRİ, YIXDI QƏZƏBİ, KİNİ.
DAHİLƏRİN DAHİSİ İMADƏDDİN NƏSİMİ !

VƏHDƏTİN ŞƏHƏRİNƏ XOŞ MƏRAMLA GƏLDİ O.
SAXTA DİL BAZARINI ƏLƏ SALDI, GÜLDÜ O.
-”ƏNƏL-HƏQQ !”-SÖYLƏYƏRƏK GÖYLƏRƏ YÜKSƏLDİ O.
SURƏTİ-RƏHMAN İDİ FƏZLULLAH NƏİMİ,
ONUN RUHU, NƏFƏSİ İMADƏDDİN NƏSİMİ !

DİLİ RƏVAN, SÖZÜ SEHR, DAĞ ÇAYIDIR, ELƏ BİL.
YALNIZ SÜLEYMAN BİLƏN ƏN SİRLİ DİLDİR BU DİL.
NUR ÜZÜNƏ BAXANDA HÖVLƏNG AYILDL QAFİL.
QƏTRƏ BƏHRİNDƏ ÜMMAN, VƏHDƏTİ-VÜCUD CƏMİ,
İNSANLIĞIN HAMİSİ İMADƏDDİN NƏSİMİ !

-”ZƏRRƏ MƏNƏM !”-SÖYLƏDİ, -”GÜNƏŞ MƏNƏM !”-SÖYLƏDİ,
SANKİ NURLU MƏLƏKDİ, CİNSİ-BƏŞƏR DEYİLDİ.
KƏHKAŞAN HEYRAN QALDI, ONA TƏRƏF ƏYİLDİ.
-”EY MƏNƏ NAHƏQ DEYƏN, AÇ GÖZÜNDƏN PƏRDƏNİ !”-
-DEDİ HƏQQİN VAİZİ İMADƏDDİN NƏSİMİ !

-”DƏM BU DƏMDİR, DƏM BU DƏM !”-SÜSƏN DEDİ DƏMBƏDƏM,
BU DƏM HƏYAT DƏMİDİR, NƏ CƏNNƏT, NƏ CƏHƏNNƏM?
EŞQ DOLU BADƏ İDİ,SUSMURDU ƏLDƏ QƏLƏM.
DİV İLƏ ÇARPIŞARAQ GÜLŞƏN ETDİ ALƏMİ
POEZİYA İNCİSİ İMADƏDDİN NƏSİMİ !

-”SÖZÜM DƏMİ- İSADIR, RUHUM QÜDSİ-TURDADIR,
DÖRD ÜNSÜRÜN VƏHDƏTİ VARLIĞIMDA-BURDADIR,
HÜSN-CAMAL İLƏ KAMAL TANRI MİSAL YARDADIR
SOY, EY SALLAX, DƏRİMİ, KƏS, EY SALLAX, DİLİMİ !”-
-DEDİ ŞƏHİD QAZİSİ İMADƏDDİN NƏSİMİ

BÜLBÜLÜ-QÜDSİ OLUB, SINDIRDI DAR QƏFƏSİ,
TAZƏ GÜLÜSTAN QURUB, DƏVƏT ETDİ HƏR KƏSİ.
ONUN CAZİBƏSİNDƏ FIRLANDI YER KÜRƏSİ.
HƏM ŞAİR, HƏM QƏHRƏMAN, ZÜLMƏTLƏRİN QƏNİMİ,
HÜRUFİLƏR VARİSİ İMADƏDDİN NƏSİMİ !
19.01.2019

MÜƏLLİF: TOFİQ QƏBUL

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri haqqında

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2018-ci il .

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

SƏHƏR DÜŞÜNCƏLƏRİ

SƏHƏR DÜŞÜNCƏLƏRİ

Axşamçağı idi. Quzuları çəpərə qatdıqdan sonra, dayım mənə dedi ki- eşəyyimiz obada deyil, get gör hardadır, tap gətir…!! Cin vurdu başıma. Axı mən yorulmuşam, indicə quzuları otarmaqdan gəlmişəm. Səhər də quzuya mən getmişəm !! Sən bütün günü obada qalıb kef etmisən!! Mələk- dümbələk oynamısan!! Həbə çillo oynamısan!! Xaş-xaşa getmisən!! Saqqıza getmisən!! Meşəyə gəzməyə getmisən!! Niyə məni gözləyirdin ki, vaxtında gedib o eşəyyi gətirərdin da!!-dedim. Amma ürəyimdə dedim. O məndən üç yaş böyük olduğu üçün, qorxudan bunları deyə bilmirdim. Məni vurardı, döyərdi… Mən o boz heyvanı tapıb gətirənə kimi, beləcə ürəyimdə ona çox sözlər deyər, onu söyər, həm də əsəbdən az qala ağlayardım.. Növbəti bu cür hadisə təkrarlananda, yenə ürəyimdə onunla dalaşmğa başladım.. əsəbləşdim… O bunu hiss edirdi və deyirdi:-içini yeyə-yeyə getmə! Ona görə kökəlmirsən!! Və mən yolda öz-özümə düşnürdüm “ Bir halda ki, mən onun dediyini edirəm, bu əziyyəti çəkirəm, üstəlik həm də niyə əsəbləşim? Elə olmaz ki, gülə-gülə , fit çala-çala gedim ö boz heyvanı tapım, bir az da minib o yan bu yana cüt ayaq qaçırdım, kefi kök obaya gəlim??” Və belə də etdim. Bunu özümə vərdiş etdirdim. Öz mənfi xüsusiyyətimi tərbiyyə edə bildim. 
Və uzun illər keçsə də, bu mənim yadmıda qaldı. Özüm dərk edtiyim mənfi xüsusiyyətlərimi tərbiyyə etməyi, faydalı vərdişlər qazanmağı qarşıya məqsəd qoydum.. İndi səhər-səhər Botanika bağında gəzirəm, o hadisəni xatırlayıram… Düşüncə və xəyallarımın müsbət və mənfi müstəvilərdə dolaşdığını hiss edirəm. Ümumiyyətlə insanın düşüncələri və buna uyğun olaraq da əməlləri ömürü boyu gah sıfırın solunda- şeytan tərəfdə, gah da sağında-mələk tərfədə gəzişir, yürüşür.. Və bəlkə də bu yürüşün riyazi ortaq rəqəmi İLAHİ qiymətləndirmənin əsas meyarıdır… Özümə sual verirəm ki- axı nə üçün bu cür sağlam havada, bir-birindən əsrarəngiz bitkilərin arasında mən mənasız düşüncələrlə gəzməliyəm? Xəyallarım şeytani hisslərin qanadları ilə uçmalıdır? Sağlamlıq təkcə təmiz havada sürətli piyada yerişlə möhkəmlənir??… Xeyr! Belə deyil, REAL SAĞLAMLIQ- ruhun, mənəviyyatın, düşüncə və hisslərin fiziki sağalamlıqla vəhdətindədir. Yəni, biz fiziki tərbiyyə ilə mənəvi tərbiyyəni birgə aparanda effektli, real sağlamlıq əldə edə bilərik. İbn Sina deyirdi ki, “bizim sağlamlığımızı daha çox idarə edən, gözlə görünməyən böyük qüvvə vardır. Bu bizim hisslərimiz və düşüncələrimizdir”.. Mən bunu çoxdan, lap uşaq vaxt bir aptekdə divardakı yazıdan oxumuşdum.. Görünür o aptekçi də dərman satmaqdan bezmiş, dərmanların faydasız olduğu fikirini divardan asmışdır… Necə ki biz çox vaxt düşüncə və hisslərimizi nəfsimizdən asırıq.. Bax elə bu səbəblərdən orucluq real sağalamlığa aparan- ruhi, mənəvi, düşüncə və fiziki pəhriz, tərbiyyə, faydalı vərdişlər sistemini özündə ehtiva edən yollardan biridir… 
Sonuncu fikir, mənə müəyyən qərar çıxarmağa kömək edir… Bağda yürüş zamanı ancaq ALLAHI dərk etməyə yönəlik düşüncələrlə beynimi məşğul etmək… Belə etməyi özümdə vərdişə çevirmək istəyirəm.. Təkrar-təkrar fatihə surəsini ürəyimdə deyirəm. Azərbaycanca deyirəm. Nə qədər etdimsə, bu 7 cümləni ərbcə əzbərləyə bilmədim.. yadımda qalmadı. Ümumiyyətlə mənasını başa düşmədiyim mətnləri heç vaxt yadımda saxlaya bilmirəm. Eyni zamanda hadisləri və insanları da… O şeyi ki, dərk edirəm, həmişəlik yadımda qalır.. Bunu faydalı xüsusiyyət hesab edirəm. Mənasız şeyi yadda saxlamağın nə mənası vardır?? 
Sürətlə yeriyirəm.. Yaradanı düşünmək, dərk etməyə çalışmaq.. Bunu ürəklə etmək, necə gözəl, sakit, möhtəşəm hisslərdir.. Bu hisslər kim möhtəşəm bir çinar ağacının yanından keçirəm.. Onun çox kiçik, təxminən küncüd boyda toxumunu gözlərinizin önünə gətirin.. Deyək ki, əlli il.. bu əlli ili nəzərə almayın.. O kiçik toxum bu boyda nəhəng ağaca çevrilir.. Və bu qədər biokütlənin hamısı təkcə torpaqdan udulumş su, mineral maddələr və havadan udulmuş oksigen və karbon qazının, fotosintez nəticəsində əmələ gələn üzvi maddələrin birgə məcmusundan ibarət deyil.. Bu biokütlənin müəyyən hissəsi günəşdən gəlmişdir. Yarpaqlar tərəfindən udulan işıq kvantlarının enerjisi mürəkkəb üzvi birləşmələrin kimyəvi rabitələrindəki enerji formasında toplanmışdır.. insan da bu enerjidən istifadə edir.. Ya bir başa, ya da heyvan mənşəli qidalar vasitəsi ilə… Demək, canlılar üçün yeganə enerji mənbəyi günəşdir.. Enerji yığını isə kütlə, kütlə özü isə enerji yığınıdır.. Böyük alim Eynşteynin məşhur düsturu da bunu sübut edir.. Deməli bütün canlıların, o cümlədən də insanın biokütləsinin bir hissəsi günəşdən gəlmişdir (ALLAH etməsin ki bir də o oda qayıdaq)… Necə möhtəşəm sistem, nizam intizamlı aləm… Həmd olsun aləmlərin Pərvardigarına-deyirəm.. Nə qədər aləmlər vardır??- ALLAH bilir.. Və hamısı ALLAHIN qüdrəti, istəyi, məqsədi ilə nizamlanmış, bir-biri ilə vəhdətdə olub, onun nəzarətindədir. Hökmünə tabedir. Quranda deyilir ki, hər nə yaradılıbsa ALLAHA ibadət edir.. Təkcə bəzi insanlardan başqa.. 
Bütün bunları düşündükcə, yaradılanlar haqqında, təbiətin qayada-qanunlarını az da olsa dərk edtikcə, həm təssüflənirsən, həm də xöşbəxtlik-elə bir zövq ki dünyəvidən çox İLAHİ zövqə yaxın- hiss edirsən.. Təsüflənirsən ona görə ki, həqiqətlərin, elmin çoz cüzi hissəsini bilirsən.. Amma Tanrının öz elminin az da olsa bir hissəsini dərk etməyə icazə verdiyini anlayınca, bənzərsiz zövq alırsan…
Diqqətimi yürüş edən, beli bir az bükülmüş, yaşlı kişi cəlb edir. Onu müşahidə etməyə başlayıram.. O daha çox sərvlərin, şamların yanı ilə gəzir.. Az qalır ki, özünü bu həmişəyaşıl, bu vaxtlar dah çox öksigen verən ağaclara yapışdırsın.. Deməli ağaclardan sağlamlıq dilənir.. Onlara pənah aparır.. Qocalıqdan, əzrayıldan qaçıb, ağacların oksigen dənizində üzmək, güc toplamaq istəyir… Pis qoca.!! Buna bax, canının qədrini nə bilir.. !! bəlkə də güclü vaxtı bir ağac əkməyib… Gücsüz pöhrəyə heç bir kömək etməyib!! Su verməyib. Onlara yaxşlıq etməklə ALLAHA ibadət etməyib.. Bəlkə də vəzifələrdə işləyib, haram pullarını keyfdə damaqda keçirməyə, itticəsinə mülk yığmağa sərf edib.. !! Ölməmək üçün inildəyən, yarpaqlarının bir hissəsi ilə vidalaşan tinglərə mənasız insan qüruru ilə baxıb..! İndi ağaclar bu qoca insanı niyə yaşatmalıdır??!! Ona oksigen vermlədir, gəncləşdirməlidir!!?? Deyəsn bu ağaclar da, hərdəmxəyal, vecsiz, etibarsız bir şeylərdir… Yaxşını pisdən, sahibi düşməndən ayıra bilmirlər.. Belə olmasıydı indi Cıdır düzündə xarı bülbül bitməzdi.. Şuşada alçalar eyni tərzdə çiçəkləməzdi.. Niyə ağaclar insanlara fərq qoymurlar??..
Əsəbləşirəm, yoruluram !! Necə oldu düşüncələrim gəlib insanın üzərinə çıxdı?? Axı mən onları tərbiyyə etmək istəyirdim?? Pis düşüncələr insan görəndə ortaya çıxır?? Ya elə günəşin dalğa və zərrəcik kimi dualizm xüsusiyyətləri insan düşncələrində də təzahür edib?? Axı insanın bir hissəsi günəşdəndir… Düşücələrdə ikiüzlülük, şeytan və mələk xisləti təbiidir,qaçılmazdır?? Xəstəlik və sağlamlıq kimi.. Xeyr!! Möhtəşəm tənzimləyici vardır. İradə. Ancaq İNSANDA olan iradə… O düşüncə və hissləri istiqamətləndirə, paklaşadıra bilər.. Çirklənmiş havasını təmizləyə bilər. İradə elə mənəviyyatımızın ağaclarıdır… Bərkidir, eroziyadan qoruyur, sağlamlaşdırır.. Necə ki, fiziki xəstəlikləri sağaltmaq mükündür..
Bəlkə o yaşlı insan çox xeyirxah insandır? Ömrü zəhmətlə keçib? İndi-indi ağ günə çıxıb, özü üçün gəzir… Həm də görünür iradəli, nizam-intizamlı insandır ki, yuxusuna haram qatıb, alatoranda burda gəzir.. Bəkə də vaxtı ilə nə qədər tinglər əkib. İndi ağaclardan ayrıla bilmir, onları sevir.. Heç onu oksigen filan maraqlandırmır..
Şuşadakı Xarı bülbül, alçalar çiçəkləyirlər ona görə ki, yaşasınlar. Çoxalsınıar. Bu elə mübarizədir. Və o çiçəklər öz sahiblərini gözləmək ümidindən alınan gücün gözəlliyinin, ətrinin daha pak aləmdə təzahür formalarıdır… 
Kefim kökəlir bu hisslərdən, düşüncələrdən. Elə bil ayaqlarıma güc gəlir. Yeriş sürətini artırıram. Fikirləşirəm ki, məşq etməklə, sağlamlaşmaqla, faydalı vərdişlər etməklə, fiziki və mənəvi aləmin həmrəyliyini yaratmaqla insan, elə cəmiyyətin özü də çox şeyə nail ola bilər.. Çox uzaqlara gedə bilər. Dincəlmədən birbaşa Şuşaya da gedə bilər…
Birdən ağlıma gəlir ki, o yaşlı kişi, xarı bülbül, alçalar barədə təzadlı qənaətlərim sıfırın sağındakı və solundakı düşüncələrimdən doğan təxmini məntqin məhsullarıdr.. Hər şey çox sadədir? İnsan qocalnda sağlamlığı haqqında düşünməsi və bitkilərin vaxtında çiçəkləmisi təbii haldır..? Qoca üçün cavanlıqda nə edtiyinin, bitkilər üçün isə kimlərə çiçəkləyib meyvə verməyin heç bir fərqi yoxur..?? 
Bu fikirlər məni gəzmək həvəsindən salır… Neytral düşüncələrin hərəkətverici qüvvəsi olmur. Onlar elə özlər kimi sıfır hisslər, heçlik yaradır. Elə bil mələklə şeytan mərkəzdə görüşüb sıfırlaşırlar. 
Bax bu sıfırlaşmadan sonra, yaranacaq yeni düşünclərin istiqamətini əvvlcədən sağa və ya sola yönləndirmək üçün yeni güc, yeni iradə lazımdır… Hər mənada sağlamlığımız bundan asılıdır. Sağlamlıq isə böyük nemət və həqiqi uğurdur.
Bizi doğru yola hidayət et. Nemət verdiklərinin yoluna. Qəzəbinə uğramışların və satqınların yoluna yox!!
Bakı. Botanika Bağı. 23.01.19

Müəllif:SADIQ QARAYEV 

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================