QABİL DƏRDLİ


QARABAĞ HAQQINDA BAYATILAR

Mən elimə bağlıyam,
Aranlıyam, dağlıyam.
Təbrizli, Zəngəzurlu,
Dərbənd, Qarabağlıyam

Güllər boynun əyəndə,
Əlim yara dəyəndə.
Ürəyim fəğan edir,
Qarabağdan deyəndə

Gözəl bağça, gözəl bağ,
Yaddan çıxmaz Qarabağ.
Nə yazıq ki, ediblər,
İndi onu oyuncaq.

Qarabağda xal qalıb,
Başdan düşüb, şal qalıb.
Neçə oylağ, neçə bağ,
Neçə zirvə, yal qalıb.

Qara oldu Qarabağ,
Para oldu Qarabağ.
Hamımıza eyni dərd,
Yara oldu Qarabağ

Hanı o bağça o bağ?
Nə bağ qalıb, nə də dağ.
Kaş ki ölməyək belə,
Deyə-deyə Qarabağ

Qəmə dözmək çətinmiş
Demə dözmək çətinmiş
Dözərdim, bu yalançı
Çəmə dözmək çətinmiş

Batmışıq qəmə , yasa,
Oyun qurub hansısa.
Həm torpaq əldən gedib,
Həm də dilimiz qısa

Vaxtı keçir, qalmayır,
Deyir, vədə dolmayır.
Halva, halva deməklə, 
Ağız şirin olmayır

Müəllif: QABİL NABİYEV DERDLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir