ƏDƏBİYYATDA TƏSİRLƏNMƏ

Tanınmış tənqidçi, Əsəd Cahangirdən yazrların bir-birindən təsirlənməsinə dair maraqlı yanaşma və məntiqi izah:

“… Bədii mətnin hər cür təsirdən xali, qatqısız, kristal, əlahiddə olması iddiası on doqquzuncu yüzilin sonu – iyirminci yüzilin əvvəllərində modernistlər tərəfindən irəli sürüldü və ümumi nəzəri yöndən yanaşanda Siz bir əsr bundan öncənin meyarlarından çıxış edirsiniz. Amma bu modernist iddiaya baxmayaraq, M.Brod, D.Zatonski, özəlliklə də, E.Meletinskinin araşdırmalarından görürük ki, hətta Kafka kimi “orijinal”, “özünəməxsus”, “əlahiddə”, “qatqısız” yazıçı belə öz əsərlərini ən dərin şüuraltı qatlarda “Tövrat”la dialoqda yazıb. Yəni təsirdən xali mətn yoxdur və ola da bilməz. Baxın, Tanrının özü belə sonuncu kitabı olan “Quran”da özünün əvvəlki kitablarından “təsirlənib”, sitatlar gətirib və bu məntiqidir.  Çünki Tanrının təsirlənəcəyi ikinci Tanrı yoxdur və O yalnız özü-özündən təsirlənə bilər…”

İLKİN MƏNB:

Əsəd Cahangirin akademik İsa Həbibbəyliyə açıq məktubu – Cəlil Məmədquluzadə POLEMİKASI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aİİ-nun REKTORU CEYHUN MƏMMƏDOV MALAZİYADA


Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Malaziyada işgüzar səfərdədir. Ceyhun müəllimin ilkin görüş təsüratlarını təqdim edirik: “Bu gün Malayziyanın Beynəlxalq İslam Universitetində çox səmərəli görüşlərimiz oldu. Niyyət protokolu imzaladıq. Siniflər kitabxana, yataqxana, məscid və idman zalları ilə tanış olduq. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında broşür və bukletləri, Qarabağ həqiqətləri ilə bağlı kitabları kitabxanaya, Universitet rəhbərliyinə təqdim etdik. Zəngin təcrübələri var.”

İLKİN MƏNBƏ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – DAĞLARIN

DAĞLARIN

“Şuşanın dağları abı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,

Çulu çoxdan düşüb, çaya dağların…

Təmiz adı vardı, “quzey qarı” tək,

Bağrına xal düşüb, saya  dağların…

* * *

Başında çalma tək, ta durmur duman,

Əynində qalmayıb, nə kofta, tuman,

Lütlənib haçandır, qalıb  lüt-üryan,

Qarına qan düşüb, maya dağların…

* * *

“Göznən görən”  olduq, ta yox yalanı,

Bəh-bəhlə şəlləndik, zərli palanı,

Daranıb,  talındı, olan-qalanı,

Ah-naləsi düşüb, Aya dağların….

* * *

İgidə “Tur dağ”-ı deyib, görənlər,

Dağa oxşadıbdı,  özün ərənlər,

Hanı o ayama, ya ad verənlər?

Kalı çoxdan düşüb, haya dağların…

* * *

Ustacam, öcümü ala bilmirəm,

“Dədəm” dediklərin* deyə bilmirəm,

O döndü, mən indi dönə bilmirəm,

Səyi  məndə düşüb, zaya dağların…

30.04.2019. (14:00 – 19’) Bakı.

*Arsız aşıq elsiz necə yaşadı???

Ölsün Ələsgər tək qulların, dağlar…

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN” – Ələddin Allahverdiyev, Professor.

Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
Gah enərəm yer üzünə, seyr edər aləm məni…
Qul Nəsimi.

Dədə Ələsgər yaradıcılığının aşıq poeziyasının zirvə nöqtəsi, zirvə məqamı olduğunun, onun tədqiqatı ilə məşğul olan bütün folklorşünaslarımız, ələsgərşünaslarımız tərəfindən birmənalı olaraq etiraf, təsdiq və qəbul edilməsi, bu yaradıcılığı sevən, başa düşən, xüsusilə onun sufi mahiyyətini dərindən anlayan hər kəs üçün şübhə doğurmayan, danılmaz bir həqiqətdir!

Bütövlükdə, Dədə Ələsgər SÖZÜ, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehirli bir gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli şeir dünyasıdır.

Nəzərinizə çatdırdığım bu kiçik yazımda məqsədim Dədə Ələsgərin “Getmə, amandı” qoşmasının yalnız bircə “CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN” misrası, onun qadın camalının gözəlliyinin tərənnümünün ifadə tərzinin üzərində dayanaraq, bu misranın dərin məna daşıyan mahiyyətini aşkarlamaq, açmaqdır. Bununla da Dahi Ələsgər SÖZÜNÜN qüdrətinin yuxarıda vurğuladığım epitetlərini bir daha təsdiqləmək, ələsgərsevərlərlə birgə bədii zövq almaq, xalqımızın bir çox başqa millətlərdən fərqli olaraq belə bir fenomen şəxsiyyəti, şairi, aşığı olmaqdan qürur duymaqdır.

İlk növbədə misrada işlədilmiş sözlərə nəzər yetirək. 

Camal deyərkən gözümüz qarşısına gözəlliklə, nurla cilvələnmiş üz, sifət, sima gəlir. Bundan öncə “camal” ifadəsı Tanrının doxsan doqquz adından biridir.

Bayram deyərkən, əlbəttə, Dədə Ələsgər hər bir azərbaycanlı türkü üçün müqəddəs, əziz olan Novruz bayramını nəzərdə tutur.
Ay sözü dilimizdə iki ismi məna daşıyır: 1. Yerin peyki, İlin müəyyən dövründə gecələr səmada parlayan göy cismi kimi; 2. Təqvim ilinin on iki hissəsindən biri kimi.

Göyçək sözü, dilimizin Göyçə şivəsində adətən yaraşıqlı uşaqlara, qadına, xüsusən cavan qız-gəlinə məxsus olan ən göz oxşayan, ürəyə yatan gözəlliyi ifadə etmək üçün işlənən sözdür.

Bayram ayı söz birləşməsi isə, misranın daxilində gizlənmiş sehirli, müəmmalı, nurlu bir gözəlliyi özündə ehtiva edən həyat, təbiət reallıqlarının, Novruz bayramıyla bağlı adət-ənənələrimizin gözəlliklərinin təcəssümüdür. Adətən Dədə Ələsgər yaradıcılığını tədqiq edən ədəbiyyatşünaslarımız, Aşığın bu misrada müraciət etdiyi qadının gözəlliyinin Novruz bayramına təsadüf edən, səmada təzəcə doğmuş Ayın məsum gözəlliyindən də göyçək olduğuna işarə etdiyini vurğulayırlar. Bu bənzətmə, bu mənada yalnız qadının camalında cəm olmuş fiziki gözəlliyi tərənnüm edən olduqca bədii, obrazlı epitetdir.

Lakin, zənnimcə Dədə Ələsgər, gözəlliyi daha iti, daha məzmunlu, Tanrının məhz ona bəxş etdiyi “üçüncü gözüylə” daha dərindən GÖRÜR. O, eyni zamanda qadının camalında bərq vuran, onun baxışlarından oxunan, ürək duyğularından, hisslərindən süzülüb üz cizgilərində bərqərar olan, inikas edən mənəvi, daxili gözəlliklərini də aydın görür. Dədə Ələsgər bu gözəlliyi ilahi bir yüksəkliyə qaldıraraq, onun Novruz bayramıyla bağlı adət-ənənələrimizə xas olan çoxsaylı gözəlliklərdən də göyçək olduğuna işarə edir. Söylədiklərimi Dədə Ələsgərin anadan olduğu, yaşayıb yaratdığı qədim oğuz torpağı, oğuz yurdu Ulu Göyçənin hər bucağında Novruzu qarşılama, keçirmə adət-ənənələri mühitindən kənarda axtarmaq mümkün deyildir, mənasızdır, bunu məhz onlarda araşdırmaq gərəkdir.

Göyçə mahalı, əsrlər boyu ona maraq göstərən hökmdarları, tədqiqatçıları, səyyahları, aşıqları, şairləri ilk növbədə dağlar qoynunda qərar tutmuş öz coğrafi mövqeyi, gözəlliyi ilə, namusu, qeyrəti, vüqarı hər şeydən uca tutan insanlarının mənəvi saflığı, ülviliyi ilə özünə cəlb etmişdir. Bu insanlar hələ qədim dövrlərdən Novruzu təbiətin canlanması ilə bağlamış, astronomik ilin başlangıcı olan gecə-gündüz bərabərliyi günündə (miladi təqvimi ilə mart ayının müxtəlif günlərində 20-22-sində, əsasən 21 martda), qışın, köhnə ilin qurtarması, yaz fəslinin, yeni ilin gəlişi kimi bayram etmişlər. Göyçədə Novruzun gəlişini ilk növbədə onun füsunkar təbiətinin özü insanlara çatdırardı. Təbiət öz gözəl əhval-ruhiyyəsilə, “libasının” sehirli dəyişikliyi ilə bildirərdi ki, bahar artıq astanadadır. Dağların döşündə, yurd torpaqlarında qarın əriməsiylə yerdən qalxan buxarın isti nəfəsi, onun ətrafa yaydığı müəmmalı ab-hava insanların qəlbində bir coşqunluq, ilham, təravət, canlanma yaradardı. Təbiətin gözəlliklə, hikmətlə dolu bu halı Novruza bir neçə həftə qalmış vaxtda başlayardı. Bayram ərəfəsi olan bu həftələrdə adət-ənənələrlmizə müvafiq olaraq Novruz bayramına hazırlıq işləri görülər, mərasimlər keçirilərdi.

Göyçədə Novruz bayramı günündən qabaqkı dörd çərşənbə axşamı, bu gün geniş yayılmış, Azərbaycanda qeyd edilən “su”, “torpaq”, “yel”, “od” çərşənbələrindən fərqli olaraq “boş tək”, “zibil təki”, “ölü təki”, “ilaxır təki” adı altında (Göyçədə çərşənbə axşamına “tək” deyərdilər) xüsusi qeyd olunardı.

İlk “boş tək”də insanlar təbiətin oyanışının, onun gətirdiyi bahar müjdəsinin müşayiəti ilə qarşıda gələn həftələrə hazırlıqla məşğul olardılar. Uşaqlara, qız gəlinə təzə paltar tikilərdi. Əvvəlcədən cürbəcür ərzaq məhsulları, şirniyyat, qoz-fındıq, ədvalar alınıb ehtiyata qoyulardı.

“Zibil təki” adlanan ikinci çərşənbə axşamı gününü insanlar evlərində təmizlik, səliqə-sahman, gözəllik işlərinə sərf edərdilər (evlərin qurumu alınar, içindəki əşyaların tozu silinər, xalça-palaz , yorğan-döşək çölə günəş qabağına tökülər, çırpılıb-təmizlənər, palaz-paltar yuyulub qurudular, süzülüb əldən düşmüş köhnə pal-paltar axırıncı çərşənbədə göyə atılacaq lopalar (məşəllər) üçün, həyət-bacaya atılıb qalmış bəlim, ağac, odun parçaları, ilin axır gecəsində, Novruz bayramı axşamı tonqal qalamaq üçün səliqəylə toplanıb həyətin bir küncünə yığılardı). Nimçələrdə arpa və buğdadan səməni qoyulardı. Bütün bu işlər qarşıdan gələn bayramın eşqi, havasıyla böyük bir ryh yüksəkliyi ilə görülərdi. Bu işlərin hər biri eyni zamanda insanların ruhunun, daxilinin təmizlənməsinə, təzələnməsinə xidmət edirdi. Təbiətdə baş verən qışdan yaza keçmə dəyişiklikləri kimi böyükdən kiçiyə, ağsaqqaldan, ağbirçəkdən uşağa qədər insanların daxilində, qəlbində gözəlliklə, xeyirxahlıqla dolu yeni bir dəyişiklik, canlanma, coşqunluq yaranırdı.

Çox böyük məna daşıyan “Ölü təki” Göyçədə eyni zamanda “qara bayram” və ya “ölü bayramı” adlanırdı.

Bu çərşənbə axşamı günü kənd əhli səhər-səhər bir yerə yığışar, kənd mollasıyla birlikdə böyük bir dəstəylə qəbiristanlığa yollanardılar. İlk növbədə hamılıqla son bir ildə kəndin vəfat etmiş insanlarının qəbirləri ziyarət edilər, dualar oxunardı. Bundan sonra kənd əhli ayrı-ayrılıqda öz dünyadan köçmüş doğma və yaxınlarının qəbrinə baş çəkər, qəbirlər ətrafında təmizlik işləri aparar, mollaya dua oxudardılar. Evlərdən qəbiristanlığa gətirilmiş şirniyyat camaata paylanardı (adətən bu ritual, qadınlar tərəfindən icra edilərdi). Bu mərasimdən sonra kəndə qayıdan camaat molla ilə bərabər son ildə dünyasını dəyişmiş insanların evinə baş çəkər, dua oxunar, mərhumun ailəsini, doğma və yaxınlarını yasdan çıxarardılar. Bu evlərdə bir qayda olaraq halva çalınar, ehsan qazanları asılar, kənd əhli ehsan süfrəsinə dəvət olunardı. “Ölü təki”nin axşamı bir qayda olaraq yekunda çox gözəl bir tədbirlə, kənd qəbiristanlığında tonqal qalamaqla başa çatardı.

“Ölü təki” bu çərşənbə axşamları içərisində xüsusi məna daşıyan, hikmət və müdrikliklə dolu adətlər mərasimidir. Mən dəfələrlə Göyçənin anadan olduğum Kəsəmən kəndində həmin günün axşamı insanların simasında, çöhrələrində necə xeyirxah, necə məsum, necə saf, pak, təmiz hisslər, duyğularla, mənəvi rahatlıqla dolu cizgilərin əmələ gəldiyinin, hökm sürdüyünün şahidi olmuşam. Bu dəyişikliklər insanların dünyadan köçmüş əzizlərini dost-qohum-qonşularını yada salıb xatirələrini yad etməkdən, müqəddəs Novruz bayramını onlarsız keçirmədiklərini vurğulamaqdan qəlblərində yaranan rahatlığın, təmizliyin, paklığın, daxili mənəvi gözəlliyin təcəssümüdür. Məgər bu hisslər, duyğular, mənəvi gözəlliklər insan qəlbini riqqətə gətirən ali, uca, ilahi hisslər, gözəlliklər deyilmi?

Ətrafda baş verən hər bir olayı adi insanlardan iti GÖRƏN Dədə Ələsgər bu hissləri, duyğuları, daxili mənəvi gözəllikləri hamıdan daha dərin başa düşür, hiss edirdi.

Göyçədə “İlaxıır təki” (ilin axır çərşənbəsi) çox maraq və təmtəraqla keçirilərdi. Hələ gün batmazdan evlərdə qazanlar asılar, soğan qabığı ilə yumurtalar boyanar, süfrələrə yeddilövün (yeddilöyün, yeddi növ) yeməklər düzülərdi. İlaxır süfrəsini qazanlarda bişirilmiş yeməklərlə bərabər, qırmızı lentlə toqqalanmış səməni, cürbəcür şirniyyat növləri, əvvəldən hazırlanmış əydək-fəsəlilər, kətələr, qoz-fındıq, böyük məharətlə qışdan saxlanmış meyvələr, meyvə quruları, kişmiş və s. təamlar bəzəyərdi. Süfrə boyu yandırılmış şamlar isə ona xüsusi rövnəq verərdi. Gündüzdən qız-gəlinlər təzə tikdirdikləri tam qırmızı, ya da qırmızı güllü paltarlarını, baş örtüklərini – kalağayılarını, ipək xamlarını, örpəklərini, ayaqqabılarını səhmana salar, axşam isə bəzənib, hərə öz məhəlləsində uyğun bir evə yığışar, saz-sözlə, çal-çağırla çillə şıxarmağa toplaşardılar. Qaranlıq düşəndə kənd cavanları əllərində vedrə sulaşmağa çıxardılar. Üstünə su atılmış heç kəs bundan inciməz, əksinə bunu gülüşlə, şən əhval-ruhiyyə ilə saflıq, paklıq, təmizlik əlaməti kimi qarşılayar, qəbul edərdilər. Sulaşma çox vaxt səhərə qədər davam edərdi. Eyni zamanda qaranlığın düşməsiylə həyətlərdə tonqallar qalanar, göyə lopalar atılardı. Göyçənin dağ döşündə, ətəyində və düzənində yerləşən kəndləri nura qərq olardı, alışıb yanardı. Kənd cavanları, qızları, uşaqlar, bəzən coşqun, çılğın böyüklər də tonqalların üstündən tullanar və deyərdilər: “Ağırlığım-ığırlığım odda yansın”.

Bizim kəndimiz dağın ətəyində yerləşirdi. Cavanlar və uşaqlar qaranlıq düşəndə dağın sinəsinə qalxar, tonqallar qalayar, göyə lopalar tullayar, sanki orada bir “məşəl, tonqal şəhərciyi” yaradardılar. Məşəllərin daha ucaya atılmasıyla, tonqalların gurluğu və sayı ilə Göyçə kəndləri sanki bir-biriylə bəhsə, yarışa girirdi. Bu anlarda Göyçədə olan 5-6 erməni kəndi sükuta, zülmətə qərq olardı. Mənfur, xain, xəbis qonşularımızın nifrət, düşmənçilik hissləriylə münasibət göstərdikləri biz türklər bu adət-ənənələrimizi daha şövqlə, canfəşanlıqla həyata keçirərdik. Onlar zülmətə batmış kəndlərindən Göyçəli müsəlmanların, türklərinin yaratdığı kəhkəşana, gözəlliyə paxıllıq və dərin həsədlə, oğrun-oğrun tamaşa edərdilər. Bizlərlə nadir hallarda apardıqları bəzi “səmimi”, açıq söhbətlərində ermənilər onlarda bizim qədim Novruz bayramıyla müqayisə edilə biləcək bayramı, adət-ənənəsi olmadığını dərin həsəd hissiylə etiraf edərdilər.

İlin axır gecəsi eyni zamanda qulaq falına çıxmaq – “qapı pusma” gecəsi idi. Cavan qızlar-oğlanlar ürəklərində niyyətlərini tutaraq gizlicə qonşu evlərin qapısını pusub gedən söhbətlərə qulaq asardılar. Əgər qulaq asılan evdən xoş söz-söhbət eşidilərdisə, bu arzunun yerinə yetəcəyinə işarə idi. Bununla bağlı böyüklər həm özləri riayət edər, həm də uşaqlara bərk-bərk tapşırardılar ki, bu gecə çalışıb ağızlarından yalnız xoş söz-söhbət çıxarsınlar. Bu gecə həm də üzük falına baxmaq gecəsi idi. Qızlar üzüyü sapa, nazik pambığa bərkidib “lal su” (lal su qızların bulaq başına gedib gələnə qədər, dinmədən bulaqdan gətirdiyi suya deyərdilər) ilə dolu kasanın üstündə saxlayardılar. Üzük kasaya neçə dəfə dəymiş olsa, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarə idi.

Səhər tezdən bəzənmiş qız-gəlinlər bulaq başına toplaşardılar, kimin evində təzə gəlin, nişanlı qız vardısa onlar ilk dəfə bulaq başına gətirilər və şirinlik paylanardı.

Bayram ərəfəsindəki dörd həftə ərzində cavanlar boyadılmış yumurta döyüşdürmək, yumurta qatara qoymaq yarışları keçirərdilər. Yumurtalarının möhkəm olması üçün bəzi cavanlar onları duza qoyardılar. 

Novruz bayramı günündən bir gün əvvəl uşaqlar üçün çox maraqlı olan “baca-baca” günü keçirilərdi. Uşaqlar əvvəlcədən tikdirib hazır saxladıqları uzun saplı torbaları kənd evlərinin bacalarından və ya qapılarından içəri salaraq bayram payı aparardılar. Bu münasibətlə evlərdə baca-baca günü uşaqların torbalarına qoymaq üçün xüsusi “bayram payı” ehtiyat olunardı.

Bizlərdə, Göyçədə, xalq arasında belə bir rəvayət gəzirdi. Deyirdilər ki, bayram axşamında, gecə yarısında, köhnə illə təzə ilin vida anında, söyüdlərin salxım budaqları yerə dəyəcək, atlar dizini yerə qoyub torpağa baş əyəcək. Gecə yarısına qədər bu rəvayətə nağıllarımız kimi dərindən inanan uşaqları gözləməkdən şirin yuxu tutar, onlar o anı görə bilməzdilər… Dəqiq deyə bilmərəm, bəlkə də bu rəvayətdə belə dərin bir hikmət var: Ola bilsin bu rəvayət Tanrının yaratdığı bitkilər və ruh, can verdiyi varlıqlar köhnə ilin təhvili, yeni ilin qədəmi, qışın gedişi, yazın gəlişi anında torpağa səcdə etməklə ondan bol ruzi, bərəkət, xoş güzəran istəyini bildirmək işarəsidir…

Bayram günü ocaqda bayram aşı dəmlənərdi. Səhər-səhər kəndin bütün kişiləri bir yerə yığışar, qəbiristanlığa gedər, dünyasını dəyişmiş əzizlərini yad edər, dua oxudardılar. Qayıdanda, hər ailə başçısı mütləq dükandan şirniyyat alar, ailə üzvlərinə paylayar, onları bir-bir öpər, “bayramlaşar”dı. Bir gündən sonra qohum-əqraba ilə bayramlaşmalar başlayardı… Qonşular, qohumlar, qonşu kəndlərdən olan dostlar, pay-püşlə, bayram xonçası ilə bir-birinin evinə gedər, bayramlarını təbrik edərdilər… Nişanlı qızların evinə oğlan evindən xüsusi bağlanmış bayram xonçası gedərdi. Bu adət martın axırına qədər davam edərdi… Novruzda qədim el adətiylə heç kim küsülü qalmamalı idi. Ağsaqqalların, ağbirçəklərin, qohum-qonşunun vasitəsiylə bütün küsülülər barışdırılardı.

Hörmətli dostlar!
Novruz bayramının mənsub olduğu mart ayında Göyçə mahalında qeyd edilən adət və ənənələrimizin insanların qəlbində yaratdığı xoş ovqat, əhval-ruhiyyə, mənəvi hisslər və duyğular gözəlliyini dərindən duyan Dədə Ələsgərə Tanrı nəsib etmiş ki, belə bir ilahi misranı söyləmiş olsun:
CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN!

Zəngin poeziyamızda gözəlliklə bağlı çoxsaylı inci nümunələrinin mövcudluğunu nəzərə alaraq, bayram ayının gözəlliklərini görmüş və duyan bir insan kimi tam cəsarət və məsuliyyətlə deyə bilərəm, nə Dədə Ələsgərə qədər, nə ondan sonra poeziyamızda qadın gözəlliyini tərənnüm edən belə bir güclü bənzətmə deyilməmişdir!

Dədə Ələsgər şeirinin yalnız bircə misrasında hansı hikmətlər, duyğular, hisslər, sirli gözəlliklər gizləndiyinin, o dühanın hansı möcüzəli gücə malik olduğunun şahidi olduq!

Allah DƏDƏ ƏLƏSGƏRƏ dönə-dönə rəhmət eləsin! O nurlu, möcüzəli dühanın o dünyası nurla dolsun!
Yazımın sonunda “GETMƏ, AMANDI” şeirini bir daha nəzərinizə çatdırmaq istədim.

Gözəllər sultanı, mələklər şahı, 
Alagöz cananım, getmə, amandı.
Dərdindən xəstəyəm, çəkirəm ahı,
Ölürəm, loğmanım, getmə, amandı.
***
Camalın göyçəkdi bayram ayından,
Görən doymaz qamətindən, boyundan.
Layiq deyil qurban kəsim qoyundan, 
Sənə qurban canım, getmə, amandı.
***
Sən mələkzadəsən, ay mina gərdən,
Görənin ağlını alırsan sərdən.
Kəsmə iltifatın qul Ələsgərdən,
Kərəmli sultanım, getmə, amandı.

Ələddin Allahverdiyev, Professor
Moskva şəhəri. 17.10.2017.

ƏVVƏLKİ MƏNBƏLƏR:

karabakhmedia.az,   goyce.az ,  yazarlar.az, yazyarat.com

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “MƏN”-Ə GƏL

“MƏN”-Ə GƏL
Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,
Diri-diri tən üzülmüş, Sultanadır biətim,
Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,
Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Təkər dönər, mil tutanı, döndərəni dən-dənə,
Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,
“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,
“Mən” axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Ustac tutub söz mayasaın, Tanrı verən payından,
Taylı gərək, əzəl gündən, yarımalı tayından,
“Toydan sonra nağara” tək, fayda görməz hayından,
Yön axtaran, yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Firuzə İslamqızı – Dağlar…

DAĞLAR.

Sirri-sözü bir olubdu,
Dayanıbdı qoşa dağlar.
Bir-birinə sığınıbdı,
Veribdi baş-başa dağlar!

Bürünmə dumana, çənə…!
Mehman olsun gələn yenə,
Yal-yamacda qursun binə,
Pənahlansın qaşa, dağlar!

Lalə, nərgiz, gül dərənlər,
Həsrət, şəhərdən gələnlər.
“Aç alnını” qoy görənlər
Etsinlər tamaşa, dağlar !

Nəbi dərəsi – bu yerlər,
Qarabağdan köçən ellər
Düşər burda gecələyər,
Səpələnər döşə, dağlar.

“Dərəyurd”,”Bəşirdərəsi”,
Kəsilməzmiş ünü, səsi…
Keçməzmiş mərdin gülləsi,
Yağı üstən boşa, dağlar!

“Qumlu bulağ”a binədən,
Qonaq olur, gəlib-gedən.
Bir qurtumnan donur bədən,
Göynək verir dişə, dağlar!

Çalmalıya birnəfəsə
Çıxarsan, gəlsən həvəsə.
Möcüzədi, görən kəsə,
“Çalma” vurub başa, dağlar !

Ordan enəndə “buruğa”,
Səbəb olur min marağa.
Lalca axan bir bulağa,
Düz gəlirsən tuş, a dağlar !

Burda əfsanə yaranıb..,
İllərdən yadigar qalıb.
Sürü qabaqda dayanıb,
Çoban dönüb daşa, dağlar !

Çıxdım gördüm Kəlbəcəri,
Seyr elədim o elləri…
Bu yerdə Dədə Şəmşiri
Gətiribsən cuşa, dağlar !

Ordan obalara enər..,
Qatıq -qaymağınnan yeyər,
Bisavad Firuzə deyər:
-“Var ol səni, yaşa, dağlar”!


Göyçə mahalı, Ağkilsə kəndi, 1986.

Müəllif: FİRUZE ELESGEROVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ÖLÜM NƏDİR?

ÖLÜM  NƏDİR?

Ölüm, ən şirin nemət,

Ən sonuncu diləkdir….

Ölüm, sonuncu fürsət,

Ümidsizə ümiddir….

                            07.01.2014.   Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

FƏRQANƏ MEHDİYEVA – EH…

Eh… DİLİM QUŞ DİLİDİ…

Saldım aləmə soraq,
Bir kagızdı, bir varaq.
Bu dünyanı ƏNƏLHƏQ-
Sandım Nəsimi kimi…

Dolandım çıragına,
Sarıldım varagına.
Tək Tanrı ayagına-
Endim Nəsimi kimi..

Misra qovuran sacam,
Hər şerə,sözə acam.
Kaş olaydı bir hecam-
Bəndim Nəsimi kimi..

Sür ömrü.. alnı açıq..
Yerin yoxsa, Göyə çıx.
Şəhərim dar agacı-
Kəndim Nəsimi kimi..

Həsrətim mürgülüdü,
Dözümüm daş külüdü..
Eh..dilim quş dilidi-
Dindim Nəsimi kimi..

Yapışdım gərəyimdən,
Oxlandım kürəyimdən,
Soyuldum ürəyimdən-
Yandım Nəsimi kimi!!!

Müəllif: Ferqane Mehdiyeva

Mənbə:Terane Memmed

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜKAFAT YAQUB

Seyfəddin Səbayelin fəlsəfi duyumları.
Adama elə gəlir ki, XXI əsrdə, müasir cəmiyyət üçün təzə söz demək, müdrik kəlamlar işlətmək, sanki, mümkünsüzləşib. Elə bilirsən ki, artıq, bütün deyilməli sözlər, nəsihətamiz ifadələr deyilib, tükənib. Yenisini demək, tapmaq daha mümkün olmayacaq. Çünki ta antik dövrdən indiyədək neçə minlərlə şəxsiyyətlər, dahilər, alimlər, filosoflar, mütəfəkkirlər o qədər ali və ibrətamiz kəlamlar, nəsihətlər, misallar, elmi mühakimələr, şər”i mükalimələr işlədiblər ki… 
Amma əslində, bu gün üçün söz demək- sözün qədir-qiymətini, dəyərini bilənlər üçün, həyatda görüb-götürdüklərini idrakının süzgəcindən keçirənlər üçün həyatı qədər vacibdir. Doğrunu, həqiqəti, əsil sözü demək – bütün təhlükələrə rəğmən- bəşər övladı üçün insanlıq vəzifəsi, müdriklik və kamillik zirvəsidir.
Seyfəddin Səbayel, artiq, ədəbiyyatımızda öz sözünü demiş yazıçıdır.O, ədəbi aləmdə kifayət qədər tanınmış şəxsiyyətdir. Sizə təqdim olunan bu yeni kitabında 1000-ə yaxın kəlamı toplanılıb. Bunu Azərbaycan ədəbiyyatında ən az işlənən ədəbi janr kimi də qəbul etmək olar. Bu kəlamlardan, aforizmlərdən, ibarələrdən, fraza və frazeoloji birləşmələrdən kimisi söz, ağıl, nəsihət,nümunə, təmşiyyət götürəcək, kimisi isə sözdən söz çıxaracaq, sözü yüz yerə yozacaq, sözə etina etməyəcəkdir. Hər iki halda ixtiyar sahibi oxucu özü, oxucu sözü olacaq. Yazıçının öz təbirincə desək:
– Duz olsun, ya buz…ancaq, gəlin, ağlımızla bu yükü çəkək…
Kitab XXI əsr Azərbaycan ədəbiyyatında yenidir. Bu sözlər, bu kəlamlar nəsrimizə yeni nəfəs gətirib. Bu yeniliyi davam etdirmək fikrində olan müəllifə gələcək yaradıcılığında uğurlar arzulayırıq.
S.Səbayelin oxuculara təqdim olunan bu kitabını hadisələrə realist baxışlı, məxsusi təfəkkürə malik olan bir insanın, həyatın mənasını yaratmaqda görən bir yazıçının fəlsəfi düşüncələri,nəsihətamiz deyimləri, ictimai-publisistik fikirləri də adlandırmaq olar.Əsərdə cəmiyyətin bugünkü dünyagörüşü, həyat fəlsəfəsi qısa, dolğun, yığcam aforizm halında, bədii ehkamla, məzəli, bəzən də üstüörtülü və ikimənalı işarə və ibarə ilə oxuculara çatdırılır. 
Açıq, şax danışmağı sevən, öyüd-nəsihət, ibrətamiz kəlam, aforistik ifadə tərzi Səbayelin əsas yaradıcılıq keyfiyyətlərindən biridir. Belə xüsusiyyətlər onun bütün əsərlərində- şer, hekayə və povestlərində də özünü göstərir
Elə müdrik insanlar vardır ki, sözləri cavahirdən də, qızıldan da

qiymətlidir.Ancaq onların sözünü, bəzən, tam mənası ilə anlamırıq. Çünki sözləri də özləri kimi hikmət pərdəsinə bürünmüşdür. Müəllif demişkən:
-Arxanca daş atan olmasa, qabağı yaxşı görə bilməzsən.
yaxud:
-Hər yazılanı oxumuruq, hər oxunanı başa düşmürük, hər başa düşüləni də yadda saxlamırıq…
Yazıçı S.Səbayelin müasir cəmiyyət haqqında bugünkü fəlsəfi düşüncə və nəsihətamiz deyimləri illərin yazıçı yaşantısında buraxdığı ruhani izlərin bədii təcəssümüdür:
-Yeraltı keçidlər yerin üstündən keçir.
yaxud:
-Tələsənlər də vaxt itirir…
və yaxud:
-Məni inandıdmağa çalışırlar ki, sabahımız bu günümüzdən yaxşı olacaq.Mən də bu inamla söz vermişəm ki, hələ yüz il də yaşayacağam.
və yaxud:
-Dünən “var” deyirdin, bu gün “yox” deyirsən. Sən bu dünyada varsan, yoxsan?!.
Səbayelin deyimləri toplam düşüncələrdir. Bu aforizmlər bəşəri, mənəvi xəzinələrin fəlsəfi davamı, müasir zamana məcazi baxışları, düşünməyə vadar edən mətnaltı fikirləri, kodlaşdırılmış ismarıclarının, bizə çatdırılmaq üçün, yazıçı tərəfindən bu günkü kəşfi, bu günkü açılışıdır:
-Heç vaxt köhnəlməyən və həmişə köhnə qalan məhəbbət!
yaxud:
-Danışan xalq olsaydı, xalqın adından danışan olmazdı… 
Bu deyimlərdə,bəzən, ilk baxışdan qəbul edilməyəcək fikirlərə də rast gəlmək olar. Necə ki, atalar sözlərində də belələri var.Həmin fikirləri sadəcə, gəlişigözəl sözlər kimi qəbul etmək düzgün olmazdı.Bu aforizmlərdə böyük hikmət gizlənmişdir:

– Ən çox xoşuma gələn sənət – dəmirçilikdir: Döyür, döyülmür.
yaxud:
-1 böyükdür 1000 ?… Sizi bilmirəm, mən həmişə minin birə söykəndiyini görmüşəm…
-Sənin kimi qurda görə, mənim kimi qoyun əziyyət çəkir…
Hər-hansı bir məsələyə orijinal yanaşma, özünəməxsus düşüncə tərzi var. Bu misallara da fərdi və eksklüziv yanaşma kontekstində nəzər salmalıyıq. 
Bu deyimlər içərisində paradoks və təzadlara da, bədii məntiqə və lakonik düşüncəyə də rast gəlmək olar, dağınıq fikirlərə də… Əlbəttə ki, yazıçı kontekstində bu ibarələr fəlsəfi dünyagörüşün cəmiyyətə yeni nəzəri baxışıdırsa, oxucu prizmasından dağınıq fikirlər kataloqu kimi də qarşılana bilər.Nəticədə isə, qazanc ədəbi mühitin olacaq. Bu barədə yazıçı öz sözünü belə deyib:
-Dünya gör-götür dünyasıdır. Görüb götürə bilməyənlərin dünyası yoxdur.
Əslində, buradakı aforizmlər məntiqi düşüncəyə, acı həqiqətlərə, bu günün çılpaq reallığına əsaslanır. Onların, demək olar ki, heç bir şərhə, izaha, təhlilə ehtiyacı yoxdur. Hər şey sadə, aydın və anlaşıqlı dillə qələmə alınmışdır. Bax, budur bədii təzadlarla bəzənmiş acı həqiqət:
-Ağ gününü Qara dənizdə axtaranlar da var!..
yaxud:
-Göz yaşı da gözdən düşdü…
və yaxud:
-Sonsuz adamların da sonu var!..
Belə misallar çoxdur. Demək olar ki, bütün deyimlər fəlsəfi məna daşıyır.Birbaşa deyilənlər də, sətiraltı mənada deyilənlər də…Buna görə də kitab haqqında ön sözümü aşağıdakı aforizm, nəsihət-çağırışla bitirib oxucuları kitabla baş-başa saxlayıram:
-Mənəviyyatın çürüməsi- maddiyyatın inkişafı üçün ən zəruri və ən təbii gübrədir.
15 dekabr 2011-ci il.

Müəllif: MUKAFAT YAQUBOV
Yazıçı-publisist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xuraman Camalqızı – Dağlar…

Salamat qal demədim ki, dağlara…

(”Duman salamat qal, dağ salamat qal” Məmməd Araz. )

Elə vaxtdı dağlar susub dururdu,

İnsan seli yarı yolda yoruldu.

Dönüb baxdım sanki dilim qurudu,

”Salamat qal” demədim ki, dağlara.

* * *

Duman sürünürdü kəndin yasına,

Yığışdı insanlar insan səsinə,

Şimşəklər çaxırdı göy qübbəsinə,

”Salamat qal ” demədim ki, dağlara.

* * *

Dönüşü olmayan bir yola çıxdıq,

Günahkar deyildik , haqdan da haqdıq.

Məchul bir nöqtəyə dirəndik , baxdıq,

”Salamat qal ” demədim ki, dağlara.

* * *

Vətən kəlməsini anladım o gün,

Susmuş vicdanımı danladım o gün,

Ağladım, ağladım , ağladım o gün,

”Salamat qal ” demədim ki, dağlara.

* * *

Xəyalımda o dağlara gedərəm,

Alışaram , odlanaram, sönərəm,

Mən ölərəm , mən ölərəm, ölərəm,

”Salamat qal ” demədim ki, dağlara.

Bir gün dağlar üstümüzə gələcək…

Hər qayanın , hər daşının xətri var,

Çiçəklərin , çəmənlərin ətri var,

Yazılmamış dastanların sətri var,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Gədikləri dolayları pusquda ,

Dayanmışam , fikirlərim asqıda.

Alnımıza yazılan bu yazıda ,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Qədim ellər itiribdi sinəsi,

Nə dərdləri götürübdü sinəsi,

Xarı bülbül bitiribdi sinəsi,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Bulaqları içilmədi , ölərəm,

Meşələri keçilmədi, ölərəm,

Biçənəklər biçilmədi,ölərəm,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Qismət olsun torpaqlarım əkilsin,

Al bayraqlar yüksəklərə çəkilsin,

Bulaq suyu sinəmizə tökülsün,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Şad xəbəri gözləyəcək gülüm hey,

Həsrət qalan, ayım, günüm, ilim hey,

Dağ döşündə ölüm, ölüm , ölüm hey,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Etirazın ildırımlar bağırır,

Sellər , sular hər tərəfə dağılır,

Dəli rüzgar hər tərəfə yayılır,

Bir gün dağlar üstümüzə gələcək.

Yalvarın dağlara

Biçənəklər dizə qədər bitərdi,
Qoyun , quzu arasında itərdi,
Torağaylar həzin, həzin ötərdi,
Yalvarın dağlara yol versin bizə.

Qayaları çılpaq deyil , meşədi,
Yamacları nərgizlə bənövşədi.
Fərə kəklik yuvasında üşüdü,
Yalvarın dağlara yol versin bizə.

İldırımlar Çalbayırdan enərdi,
Sellər, sular kəndə sarı dönərdi,
Həyət , baca bir anda sellənərdi,
Yalvarın dağlara yol versin bizə.

Ceyranın dodağı suya toxunar,
Burda bildirçinlər nəğmə oxuyar,
Göydə quşa baxıb, xalı toxuyar,
Yalvarın dağlara yol versin bizə.

Baldan şirin idi bulaqlarımız,
Necə sərin idi yaylaqlarımız,
Buz baltası kimi uşaqlarımız,
Yalvarın dağlara yol versin bizə.

O sərinlik başqa yerdə hardadır ?!
Canımdan da şirin kəndim dardadır,
Hərə bir söz ilə bizi aldadır,
Yalvarın dağlara yol versin bizə.

Laçın obalarım hara dağıldın?
O toy büsatlardan bəlkə sıxıldın ?
Necə qürurluydun, necə yıxıldın,
Yalvarın dağlara yol versin bizə.

Bizim dağlara oxşasın

Yağışını göndər gəlsin,
Sellərini döndər gəlsin,
Göy qurşağı öndən gəlsin,
Bizim dağlara oxşasın .

Dumanları bol eylə ki,
Dağlarından yol eylə ki,
Çəmənləri gül eylə ki,
Bizim dağlara oxşasın.

Suları göz yaşı kimi,
Gölü üzük qaşı kimi,
Hər qayası, daşı kimi,
Bizim dağlara oxşasın.

Yapıncını geysin çoban,
Yaşıla bürünsün orman,
Bulaqları dərdə dərman,
Bizim dağlara oxşasın.

Duman yolları bağlasın,
Buludlar dolub ağlasın,
Bulaqlar qonaq saxlasın,
Bizim dağlara oxşasın.

Dağlar

Sinənizdən çalın-çarpaz

Sellər keçdi, sular keçdi.

Sevmədiyin qullar keçdi,

Əsirlikdə qalan dağlar!

* * *

Mərdliyini, qorudular

Min illərdi uludular

İllər keçdi məğrurdular

Əsirlikdə qalan dağlar.

* * *

İgidlərin dönməz oldu,

Gözəllərin gəlməz oldu,

Nələr oldu bilməz oldun

Əsirlikdə qalan dağlar.

* * *

Sarsılmasın əzəmətin,

Əksilməsin kəramətin.

Heç solmasın təravətin ,

Əsirlikdə qalan dağlar

* * *

Bulaqları sərin saxla,

Əmanəti dərin saxla

Məzarımın yerin saxla

Əsirlikdə qalan dağlar!

* * *

Anaların eşit səsin,

Verə bilmir son nəfəsin,

Əsirləri göndər gəlsin

Əsirlikdə qalan dağlar

Dağlar sirr saxlayandı

Eşqimi dağa söylədim,

Sinəsində saxlasın

Buludlara söylədim

Yağış olub ağlasın

* * *

Çaylara söylədim ki,

Dərələrdə çağlasın

Çiçəklərə söylədim

Yığıb dəstə bağlasın

* * *

Dumanlara söylədim

Həsrətimə bürünsün

Gözlərimin önündən

Sirli-sirli sürünsün

* * *

Yollarına söylədim

Ömür kimi uzansın

Alsın getsin dərdimi

Qətrə-qətrə azalsın

* * *

Rüzgara söylədim ki,

Ətrin gəlsin havadan

Qanad açdım göylərə

Xəbər alım dünyadan

* * *

Sənə söyləmədim ki

Məhəbbət yox könlündə

Gizli-gizli yaşasın

Mənim küsgün qəlbimdə

Sevdiyim çiçəklər dağlarda qaldı

Sevdiyim çiçəklər dağlarda qaldı,
Şehli bənövşəni biçib , gətir sən.
Xəyalım uzandı çox uzaqlara,
Məni keçmişlərə geri götür sən.

Gəl otur qarşımda dağlardan danış,
Saralıb- sovrulan bağlardan danış,
Ölənlərə rəhmət, sağlardan danış,
Məni keçmişlərə geri götür sən.

Xatirən sızlasın sınıq qəlbimdə,
Danışsın, ağlasın yanıq qəlbimdə,
Bir insaf yaransın soyuq qəlbində,
Məni keçmişlərə geri götür sən.

Yenə çıxacağam dağların üstə,
Dolanıb gələcəm bağların üstə,
Bənövşə ətirli bulağın üstə,
Məni keçmişlərə geri götür sən.

Xuraman, varlığın keçmişə bağlı,
Yaralı ürəyim əbədi dağlı,
Küsmərəm əzizim , qolları bağlı,
Məni keçmişlərə geri götür sən.

Deyirem men niye sevdim dağları

Bilirsən nə üçün əzizsən mənə ?!

İlk dəfə dağlarda görmüşdüm səni.

Öz yurdum, öz elim, öz obam kimi,

Qəlbimə ən yaxın bilmişdim səni.

* * *

Çiçək qoxuludu çölü , çəməni,

Adınla başladım hər bir kəlməni,

Dünyanı ” kor edib ”… tapmışdın məni,

Mən də üsul – üsul sevmişdim səni.

* * *

Bulağı sevirdim, yolunun üstə,

Saçın dalğa – dalğa alnının üstə,

Dağlara söykənib qolunun üstə,

Necə yaraşıqlı bilmişdim səni.

Duyğular ölmedi öz eceliynen

Mənim vətənimdə dağlarım vardı,
Dağlar da sinəmdə , özümdə gəldi.
Çayları, suları, bulaqları da ,
Kövrələn qəlbimdə, gözümdə gəldi.

Mən özüm gəlmişəm, uşaqlığımı ,
Kəndin cığırında , izində qoydum ,
Yuxulu, qayğısız körpə çağımı,
Anamın o rahat dizində qoydum.

Bir gün qarşılaşıb görüşsək əgər,
Suallar gözümdə saralacaqdır.
O körpə, o məsum mələk qızcığaz,
Sual tək boynuma sarılacaqdır.

Xəyalən dönəcəm uşaqlığıma,
Yenə çözəcəyəm yuxularımı.
O sual verəcək neylədin axı,
Mənim bu körpəcə duyğularımı ?!

Duyğular ölmədi öz əcəliynən,
Qəza məhv elədi, qədər öldürdü.
Yaşatmaq istədim kövrək hissləri,
Ayrılıq susdurdu, kədər öldürdü.

Böyüdüm həsrətin ağrılarıyla,
Bələdim kədəri, qəmi könlümə.
Həyatım beləcə əzabla keçdi,
Doğuşdan sınıqdı demə könlümə.

Müəllif: Xuraman Camalqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru