ZAUR USTAC – DAĞLARIN

DAĞLARIN

“Şuşanın dağları abı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,

Çulu çoxdan düşüb, çaya dağların…

Təmiz adı vardı, “quzey qarı” tək,

Bağrına xal düşüb, saya  dağların…

* * *

Başında çalma tək, ta durmur duman,

Əynində qalmayıb, nə kofta, tuman,

Lütlənib haçandır, qalıb  lüt-üryan,

Qarına qan düşüb, maya dağların…

* * *

“Göznən görən”  olduq, ta yox yalanı,

Bəh-bəhlə şəlləndik, zərli palanı,

Daranıb,  talındı, olan-qalanı,

Ah-naləsi düşüb, Aya dağların….

* * *

İgidə “Tur dağ”-ı deyib, görənlər,

Dağa oxşadıbdı,  özün ərənlər,

Hanı o ayama, ya ad verənlər?

Kalı çoxdan düşüb, haya dağların…

* * *

Ustacam, öcümü ala bilmirəm,

“Dədəm” dediklərin* deyə bilmirəm,

O döndü, mən indi dönə bilmirəm,

Səyi  məndə düşüb, zaya dağların…

30.04.2019. (14:00 – 19’) Bakı.

*Arsız aşıq elsiz necə yaşadı???

Ölsün Ələsgər tək qulların, dağlar…

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir