Dağlar – Hüseyn Faxralı

Dağlar

Bu yol çəkən iki gözüm
Yollarında kökür dağlar.
Səngiməyir odum, közüm,
Hara baxır gözün dağlar ?

Nə dərdim var, nədi sərim?
Dərd sinəmdə dərya, dərin.
Nəyə büküm, hara sərim 
Dərdi – səri düzüm dağlar ?

Qalmadı, səbrim tükəndi,
Qırılar, nazik tükdəndi,
Çəkdiyim fikir, yükdəndi,
Qalmayıbdı dözüm dağlar.

Baldırğanın bal, cökəndi,
Köz üstə kömbən, kökəndi,
Azar – bezar bel bükəndi,
Bükülübdü dizim dağlar.

Kəhərlərin nal tökəndi,
Gül – çiçəyin hal sökəndi,
Hüseyn sənə qul, nökərdi,
Budur axır sözüm dağlar.

19.10.2017 (14:40)

Dağlar

Bizim yurda yaz ayları gələndə
Ömründən-günündən yarıdı dağlar.
Bülbüllü bağlarda güllər açanda
Gül üstə bal əmən arıdı, dağlar.

Qəm qəlbimin dövlətidi, varıdı,
Zara gəldi, zaman – zaman zarıdı,
Sinəm şan-şan, söz sinəmdə darıdı,
Qubar ürəyimin barıdı, dağlar.

Deməyin ki, bir atımlıq barıtdı,
Yazdı – pozdu nə yaratdı, yarıtdı ?
Hüseyn dərdi ürəyində qarıtdı,
Özü də dərd kimi qarıdı, dağlar.

14.08.2017 (23:52)

Dağlar

Gözümü açandan elə sevmişəm,
Özümü qanandan belə sevmişəm,
Sevmişəm, sevirəm, yenə sevəcəm
O eli, obanı, elatı, dağlar.

Aman da səndədi, ah da səndədi,
Muğam da səndədi, Segah da səndə,
Heyratı, Şur səndə, Dügah da səndə,
A layla, zümzümə, bayatı dağlar.

Ah çəkir, eh çəkir, candan ovsanır,
Sizləri özünə dost, həmdəm sanır,
Həsrətdən od tutub, alışıb, yanır,
Hüseynin hələ də həyatı, dağlar.

15.07.2018 (21:04)

Dağlar

Ahu kimi yanam elə,
Enəm qaynar çeşmələrə,
Dizlərimi qoyam yerə,
Bir doyunca içəm dağlar.

Səhər – səhər, şehli – şehli,
Meşələrin sərin mehli,
Könlüm qubar, dilim “eh”li,
Çəmənlərdə gəzəm dağlar.

Al yanaqlı çiyələyin
İyisini bir də alam,
Ətirindən bihuş olam,
Tapdalayam, əzəm dağlar.

Qartal kimi qalxam göyə,
Qurdu – quşu döyə – döyə,
Vətən var ol deyə – deyə
Zirvələrdə üzəm dağlar.

Şişə çəkəm kababını,
Gül ətirli gülabını,
Şərbət kimi şərabını
Qədəhlərə süzəm dağlar.

Məzəmmət etmərəm sizi,
Çox gəzirəm yerinizi,
Dəyişibdi həyat tərzi,
Mənim meyim, məzəm dağlar.

Hüseyn nəşəli, gileyli,
Bülbül Məcnun, gül də Leyli,
Bülbül gülə salar meyli,
Sözü sözə düzəm dağlar.

14.06.2018.

Dağlar

Eniş – yoxuş, yol aşırım,
Sinəm üstə çapıq, şırım,
Quruyub çeşməm, şırşırım,
Çağlamayır təbim, dağlar.

Hardasan ay buz bulağım ?
Sazsız-sözsüz sönmür yanğım,
Susuz yanır dil – dodağım,
Çat – çat olub ləbim, dağlar.

Bir bu qədər dözüm, taqət,
Sonsuz dəyər, qədir – qiymət,
Sənə min cür nazı – nemət,
Ruzi verib Rəbbim, dağlar.

Qədir bilən ellərindən,
Çəmən, çiçək çöllərindən,
Nəfəs alıb güllərindən,
Nəbatatdan Nəbim*, dağlar.

Hüseyinə loğman, təbib,
Dost-doğmasan, sənsən həbib,
Təmiz havan, tər suların,
Dərmanımdı, həbim dağlar.

18.10.2018 (13:54)

Dağlar

Bülbülün olaram, gülün olaram,

Qarşımı kəsməyib, yol açsan dağlar.

Ocağın olaram, külün olaram,

Qoynuna gələndə qol açsan dağlar.


Bakirə gözəlsən, bəkarət səndə,

Naz – nemət səndədi, bərəkət səndə,

Qürur da səndədi, qüdrət də səndə,

Sidq ilə süfrəni bol açsan, dağlar.


Böyük bir məclis qur Ləlvərlə, Löklə,

Qarşıla qonağı duzla – çörəklə,

Çıxart telli sazı köynəkdən, köklə,

Çal açığ ürəklə, rol açsan dağlar.


Təbiətin vurğunuyam əzəldən,

Gözümü çəkmərəm sən tək gözəldən,

Şeir yazar, söz qoşaram, birəldən,

Şairəm şəninə, dil açsan dağlar.


Hüseyinə
 pay – pürüşdən bağla sən,

Qovurmanı od – ocaqda dağla sən,

Gicitkandan kətə bişir, yağla sən,

Sağ əllə pay verib, sol açsan dağlar.

04.03.2019 (17:10)


Göndər dağlar

Kəklikli qayadan, xınalı daşdan

Kəkotu payımı dər göndər, dağlar.

Qoyma ki, qurusun gülü, çiçəyi,

Tər – təmiz, ətirli, tər göndər, dağlar.

Aşnam aşna olsa, halıma ağlar,

Dumduru çeşmələr gözümdə çağlar,

Dost dosta hədiyyə ətirdən bağlar,

Ağ yaylığ üstünə sər göndər dağlar.

Bir qoma bönövşə, bir qoma nərgiz,

Qalxmağa, enməyə bir təpərli diz,

Pay – pürüş gələnə saxlaram pəhriz,

Ya hə, ya da yox, xəbər göndər, dağlar.

Bir qoma quzqulaq, bir qoma yarpız,

Üstünə səpməyə bir ovuc da duz,

Quzeydən xarlamış bir qab da qar, buz,

Canıma şirə, – cövhər göndər dağlar.

Bir dəstə qırmızı, şirin çiyələk,

Yazmağa mürəkkəb, bir də bir lələk,

Bir də qəm ələyən, söz süzən ələk,

Bər – bəzək vurmağa zər göndər dağlar.

Bu yaşda qalmışam yol ayrıcında,

Çox dadmışam şirinin də, acın da,

Lazım deyil qızıl taxtın, tacın da,

Uçmağa cüt qanad, pər göndər dağlar.

Köklənmişəm kaman üstə, ney üstə,

Məlul könlüm məzə üstə, mey üstə,

İllər düşkünüdü, düşübdü xəstə,

Fikrimi çəkməyə nər göndər, dağlar.

Sazda sarı simdə “Segah”ı dindir,

“Dilqəmi”, “Kərəmi”, “Mixəyi” dindir,

“Heyratı”, ya “Rast”ı, “Rahab”ı dindir,

Ya “Şur”, ya da bir “Şüştər”göndər, dağlar.

Hüseynəm, halətdə xəstə təhərəm,

Quş kimi qəfəsdə, qəməm, qəhərəm,

Şamaxı tək çökmüş, batmış şəhərəm,

Şərbət istəmirəm, şər göndər dağlar.

12.01.2019 (23:59)

Ona gün ağla

Bir dəstə bənövşə, bir dəstə nərgiz

Özün öz əlinlə dər, qoma bağla.

Nə qədər bacarsan bir o qədər tez,

Göndər gözəlinlə, dağlar, uçağla.

Axşam Ay doğanda bir parlaq ulduz,

Birazca quzqulaq, bir çimdik də duz,

Ürəymin üstünə üşütməyə buz,

Əlinə keçəndən dağlar, pay bağla.

Daşında göyərrəm, mamıra döndər,

İstərsən leysanı başımdan əndər,

Çobanın olaram, quzuya göndər,

Əlimdə dəyənək, vallah çomağla.


Axı nə işim var yadla, yalaqla ?

Mən dağlar oğluyam, dərdim qalaqla,

Tutmaz sözüm mənim alaq – ulaqla,

Qoşa qollarınla boynum qucaqla.

 
Qatığın, qaymağın, ayranla, ağla,

Könlümə düşübdü, kətə də yağla,

A dağlar, şairlə əhd – peyman bağla,

Ömür – gün gedir nə, ona gün ağla..

13.04.2019 (13:41)

Yar ol, a dağlar

Üz tutub dərd – səri söyləmək üçün

Yaxşı ki, sən varsan, var ol a dağlar.

Səni and verirəm, Allah eşqinə,

Sənə yar olana yar ol, a dağlar.

Azğın köpək köhlən çapır binəndə,

At oynadır yağılar da sinəndə,

Köklə sazı “Yurd yeri”nə dönəndə,

Sənə yar olana yar ol, a dağlar.

Yağılar yaylağı yağıya satır,

Hər gələn qoynunda od-ocaq çatır,

Min cürə dil tökür, başını qatır,

Sənə yar olana yar ol, a dağlar.

Mənim tək həmdəmin qalıb bu yanda,

“ah”lar, “of”lar bağrım başın oyanda,

Tənha görüb dərd dərimi soyanda,

Sənə yar olana yar ol, a dağlar.

Hüseynəm, el oğlu, Aslanoğluyam,

Ürəyi, sinəsi, qəlbi doluyam,

Sazlı – sözlü Borçalının oğluyam,

Sənə yar olana yar ol, a dağlar.

12.01.2019 (15:29)

A dağlar

Zərgər kimi naxış vurram hər sözə,

Atma məni oda – közə, a dağlar.

Çırmanam, şalvarı çəkəm düz dizə,

Çiçək dərəm çöllərində, a dağlar.

Buz bulaq gəzəndə, boğanda qəhər,

Quzqulaq gəzəndə biraz turş təhər,

Şərbət içsəm yenə ağzımda zəhər,

Gözüm qalıb göllərində, a dağlar.

Bir gün olar görüşünə gələrəm,

Örüşündə quzu kimi mələrəm,

Uşaq kimi oynar, deyər – gülərəm,

Şehli – şehli çəmənində, a dağlar.

Əmliyi kəs, kababı da çək, duzda,

Əriyər qoynunda qar, qırov, buz da,

Novruzgülü gül açanda Novruzda,

Göyərəndə səmənin də, a dağlar.

Hüseyn, yox deyək gəl dərdə, qəmə,

Qaynasın qazanda bozbaş, pörtdəmə,

Qaynat samovarı, yaxşı çay dəmlə,

Ağzım yansın zəmzəmində, a dağlar.

09.01.2019 (14:10)


Sənin a dağlar

Qoynunda göyərən bir daşam mən də,

Varmı heç insafın sənin, a dağlar ?

Göynəyə – göynəyə gözüm yol çəkər,

Çəkilsin dumanın, çənin, a dağlar.

Baxarsan üzümə, alxış eylərəm,

Baxmazsan bax onda qarğış eylərəm,

İnan ki, içimdə bir ah çəkərəm,

Quruyar sünbülün, dənin, a dağlar.

Qayan parçalansın, daşın tökülsün,

Əlvan xalın ilmə – ilmə sökülsün,

Sənin də sinənə dağlar çəkilsin,

Necə ki, çəkirsən sinəmə dağlar.

Üzümə baxmasan, üzüm açılmaz,

Gözümə baxmasan, gözüm açılmaz,

Söhbətim açılmaz, sözüm açılmaz,

Üzün heç gülməsin sənin, a dağlar.

Hüseynəm, buyurram, buz bulağ olsun,

Hər yanın gülüstan, güllü bağ olsun,

Onda da deyərəm üzün ağ olsun

Gələndə qoynuna sənin, a dağlar.

29.12.2018 (11:47)

Müəllif: Hüseyn Faxralı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir