“MAKLER – VİP” N- 004 (0004) 08.06.2019 – BAKI.

EY BƏNİ – ADƏM…
(Güllələnən küçə itlərinin dilindən)
Ey bəni – adəm, nə çabuq unutdun?
Sultani Nəzmi Seyidin öyüdün*.
Düz deyiblər: – “barı olmaz söyüdün…”
Ay başıküllü özünə yaxşı bax,
Sonra gəlib, başımıza güllə çax…
*
* *
Qudurmuşam? – quduz sənin atandı…
Sən kimisin əkib, doğub atandı…
Sizin kimi bir-birinə atandı…
Ay başıküllü özünə yaxşı bax,
Sonra gəlib, başımıza güllə çax…
*
* *
Hürüşməkdə dərsi sizdən almışıq,
Didişməkdə sizdən geri qalmışıq,
Ad bizimdi, həp sizə əl çalmışıq….
Ay başıküllü özünə yaxşı bax,
Sonra gəlib, başımıza güllə çax…
* * *
Balasını zibilliyə atan sən,
Anasını üç qəpiyə satan sən,
Ley-pey olub kol dibində yatan sən…
Ay başıküllü özünə yaxşı bax,
Sonra gəlib, başımıza güllə çax…
* * *
Yalmanmaqda sizə çata bilmərik,
Ar-namusu heçə sata bilmərik,
Sizin qədər pisə bata bilmərik…
Ay başıküllü özünə yaxşı bax,
Sonra gəlib, başımıza güllə çax…
* * *
Harda gəldi yalaq tutdun özünə,
Qarın üçün bəzək vurdun sözünə,
Səni görüm, kor şiş batsın gözünə…
Ay başıküllü özünə yaxşı bax,
Sonra gəlib, başımıza güllə çax…
* “ İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.” S.Ə.Ş.
08.06.2019 (09:03) Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ