MİSKİN ABDAL

Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn 1430 -cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.

Hüseynin mənsub olduğu “Zərgərli” tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.

Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı – ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.

1524-cü ildə sarayla birdəfəlik vidalaşaraq doğma yurduna – Göyçə mahalına qayıdır. Ömrünün ahıl çağlarında Sarıyaqubda açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır.

Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü. “Miskin Abdal və Sənubər” dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.

“Şah İsmayıl və Miskin Abdal” dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. “Aslan şahla İbrahim”, eləcə də “Yetim Hüseyn” dastanları isə Göyçənin saz-söz ustalarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.

Miskin Abdal 105 yaşında vəfat edir. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində vəfat edib.

Miskin Abdalın oğlu Şadmanın neslinin tanınmış nümayendesi, Göyçe mahalının Basarkeçer rayonunun Sarıyaqub kendinden olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas -tedqiqatçı alim Tofiq Hüseynzadədir (1946-2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ilde “Səfəvilərin böyük övliyası – Miskin Abdal” kitabını nəşr etdirmiş, 2006-cı ilde onun vəfatından sonra, 2017-ci ildə “Aşıq deyişmələrinin poetikası” dissertasiya işi monoqrafiya qismində nəşr olunmuş, həmçinin, 2018-ci ildə “Xəyal cığırı” adlı 3 cildlik kitabı nəşr olunmuş, bu kitaba onun 750-den çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə, Sufizmin ən yüksək pillə və məqamlarını simvolizə edən “Miskin” və “Abdal” sufi-təsəvvüf anlayışlarının ədəbiyyatımızda ilk dəfə elmi əsaslandırılmış izahına həsr edilmiş, doktorluq dissertasiyası səviyyəsində yazdığı “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsəri daxil edilmişdir.

Tofiq Hüseynzadənin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi Rafiq Hüseynzadədir.

Gədəbəydə “Miskin Abdal” ədəbi məclisi yaradılmışdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir