Xuraman Camalqızı – Dağlar…

Salamat qal demədim ki, dağlara…

(”Duman salamat qal, dağ salamat qal” Məmməd Araz. )

Elə vaxtdı dağlar susub dururdu,

İnsan seli yarı yolda yoruldu.

Dönüb baxdım sanki dilim qurudu,

”Salamat qal” demədim ki, dağlara.

* * *

Duman sürünürdü kəndin yasına,

Yığışdı insanlar insan səsinə,

Şimşəklər çaxırdı göy qübbəsinə,

”Salamat qal ” demədim ki, dağlara.

* * *

Dönüşü olmayan bir yola çıxdıq,

Günahkar deyildik , haqdan da haqdıq.

Məchul bir nöqtəyə dirəndik , baxdıq,

”Salamat qal ” demədim ki, dağlara.

* * *

Vətən kəlməsini anladım o gün,

Susmuş vicdanımı danladım o gün,

Ağladım, ağladım , ağladım o gün,

”Salamat qal ” demədim ki, dağlara.

* * *

Xəyalımda o dağlara gedərəm,

Alışaram , odlanaram, sönərəm,

Mən ölərəm , mən ölərəm, ölərəm,

”Salamat qal ” demədim ki, dağlara.

Bir gün dağlar üstümüzə gələcək…

Hər qayanın , hər daşının xətri var,

Çiçəklərin , çəmənlərin ətri var,

Yazılmamış dastanların sətri var,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Gədikləri dolayları pusquda ,

Dayanmışam , fikirlərim asqıda.

Alnımıza yazılan bu yazıda ,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Qədim ellər itiribdi sinəsi,

Nə dərdləri götürübdü sinəsi,

Xarı bülbül bitiribdi sinəsi,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Bulaqları içilmədi , ölərəm,

Meşələri keçilmədi, ölərəm,

Biçənəklər biçilmədi,ölərəm,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Qismət olsun torpaqlarım əkilsin,

Al bayraqlar yüksəklərə çəkilsin,

Bulaq suyu sinəmizə tökülsün,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Şad xəbəri gözləyəcək gülüm hey,

Həsrət qalan, ayım, günüm, ilim hey,

Dağ döşündə ölüm, ölüm , ölüm hey,

Bir gün dağlar üstümüzə gələcək.

* * *

Etirazın ildırımlar bağırır,

Sellər , sular hər tərəfə dağılır,

Dəli rüzgar hər tərəfə yayılır,

Bir gün dağlar üstümüzə gələcək.

Yalvarın dağlara

Biçənəklər dizə qədər bitərdi,
Qoyun , quzu arasında itərdi,
Torağaylar həzin, həzin ötərdi,
Yalvarın dağlara yol versin bizə.

Qayaları çılpaq deyil , meşədi,
Yamacları nərgizlə bənövşədi.
Fərə kəklik yuvasında üşüdü,
Yalvarın dağlara yol versin bizə.

İldırımlar Çalbayırdan enərdi,
Sellər, sular kəndə sarı dönərdi,
Həyət , baca bir anda sellənərdi,
Yalvarın dağlara yol versin bizə.

Ceyranın dodağı suya toxunar,
Burda bildirçinlər nəğmə oxuyar,
Göydə quşa baxıb, xalı toxuyar,
Yalvarın dağlara yol versin bizə.

Baldan şirin idi bulaqlarımız,
Necə sərin idi yaylaqlarımız,
Buz baltası kimi uşaqlarımız,
Yalvarın dağlara yol versin bizə.

O sərinlik başqa yerdə hardadır ?!
Canımdan da şirin kəndim dardadır,
Hərə bir söz ilə bizi aldadır,
Yalvarın dağlara yol versin bizə.

Laçın obalarım hara dağıldın?
O toy büsatlardan bəlkə sıxıldın ?
Necə qürurluydun, necə yıxıldın,
Yalvarın dağlara yol versin bizə.

Bizim dağlara oxşasın

Yağışını göndər gəlsin,
Sellərini döndər gəlsin,
Göy qurşağı öndən gəlsin,
Bizim dağlara oxşasın .

Dumanları bol eylə ki,
Dağlarından yol eylə ki,
Çəmənləri gül eylə ki,
Bizim dağlara oxşasın.

Suları göz yaşı kimi,
Gölü üzük qaşı kimi,
Hər qayası, daşı kimi,
Bizim dağlara oxşasın.

Yapıncını geysin çoban,
Yaşıla bürünsün orman,
Bulaqları dərdə dərman,
Bizim dağlara oxşasın.

Duman yolları bağlasın,
Buludlar dolub ağlasın,
Bulaqlar qonaq saxlasın,
Bizim dağlara oxşasın.

Dağlar

Sinənizdən çalın-çarpaz

Sellər keçdi, sular keçdi.

Sevmədiyin qullar keçdi,

Əsirlikdə qalan dağlar!

* * *

Mərdliyini, qorudular

Min illərdi uludular

İllər keçdi məğrurdular

Əsirlikdə qalan dağlar.

* * *

İgidlərin dönməz oldu,

Gözəllərin gəlməz oldu,

Nələr oldu bilməz oldun

Əsirlikdə qalan dağlar.

* * *

Sarsılmasın əzəmətin,

Əksilməsin kəramətin.

Heç solmasın təravətin ,

Əsirlikdə qalan dağlar

* * *

Bulaqları sərin saxla,

Əmanəti dərin saxla

Məzarımın yerin saxla

Əsirlikdə qalan dağlar!

* * *

Anaların eşit səsin,

Verə bilmir son nəfəsin,

Əsirləri göndər gəlsin

Əsirlikdə qalan dağlar

Dağlar sirr saxlayandı

Eşqimi dağa söylədim,

Sinəsində saxlasın

Buludlara söylədim

Yağış olub ağlasın

* * *

Çaylara söylədim ki,

Dərələrdə çağlasın

Çiçəklərə söylədim

Yığıb dəstə bağlasın

* * *

Dumanlara söylədim

Həsrətimə bürünsün

Gözlərimin önündən

Sirli-sirli sürünsün

* * *

Yollarına söylədim

Ömür kimi uzansın

Alsın getsin dərdimi

Qətrə-qətrə azalsın

* * *

Rüzgara söylədim ki,

Ətrin gəlsin havadan

Qanad açdım göylərə

Xəbər alım dünyadan

* * *

Sənə söyləmədim ki

Məhəbbət yox könlündə

Gizli-gizli yaşasın

Mənim küsgün qəlbimdə

Sevdiyim çiçəklər dağlarda qaldı

Sevdiyim çiçəklər dağlarda qaldı,
Şehli bənövşəni biçib , gətir sən.
Xəyalım uzandı çox uzaqlara,
Məni keçmişlərə geri götür sən.

Gəl otur qarşımda dağlardan danış,
Saralıb- sovrulan bağlardan danış,
Ölənlərə rəhmət, sağlardan danış,
Məni keçmişlərə geri götür sən.

Xatirən sızlasın sınıq qəlbimdə,
Danışsın, ağlasın yanıq qəlbimdə,
Bir insaf yaransın soyuq qəlbində,
Məni keçmişlərə geri götür sən.

Yenə çıxacağam dağların üstə,
Dolanıb gələcəm bağların üstə,
Bənövşə ətirli bulağın üstə,
Məni keçmişlərə geri götür sən.

Xuraman, varlığın keçmişə bağlı,
Yaralı ürəyim əbədi dağlı,
Küsmərəm əzizim , qolları bağlı,
Məni keçmişlərə geri götür sən.

Deyirem men niye sevdim dağları

Bilirsən nə üçün əzizsən mənə ?!

İlk dəfə dağlarda görmüşdüm səni.

Öz yurdum, öz elim, öz obam kimi,

Qəlbimə ən yaxın bilmişdim səni.

* * *

Çiçək qoxuludu çölü , çəməni,

Adınla başladım hər bir kəlməni,

Dünyanı ” kor edib ”… tapmışdın məni,

Mən də üsul – üsul sevmişdim səni.

* * *

Bulağı sevirdim, yolunun üstə,

Saçın dalğa – dalğa alnının üstə,

Dağlara söykənib qolunun üstə,

Necə yaraşıqlı bilmişdim səni.

Duyğular ölmedi öz eceliynen

Mənim vətənimdə dağlarım vardı,
Dağlar da sinəmdə , özümdə gəldi.
Çayları, suları, bulaqları da ,
Kövrələn qəlbimdə, gözümdə gəldi.

Mən özüm gəlmişəm, uşaqlığımı ,
Kəndin cığırında , izində qoydum ,
Yuxulu, qayğısız körpə çağımı,
Anamın o rahat dizində qoydum.

Bir gün qarşılaşıb görüşsək əgər,
Suallar gözümdə saralacaqdır.
O körpə, o məsum mələk qızcığaz,
Sual tək boynuma sarılacaqdır.

Xəyalən dönəcəm uşaqlığıma,
Yenə çözəcəyəm yuxularımı.
O sual verəcək neylədin axı,
Mənim bu körpəcə duyğularımı ?!

Duyğular ölmədi öz əcəliynən,
Qəza məhv elədi, qədər öldürdü.
Yaşatmaq istədim kövrək hissləri,
Ayrılıq susdurdu, kədər öldürdü.

Böyüdüm həsrətin ağrılarıyla,
Bələdim kədəri, qəmi könlümə.
Həyatım beləcə əzabla keçdi,
Doğuşdan sınıqdı demə könlümə.

Müəllif: Xuraman Camalqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir