Arzu Göytürk – “Qayıtma…”

“QAYITMA QURBAN OLUM”…

Çıxıb getmək olmayır,
zülümdü bu ayrılıq.
Bilirəm ömrüm-günüm,
ölümdü bu ayrılıq…

Ürək fəryad eyləyər
sinədə, səsi çıxmaz.
Göz yaşına boğular
adam…nəfəsi çıxmaz…

Son dəfə gözümə bax,
son dəfə tut əlimi.
“Hicran mələyi” gəlir,
aparmağa dəlini…

Ayrılaq gözüm nuru,
əzablı olsa da get.
Ümüdüm göz yaşımda
batıb, boğulsa da get…

Ayrılığın gözəlin,
məsumunu yaşayaq.
Taleyə nə yazılıb
susaq, onu yaşayaq…

Get, səni “ulduzların
günəşin” gözləyir get.
Sən özgə çırağısan
atəşin gözləyir get!..

Bilirsən ki dəliyəm,
bilinməz sağım-solum.
“Geri qayıt” desəm də,
qayıtma qurban olum….

Müəllif: ARZU GÖYTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Əlinə qələm götürən elə düşünür ki, …”- Akəm Xaqan

Əlinə qələm götürən elə düşünür ki, alçaq dağları o yaradıb və bütün xalq ona borcludur… Ədəbiyyat da, incəsənət də cəmiyyətin əyləncə ehtiyacını təmin etmək üçün lazımdır. Təbii olaraq da ovqatla bağlı olan hər şey əyləncə üçün nəzərdə tutulub. İşdən sonra, qarnı tox adamın əylənmək, vaxtını səmərəli keçirmək, xoş ovqatla günün yorğunluğunu, uğur və ya uğursuzluğunu unutmaq istəyi anlaşılandır. Tarix boyu zamanını dəyərləndirməyən nəinki sənət adamı, o cümlədən gününü əyləncələrə sərf edən padşah belə qınaq obyekti olmuşdur…

Adamlar elə qəbilə dövründə belə gündüzlər ova gedər, axşamlar da ov təsuratını bölüşmək üçün yığışardılar. İlkin əyləncələrin yaranması və axşamlara düşməsinin də əsas səbəbi budur. Əyləncələrdə yaxşı çıxışına və ya xoş ovqat yaratmaq məharətinə görə bir neçə dəfə mükafatlananlar sonralar təlxəklik peşinə düşərək “peşəkar” oldular. Beləcə iş-gücündən yadırğamış “peşəkər təlxəklər”-səhnə adamlarının yeni nəsli yarandı. Sonra da təlxəklər arasında fərqli baxışlar, fərqli məharət sahibləri seçildi. Birinə “artist”, birinə “aktyor”, birinə də “şair”-dedilər. Sonra da əylənən və əyləndirən tərəflər göründü. Birinə işgüzar- “varlı”, o birinə “kasıb”-ələbaxan dedilər. 
Ovqathalında olmayan “peşəkarın” əyləncəyə meyl etməsinə də məşq prosesi kimi baxdı. Əylənən adamın nə istəyəcəyini düşünmək istədi. Ağlına gəlmədi ki, ovdan gələn adam uğurunu elliklə qeyd etmək, və ya uğursuzluğunu unutmaq üçün başını qatmaq istər. Bu da “təlxəklər” arasında mətn problemini yaratdı…
Bu günün sənət adamını təlxəklik peşində olması məni üzər. Ac və ya kefli başla düşünüb tapdığı, yazmış olduğu hər zada görə “sağ ol”-almaq ehtiyacı üzücü haldır. Belə düşünürəm ki, ağasının ovqatına görə qarın dolandırmaq, ailəsinin də taleyini bu ovqatın quluna çevirmək bu tip “peşəkar”larda şəxsiyyət problemi yaratmış olur. Müqəddəs saydığımız söz gözdən düşdüyü kimi, hiss-həyəcan da alət olur. Demək biz də az aşın duzu deyilik.

Akəm Xaqan, 
şair, tənqidçı

İLKİN MƏNBƏ (Manevr.az) : Demək biz də az aşın duzu deyilik

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru