KƏMALƏDDİN QƏDİM

KƏMALƏDDİN QƏDİM : – ÜÇ YARPAQ…

GÖYNƏMƏKDƏ BİR BAŞ YERİ…

Xoş halına bu ocağın,
Ətrafında bardaş yeri…
Vətən deyib sevdiribdi
Sevdirənlər bu daş yeri…

Mənim də bürcümə düşüb,
Həftədə bir cümə düşüb.
Nə fərqi var kimə düşüb
İpək yeri, qumaş yeri…

Yavaş-yavaş azalmışam,
Gözümdə yaş azalmışam.
Qardaş-qardaş azalmışam,
Boş qalıbdı qardaş yeri…

Pir deyilmiş pir dediyim,
Aşıikarmış sirr dediyim.
Neynim, mənim yer dediyim
Nə barış, nə savaş yeri…

Əmr gəlib əmrim üstdən,
Yellər əsib səbrim üstdən.
Yolçu qardaş, qəbrim üstdən
Astaca keç, yavaş yeri…

Sağım cəllad, solum cəllad,
Yox geriyə yolum, cəllad…
Bir kötükdə zalım cəllad,
Göynəməkdə bir baş yeri…

TANRI YAXASINDAN ƏLİ ÇIXANIN…

Yerinə bir qara daş ola keşkə,
Dünyaya sağ gəlib, ölü çıxanın.
Nədi aqibəti, nədi ki, eşqə
Ağıllı girənin, dəli çıxanın?..

Göylərdən gələnə butam deyilir,
Başqadı bu ləzzət, bu tam, deyilir.
Adına bir ömür adam deyilir,
Sonunda qansoran zəli çıxanın…

Yaşayır dövləti, sərvəti sanı,
Götürür hər yanı şöhrəti, şanı.
Özündən güclünün uğrunda canı,
Gücsüzün üstündə dili çıxanın…

Bir az da uzatsam bəhsi çıxacaq,
Kim kimin nəsinin nəsi çıxacaq…
Canım, ha gözlə ki səsi çıxacaq,
Elə ayaqüstə ili çıxanın…

Gedən gedir, yolu, üsulu qalır,
Boynunda günahı, qüsulu qalır.
Adam yaxasından asılı qalır,
Tanrı yaxasından əli çıxanın…

DÜNYA

Yolumuzda nə duzaqlar,
Tələlər qurdu dağılmış…
Nə yaxınlar, nə uzaqlar,
Gəzdirib yordu dağılmış…

Yaxdı gündüz, gecə bizi,
Nə vaxt aldı vecə bizi?
Necə görsün, necə, bizi,
Görmürsən kordu dağılmış?…

Harası xoşuna gəlir,
Nəyi var tuşuna gəlir.
Dərd dönüb qoşuna gəlir,
Ordudu, ordu, dağılmış…

Örtüb duman, çən ki, bunu,
Tanımırsan sanki bunu…
Ölüsüsən sən ki, bunun,
Qəbirdi, gordu dağılmış…

Meylini salıb qalmısan,
Axı kim qalıb, qalmısan?
Nəyinə dalıb qalmısan,
Dur gedək, yurdu dağılmış…

Müəllif: KEMALEDDİN QEDİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Zaur Ustac: – Ağçiçəyim!

AĞ  ÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,

Hamı süst yatırdı ağ yorğanında,

Qəfil gördüm səni bar budağında,

Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!

====================

Dümağsan, qar sənin yanında qara,

Tanrım rüsxət verib, baxmayıb qara,

Bu, qarlı qış hara, tər çiçək hara,

Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!

====================

Əllərim pak deyil oxşayım səni,

Həddim o hədd  deyil qoxlayım səni,

Bağbanam borcumdur yoxlayım səni,

Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!!!

06 may 2010

Zaur Ustac “GÜNAYDIN” (“Ağçiçəyim”) kitabından.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Təranə Məmməd

Nədir günahım…

Sən hardan biləsən nədir qəm, kədər,
Sənin baharının nubarı çoxdur.
Tək mənə yazılıb ağrı bu qədər,
Qışım, payızım var, baharım yoxdur.

Çəkilib qəlbimə həsrətin dağı,
Elə bil sinəmdən asılıb bir daş…
Dönüb göz yaşına bir axşam çağı,
Sənin gözlərindən süzüləydim kaş…

Axıb yandıraydım yanaqlarını,
Yanaydın odlanıb mən yanan kimi.
Açaydın hicranla sabahlarını,
Gecələr sübhədək ağlayan kimi.

Özüm də bilmirəm nədir günahım,
Sutək sənsizliyə axar olmuşam.
Göylərə çəkilib kədərim, ahım,
Sevgimə kənardan baxar olmuşam…
Sevgimə kənardan baxar olmuşam…

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ