TƏRANƏ MƏMMƏD

VƏTƏN ÇİÇƏYİ…

Yenə qış yerini bahara verir ,
Ətrafa yayılır mavi bir sehir,
Bağrımı yandırır yazdığım şeir,
Yetişə bilmirəm Xarı bülbülə.

Elimdən, obamdan qaldım nigaran,
Həsrət nəğməsinə kökləndi kaman,
Hər bahar ürəyim darıxır yaman,
Yetişə bilmirəm Xarı bülbülə.

Yazın çiçək ətri gəlir çəməndən,
Elə bil ilk bahar inciyib məndən,
Ruhum ayrı düşüb yenə bədəndən,
Yetişə bilmirəm Xarı bülbülə.

Bağlıdır Şuşanın cənnət yolları,
Basıb cığırların həsrət kolları,
Uzalı qalıbdır göydə qollarım,
Yetişə bilmirəm Xarı bülbülə.

Bir yuxu görəydim bu gecə barı,
Həm bülbül görəydim, həm də ki xarı,
Keçib köhlən atla bağlı yolları,
Yetişə biləydim Xarı bülbülə.

Əyilib üzündən öpəydim onun,
Gözünün yaşını siləydim onun,
Fırlanıb başına dönəydim onun,
Yetişə biləydim Xarı bülbülə.

Tanrı, millətimlə nə hesabın var,
Nədən Qarabağım olur tarimar?
Sənin əlindədir bütün ixtiyar,
İzin ver, yetişim Xarı bülbülə!

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir