Hüseyn ARİF

TƏBİƏT VƏ GÖZƏLLİK ŞAİRİ

40 ilə yaxın yaradıcılıq yolu keçmiş Hüseyn Arifin gözəl poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının, şifahi xalq ədəbiyyatı yaradıcılarının ədəbi-bədii irsi zəminində formalaşmışdır. Burada rus və dünya ədəbiyyatının da payı vardır. Lakin Hüseyn Arif poeziyası daha çox M. P. Vaqif — Aşıq Ələsgər — S. Vurğun poeziyası qəlibində mayalanmışdır. Bu xəttə, xüsusən Ələsgər şe’rinə vurğunluğunu şair: ”O (Ələsgər—Q.K.), Vaqifdən sonra, Vurğundan əvvəl, Elə bil, saz tutub, söz deməliydi” misralarında gözəl ifadə etmişdir. S. Vurğun poeziyasının xəlqi ruhu Hüseyn Arif yaradıcılığı ilə xeyli zənginləşmişdir. Xalq şe’rinin min il əvvəldən süzülüb gələn ən yaxşı keyfiyyətlərinə onun şe’r dünyasında rast gəlmək mümkündür.

Hüseyn Arifin poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şe’rindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şe’r bütün ifadəlilik vasitələrindən məhrum olar, bu poeziyanın canına hopmuş hikmətlər, aforizmlər, xalq ifadələri, ümumiləşmiş fikir-obrazlar, babaların deyim tərzinə uyğun deyimlər, təzadlar, obrazlı müqayisələr, bütün emosional məcazlar yox olar. Onun şe’rlərini oxuduqda dil ilişmir, oxucu kəkələmir, misralar ana südü kimi, bulaq suyu kimi içilir. Bu şe’rləri oxuduqda baş yorulmur, beyin sancmır, əksinə, nəfəs genişlənir, bədən sanki şəkərlə, şərbətlə qidalanır. Hüseynin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onu yeni şəkildə mə’nalandırmaq qüdrətinə malikdir. Buna görə də Hüseyn Arif oxunur və sevilir.

Günü vətənin ucsuz-bucaqsız düzlərində, başı göyləri dələn dağlarında, dibi gün görməyən meşələrində, yaşıl zəmi və tarlalarında, əzəmətli quruculuq meydanlarında keçir. Lilparlı buz bulaqlardan, elin yetirdiyi min cür ne’mətlərdən söz açır. Xınalı qayalar, naxışlı daşlar, Koroğlu nişanəli, Cavanşir izli dağlar, laləli, nərgizli, yarpızlı çəmənlər dilinin əzbəridir. Təbiət dostu, insan dostu, ana torpağın əzizi, sevimlisidir. Bəxtinə gözəllik düşüb, ruhu həqiqi şair duyğuları ilə mayalanıb. El üçün saz çalıb söz qoşmaqdan yorulmur. Elinin unudulmaz şairidir:

Getməz qulaqlardan Hüseyn Arif,

Son aşıq sazını çalana kimi.

Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevir, əzizləyir. ”Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, ”Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram” deyən şair adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir: ”A Yonca, a Yovşan, bircə gьn sizi Unutsam, bilin ki, unudulmuşam. ”

”Bir ovuc torpaqdan dönən deyiləm, Bir ovuc torpağa dönənə kimi” misralarında torpağa, ana yurda bağlılıq çox güclüdür. Təbiət və təbiətin insanlara bəxş etdiyi ne’mətlər Hüseynin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkir:

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.

Hə kaman götürək, nə tar, nə qaval,

Orda nəğmə də var, nəğməkar da var…

Şair təbiətin qoynunda təbiətlə təkbətək dolanmaq, təbii davranmaq, təbiətlə bilavasitə təmasda olmaq eşqilə bütün sün’ilikləri rədd edir: ”Qoy əlimi suya vurum, Əlcək, məndən nə istərsən?” Təbiətə vurğunluğunun nəticəsidir ki, şair ad günündə sevimli obrazlarını — dağ kəlini, ceyranı, cüyürü unutmur: ”Deyirəm: — Görəsən, bu ad günümdə Dağ kəli yadına məni salarmı?”

Babaların, nənələrin zəhməti nəvələri yaşatdığı kimi, nəvələrin əkib-becərdikləri də nənələrin dərdinin dərmanıdır. Arifin əlləri ilə əkilmiş, nənənin əlləri ilə su içmiş bir ağac nənə və nəvə mehrinin, nənə və nəvə xatirələrinin, nənə və nəvə həsrətinin, Hüseyn Arif həsrətinin timsalıdır:

Ana hərarətli, bala ətirli

Ağaclar içində bir ağacım var…

Şair təbiətin ahənginin pozulmasına dözmür, onun zədələnməsinə e’tiraz edir: ”İnsanıq, nə olur, qoy bizə olsun” deyə bəlaların onlardan uzaq olmasını arzulayır. Təbiətin, təbiət qüvvələrinin, ağacların, yaşıllığın, heyvan və quşların insan üçün təbii zövq, həyat və dirilik mənbəyi olduğu onun şe’rlərində füsunkar bir dil ilə ifadə olunur. Meşədə azarkən ona yol göstərmiş xoruzun az sonra ”qonaqpərvərliklə” qazanda qaynadıldığını görən şairin qəlbi kədərlə inləyir:

Ömrümdə ilk dəfə dost süfrəsində

Mənim boğazımdan çörək ötmədi.

Bu sözləri o Hüseyn deyir ki, daim dost süfrəsini öz süfrəsi sayıb. Təbiətin qoynunda ocaq çatmaqdan, təbiət qoynunda süfrə açmaqdan, insanların halal zəhmətlə qazandıqlarından və ürək açıqlığı ilə, böyük sevinclə təqdim etdiklərindən söz açmaqdan doymayıb.

Hüseyn təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu, qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə təbiətin deyil, istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini şe’rə gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır:

Heçə yarış meydanında saz tutub

Heçə zəfər müjdələri gətirdim.

Həfəsimlə Azərbaycan elindən

Tarla mehi, zavod ətri gətirdim.

”Səyahət nə qədər şirin olsa da, nəhayət, yadıma ev-eşik düşür” sözlərində yumor da var, həqiqət də: şair təbiətin qoynunda, bulaq başında, kabab tüstüsü altında, yaşıl meşədə də yazır, evdə—yazı masası arxasında da. Hüseyni bir yerdə tapmaq çətindir. Daim gəzir, axtarır, görür, duyur, daim yoldadır. O, S. Vurğunu da beləcə duymuş, beləcə mə’nalandırmış, ”Yolda” poemasını da bu duyğu ilə yaratmışdır.

Onun poeziyasının estetik prinsipləri şair qarşısında, söz sənəti qarşısında yüksək vəzifələr qoyur. Şe’r asan yaranmır, şair qəlbi ümman kimi çağlamalıdır:

Dünyaya bir şe’r gəlməzdən əvvəl

Könüldə ümmanlar çağlasın gərək.

Hüseyn Arif şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, müalici, təbibi, bütün canlı və cansız varlıqların tapındığı dayaq bilir, onu insan yaralarının məlhəm qoyanı sayır. Sinəsindən güllə yarası alan maral da, tülkü əlilə kəməndə salınan pələng də, öküz ayaqları altında tapdanan yaşıllıq da öz dərdlərini şairlə bölüşür. Onun poeziyası elə bir poeziyadır ki, inzibati yolla deyil, möhür və şallaq gücü ilə deyil, insanı sənətin qüdrəti ilə, bulaq suyu kimi şəffaf və duru şe’rlərlə tərbiyə etməyi təlqin edir, insanı bu yolla qanadlandırmağı lazım bilir:

Hüseyn Arifəm, sənət aşiqi,

Məndən şe’r istə, möhür istəmə.

”Tez bulanan, tez durulan” şairin təb’i də təbiətin özü kimi anbaan dəyişir, lakin bu dəyişmələr xeyirxahlıq naminədir, insan naminədir. O, şairi bir vətəndaş kimi, vətən, el, bəşəriyyət uğrunda, yaxşılıq, kamillik uğrunda daim mübarizə aparan güclü bir qüvvə hesab edir:

Bir xalqın dilidir bir şe’rin dili,

Dövrdür, əsrdir, əyyamdır şair…

Ağac alışsa, bir ocaq,

Şair yansa, bir el yanar…

Bir şair ordusu qalxsa ayağa,

Ağ evin üstünə min zülmət çökər.

Həqiqi şair doğulanlar dünyanın dərdini öz kövrək sinəsində gəzdirir, onun çəkdiyini dağ da çəkə bilməz:

Dağların gözünün yaşına baxma,

Şairlər çəkəni dağlar çəkməyib.

Şairin qəlbində əzələ, ilkinə, ululara, insan və təbiət ulularına hörmət, məhəbbət çox güclüdür. Elə buna görə də şair qəlbində el sevgisi, el məhəbbəti elin şairə məhəbbəti ilə tən gəlir. Şair öz poeziyasının gücü ilə yeniliyə mane olanlara, ictimai bəlalara, tüfeylilərə, satqın və alverçilərə, zəhmətdən qaçanlara odlu, kəskin və tutarlı zərbələr endirir: yenini, böyüməkdə olanı, gələcəyi olanları qorumağa, qanadlandırmağa səsləyir, mühafizəkar, bürokrat idarə başçılarını yeri gəldikcə ibrətli faktlarla sarsıdır, tənbeh edir. Onun fikrincə, yaşıl budaq torpaqdan və günəşdən pay alıb qol-qanad atdığı kimi, cəmiyyətdə də böyüməkdə olan nəslin qarşısını almaq olmaz:

Ağac tək böyümək istəyənləri

Payatək çəpərdə saxlamaq olmaz.

Hüseyn Arif yüksək poetik bir dil ilə bu günün sür’ət əzmini, insan əməyinin inkişaf, irəliləmə potensialını, kosmik əsrin mənzərəsini yaradır. Şair saniyəyə, dəqiqəyə, günə, aya, ilə, hər bir mənfi və müsbət hadisəyə mə’nalı gözlə baxır, onların etik-psixoloji, sosial-ictimai əhəmiyyətini nəzərə alır, onları sadəcə mədh etmir, zamanın ictimai-zəruri aktuallaşdırma imkanlarını ön plana çəkir:

Gün var, mənimlə yaşar,

İl var, yadımdan çıxıb.

Tikan var, fikrimdədir,

Gül var, yadımdan çıxıb.

İnsan arzularının hüdudsuzluğu onun poeziyasında zirvəyə can atan insanların real arzusu kimi tüğyan edir.

Hüseyn Arifdə sözü ulu babalarımıza məxsus mə’nalandırma qüdrəti, ümumiləşdirmə və ümumiləşə bilən tutarlı müqayisələr yaratma iste’dadı vardır:

Dərinlikdə dəniz, genişlikdə göy,

Hərarətdə günəş, dözümdə torpaq.

Bu cür ifadə tərzi sadə olduğu qədər də duyumlu və poetikdir. Hikmətdən söz düşəndə Hüseyn babaları tez-tez xatırlayır: ”Duz-çörəyi düz kəsibdi babalar, Haram qatma çörəyinə, çörəkçi!”

”Bir dənizin sinəsində min bulağın sirri yatır”, ”Dağların yükünü dərələr çəkir”, ”Yüz dağdan ağırdır bir kiçik kədər”, ”Yer göyə sığmayıb, göy yerə sığmaz”, ”Bir xalqın söhbəti bir ömrə sığmaz”, ”Heçə yol qayanı yel ayaqlayıb, Qaya yerindədir, yeldən xəbər yox”, ”Getmə” söyləməklə gedən dayanmaz”, ”Bayquşun gözündə gül də tikandır” və s. kimi Hüseyn hikmətləri ulu babaların yadigarlarından seçilmir.

Onun poetikasının mühüm bir sirri də fikri eyni sistemli məcazlarla müşaiyət etmə qabiliyyətinin gücündədir. Şair ya eyni bir təsvir obyektini müxtəlif cəhətdən, yaxud müxtəlif təsvir obyektlərini eyni sistemli, lakin obyektin xarakterinə müvafiq ifadələrlə səciyyələndirir. Məsələn, ”Mən sənə nə deyim” şe’rində yeni Mingəçevir hər bir bəndin son misrasında yeni bənzətmə obyektləri ilə müqayisə edilir: ”Kiçik bir kənd idin, bir şəhər oldun”, ”Kiçik bir damlaydın, bir dəniz oldun”, ”Kiçik bir zərrəydin, bir günəş oldun”, ”Kiçik bir nəğməydin, bir dastan oldun”. Burada obyekt birdir, müqayisə vasitələri rəngarəng. ”Özbək dostuma” şe’rində də iki dostun ürəyi ”dostu-qonağı bir olan”, ”yolu-yolağı bir olan”, ”kökü, budağı bir olan”, ”səsi-sorağı bir olan” tipli ifadələrlə səciyyələndirilir. Müxtəlif obyektlərin öz xarakterinə uyğun cizgilərlə, əlamətin ümumiləşmiş obrazlarla təsviri Hüseyn Arifin şe’r dilinin xəlqiliyini, ifadəliyini, ümumxalq ifadə tərzinə yaxınlığını, şe’r dilinin bədii ümumiləşdirmə keyfiyyətini göstərən ən mühüm amillərdəndir. Eyni şe’rdə: ”İzlər iz götürdü izlərə doğru” tipli ifadələr onun şe’r dili üçün çox xarakterikdir. Yaxud: ”Pələnglər dizindən yaralanırlar”, ”Ceyranlar izindən yaralanırlar”, ”Yarpaqlar üzündən yaralanırlar”, ”Ocaqlar gözündən yaralanırlar”, ”Şairlər sözündən yaralanırlar” (”Qoşma”) kimi sadalamalar prosesində poetik tapıntı getdikcə gücləndirilir. Belə şe’rlərdə bəndlərin son misraları çox vaxt hikmətli söz səciyyəsi daşıyır: ”Qara bir boyadır, ağ bir boyadır”, ”Yenə çeşmə çeşmə, dərya dəryadır”, ”Həqiqət həqiqət, xülya xülyadır”, ”Mən oldum-olmadım, dünya dünyadır” (”Dünya dünyadır”).

Hüseyn Arif ilhamının mayası Dədə Qorqud, Qurbani, Kərəm, Tufarqanlı Abbas, Dilqəm, Şəmkirli Hüseyn, Aşıq Alı, Ələsgər və Vurğundan gəlir. Onun əsərlərində klassik saz-söz ustalarının yanğısı vardır:

Saz dedim, söz dedim,

Dədə Qurbani

Əsrdən əsrə səslədi məni.

Bir elə ah çəkdi, ahım qurudu,

Saçımı göynətdi saçımın dəni.

Şair ”Saz” müxəmməsində və bir çox başqa şe’rlərində belə sənətkarlar yetişdirən bir xalqla öyündüyünü qeyd edir: ”Kərəmlər, Dilqəmlər kimdə var desin, Əlimin dalını yerə qoyum mən”. Dastan qəhrəmanları Kərəm, Qərib, Koroğlu, Həbi, xalq qəhrəmanları Cavanşir, Babək Hüseynin sevimli müqayisə obrazlarıdır. ”Dili Dilqəm diləkli, Qəmdə Füzuli qəmli”, ”Kərəm yoxdur, ”Kərəmi” var” kimi saysız misralarla daim onları yad edir. Saz, saz mahnıları, aşıq, aşıq sənəti şairin dirili kaləminə daxildir. Klassik aşıq sənətinin, böyük sənətkarların təbliğində, tapılıb üzə çıxarılmasında xidmətləri misilsizdir:

Hə qədər canında can var, Hüseyn,

Sənətə borcunu qaytar, Hüseyn!

Axtar babaları, axtar, Hüseyn!

Bir gün nəvələr də səni axtarar.

Şair ustadlara məhəbbətini əməli işi və yeni bədii tapıntıları ilə davam etdirir. Onun yaradıcılığında poetik forma öz kökünü el ədəbiyyatından alır. Lakin Hüseyn keçmişi təkrar etmir, şair duyğularının təzə və tə’sirli ifadə vasitələrini tapır:

”Bir şəkil çəkdirək, qalsın yadigar” —

Belə bir söz dedin, qəlbim göynədi.

Yeridi üstümə həsrət, intizar,

Bilmədim yerdə yer, göydə göy nədi.

İnsan ömrünün vəfasızlığından doğan kədər cinasların köməyilə tə’sirli ifadə edilmişdir. Həyat, gənclik, uşaqlıq çağları bu misralarda əlçatmaz illərin həsrətli uzaqlığı ilə qovuşmuşdur. ”Ömür deyir: ”Qocalmışam”, Könül deyir: ”Yaşa hələ” — misraları dillər əzbəridir, mahnı qanadlarında gəzir. Şair, həyatın ziddiyyətlərini varlığın hər bir elementində görür:

Ağladır, güldürür çiçək hər kəsi,

Çiçək həm sevincdir, həm də kədərdir.

Hətta satira boyalı, yumorlu şe’rlərində də şair əksərən şifahi xalq ədəbiyyatı ən’ənələrinə sadiq qalır:

Bir otaqda üç münəqqid əyləşib,

Biri kordu, biri kardı, biri lal.

Biri uzun, biri arıq, biri kök,

Biri qoca, biri cavan, biri çal.

Lirik şe’rin gəraylı növünü də bu istiqamətə ustalıqla yönəldə bilmişdir:

Bir münəqqid dostum da var,

Sağa cumar, sola cumar.

Axşam başqasını tapar,

Sabah biz ilə, biz ilə.

Şair bu cür şe’rlərində ”qağasına” imzasız məktub yazmaqdan ”dərs deyənləri”, qurd ilə köpəyi, saman ilə kəpəyi, bez ilə ipəyi seçə bilməyənləri, ”Özü orta, bəxti ə’la şairlər”i, qırx il gözünü yumub ”Poçt qutusu”nun içində yatanları, sol əli Salman Mümtazın, sağ əli Hümmətin ”cibindən çıxan” elm oğrularını tənqid obyektinə çevirmişdir.

Hüseyn Arif daha çox təbiət və gözəllik şairidir, təbiət və gözəllik poeziyası yolunun yolçusudur. O, bu yolla hələ çox irəliləyəcək, məhəbbəti, nurlu fikirləri neçə-neçə gözəl şe’rə çevriləcək.

1984

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir