FÜZULİ SOLTAN

Bir də Vətən mənə oğul deyərmi!

(Bir məclisdə çıxış edərkən Mehman Mayilxanlı qardaşımız belə bir ifadə işlətdi: “Azərbaycan yeganə dövlətdir ki, hər tərəfdən öz torpaqlqrı ilə həmsərhəddir”…….)

Hər tərəfdən həmsərhəddi özüylə,
Mənə necə baxsın ANA gözüylə?!
Könlümü oxşayıb “OĞUL” sözüylə
Vətən mənə oğul deyərmi bir də!

Dərbənd, Təbriz deyən dillərim susdu,
Susdu, Borçalıda ellərim susdu.
Göyçədə sonalı göllərim susdu,
Vətən mənə oğul deyərmi bir də!

Başını qaldırdı gözü basıldı,
Danışmaq istədi, sözü basıldı.
Köksünə Xocalı közü basıldı,
Vətən mənə oğul deyərmi bir də!

Təpələndi, dərələndi, dağıldı,
Bərəsi uçuldu, bəndi dağıldı,
Pənahəli xanın kəndi dağıldı,
Vətən mənə oğul deyərmi bir də!

Ağ damları başa qara bağladı,
Qəlbi Şuşa boyda yara bağladı.
Gümanını uzaqlara bağladı,
Vətən mənə oğul deyərmi bir də!

Məmməd Araz olub mən də deyərdim:
“Vətən mənə oğul desə nə dərdim!”
Çoxdan bu fürsəti əlimdən verdim,
Vətən mənə oğul deyərmi bir də!

13.04. 19

Müəllif: FÜZULİ SOLTAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir