QƏLƏNDƏR XAÇINÇAYLI

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

MƏĞRUR DAYAN VƏTƏN OĞLU

Məğrur dayan, Vətən oğlu,
Dağıt getsin səngərləri.
Daha yoxdur hesab, sorğu,
Qov yurdundan düşmənləri.

Zəfər sənin, şan sənindir,
Torpağını azad elə.
O, yurd yeri vətənindir,
Hücuma keç Vətən deyə.

Vətən oğlu, igid əsgər,
Güc səndədir, qüdrət səndə.
Düşmən qorxub qaçar gedər,
Sən coşanda, kükrəyəndə.

Qələbəyə az qalmısan,
Bu tarixi bir savaşdır.
Torpağından güc almısan,
Bir nərə çək, yağı çaşdır.

Xalq dayanıb arxanızda,
Çox güclüsən, qüvvətlisən.
Mətin durun sıranızda,
Məğlub olur mənfur düşmən.

Bu qələbə, zəfər bizim,
Azad edin Qarabağı.
Qoy sürünsün dizin-dizin
Qarşınızda düşmən, yağı.

Qeyrətinə qurban oldum,
Ey, Azərbaycan əsgəri.
Yürüşünə heyran oldum,
Can, Azərbaycan əsgəri.

Başda durub komandanın,
Qılınc çalan sərkərdən var.
İrəliyə gedir yolun,
Qələbədir bu addımlar.

Qarşınızda tab gətirmir
Kafir oğlu, ermənilər.
Silahların qoyub gedir,
Əhsən sizə igid ərlər.

Bu, üç rəngli bayrağımız 
Xankəndinə taxılacaq.
Gül açdıqca torpağımız,
Xain düşmən sarsılacaq.

Əhsən sizə igid əsgər,
Qarşınızda baş əyirəm!
Əhsən sizə igid ərlər,
Sizə min alqış, deyirəm!

2 aprel 2016-ci il

Müəllif: QƏLƏNDƏR XAÇINÇAYLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSİF HAQQINDA

NAİBƏ, QƏZƏL DE Kİ…

İlk şeirini beşinci sinifdə yazan Naibə xanım içində tüğyan edən poeziyaya olan həvəsini boğub saxladı. Amma bu yaradıcı enerjinin qarşısında tab gətirə bilmədi.2014- cü ildə təsa¬düfi hadisəni, şeirə çevirərək poeziya aləminə qarış-dı.Yaradıcılığa gec başalasa da, güclü qələm sahibi olmasını tezlik¬lə sübut etdi.
Naibə xanımın çox çətin janr olan qəzələ müraciət etməsi diqqətimi cəlb etdi.Qəzəllərini sırf ana dilində, tez qavranılan tərzdə yazması, mənə qəzəlxan şair Əliağa Vahidi xatırlatdı…
Əliağa Vahid özünəqədərki qəzəl şairlərindən fərqli olaraq yaradıcılığında ərəb, fars mənşəli sözlərdən istifadə etməklə şeiri “gözəlləşdirmək” imkanlarından, demək olar ki, imtina etdi. Bəli , elə bu meyarlar Naibə Yusifin qəzəllərində də öz əksini tapır:

Yığılıb başıma dostlar, yenə qəlbim kimi səslər?
Səpələr inciləri gözlərim, hey yolları süslər.

Sararaq ruhumu hicran mənə verməkdədi zillət,
Demə, vurğun bu könül, sirrini məndən də mi gizlər?

Naibə Yusif qəzəllərində ana dilimizin üstünlüyü əsas amıl kimi nəzərdə saxlanılır.Təbiidir ki, bu, yüz illər ərzində üç dilin imkanlarından istifadə ilə yaranmış qəzələ yeni münasibətdən irəli gəlir. Həmin münasibət həm də Azərbaycan dilinin sonsuz imkanlarına inamla bağlıdır. Naibə xanımda belə bir inam var. Bu inamı ilə o nəinki qəzəl janrında yeni üfüqlər açır, həm də qəzəl yazmaq istəyən neçə-neçə yaradıcının gözləri qarşısında bu üfüqlərin gözəlliyini canlandırır. Əlbəttə, çoxlu çətinliklərin yarandığını başa düşmək olur. Bir var sözü, ifadəni, qafiyəni üç dilin meydanında axtarasan, bir də var bir dilin. Naibə Yusif məhz bir dildə, doğma Azərbaycan dilində hətta klassık qəzəllərə bərabər əsərlər qələmə alır.Fikrimcə, şairəni çoxlarından üstün edən əsas amillərdən biri də budur.

Açdım əlimi göylərə, min bir səmər oldu,
Ömrüm cücərib pöhrələnən bağ, bəhər oldu.

Güldü üzümə göydə günəş, yerdə çəmən, çöl,
Eşqim göyə pərvaz eləyən bir kəhər oldu.

Yaradıcılığı ilə yaxından tanış olduqca əmin oluram ki, Naibə xanım klassik və müasir poeziyamıza dərindən bələddır. Əlbəttə, bu da təsadüfi deyil. Dil- ədəbiyyat müəlimi kimi öz ixtisasını dərindən bilməsi şairin yaradıcılığının çoxşaxəli və keyfiyyətli alınmasına çox yardım edir.Şairin yaradıcığında mövzu oxşarlığı nəzərə çarpmır. Qəzəl janrında da tək sevgiyə yox, digər mövzulara da müraciət edir. İnsan və həyat! Növbəti qəzəldə, bu mövzu diqqətimi cəlb etdi:

Gəlişi, həm gedişi aləmə pünhandı nədən?
Yaranışdan onun ismi nədən insandı, nədən?

Gecəsi, gündüzə dönmüş ona sirdaş olalı,
Ölüm adəm deyilən aşiqə heyrandı nədən?

Fələyin qəsdinə bax, Adəmi eylərkən əta
Yeni dünya bəşər övladına zindandı nədən?

Başqa bir qəzəlində, nahaq qan axıdan ,iblis ruhlu “insan”lar nəzərdə tutulub:
Qandan nə qədər doymaz, Ya Rəbb, bu amansızlar,
Çatlaq dodağı fərşin: “Rəhm eylə!”, “Aman!”- sızlar.

Qalmış vətən həsrətdə, el naləli qürbətdə,
Uymuş yenə xəlvətdə min yadə gümansızlar.

Naibə xanımın qəzəllərində mövzu rəngarəngliyi insanı yormur. Qəzəl dünyasının çoxşaxəli və mövzu baxımından rəngarəng olmasına şairənin texniki imkanları yetir.
Yer övladı üçün ortaq marağa səbəb olan bolluca ha¬di-sələr, amillər var. Şairlər üçün bu cəhət özünü sevgidə göstərir. Necə qiymətləndirilməsindən asılı olmayaraq hər bir şairin (eləcə də başqa yaradıcı insanların) ya xəyalən, ya da gerçək bir sevgi guşəsi, həyatının sevincli, qəmli günlərində üz tutdu¬ğu, səcdə qıldığı məhəbbət astanası var. Orada hər şey gözəldir, cazibədardır, hətta ağrı da ləzzət verən, şövq gətirəndir .Bütün bunları Naibə xanım yaradıcılığında nəzərə almışdır:

Küsmə məndən, gedişin gör necə dastanə dönüb,
Ələnib başıma qar, bağrım içi qanə dönüb.

Bürüyüb yer-göyü ahım, sənin insafın hanı, 
Heç düşündünmü fəqirin günü zindanə dönüb?

Naibə xanım sevgiyə aid qəzəllərində də açıq- saçıq ifadələrdən imtina edərək qadınlıq adını uca tutur, yüksək əxlaqi dəyərlərə riayət edir, qafiyə xatriinə də olsa, bu ifadələrdən istifadə etmir:

Bürünüb al-yaşıla güldü çəmən naz ilə, dur,
Bu nə naz, işvə, gülüm, söylə, nədəndir bu qürur?

Açılıb rəngi gülün nərgizə gəl-gəl deyərək,
Eləyir bax beləcə qönçələrin eşqi zühur.

Bükülü tər ləçəyin danəsi üqbadakı hur, 
Yanağından süzülən zəmzəmi cənnətdəki nur.

Səni pəjmürdə görən gül də qalır boynubükük,
Nalədən don geyinir, qalx, yenidən məclisi qur.

Ələ al, mey dolu camdan mənə bir qətrə içirt , 
Yenə lal Naibəni söz dolu peymanədə yor.

Şairin qəzəlllərində təbiətə, gözəlliyə heyranlıq diqqəti daha çox cəlb edir:
Dola ülfətlə cahan, torpağa yaz ətri gəlib,
Gülə heyrətlə zaman, torpağa yaz ətri gəlib.

Öpə güllər yamacın tazə yaşıl örpəyini ,
Baxa həsrətlə saman, torpağa yaz ətri gəlib.

Yenidən kökləyərək tellərini yaz küləyi 
Çala dağlarda kaman, torpağa yaz ətri gəlib.

Səpə gözdən buludum incə, zərif danəsini,
İçə ləzzətlə duman, torpağa yaz ətri gəlib.

Bürüyər aləmi nur, Naibə, eşq eylər əta
Göyə riqqətlə güman, torpağa yaz ətri gəlib.

Digər bir qəzəlində göz oxşayan çiçəyin vəsfi oxucunu heyran edir:
Yenə almış əlinə qəmzə ilə saz çiçəyim,
Eləyir dünyanı məst, cilvələnir naz çiçəyim.

Necə vəsf eyləməyim tər ləçəyn xalını mən,
Sarılıb göy çəmənə işvəli naz-naz çiçəyim.

Nə qədər çəksə cəfa, eyləyərək əhdə vəfa,
Verəcək zövqü səfa aşiqə şahnaz çiçəyim.

Səni könlüm elə istər, yerə qoysam qələmi,
Deyəcək al əlinə tərif elə, yaz, çiçəyim.

Allaha müraciətlə yazdığı başqa qəzəldə də biz həm sadəlik, həm də məna dərinliyi duyuruq:

Düşdüm yenidən sirli səsin sehrinə, Allah,
Lütf et, yürüsün səs bu könül şəhrinə, Allah.

Səndən diləyim, alma gözəl duyğumu məndən,
Salma sevəni dərdü-bəla bəhrinə, Allah.

Naibə xanımın qəzəl dünyasına baş vurduqca bir daha əmin olursan ki, qəzəllərin böyük əksəriyyəti bədahətən, hal və vəziyyətə münasib yazılmışdır ki, qəzəllərə daxili sadəlik və təbiilik verən amil də elə budur. Bu baxımdan Mahirə Nərimanqızı Mahi ilə aşağıdakı deyişmə xüsusilə cəlbedicidir:

Mahirə Nərimanqızı Mahi
Qurulub min tələ, min bir duzaq ömrün yoluna,
Yenə yazıq ürəyim gör necə bir ağa düşüb!(Mahi)

Naibə Yusif
Dəyişib məhvəri çərxin, gecə-gündüz bir olub,
Çəkərək solda cəfa lal ürəyim sağa düşüb.

Mahirə Nərimanqızı Mahi 
Fələyin qəsdi nədir, bilmədi nalan ürəyim,
Çölü-gülzarı qoyub, meyli bizim bağa düşüb.

Naibə Yusif 
Gülü solmuş çəmənin dərdinə dərman arayan,
Düzə aşiq ürəyin indi yolu dağa düşüb.

Mahirə Nərimanqızı Mahi 
Bəlkə, dövrandı günahkar, hamı nainsaf olub,
Nə edək, bəxtimiz, iqbalımız o çağa düşüb?

Naibə Yusif
Mahi, dövrandı günahkar deyibən ərz elədik, 
Niyə bəs böylə xəzan bağda yaşıl tağa düşüb?

Mahirə Nərimanqızı Mahi 
Gülü sübh yelləri oxşarsa,sarıb bülbülü qəm,
Səhərin şəbnəmi tək göz yaşı yarpağa düşüb.

Naibə Yusif 
Üzərək aşiqini dərdə salan gül butası,
Süzərək gözlərini bir yeni ovlağa düşüb.

Mahirə Nərimanqızı Mahi 
Mahi, dövran belə gəlmiş, beləcə getmədədir,
Şahi-dövran da ola,sonda bu torpağa düşüb.

Naibə Yusif 
Naibə, susma, danış, nəfsinə qul oldu deyə,
Nə qədər cəng eləsə, insan o qarmağa düşüb.

ÜMMÜ SÜLEYMANOVA 
Şəki şəhəri.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru