MAYIL DOSTU – ELƏ BAXMAYIN

KÖÇKÜNƏ ELƏ BAXMAYIN

Gözləri yoldadır,qulağı səsdə,
İllərdir üzülür o dar qəfəsdə,
Fikirdən, həsrətdən düşübdü xəstə,
Didərgin adına qara yaxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Köçkündü, qəribdi doğma Vətəndə,
Yeri də bilinmir, ölüb – itəndə,
Salamsız, kalamsız sizdən ötəndə,
Fikirlidir, özgə sayaq saymayın,
Siz Allah, köçkünə elə baxmayın.

Qayğının bolluğu,dərdin çoxluğu,
Qəddini əyibdi yurdun yoxluğu,
Orda qalıb əzmi, gözü toxluğu,
Köçkünü acgözlü, sırtıq sanmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Kül olub sərvəti, göyə sovrulub,
İyirmi beş ildir yanıb, qovrulub,
O, sürünüb, ilan kimi qıvrılıb,
Dərdli adamları vurub yıxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Onlar da yuvalı,yurdlu idilər,
Adına yüz cürə sözlər dedilər,
Yetimin tikəsin, payın yedilər,
Burnunuzdan gələr, rahat tıxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Tikdiyi, qurduğu viran edildi,
Çadırda, vaqonda bağrı didildi,
Hərdən də söyüldü,üstə gedildi,
Zavallı kəslərin üstə qalxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Dağları itirib təpə tapırıq,
Mayasız xamırdan kündə yapırıq,
Həqiqəti minir, yalan çapırıq.
Yetər, köçkün adın başa qaxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir