Arif Nüvədili – Dağların…

DAĞLARIN

Dolanıb boyuna, dönüb başına,
Olaydım dərdindən halı dağların;
Fələyin gözündən düşəndən bəri,
Tükənmir başının qalı dağların!

Səngiyib üstünün dumanı, çəni,
Quruyub çeşməsi, solub çəməni,
Uzun dolaylarda yoxdur gələni,
Darıxıb gədiyi, yalı dağların.

Min bir gül bitirən o yaşıl döşə,
Həsrətdən qovrulmaq olub bir peşə;
Yayılmır sərdana, vurmur örüşə
İlxısı, davarı, malı dağların.

Bilinmir təhnəsi, novu hardadır,
O qaynar bulaqlar ahu-zardadır;
Təhr edib, hövlündən zəhrimar dadır
Daşlardan süzülən balı dağların!

Hansı qəbahətdən, hansı günahdan
Başıma müsibət yağdı Dərgahdan?!
Nabələd ellerdə çəkdiyim ahdan
Od tutdu Vətəndə salı dağların!

Dünyanın köhləni minənə qaldı,
Dərdini danışıb-dinənə qaldı,
Obalar döşünə döyənə qaldı
Əriyə köksünün xalı dağların!

Yenə qız-gəlini yığa başına,
Çeşməsi bənzəyə üzük qaşına,
Otlağı biçilə, otu daşına,-
Qayıda əzəlki halı dağların!

Arif, vur, deyəndə,-vuranım olsa,
Uçulu könlümü quranım olsa,
Dar gündə yanımda duranım olsa,-
Mən ollam arxası, dalı dağların!!!

19.09.2001

DAĞLARIN

Duman qaça, çən çəkilə, Gün çıxa,
Cəmalını bir de görəm dağların;
Çuxasının ətəyini bərk sıxam,
Köynəyini daşa sərəm dağların!

Nə müddətdir hicran düşüb araya,
Yol açıla, özüm yetəm haraya;
Xəfif bir meh tellərini daraya,
Hörüyünü özüm hörəm dağların.

Yağış kəsə, yerdən süsə göbələk,
Papaq-papaq, çapaq tapaq, dincələk,
Ala-tala güneyində çiyələk,
Quzeyinde moruq dərəm dağların!

Yamacında bir ceyrana vurulam,
Dəstə keçə, mən dəstədən qırılam,
Kəsə çıxam, yoxuşunda yorulam,
Dolayında köhlən sürəm dağların!

Çeşməsindən doyunca bir su içəm,
Biçənəkdə dəryaz alıb ot biçəm,
Ağcaqayın kölgəsində yer seçəm,
Qıy səsinə qulaq verəm dağların!

Arif, demə, qüssəsindən bezmişəm,
Üzə salıb fələyi də üzmüşəm,
Həsrətinə bir belə ki, dözmüşəm,
Yuxusuna bir yol girəm dağların!

20.10.2003.

AY UCA DAĞLAR

Qoymursan boylanım çiynin üstündən,
Səndən incimişəm, ay uca dağlar!
Kor oldu gözümüz acı tüstündən,
Niye qoydurmursan bir baca, dağlar?

Gizlin qovrulursan, gizlin yanırsan,
Daha yandığını niyə danırsan?!
Dərdini bizlərə qızırğanırsan,
Naşımı sanırsan, a qoca dağlar?!

Biz də bu möhnətdən az görməmişik,
Həyatda kamınca naz görməmişik,
Bu qoca dəllaldan üz görməmişik,-
Dərd verib göndərib hərraca,dağlar!

Səndən gen düşəli ulusum, elim,
Gündüz zillət çəkdik, gecələr zülüm;
Doğra bağrımızı, kəs dilim-dilim,
Gəlmirsə gümanın əlaca, dağlar!

Arif, mən diləyim, qoy Xuda versin,
Tək səni qaytarsın, min qada versin,
Toyumuz- zirvədə əks-səda versin,
Hoyumuz yayılsın yamaca, dağlar!!
04.01.2011.

Müəllif: Arif Nüvədili 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir