MAYIL DOSTU – NƏ VAR Kİ…

NƏ VAR Kİ…

Bunu mən demirəm, dədələr deyib–
Utanmasan, oynamağa nə var ki.
Qeyrəti, namusu, həm arı yeyib,
Boş qazan tək, qaynamağa nə var ki…
***
Gerçəyə diz çöküb, desən düzünü,
Boş vədi rədd edib, tutsan sözünü,
Qəlbində vicdanın açsan gözünü,
Bu qəflətdən, oyanmağa nə var ki…
***
Doğrunun gözünə düz baxa bilsən,
Namərddən vaz keçib, mərdə əyilsən,
Haqqın tökülən göz yaşını silsən,
Ədalətə boyanmağa nə var ki…
***
Milləti, Vətəni sevsən ürəkdən,
Əl çəksən xəyaldan, yersiz görəkdən,
Mayıl, təməl qeyrət olsa dirəkdən,
Qala kimi dayanmağa nə var ki…

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SABİRA – NAİZM YAQUBOĞLU

SABİR BABA , HAQQ – ƏDALƏT PERİK DÜŞÜB VƏTƏNİNDƏN 
****
Kaş sən indi sağ olaydın , qalxaydın öz mədfənindən , 
Nadan kəslər qorxardılar bəlkə sənin qələmindən .
Ruhun xəbər tuturmu heç millətinin dərd – qəmindən , 
Nəvələrin əzan çəkir , təngə gəlib zülm əlindən , 
Sabir baba , haqq – ədalət perik düşüb vətənindən . 
****
Məktəblilər , ziyalılar meyl eləyir ticarətə , 
Ülamələr həsrət qalıb qəndə , çaya , una , ətə .
Qarabağda düçar olduq yenilgiyə , xəyanətə , 
Axı ürək necə dözsün , dözülməyən müsibətə , 
Tanrı sanki üz döndərib qayım – qədim Türk elindən , 
Sabir baba , haqq – ədalət perik düşüb vətənindən .
****
Bundan belə gələcəyi gözləməyə zamanmı var ?
Qonaq gəlsə , qənd almağa , çay almağa imkanmı var ? 
Heç bu gündən sabahadək yaşamağa inammı var ? 
Millət hələ yuxudadır , oyanmağa gümanmı var ? 
” Qorxu ” sözü , ” məhbəs ” sözü düşməyir ki el dilindən , 
Sabir baba , haqq – ədalət perik düşüb vətənindən .
****
Haqq istəyən haqlı kəslər döyülürlər meydanlarda , 
Mülkiyyəti bölüşənlər yoxsulları salmır yada .
Sonsuz sayda dilənçı var küçələrdə , dalanlarda , 
İndi aclıq hökm sürür Qədim Odlar diyarında , 
Yoxsullara pay düşməyir Bakının neft mədənindən , 
Sabir baba , haqq – ədalət perik düşüb vətənindən .
****
Qalx məzardan , qələmini süngü elə , al əlinə , 
Gəl düyün vur tərif deyən yaltaqların sən dilinə .
Gəl şərik çıx öz xalqının dözül əyən dərdlərinə , 
Gəl dayaq dur satiranla öz xalqına , öz elinə , 
Xalqın yaman dara düşüb , kömək umur indi səndən , 
Sabir baba , haqq – ədalət perik düşüb vətənindən .
****

Qeyd:

BU GÜN MİRZƏ ƏLƏKBƏR SABİRİN ANADAN OLDUĞU GÜNÜDÜR.

Müəllif: NAZİM YAQUBOGLU

“BİR EŞQİN HƏSRƏTİ ” kitabından .

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Bayramov Qurban Fərman oğlunun  ((1946) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. ) ad günüdür. Bu münasibətlə hamımızın fəxri, sevimlisi, hörmətli alimimiz Qurban müəllimi təbrik edir. Uca yaradandan uzun və sağlıqlı ömür, işlərində uğurlar arzu edirik.

Qısa arayış:

Qurban Bayramov 1946-cı il mayın 30-da Azərbaycanın Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işci olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.

1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” təkin maraqlı tədqiqat işləri vardır.

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları maraq doğurmuşdur.

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü olmuşdur.

Azərbaycan MEA-nın, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına, “Tanınmış Vurğunşünas alim”, “Fədakar alim”, “Elm fədaisi” fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na, “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına, AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016) layiq görülmüşdür.

Allah can sağlığı versin! Eldən əksik olmayın, Qurban müəllim!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru