MAYIL DOSTU – AMANDIR…

A M A N D I R

Söz söyləmə, sözün yerin bilmədən,
Nəzmə çəkmə, sözün tozun silmədən,
Çələng düzəlt, gövhər çıxar kəlmədən,
Sözün sırasını pozma, amandır.
***
Yoldaş olma namərd kəsə, şeytana,
Tövbə elə, bir də dönmə xatana,
Yaxın olma, şər içində yatana,
Doğrunu nahaqqa yozma, amandır.
***
Ömrün yolu boran olar, qar olar,
Hərdən, dünya dik başına dar olar,
Nəslin, nəcabətin danan xar olar,
Yerini, yurdunu azma, amandır.
***
Şər danışma, diri – diri bişərsən,
Quzqun kimi leş cəmdəyi eşərsən,
Dərin qaz, dayaz qaz, özün düşərsən,
Özgəsinə quyu qazma, amandır.
***
Doğrudan varsansa, ay tale yazan,
Bəxtləri yaxşı yaz, bir savab qazan,
Ömrün baharına salma son xəzan,
Taleləri nakam yazma, amandır.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir