Şəhid – Aygün SAdiq


APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

ŞƏHİD
(Aprel qəhrəmanlarının əziz xatirəsinə )

Kimdən gileylidir narahat ruhun?
Bizə mi uzanır əllərin, şəhid?
Yenə gözümüzdən çəkilib yuxu,
Yenə qan-yaş tökür ellərin, şəhid!

Vicdan tənbeh edir səssiz-səmirsiz…
Ulus əsarətdə, o, abad deyil, 
Ruhuna rahatlıq diləsək də biz,
Yaxşı bilirəm ki, ruhun şad deyil,

Mənim səhvlərimi qapadan övlad,
Mənim günahımın bədəli sənsən,
Sağkən görünərdin soyuqqanlı, yad,
İndi bircə ovuc doğma Vətənsən…

Həyat sığışmadı böyük arzuna,
Onda tanımazdı səni adamlar,
Şəhadət düşəndən alın yazına,
İndi hər könüldə öz məkanın var.

Sən təkcə bir ovuc torpaq olmadın,
Düşmənə göz dağı, Vətənə qürur…
Təkcə məzarında deyil ki adın, 
Həm də könüllərdə yaşayıb durur…

Səndən yadigardır şərəfli adın,
Bir də, böyüdüyün bir uçuq daxma,
Mən öz torpağımı qaytarammadım,
Səni şəhid verdim, qüsura baxma!

Səni çadırlarda böyütdüm, oğul,
Göstərə bilmədim sənə Vətəni,
Sən bizə fəxarət, bizsə dərdə qul…
Bağışla, övladım… Bağışla məni…
Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir