TOFİQ QƏBUL – DAĞLARIN

DAĞLARIN

Buludları ağuşuna sıxanda
Gözlərindən yaş süzülür dağların.
Namərd düşmən köksü üstə çıxanda
Sinəsinə daş düzülür dağların.

Oba olur, elat olur qarışı,
Şimşək ilə qoşa düşür yağışı,
Pələng olur, qartal olur baxışı,
Bulağından dürr süzülür dağların.

Gecəsinə dağ keçisi həyandı,
Zirvələri daim ulduz sayandı,
Milyon ildir ehram olub dayandı,
Göylərindən Ay asılır dağların.

Ağrı dağdan Kəmki dağa ”salam” var,
Haçadağ tək iri gövdə balan var,
Əlincə tək dağ qalanı salan var,
Hikməti var daş yazılı dağların.

Azərbaycan, bu dağların yaşıdın,
Aranınla, dağlarınla yaşadın,
Atəşini zirvələrə daşıdın.
İlmə-ilmə hey çözülür dağların.

15.04.2019.

ƏLİNCƏDAĞ

Dağlar igid oğullar tək halay tutub,
Dövrələyib Əlincəni, Haçadağı.
Şimşəklər də bu dağlarda ocaq çatıb,
Bu atəşdən pərən düşüb min-min yağı.

Daş yazılı salnamədir Əlincədağ,
Heç susmayan bir nəğmədir Əlincədağ.

Sanki nəhəng piyalədir şərab dolu,
Bu millətin sağlığına qalxıbdır o.
Hər qayası, hər bir daşı vuran qolu.
Neçə-neçə fatehləri yaxıbdır o.

Boy-buxundur, bir qamətdir Əlincədağ,
Dözüm, səbr, dəyanətdir Əlincədağ.

Zirvələrdə qala qurub Vətən oğlu,
Hətta Teymurləngi belə susdurub o.
Köləliyi əzib, qırıb Vətən oğlu.
Düşmən üstə nərəsini əsdirib o.

Təbiətin bəxşişidir Əlincədağ,
Naxçıvanın naxışıdır Əlincədağ.

Əlincəçay aram-aram axır yenə,
Nəiminin məzarı bir ziyarətgah.
Şəhidlərin nur ələnir çöhrəsinə,
Yoxdur daha qəvi düşmən, xəyanətkar.

Əshabi-kəhf dualıdır Əlincədağ,
Müstəqillik şüarıdır Əlincədağ.

Bu gün yurdun övladları qol qaldırıb,
Əlincədağ qalasını qurub yenə.
Bu dağ qala sinəsində yol saldırıb,
Yenə gəlib dünyamızın səhnəsinə.

Tariximin şah əsəri Əlincədağ,
Qalaların ən əzəli Əlincədağ.

Alqış Nuhun torpağına, min-min alqış !
Qan yaddaşım təzələnir, pöhrələnir.
Quruculuq, səlqə-sahman min bir naxış
Naxçıvanda günəş olub şölələnir.

Babaların yadigarı Əlincədağ,
Naxçıvanın şah vüqarı Əlincədağ.

20.06.2016.

EHRAM

Bu da Yeni il.
Döyür pəncərəmi
soyuq küləyi,
ağ qarıyla.
Bu da Yeni il.
İsidir ümidlərimi
ağ şəfəqli sabahlarıyla.
Baxıram pəncərədən.
Şəhərim ağ-ağ çiçəklər açıb.
Boylanıram uzaqlara,
bəs gözəlim Haçadağım
haraya köçüb?
Bu an görürəm
ağ düzənlikdə
dünyaya boy göstərən
nəhəng ağ ehramı.
Haçadağım
qışın oğlan çağında da
heyran qoyur adamı.
Haçadağım-milyon illik sirdaşım,
Haçadağım-əyilməyən başım.
Haçadağım-ürəyim, qanım, canım.
Haçadağım-bütövlük və əbədiyyət
ünvanım-Azərbaycanım !

25.12.2007.

AĞRI DAĞI

Ağrı dağı xəbər verir 
dünyanın yaranışından,
Xəbər verir
bəşər tarixinin yaşından.
Saçları bəmbəyaz,
Zümzüməsi xan Araz.
Baxır təbəssümlə Gəmiqayaya,
Axı Nuhun gəmisi
bir vaxt söykənmişdi oraya.
Ağrı dağı qoruyur ağırlığını,
Kimsəyə bildirmir
kədərini, ağrıdığını.
Ona-”Araratsan”-deyənlərə,
süfrəsinin artığını yeyənlərə
ikrahla baxır,
Tanrı dağlarının əllərini
məhəbbətlə sıxır.
Heyrət doğurur
əzəməti, ucalığı.
O, türk ellərinin türk dağı.
Ey türk oğlu !
Qalx Ağrı dağına,
Boylan türkün dünyasına.
Səsini qat
türk-oğuz ellərinin
əbədi qardaşlıq simfoniyasına !

15.03.2011.

TABLO

Külək qara bulud gətirən zaman
İnci sular ilə dolur təbiət.
Ağaclar yuyunur tozdan, torpaqdan.
Özünü sahmana salır təbiət.

Yağış damlaları nəğməyə dönür,
Çaylar da nəğməyə nəğmə qatırlar.
Quşlar heyran-heyran baxır yuvadan,
Güllər başdan-başa şehə batırlar

İldırım təbildən vəcdə gələrək
Dağlar yallı tutur dağ vüqarıyla.
Bu gün dəstəbaşı Qapıçıq dağı,
Başında çalması dümağ qarıyla.

Günəş hərdən-hərdən boylanır yerə,
Buludlar al-əlvan rəngə boyanır.
Göy yerə bənd edir göy qurşağını,
Fırlanan Kürəmiz sanki dayanır.

Heyranam bu anın gözəlliyinə,
Bu nəhəng tablodan şair güc alar.
Bu anı köçürdüm şeirimə ki,
Bəlkə, bu ehtişam yadigar qala.

17.10.2006.

Müəllif: Tofiq Qəbul‎ 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir