Zaur Ustac – Səhvlərimiz

SƏHVLƏRİMİZ

Adəmlə başladıq səhv eyləməyə,
Bir alma dəyişdi qədərimizi…
Sevinci bölməyə dost axtarmadıq,
Paylaşmaq istədik kədərimizi…
* * *
Səhv bir mi, iki mi, sayasan bir-bir…
Səhvi səhv üstünə yığdıq hər zaman…
Zaman çox dəyişdi, dəyişdi nə var,
Ancaq, xasiyyətin dəyişmir insan…
* * *
Kağız bəxş eylədi, yazaq, oxuyaq,
Öpüb göz üstünə qoyurduq onu…
Ayaq uzatmağı günah bilirdik,
(Ağız, burun sildik, bəs eyləmədi…)
İndi haralara vurmuruq onu???
* * *
Dəyərlər aradan çıxır birbəbir,
Çörək də müqəddəs sayılmır daha…
Səhvlər qalaq-qalaq yığılır, artır,
Bədəllər ödənir ömürdən baha…
* * *
Bakir yox, bəkarət axtara indi,
Xeyir – bərəkət də çəkilib ərşə…
Dədədən, babadan qalma inanclar,
Ucqar bir komada bükülüb fərşə…
* * *
Ulaqla yabıdan döl tutan insan,
Heyvanı bitkiyə calaq eylədi…
Siçanla, pişiklə izdivac edib,
Gül kimi övrətin talaq eylədi…
* * *
Olub keçənlərin yazsaq hamısın,
Nə qələm tab eylər, nə kağız çatar…
Arif ilk kəlmədən duyar mətləbi,
Boşboğaz boşuna boğazın yırtar…
* * *
Yol-iriz doludu, biz tökən mıxla,
İndi addımbaşı ayağa batır…
Qazana bişməyə nə atmışıqsa,
Bişəndə özünü qaşığa atır…
* * *
Haqqın nizamını heçə sayanlar,
Çox dəqiq nizamın zərrəsiyik biz…
Bu gün qarşımıza çıxar həmişə,
Dünəndən aynaya düşən əksimiz…

07.08.2018. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir