Təvəkkül Goruslu

CAN AZƏRBAYCAN

(31 MART SOYQIRIM GÜNÜNƏ HƏSR EDİRƏM )

İşğal edilincə qala – İrəvan, 
Atəşə verildi, edildi talan! 
Erməni köçləri çəkildi bura, 
Vuruldu, qovuldu əhli – müsəlman!

Türklərdi əzəli sahibi deyə, 
Çaxnaşma salmaqdı Qafqazda niyyət. 
Ruslar çıxmışdılar “hay”lara yiyə, 
Heç şübhə yox idi bu işə şayət.

Türkiyə ruslarla vuruşan zaman, 
İhanət görmüşdü erməni haydan. 
Yaşlıya, körpəyə verməyib aman, 
Yerli əhaliyə etmişdi divan!

Sürgünə məhkumdu burdan da bu xalq, 
Şərqə qovulurdu döyülmüş it tək. 
Yad idi bunlara həm namus, əxlaq, 
Canını yaxırdı aldığı kötək.

İran maraqlıydı bu işdə əlbət, 
Çəkirdi şimala erməni köçün. 
Məkiri duymayan biz idik, fəqət, 
Açmışdlq qucağı əbləhlər üçün!

Torpağı bunlara hədiyyə etdik, 
Yazıq görkəminə aldandıq, aman. 
Bax elə o andan qlrıldlq, bitdik, 
Bizlərə əks idi, tarixi – dövran.

Anahid yavrusu, təbəssüm üzdə, 
Vermişdi irəli Anuşlarını. 
Keyfdə damaqdaydıq vallahi biz də, 
Düşünə bilmirdik sonuclarını.

Qəhbəlik qanında olan bu millət, 
Gizlicə bizlərə zərbə vururdu. 
İçini yaxırdı tək bircə illət, 
Xəyalən bu yerdə ölkə qururdu.

Himayə edirdi ruslar “yan”ları, 
Görmək istəmirdi güclü Turanı. 
Əldə – ayaqdaydı rus əyanları, 
Daha yetişmişdi erməni anı.

Erməni baş kəndi oldu İrəvan, 
Əbləhlər ölkəsi oldu torpağım. 
Elimə, yurduma tutuldu divan, 
Torpağa gömüldü özgürlük çağım!

Müstəqil olsaq da olduq yarımcan, 
Torpağım əzilir ayaqlar altda!
Anla ki, əzizim, can Azərbaycan, 
Nicatın silahda, iti poladda!

30. 03. 2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şeir qoxusu… – Orxan Araz


ORHAN ARAS Qəşəm Nəcəfzadə

(QƏŞƏM NƏCƏFZADƏ yaradıcılığı haqqında)

Anam oxumaq, yazmaq bilmirdi. Bir dağ kəndində anadan olmuş, nənəsinin dizinin dibində laylalar, nağıllar və mahnılarla böyümüşdü. Ona görə də yaşlananda da dili dualı, könlü şeirli bir qadın idi. Mən məktəbə gedib hərfləri öyrənməyə başlayanda, yazdığım hər hərfi Quran ayəsi kimi oxşayar, qələm tutduğum balaca barmaqlarımdan öpərdi.
Gün gəldi , artıq sellər sular kimi yazmağa və oxumağa başladım. Mən yazdıqca o, mənim nə yazdığıma baxmadan mahnılar oxuyar, şeirlər deyərdi. Sanki mənim gələcəkdə yazacağım kitablara toxum səpərdi. Həqiqətən də ən çox oxunan “Ayrılığın rəngi hüzün” kitabımı öz adımla yayınlasam da , anamın yazdığı kitab kimi oxuyuram. Digər kitablarımı da diqqətlə oxuyanda sətir altında anamdan izlər görürəm.
Bir gün bu şeir ruhlu qadının yanına bir dostumla gəldim. On altı yaşında idik. Orta məktəbdə oxuyurduq, utana-utana şeirlər yazırdıq. Yazdığım şeirləri həmin dostuma göstərər, fikrini öyrənərdim. Çünki, dostum təkcə şeir yazmırdı, ədəbiyyatdan da anlayırdı. Məktəbimizdə ibtidai sinifdə əruz vəznini bilən yeganə şagird o idi. Anam dostumun qarşısında oturdu, uzun-uzadı saçlarına, üzünə, gözlərinə baxdı və eynən belə dedi : 
“Oğlum, bu dostundan şeir qoxusu gəlir”
Anama dostumun nə şeir yazdığını , nə də ədəbi bilgisindən bəhs etməmişdim. Amma o uzaqlara dalıb gedən kədərli baxışlardan, daraqsız saçlardan və titrəyən dodaqlarından şairi tanımışdı. O gündən mən də insanların saçlarına, gözlərindəki ifadəyə və dodaqlarındakı titrəyişə baxar oldum. Hətta şeir yazıb, çap etdirməyən şair ruhlu insanları da belə tanıya bildim.
Azərbaycanda ilk dəfə təxminən 2007 ci ildə Yazıçılar Birliyinin qurultayında dağınıq saçlı, yanaqları qəmzəli , qaşları kədərlə sağa sola boylanan , alnı qırışlı bir adam gördüm və heç tanımasam da içimdə “ Bu adam şairdir” dedim öz-özümə. Yanımdakı mərhum Tofiq Abdindən soruşdum, gülərək “ Tanımırsan?” deyə soruşdu. “Xeyr, ilk dəfə görürəm” dedim.” Gözəl şairdir, adı Qəşəm Nəcəfzadədir” dedi. Yazıçılar Birliyinin qapısının önündə tanışdıq. Qəşəm Nəcəfzadənin əl sıxışı, gülüşü də isti və şairanə idi. 
Məni gənc yaşlı, uzun saçlı oğlu ilə tanış etdi, onun yazdıqlarından bəhs etdi. Almaniyaya qayıtdıqdan sonra yaddaşımda o qurultaydan qalan bir neçə simadan biri də Qəşəm Nəcəfzadənin şair siması idi. Sonradan Tofiq Abdin mənə onun bir neçə şeirini göndərdi, yanılmamışdım. Şair qoxusu gələn adamın şeirləri də gözəl idi.

Aradan illər keçdi. Onunla daha heç bir yerdə qarşılaşmadıq. Bəzi insanlar əgər gözümdə və könlümdə yer ediblərsə, onları görməsəm də, axtarmasam da hafizəmdə onlardan izlər daşıyır və arabir onların nə etdiklərini izləyirəm. Qəşəm Nəcəfzadə ilə də belə oldu. Bəzən şeirlərini oxuyur, xoşuma gələnləri Türkiyə türkcəsinə və Alman dilinə çevirirdim.

Bir gün Kölndə burda doğulub böyüyən və Türkcədən daha çox almanca danışan üniversitet tələbələrinə ana dilinin önəmi haqqında seminar verirdim. Seminara qatılan qızlardan biri ədəbiyyatla maraqlanırmış. Mənə “ Bir cümlə ilə şeir nədir desəm, tərifini necə edərsiniz?” deyə sordu. Ani sualı qarşısında çaşdım, amma həmən özümü toparladım . Şeirlə bağlı bütün izahları kənara qoyub , anamın şeir haqqında dediyini təkrarladım . 
“ Şeir bəzən bir gülüş, bəzən bir baxış, bəzən də ayrılıqdır” 
Sözlərimin ardından o anda cibimdə olan və elə yenicə Türkiyə türkcəsinə çevirdiyim 
“Yadında mı?” şeirini çıxarıb oxudum. 
“Hatırında mı?
Senin küçücük bir masan vardı…
Üstünde çiçek gibi
Asabi, titrek ellerin…
Ellerinin yanında
Bir bardak soğumuş çay…“
Çox diqqətlə dinlədilər və sualı verən qız gülərək mənim izahıma şeirdən ağlında qalan bir sözü də əlavə etdi.“ Bəzən soyumuş bir fincan çay da şeir ola bilirmiş “.
Biz Azərbaycan Türkləri başdan başa şeirin içindəyik, xəbərimiz yox. Bu qədimdən belə olub. İstanbula Təbrizdən, Gəncədən, Şirvandan şairlər gələndə Osmanlı şairləri onları qısqanır, hətta arxası ilə onların əleyhinə şeirlər yazardılar. Çünki bizim coğrafiyadan ora gedən söz ustaları sarayda baş üstündə tutulurdular. II Bəyazid dövründə (1492) yaşayan Məsihi məsləkli şair bu qısqanclığı belə dilə gətirmişdi :

„Mesihi! Gökten insen sana yer yok.
Yürü var, gel Acem’den, ya Arap’tan“

İndi bəzi axmaqların bizə „Azəri“ dedikləri kimi , o dövrdə də bizim coğrafiyadan İstanbula gedənlərə „Acem“ deyirdilər. Bu cür örnəklər çoxdur. Yəni Füzulimizin maaşını gözü doymaz rüşvətxorlar yesələr də, o maaşı kəsən Qanuni Sultan Süleymandı.
Bu böyük şairlərin mirasçısı olan Qəşəm Nəcəfzadənin də şeirlərində özünə xas bir lirizm və incəlik var. Həyatdan qopmayan , hətta həyatın bəzən görünməyən üzünü gətirib gözlərimizin önünə sərən bir kamera var elə bil onun şeirlərində:

“Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına, 
Deyəsən yağış yağacaq
axşama, 
Xəbərin varmı, bilmirəm?”

Onun hər bir şeirində , sanki çiskin yağan yağışların mülayimliyinin hiss olunma səbəbi, şeirlərinə mütləq eşqi qoxlatmağıdır. Sosial şeirlərində belə, eşq qoxusundan sərxoş olmuş misraların zərifliyi gözə çarpır. 
“Yıxılmış evlər kimi
Yarpaqları qaldırın.
Yanan şamlar kimi
Tozları söndürməyin.”

Əslində hər şeyi söküb yıxmağı özünə borc bilən bəzi daş ürəklilərə yazılmış bu şeirdə yıxılan evlərin düşən yarpaqlara bənzədilməsi və bir yarpağı yerdən qaldırmış kimi hər şeyin qaldırılmasındakı zərafət eşq qoxusu deyilsə, nədir?

“Ağac səslərini su kimi tökür, 
Bir yarpaq səs qalıb əlimdə
Ağac ölüb-dirilir, “

Doğrusu Qəşəm Nəcəfzadənin həyatının keşməkeşlərindən xəbərim yoxdur. Yəni niyə Bakıya köçüb, nə zamandan bəri bu şəhərdə yaşayır və harda işləyir bilmirəm. Amma onun şeirlərini oxuyanda çıxdığı şeir səyahətini addım-addım izləyə bilirəm. Bəlkə də öz kəndindən gətirdiyi ağacların, çiçəklərin, suların qoxusu, rəngi və ahəngi demək olar ki, bütün şeirlərinə yansıyıb.
Onunla keçən il, isti bir yay axşamında Bulvarda bir çayçıda görüşdük. Yanında üzü də şeir kimi duru və təmiz olan vaşqa bir şair də vardı : Nuranə Nur. Bir saatdan çox ədəbiyyatdan, sənətdən, şairdən, şeirdən və ürəyimi yaralayan qürbətdən söhbət elədik. Qəşəm bəyin hərdənbir şeir qoxulu barmaqları ilə çay dəmliyini tutub stəkanıma çay süzməsi hələ gözümün önündədir. Onların yanında özümü rahat və xoşbəxt hiss edirdim. Eynən kənddəki evimizdə , anamın dizləri dibindəki kimi…ona görə o qədər çox danışmışdım ki, sonra buna görə özümə hirslənmişdim.

Nə zaman Köln küçələrində tək gəzirəmsə anamı, şeiri və şair qoxulu insanları düşünsəm, mütləq ağlıma Qəşəm Nəcəfzadə gəlir. Və onun ürəyimi sərinlədən misraları…

“Çağır , 
Qırış fikirləri
Səslə ütülə.
Saçını qarışdır, 
Adını soruş…
Bağla köynəyinin
Kimsəsizlik yeganəsi, 
Açıq qalan düyməsini…
Köynəyin nəmini, tərini hürküt, 
Orda donub qalan soyuğu kirit.
Aç gündəliyini, 
Özünə oxşayan ikisinə bax, 
Atası məktəbə gələn deyil, 
Keçirt o uşağı , küçədən keçirt…”

Bu gün bu saçları dağınıq, qaşları gülən, şeir qoxulu adam altmış yaşına qədəm qoyur. Onu uzaqdan olsa da bir yazı ilə salamlamaq, təbrik etmək və Əli Tüdə kimi demək gəldi içimdən :

“Yetmiş də, səksən də öndədir hələ
Ürək qocalmasın yaşa nə var ki!”

Müəllif: ORHAN ARAS

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANITI OLMAYAN ANIM GÜNÜ – 31 MART SOYQIRIM GÜNÜDÜR…

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı. (15:00)

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Çox təəssüf ki, hələ də o müdhiş günlərdə (31 mart və bu ərəfədə…) Bakı şəhərinin kütləvi qətillər – qırğınlar törədilmiş, talanmış, yandırılmış, dağıdılb viran qoyulmuş mərkəzi – görkəmli yerlərin birində o günlərin dəhşətini gözlər önünə gətirib, canlandıra biləcək əzəmətli bir abidəmiz və məktəblilərə, xarici qonaqlara, “sapı özümüzdən olan baltalara” – qanmazlara – göstərə biləcək bir muzeyimiz yoxdur… Çox təəssüf…

“Zəmanəmizin Qəhrəmanı” layihəsi – birinci qəhrəman Çingiz Abdullayevlə görüş.

30 mart 2019 – cu ildə Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının Opera Studiyasında dünya şöhrətli, milyonların sevimlisi, 200 dən artıq kitabıbın müəllifi, hamımızın fəxri, Azərbaycan Respublikasının Xalq Yazıçısı Çingiz Abdullayevlə “Zəmanəmizin Qəhrəmanı” layihəsi çərçivəsində ilk görüş – yaradıcılıq görüşü – keçrilib. 19:00 da başlayıb, 4 saatdan artıq əvvəlcə olduqca maraqlı söhbət, sonra isə həddindən ziyadə səmimi diskusiya şəraitində davam edən tədbirin sonunda yazar bütün arzu edənlərlə xatirə şəkilləri çəkdirib.

Çingiz müəllimin özünün bu tədbir haqqında qısa fikirlərini və təşəkkürlərini sizlərə çatdırırıq:“Шестьсот пятьдесят человек купили билеты и пришли на встречу! Я сошел с ума. Петь и танцевать не умею. Просто беседовал с людьми и отвечал на их вопросы. И потом еще фотографировался и давал автографы. С семи вечера до часа ночи. Итого шесть часов! Спасибо всем, кто пришел…” Mənbə: CHİNGİZ ABDULLAEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn ARİF

TƏBİƏT VƏ GÖZƏLLİK ŞAİRİ

40 ilə yaxın yaradıcılıq yolu keçmiş Hüseyn Arifin gözəl poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının, şifahi xalq ədəbiyyatı yaradıcılarının ədəbi-bədii irsi zəminində formalaşmışdır. Burada rus və dünya ədəbiyyatının da payı vardır. Lakin Hüseyn Arif poeziyası daha çox M. P. Vaqif — Aşıq Ələsgər — S. Vurğun poeziyası qəlibində mayalanmışdır. Bu xəttə, xüsusən Ələsgər şe’rinə vurğunluğunu şair: ”O (Ələsgər—Q.K.), Vaqifdən sonra, Vurğundan əvvəl, Elə bil, saz tutub, söz deməliydi” misralarında gözəl ifadə etmişdir. S. Vurğun poeziyasının xəlqi ruhu Hüseyn Arif yaradıcılığı ilə xeyli zənginləşmişdir. Xalq şe’rinin min il əvvəldən süzülüb gələn ən yaxşı keyfiyyətlərinə onun şe’r dünyasında rast gəlmək mümkündür.

Hüseyn Arifin poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şe’rindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şe’r bütün ifadəlilik vasitələrindən məhrum olar, bu poeziyanın canına hopmuş hikmətlər, aforizmlər, xalq ifadələri, ümumiləşmiş fikir-obrazlar, babaların deyim tərzinə uyğun deyimlər, təzadlar, obrazlı müqayisələr, bütün emosional məcazlar yox olar. Onun şe’rlərini oxuduqda dil ilişmir, oxucu kəkələmir, misralar ana südü kimi, bulaq suyu kimi içilir. Bu şe’rləri oxuduqda baş yorulmur, beyin sancmır, əksinə, nəfəs genişlənir, bədən sanki şəkərlə, şərbətlə qidalanır. Hüseynin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onu yeni şəkildə mə’nalandırmaq qüdrətinə malikdir. Buna görə də Hüseyn Arif oxunur və sevilir.

Günü vətənin ucsuz-bucaqsız düzlərində, başı göyləri dələn dağlarında, dibi gün görməyən meşələrində, yaşıl zəmi və tarlalarında, əzəmətli quruculuq meydanlarında keçir. Lilparlı buz bulaqlardan, elin yetirdiyi min cür ne’mətlərdən söz açır. Xınalı qayalar, naxışlı daşlar, Koroğlu nişanəli, Cavanşir izli dağlar, laləli, nərgizli, yarpızlı çəmənlər dilinin əzbəridir. Təbiət dostu, insan dostu, ana torpağın əzizi, sevimlisidir. Bəxtinə gözəllik düşüb, ruhu həqiqi şair duyğuları ilə mayalanıb. El üçün saz çalıb söz qoşmaqdan yorulmur. Elinin unudulmaz şairidir:

Getməz qulaqlardan Hüseyn Arif,

Son aşıq sazını çalana kimi.

Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevir, əzizləyir. ”Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, ”Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram” deyən şair adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir: ”A Yonca, a Yovşan, bircə gьn sizi Unutsam, bilin ki, unudulmuşam. ”

”Bir ovuc torpaqdan dönən deyiləm, Bir ovuc torpağa dönənə kimi” misralarında torpağa, ana yurda bağlılıq çox güclüdür. Təbiət və təbiətin insanlara bəxş etdiyi ne’mətlər Hüseynin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkir:

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.

Hə kaman götürək, nə tar, nə qaval,

Orda nəğmə də var, nəğməkar da var…

Şair təbiətin qoynunda təbiətlə təkbətək dolanmaq, təbii davranmaq, təbiətlə bilavasitə təmasda olmaq eşqilə bütün sün’ilikləri rədd edir: ”Qoy əlimi suya vurum, Əlcək, məndən nə istərsən?” Təbiətə vurğunluğunun nəticəsidir ki, şair ad günündə sevimli obrazlarını — dağ kəlini, ceyranı, cüyürü unutmur: ”Deyirəm: — Görəsən, bu ad günümdə Dağ kəli yadına məni salarmı?”

Babaların, nənələrin zəhməti nəvələri yaşatdığı kimi, nəvələrin əkib-becərdikləri də nənələrin dərdinin dərmanıdır. Arifin əlləri ilə əkilmiş, nənənin əlləri ilə su içmiş bir ağac nənə və nəvə mehrinin, nənə və nəvə xatirələrinin, nənə və nəvə həsrətinin, Hüseyn Arif həsrətinin timsalıdır:

Ana hərarətli, bala ətirli

Ağaclar içində bir ağacım var…

Şair təbiətin ahənginin pozulmasına dözmür, onun zədələnməsinə e’tiraz edir: ”İnsanıq, nə olur, qoy bizə olsun” deyə bəlaların onlardan uzaq olmasını arzulayır. Təbiətin, təbiət qüvvələrinin, ağacların, yaşıllığın, heyvan və quşların insan üçün təbii zövq, həyat və dirilik mənbəyi olduğu onun şe’rlərində füsunkar bir dil ilə ifadə olunur. Meşədə azarkən ona yol göstərmiş xoruzun az sonra ”qonaqpərvərliklə” qazanda qaynadıldığını görən şairin qəlbi kədərlə inləyir:

Ömrümdə ilk dəfə dost süfrəsində

Mənim boğazımdan çörək ötmədi.

Bu sözləri o Hüseyn deyir ki, daim dost süfrəsini öz süfrəsi sayıb. Təbiətin qoynunda ocaq çatmaqdan, təbiət qoynunda süfrə açmaqdan, insanların halal zəhmətlə qazandıqlarından və ürək açıqlığı ilə, böyük sevinclə təqdim etdiklərindən söz açmaqdan doymayıb.

Hüseyn təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu, qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə təbiətin deyil, istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini şe’rə gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır:

Heçə yarış meydanında saz tutub

Heçə zəfər müjdələri gətirdim.

Həfəsimlə Azərbaycan elindən

Tarla mehi, zavod ətri gətirdim.

”Səyahət nə qədər şirin olsa da, nəhayət, yadıma ev-eşik düşür” sözlərində yumor da var, həqiqət də: şair təbiətin qoynunda, bulaq başında, kabab tüstüsü altında, yaşıl meşədə də yazır, evdə—yazı masası arxasında da. Hüseyni bir yerdə tapmaq çətindir. Daim gəzir, axtarır, görür, duyur, daim yoldadır. O, S. Vurğunu da beləcə duymuş, beləcə mə’nalandırmış, ”Yolda” poemasını da bu duyğu ilə yaratmışdır.

Onun poeziyasının estetik prinsipləri şair qarşısında, söz sənəti qarşısında yüksək vəzifələr qoyur. Şe’r asan yaranmır, şair qəlbi ümman kimi çağlamalıdır:

Dünyaya bir şe’r gəlməzdən əvvəl

Könüldə ümmanlar çağlasın gərək.

Hüseyn Arif şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, müalici, təbibi, bütün canlı və cansız varlıqların tapındığı dayaq bilir, onu insan yaralarının məlhəm qoyanı sayır. Sinəsindən güllə yarası alan maral da, tülkü əlilə kəməndə salınan pələng də, öküz ayaqları altında tapdanan yaşıllıq da öz dərdlərini şairlə bölüşür. Onun poeziyası elə bir poeziyadır ki, inzibati yolla deyil, möhür və şallaq gücü ilə deyil, insanı sənətin qüdrəti ilə, bulaq suyu kimi şəffaf və duru şe’rlərlə tərbiyə etməyi təlqin edir, insanı bu yolla qanadlandırmağı lazım bilir:

Hüseyn Arifəm, sənət aşiqi,

Məndən şe’r istə, möhür istəmə.

”Tez bulanan, tez durulan” şairin təb’i də təbiətin özü kimi anbaan dəyişir, lakin bu dəyişmələr xeyirxahlıq naminədir, insan naminədir. O, şairi bir vətəndaş kimi, vətən, el, bəşəriyyət uğrunda, yaxşılıq, kamillik uğrunda daim mübarizə aparan güclü bir qüvvə hesab edir:

Bir xalqın dilidir bir şe’rin dili,

Dövrdür, əsrdir, əyyamdır şair…

Ağac alışsa, bir ocaq,

Şair yansa, bir el yanar…

Bir şair ordusu qalxsa ayağa,

Ağ evin üstünə min zülmət çökər.

Həqiqi şair doğulanlar dünyanın dərdini öz kövrək sinəsində gəzdirir, onun çəkdiyini dağ da çəkə bilməz:

Dağların gözünün yaşına baxma,

Şairlər çəkəni dağlar çəkməyib.

Şairin qəlbində əzələ, ilkinə, ululara, insan və təbiət ulularına hörmət, məhəbbət çox güclüdür. Elə buna görə də şair qəlbində el sevgisi, el məhəbbəti elin şairə məhəbbəti ilə tən gəlir. Şair öz poeziyasının gücü ilə yeniliyə mane olanlara, ictimai bəlalara, tüfeylilərə, satqın və alverçilərə, zəhmətdən qaçanlara odlu, kəskin və tutarlı zərbələr endirir: yenini, böyüməkdə olanı, gələcəyi olanları qorumağa, qanadlandırmağa səsləyir, mühafizəkar, bürokrat idarə başçılarını yeri gəldikcə ibrətli faktlarla sarsıdır, tənbeh edir. Onun fikrincə, yaşıl budaq torpaqdan və günəşdən pay alıb qol-qanad atdığı kimi, cəmiyyətdə də böyüməkdə olan nəslin qarşısını almaq olmaz:

Ağac tək böyümək istəyənləri

Payatək çəpərdə saxlamaq olmaz.

Hüseyn Arif yüksək poetik bir dil ilə bu günün sür’ət əzmini, insan əməyinin inkişaf, irəliləmə potensialını, kosmik əsrin mənzərəsini yaradır. Şair saniyəyə, dəqiqəyə, günə, aya, ilə, hər bir mənfi və müsbət hadisəyə mə’nalı gözlə baxır, onların etik-psixoloji, sosial-ictimai əhəmiyyətini nəzərə alır, onları sadəcə mədh etmir, zamanın ictimai-zəruri aktuallaşdırma imkanlarını ön plana çəkir:

Gün var, mənimlə yaşar,

İl var, yadımdan çıxıb.

Tikan var, fikrimdədir,

Gül var, yadımdan çıxıb.

İnsan arzularının hüdudsuzluğu onun poeziyasında zirvəyə can atan insanların real arzusu kimi tüğyan edir.

Hüseyn Arifdə sözü ulu babalarımıza məxsus mə’nalandırma qüdrəti, ümumiləşdirmə və ümumiləşə bilən tutarlı müqayisələr yaratma iste’dadı vardır:

Dərinlikdə dəniz, genişlikdə göy,

Hərarətdə günəş, dözümdə torpaq.

Bu cür ifadə tərzi sadə olduğu qədər də duyumlu və poetikdir. Hikmətdən söz düşəndə Hüseyn babaları tez-tez xatırlayır: ”Duz-çörəyi düz kəsibdi babalar, Haram qatma çörəyinə, çörəkçi!”

”Bir dənizin sinəsində min bulağın sirri yatır”, ”Dağların yükünü dərələr çəkir”, ”Yüz dağdan ağırdır bir kiçik kədər”, ”Yer göyə sığmayıb, göy yerə sığmaz”, ”Bir xalqın söhbəti bir ömrə sığmaz”, ”Heçə yol qayanı yel ayaqlayıb, Qaya yerindədir, yeldən xəbər yox”, ”Getmə” söyləməklə gedən dayanmaz”, ”Bayquşun gözündə gül də tikandır” və s. kimi Hüseyn hikmətləri ulu babaların yadigarlarından seçilmir.

Onun poetikasının mühüm bir sirri də fikri eyni sistemli məcazlarla müşaiyət etmə qabiliyyətinin gücündədir. Şair ya eyni bir təsvir obyektini müxtəlif cəhətdən, yaxud müxtəlif təsvir obyektlərini eyni sistemli, lakin obyektin xarakterinə müvafiq ifadələrlə səciyyələndirir. Məsələn, ”Mən sənə nə deyim” şe’rində yeni Mingəçevir hər bir bəndin son misrasında yeni bənzətmə obyektləri ilə müqayisə edilir: ”Kiçik bir kənd idin, bir şəhər oldun”, ”Kiçik bir damlaydın, bir dəniz oldun”, ”Kiçik bir zərrəydin, bir günəş oldun”, ”Kiçik bir nəğməydin, bir dastan oldun”. Burada obyekt birdir, müqayisə vasitələri rəngarəng. ”Özbək dostuma” şe’rində də iki dostun ürəyi ”dostu-qonağı bir olan”, ”yolu-yolağı bir olan”, ”kökü, budağı bir olan”, ”səsi-sorağı bir olan” tipli ifadələrlə səciyyələndirilir. Müxtəlif obyektlərin öz xarakterinə uyğun cizgilərlə, əlamətin ümumiləşmiş obrazlarla təsviri Hüseyn Arifin şe’r dilinin xəlqiliyini, ifadəliyini, ümumxalq ifadə tərzinə yaxınlığını, şe’r dilinin bədii ümumiləşdirmə keyfiyyətini göstərən ən mühüm amillərdəndir. Eyni şe’rdə: ”İzlər iz götürdü izlərə doğru” tipli ifadələr onun şe’r dili üçün çox xarakterikdir. Yaxud: ”Pələnglər dizindən yaralanırlar”, ”Ceyranlar izindən yaralanırlar”, ”Yarpaqlar üzündən yaralanırlar”, ”Ocaqlar gözündən yaralanırlar”, ”Şairlər sözündən yaralanırlar” (”Qoşma”) kimi sadalamalar prosesində poetik tapıntı getdikcə gücləndirilir. Belə şe’rlərdə bəndlərin son misraları çox vaxt hikmətli söz səciyyəsi daşıyır: ”Qara bir boyadır, ağ bir boyadır”, ”Yenə çeşmə çeşmə, dərya dəryadır”, ”Həqiqət həqiqət, xülya xülyadır”, ”Mən oldum-olmadım, dünya dünyadır” (”Dünya dünyadır”).

Hüseyn Arif ilhamının mayası Dədə Qorqud, Qurbani, Kərəm, Tufarqanlı Abbas, Dilqəm, Şəmkirli Hüseyn, Aşıq Alı, Ələsgər və Vurğundan gəlir. Onun əsərlərində klassik saz-söz ustalarının yanğısı vardır:

Saz dedim, söz dedim,

Dədə Qurbani

Əsrdən əsrə səslədi məni.

Bir elə ah çəkdi, ahım qurudu,

Saçımı göynətdi saçımın dəni.

Şair ”Saz” müxəmməsində və bir çox başqa şe’rlərində belə sənətkarlar yetişdirən bir xalqla öyündüyünü qeyd edir: ”Kərəmlər, Dilqəmlər kimdə var desin, Əlimin dalını yerə qoyum mən”. Dastan qəhrəmanları Kərəm, Qərib, Koroğlu, Həbi, xalq qəhrəmanları Cavanşir, Babək Hüseynin sevimli müqayisə obrazlarıdır. ”Dili Dilqəm diləkli, Qəmdə Füzuli qəmli”, ”Kərəm yoxdur, ”Kərəmi” var” kimi saysız misralarla daim onları yad edir. Saz, saz mahnıları, aşıq, aşıq sənəti şairin dirili kaləminə daxildir. Klassik aşıq sənətinin, böyük sənətkarların təbliğində, tapılıb üzə çıxarılmasında xidmətləri misilsizdir:

Hə qədər canında can var, Hüseyn,

Sənətə borcunu qaytar, Hüseyn!

Axtar babaları, axtar, Hüseyn!

Bir gün nəvələr də səni axtarar.

Şair ustadlara məhəbbətini əməli işi və yeni bədii tapıntıları ilə davam etdirir. Onun yaradıcılığında poetik forma öz kökünü el ədəbiyyatından alır. Lakin Hüseyn keçmişi təkrar etmir, şair duyğularının təzə və tə’sirli ifadə vasitələrini tapır:

”Bir şəkil çəkdirək, qalsın yadigar” —

Belə bir söz dedin, qəlbim göynədi.

Yeridi üstümə həsrət, intizar,

Bilmədim yerdə yer, göydə göy nədi.

İnsan ömrünün vəfasızlığından doğan kədər cinasların köməyilə tə’sirli ifadə edilmişdir. Həyat, gənclik, uşaqlıq çağları bu misralarda əlçatmaz illərin həsrətli uzaqlığı ilə qovuşmuşdur. ”Ömür deyir: ”Qocalmışam”, Könül deyir: ”Yaşa hələ” — misraları dillər əzbəridir, mahnı qanadlarında gəzir. Şair, həyatın ziddiyyətlərini varlığın hər bir elementində görür:

Ağladır, güldürür çiçək hər kəsi,

Çiçək həm sevincdir, həm də kədərdir.

Hətta satira boyalı, yumorlu şe’rlərində də şair əksərən şifahi xalq ədəbiyyatı ən’ənələrinə sadiq qalır:

Bir otaqda üç münəqqid əyləşib,

Biri kordu, biri kardı, biri lal.

Biri uzun, biri arıq, biri kök,

Biri qoca, biri cavan, biri çal.

Lirik şe’rin gəraylı növünü də bu istiqamətə ustalıqla yönəldə bilmişdir:

Bir münəqqid dostum da var,

Sağa cumar, sola cumar.

Axşam başqasını tapar,

Sabah biz ilə, biz ilə.

Şair bu cür şe’rlərində ”qağasına” imzasız məktub yazmaqdan ”dərs deyənləri”, qurd ilə köpəyi, saman ilə kəpəyi, bez ilə ipəyi seçə bilməyənləri, ”Özü orta, bəxti ə’la şairlər”i, qırx il gözünü yumub ”Poçt qutusu”nun içində yatanları, sol əli Salman Mümtazın, sağ əli Hümmətin ”cibindən çıxan” elm oğrularını tənqid obyektinə çevirmişdir.

Hüseyn Arif daha çox təbiət və gözəllik şairidir, təbiət və gözəllik poeziyası yolunun yolçusudur. O, bu yolla hələ çox irəliləyəcək, məhəbbəti, nurlu fikirləri neçə-neçə gözəl şe’rə çevriləcək.

1984

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn Arif – Ana şeiri.

ANA

Elə ki. balalar gəlir dünyaya,
O gündən hey ölçüb biçir analar.
Mahnı da oxuyur ,şer də deyir,
Bəstəkar analar,çair analar.

Dözür hər əzaba o bilə -bilə .
Yaşayır,sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə,
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi , evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Özüm də bilmirəm Hüseyn ,niyə?
Başımın tüstüsü çəkilir göyə.
Torpağım anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar.

Müəllif: Hüseyn Arif.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn Arif – Daş üzəngi…

Daş üzəngi

Dağlara getmişdim,
ulu dağlara.
Buludlar başımın üstündən aşdı.
Qayalar qoynunda elə bu ara
Bir daş üzəngiyə gözüm sataşdı.

Qədim daş üzəngi…
Seyr et bir anlıq-
Onda qoç Koroğlu, Babək zəhmi var.
Bir canlı tarixdi hər qəhrəmanlıq
Əsrdən-əsrə qalır yadigar.

Xəyal haralara apardı məni,
Yadlar yurdumuza çox bostan əkib.
Köhlənlər belində ərlər çəkəni,
Üzəngilər çəkib, yəhərlər çəkib.

Ürək daşa dönər, demişlər bunu
Müsibət ucundan, möhnət üzündən.
Dəmirin dəyişib daş olduğunu
İlk dəfə görürəm gözlərimlə mən.

Çoxdur möcüzəsi dövrün, həyatın
Nə qəribə hikmət, nə qəribə sirr.
O bəlkə Qır atın, bəlkə Dür atın
Bəlkə Ərəb atın nişanəsidir…

Suallar, sorğular beynimdə min-min,
Aşıq da qarşımda keçir “Cəngi”yə.
Nə deyim, bəlkə də Ərəbzənginin
Ayaqları dəyib bu üzəngiyə.

Nəsillər alovdan, alovdan keçiblər,
Bir ordu məhv olub bir çathaçatda.
Bəlkə də Babəki boğanda qəhər
Dəmir daşa dönüb ayağı altda.

Daşın daş dözümü, daşın daş ömrü,
Nə qədər köksünü irəli gərmiş.
Yüz dağa, düyünə dözməkdən ötrü
Dəmir də bərkiyib başa dönərmiş.

Üzümüz nə vaxtdan nə vaxta çatır
Şimşək nərəsi var haqqın səsində.
Hələ cilid-cilid kitablar yatır
Dağlar muzeyinin xəzinəsində.

Müəllif: Hüseyn Arif

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn – Miskin Abdal

DAĞLAR

(Birinci “Dağlar”)

Süsən-sünbül, bənövşəli,
Allı-güllü bizim dağlar.
Toy-düyündə, şənniklərdə,
Elatda var izim, dağlar.

İgidlərin çapar gəzər,
Yar yolunda dərdə dözər.
Sevənləri həsrət üzər, –
Cəfadı bu, dözüm, dağlar.

Hüseynin də bir yarı var,
Buta verən yolun açar,
Gərçi uzaq məkan, diyar,
El-obalar gəzim, dağlar.

Mənbə:
Niftali Goyceli Poeziyada İlk dağlar haqqında olan şeir. Miskin Abdal bu şeiri 20 yaşında HÜSEYN adı ilə (təxəllüssüz-öz adı ilə) demişdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN – DAĞLAR

“Dağlar”
(“DAĞLAR – 200” -2 .)

Binələri çadır-çadır 
Çox gəzmişəm özüm, dağlar! 
Qüdrətini sizdən aldı 
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta-asta, 
Enib gələr çeşmə üstə. 
Gözüm yolda, könlüm səsdə, 
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı, 
Hər tərlanın öz oylağı, 
Dolaylarda bahar çayı 
Bir doyunca gəzim, dağlar!

Qayaları baş-başadır, 
Güneyləri tamaşadır. 
Gödək ömrü çox yaşadır 
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada, 
Bir gün ömrün gedər bada. 
Vurğunu da salar yada 
Düz ilqarlı bizim dağlar.

Müəllif: Səməd Vurğun

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAĞLAR – AŞIQ ƏLƏSGƏR

DAĞLAR

(“DAĞLAR – 200” – ön söz əvəzi.)

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar.

Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çеşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.

Yazın bir ayıdı çox yaxşı çağın;
Kəsilməz çеşməndən gözəl yığnağın.
Axtarma motalın, yağın, qaymağın…
Zənbur çiçəyindən bal alı, dağlar!

Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yеtkin bostana.
Payızın zəmhəri qoyur virana,
Dağıdır üstündən calalı, dağlar!

Gahdan çiskin tökər, gah duman еylər,
Gah gəlib-gеdəni pərişan еylər,
Gahdan qеyzə gələr, nahaq qan еylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnişan gеyməz,
Hеç kəsi dindirib, xətrinə dəyməz.
Sərdara söz dеməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər еllər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı.
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

Müəllif: Aşıq Ələsgər.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru