Təvəkkül Goruslu – Üç yarpaq…

TÜRK DEYƏCƏM

Tanrım şahid, qisasım var,
Səngərləri sök deyəcəm!
Nə qədər ki, nəfəsim var,
Türk deyəcəm, tək deyəcəm!

Güvənimiz dünümüzdə,
Tarix yazan ünümüzdə,
Dünya durub önümüzdə,
Türk deyəcəm, tək deyəcəm!

Oğuz, osman iki qolum,
Şərqə, qərbə çıxan yolum,
Yağı alıb sağım, solum,
Türk deyəcəm, tək deyəcəm!

Bayrağında şəhid qanım,
Yıldızında açan danım,
Hələki var canda canım,
Türk deyəcəm, pək deyəcəm!

13.06.2019.

===================================================

DÜZƏLMİR

Sağdan vuran, soldan vuran çoxalıb,
Nişan alıb kürək busan azalmır.
Vurhavurda ürək yazıq yuxalıb…
Adam olan düzəlmir ki, düzəlmir!

Həyasızın baxmaq olmur üzünə,
Nadürüstdür, min rəng qatır sözünə,
Tüpürsən də duyub , bilib gözünə,
Adam olan düzəlmir ki, düzəlmir!

Həşirinə bir söz söylə qulaq as,
Bülbül kimi ötsün sənə min avaz,
Löhməlikdə özün sanır bir qəvvas,
Adam olan düzəlmir ki, düzəlmir!

Kələkbazdı, yükün tutub haramdan,
Bərkə düşsə ayə deyər qurandan,
Dağda durar, bəhs eləyər arandan,
Adam olan düzəlmir ki, düzəlmir!

Marığında cığır güdər , yol güdər,
Əziyyətsiz para güdər, pul güdər,
Qeyrət naqis, mürvət saxta, yox hünər,
Adam olan düzəlmir ki, düzəlmir!

Xarabdırsa adam olan mayadan,
Əxlaqında zərrə olmaz həyadan,
Ruhu miskin, xərac istər dünyadan,
Adam olan düzəlmir ki, düzəlmir!

17.06.2019.

==============================================

TALE YAZAN…

Tale yazan taleyimə od ələ,
Nə yazısı, nə pozusu qalmasın!
Döy daşlara, ver küləyə, at selə,
Bu ürəyin bir sorusu qalmasın!

İllər ötdü, ömür yarı, yaş yarı,
Hardan gəldi, hara ötdü bilmədim.
İndi də ki, yaddaş yarı, huş yarı,
Niyə gəldi, niyə getdi bilmədim!

Cavan idim elə bildim yar gəlib,
Hardan bilim ləçək altda xar gəlib,
Əzəlindən nə yazmısan bilmirəm,
Mən dünyaya, dünya mənə xor gəlib!

Tale yazan ver əlini dost olaq,
İndən sonra dəyiş yazı- pozunu.
Yaz razıyam qazan olaq, dəst olaq,
Normal eylə, kişi, yağı duzunu!

Üzdə sevinc, üstümüzdə dam olsun,
İçdiyimiz vüsal adlı cam olsun,
Qələminin mürəkkəbin bol eylə,
Nə yazırsan, bütöv olsun, tam olsun!

18.06.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru