MÜKAFAT YAQUB

Seyfəddin Səbayelin fəlsəfi duyumları.
Adama elə gəlir ki, XXI əsrdə, müasir cəmiyyət üçün təzə söz demək, müdrik kəlamlar işlətmək, sanki, mümkünsüzləşib. Elə bilirsən ki, artıq, bütün deyilməli sözlər, nəsihətamiz ifadələr deyilib, tükənib. Yenisini demək, tapmaq daha mümkün olmayacaq. Çünki ta antik dövrdən indiyədək neçə minlərlə şəxsiyyətlər, dahilər, alimlər, filosoflar, mütəfəkkirlər o qədər ali və ibrətamiz kəlamlar, nəsihətlər, misallar, elmi mühakimələr, şər”i mükalimələr işlədiblər ki… 
Amma əslində, bu gün üçün söz demək- sözün qədir-qiymətini, dəyərini bilənlər üçün, həyatda görüb-götürdüklərini idrakının süzgəcindən keçirənlər üçün həyatı qədər vacibdir. Doğrunu, həqiqəti, əsil sözü demək – bütün təhlükələrə rəğmən- bəşər övladı üçün insanlıq vəzifəsi, müdriklik və kamillik zirvəsidir.
Seyfəddin Səbayel, artiq, ədəbiyyatımızda öz sözünü demiş yazıçıdır.O, ədəbi aləmdə kifayət qədər tanınmış şəxsiyyətdir. Sizə təqdim olunan bu yeni kitabında 1000-ə yaxın kəlamı toplanılıb. Bunu Azərbaycan ədəbiyyatında ən az işlənən ədəbi janr kimi də qəbul etmək olar. Bu kəlamlardan, aforizmlərdən, ibarələrdən, fraza və frazeoloji birləşmələrdən kimisi söz, ağıl, nəsihət,nümunə, təmşiyyət götürəcək, kimisi isə sözdən söz çıxaracaq, sözü yüz yerə yozacaq, sözə etina etməyəcəkdir. Hər iki halda ixtiyar sahibi oxucu özü, oxucu sözü olacaq. Yazıçının öz təbirincə desək:
– Duz olsun, ya buz…ancaq, gəlin, ağlımızla bu yükü çəkək…
Kitab XXI əsr Azərbaycan ədəbiyyatında yenidir. Bu sözlər, bu kəlamlar nəsrimizə yeni nəfəs gətirib. Bu yeniliyi davam etdirmək fikrində olan müəllifə gələcək yaradıcılığında uğurlar arzulayırıq.
S.Səbayelin oxuculara təqdim olunan bu kitabını hadisələrə realist baxışlı, məxsusi təfəkkürə malik olan bir insanın, həyatın mənasını yaratmaqda görən bir yazıçının fəlsəfi düşüncələri,nəsihətamiz deyimləri, ictimai-publisistik fikirləri də adlandırmaq olar.Əsərdə cəmiyyətin bugünkü dünyagörüşü, həyat fəlsəfəsi qısa, dolğun, yığcam aforizm halında, bədii ehkamla, məzəli, bəzən də üstüörtülü və ikimənalı işarə və ibarə ilə oxuculara çatdırılır. 
Açıq, şax danışmağı sevən, öyüd-nəsihət, ibrətamiz kəlam, aforistik ifadə tərzi Səbayelin əsas yaradıcılıq keyfiyyətlərindən biridir. Belə xüsusiyyətlər onun bütün əsərlərində- şer, hekayə və povestlərində də özünü göstərir
Elə müdrik insanlar vardır ki, sözləri cavahirdən də, qızıldan da

qiymətlidir.Ancaq onların sözünü, bəzən, tam mənası ilə anlamırıq. Çünki sözləri də özləri kimi hikmət pərdəsinə bürünmüşdür. Müəllif demişkən:
-Arxanca daş atan olmasa, qabağı yaxşı görə bilməzsən.
yaxud:
-Hər yazılanı oxumuruq, hər oxunanı başa düşmürük, hər başa düşüləni də yadda saxlamırıq…
Yazıçı S.Səbayelin müasir cəmiyyət haqqında bugünkü fəlsəfi düşüncə və nəsihətamiz deyimləri illərin yazıçı yaşantısında buraxdığı ruhani izlərin bədii təcəssümüdür:
-Yeraltı keçidlər yerin üstündən keçir.
yaxud:
-Tələsənlər də vaxt itirir…
və yaxud:
-Məni inandıdmağa çalışırlar ki, sabahımız bu günümüzdən yaxşı olacaq.Mən də bu inamla söz vermişəm ki, hələ yüz il də yaşayacağam.
və yaxud:
-Dünən “var” deyirdin, bu gün “yox” deyirsən. Sən bu dünyada varsan, yoxsan?!.
Səbayelin deyimləri toplam düşüncələrdir. Bu aforizmlər bəşəri, mənəvi xəzinələrin fəlsəfi davamı, müasir zamana məcazi baxışları, düşünməyə vadar edən mətnaltı fikirləri, kodlaşdırılmış ismarıclarının, bizə çatdırılmaq üçün, yazıçı tərəfindən bu günkü kəşfi, bu günkü açılışıdır:
-Heç vaxt köhnəlməyən və həmişə köhnə qalan məhəbbət!
yaxud:
-Danışan xalq olsaydı, xalqın adından danışan olmazdı… 
Bu deyimlərdə,bəzən, ilk baxışdan qəbul edilməyəcək fikirlərə də rast gəlmək olar. Necə ki, atalar sözlərində də belələri var.Həmin fikirləri sadəcə, gəlişigözəl sözlər kimi qəbul etmək düzgün olmazdı.Bu aforizmlərdə böyük hikmət gizlənmişdir:

– Ən çox xoşuma gələn sənət – dəmirçilikdir: Döyür, döyülmür.
yaxud:
-1 böyükdür 1000 ?… Sizi bilmirəm, mən həmişə minin birə söykəndiyini görmüşəm…
-Sənin kimi qurda görə, mənim kimi qoyun əziyyət çəkir…
Hər-hansı bir məsələyə orijinal yanaşma, özünəməxsus düşüncə tərzi var. Bu misallara da fərdi və eksklüziv yanaşma kontekstində nəzər salmalıyıq. 
Bu deyimlər içərisində paradoks və təzadlara da, bədii məntiqə və lakonik düşüncəyə də rast gəlmək olar, dağınıq fikirlərə də… Əlbəttə ki, yazıçı kontekstində bu ibarələr fəlsəfi dünyagörüşün cəmiyyətə yeni nəzəri baxışıdırsa, oxucu prizmasından dağınıq fikirlər kataloqu kimi də qarşılana bilər.Nəticədə isə, qazanc ədəbi mühitin olacaq. Bu barədə yazıçı öz sözünü belə deyib:
-Dünya gör-götür dünyasıdır. Görüb götürə bilməyənlərin dünyası yoxdur.
Əslində, buradakı aforizmlər məntiqi düşüncəyə, acı həqiqətlərə, bu günün çılpaq reallığına əsaslanır. Onların, demək olar ki, heç bir şərhə, izaha, təhlilə ehtiyacı yoxdur. Hər şey sadə, aydın və anlaşıqlı dillə qələmə alınmışdır. Bax, budur bədii təzadlarla bəzənmiş acı həqiqət:
-Ağ gününü Qara dənizdə axtaranlar da var!..
yaxud:
-Göz yaşı da gözdən düşdü…
və yaxud:
-Sonsuz adamların da sonu var!..
Belə misallar çoxdur. Demək olar ki, bütün deyimlər fəlsəfi məna daşıyır.Birbaşa deyilənlər də, sətiraltı mənada deyilənlər də…Buna görə də kitab haqqında ön sözümü aşağıdakı aforizm, nəsihət-çağırışla bitirib oxucuları kitabla baş-başa saxlayıram:
-Mənəviyyatın çürüməsi- maddiyyatın inkişafı üçün ən zəruri və ən təbii gübrədir.
15 dekabr 2011-ci il.

Müəllif: MUKAFAT YAQUBOV
Yazıçı-publisist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru