NAZİM YAQUBOĞLU – DAĞLAR

DAĞLAR

Bir qəribəm , sizdən ayrı ,
Deyin , necə qalım , dağlar !?
Qəriblikdə , boz çöllərdə 
Necə məskən salım , dağlar ?

Bəxtimin üzü dönəndən ,
Odum – ocağım sönəndən ,
Sizdən ayrı düşən gündən ,
Yaman olub halım , dağlar .

Dumanla , çənlə görüşdüm ,
Həsrət dərdim , qəm bölüşdüm .
Gülşənimdən ayrı düşdüm ,
Qanqaldı sağ – solum , dağlar .

Çoxdan sizi görəmmirəm , 
Sizsiz deyib güləmmirəm .
Ziyarətə gələmmirəm ,
Bağlanıbdır yolum , dağlar .

Atla qalxıb Böyük yala ,
Boylanaydım sağa , sola .
Çayqoşandan düşüb yola ,
Köhlənimi yorum , dağlar .

Dərdim çoxdur , yaram dərin ,
Əsiriyəm dərdi – sərin .
Öözüm kimi qəriblərin 
Halın necə sorum , dağlar ?

Sizsiz bağrım para – para ,
Gecəm zülmət , günüm qara .
Burda düşsəm dar məzara ,
Çatlayacaq gorum , dağlar .

Yazda çaylar aşıb – daşır ,
Yal – yamaclar yaşıllaşır .
Yaquboğlu şeir qoşur ,
Sizə qurban olum , dağlar .

DAĞLAR

Bir vaxt ağuşuna alardı məni , 
İndi aralıdan görünən dağlar .
Ayağı torpağa möhkəm bağlanıb ,
Başı asimana dirənən dağlar .

İgidlər , ərənlər , ərlər yetirib , 
Şahlar yola salıb , izlər itirib .
Sinəsi al – əlvan güllər bitirib , 
Zirvəsi dumana bürünən dağlar .

Əsirdir düşmənə yağıya indi , 
Yurd olub yaltağa , dığaya indi .
Dönüb dilimizdə ağıya indi , 
Qoynunda ilanlar sürünən dağlar .

Başının üstünü yağı alıbdır ,
Obası , oymağa viran qalıbdır .
Mülkü talan olub , yağmalanıbdır ,
Sərvəti yad əllə kürünən dağlar .

Arana həsrətdir , düzə həsrətdir ,
Aşığa , muğama , sözə həsrətdir .
Vəfasız çıxmışıq , bizə həsrətdir , 
Qəlbi həsrət ilə döyünən dağlar .

Yol çəkir gözləri , elatsız qalıb , 
Nəbisiz , Həcərsiz , Bozatsız qalıb .
Paşasız , Sultansız , urvatsız qalıb ,
Nazim vüqarıyla öyünən dağlar .

.Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir