Cabir Novruz – Ana şeiri

Ana, qurban olum dualarına…

Ay ana, düşürsən tez-tez yadıma,
Təzədən dönürəm uşaq oluram.
Dizinə baş qoyub bərk-bərk yatıram,
Bütün qayğılardan uzaq oluram.
***
Görürəm çiynində yenə d çarşab,
O başdan durmusan sübh namazına.
Əlində o ulu, müqəddəs kitab,
Yenə üz tutmusan göylərə, ana.
***
Məni tapşırırsan Tanrıya bərk-bərk,
Tək bircə balanı, şair oğlunu.
Deyirsən – Xudaya, ona ol kömək,
Xətadan, bəladan gözlə sən onu.
***
Ana, qurban olum, dualarına,
Tapşır, yaxşı tapşır Allaha məni.
Tapşır, yaxşı tapşır, ana, ay ana,
Yurdum talanmasın bir daha mənim.
***
Qurtulum ölümdən, dərddən, kədərdən,
Unudum bir yolluq ağrı, acını.
Millətim qurtarsın işgəncələrdən,
Yağıdan alınsın Şuşam, Laçınım.
***
Keçim Xankəndindən, Kərgicahandan,
Şəhid torpaqları bağrıma basım.
Şərlər qovulsunlar Azərbaycandan,
Bircəciyinin də tumu qalmasın.
***
Ana, qurban olum dualarına,
Onların sehrini çox görmüşəm mən.
Elə körpəlikdən ana, ay ana,
Onların sehriylə böyümüşəm mən.
***
Uzaq səfərlərə getdiyim zaman,
Gizlicə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,
Sonra min dil ilə ovundurardın.
***
O dualarında bir sirr vardı,
Məni hər bəladan qurtarardılar.
Məni təyyarələr sağ aparardı,
Salamat yanına qaytarardılar.
***
Ana, qurban olum dualarına,
Tapşır, yaxşı tapşır Allaha məni.
Tapşır, yaxşı tapşır, ana, ay ana,
Bir kimsə salmasın günaha məni.
***
Tapşır, hər nanəcib, nadan, heyvərə,
Çirkab atmasınlar mənim üstümə.
Heç dözə bilmirəm böhtana, şərə,
Murdarlıq ruhumu əzir dəstinə.
***
Heç dözə bilmirəm riya görəndə,
İblis sifətlərə baxa bilmirəm.
Bir yalan çıxmayıb axı dilimdən,
Mən biclik, xəbislik axı bilmirəm.
***
Bəzən də dünyadan üzülür əlim,
Tarıma çəkilir beynimdə hər sim…
Nə ümidim qalır, nə də təsəllim,
Tapşır, Allah mənə təsəlli versin.
***
Bu boyda kişiyəm ağır anda da,
Yenə sən çatırsan dadıma, ana.
Mənə dua elə məzarında da
Ana, qurban olum dualarına…

Müəllif: Cabir Novruz (1933 – 2002)

Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:004 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru