Firuzə İslamqızı – Dağlar…

DAĞLAR.

Sirri-sözü bir olubdu,
Dayanıbdı qoşa dağlar.
Bir-birinə sığınıbdı,
Veribdi baş-başa dağlar!

Bürünmə dumana, çənə…!
Mehman olsun gələn yenə,
Yal-yamacda qursun binə,
Pənahlansın qaşa, dağlar!

Lalə, nərgiz, gül dərənlər,
Həsrət, şəhərdən gələnlər.
“Aç alnını” qoy görənlər
Etsinlər tamaşa, dağlar !

Nəbi dərəsi – bu yerlər,
Qarabağdan köçən ellər
Düşər burda gecələyər,
Səpələnər döşə, dağlar.

“Dərəyurd”,”Bəşirdərəsi”,
Kəsilməzmiş ünü, səsi…
Keçməzmiş mərdin gülləsi,
Yağı üstən boşa, dağlar!

“Qumlu bulağ”a binədən,
Qonaq olur, gəlib-gedən.
Bir qurtumnan donur bədən,
Göynək verir dişə, dağlar!

Çalmalıya birnəfəsə
Çıxarsan, gəlsən həvəsə.
Möcüzədi, görən kəsə,
“Çalma” vurub başa, dağlar !

Ordan enəndə “buruğa”,
Səbəb olur min marağa.
Lalca axan bir bulağa,
Düz gəlirsən tuş, a dağlar !

Burda əfsanə yaranıb..,
İllərdən yadigar qalıb.
Sürü qabaqda dayanıb,
Çoban dönüb daşa, dağlar !

Çıxdım gördüm Kəlbəcəri,
Seyr elədim o elləri…
Bu yerdə Dədə Şəmşiri
Gətiribsən cuşa, dağlar !

Ordan obalara enər..,
Qatıq -qaymağınnan yeyər,
Bisavad Firuzə deyər:
-“Var ol səni, yaşa, dağlar”!


Göyçə mahalı, Ağkilsə kəndi, 1986.

Müəllif: FİRUZE ELESGEROVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir