MİRZƏ ƏLƏKBƏR SABİR

Əkinçi
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu gəc vurma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözət bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, əvr bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey de “Yoxumdur” – çıxarib canını allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

==================================================

Fələ, özünü sən də bir insanmı sanırsan?!
Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Hümmət demirım, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərin kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mənadə də, surətdə də var buna münafət,
Öz fəzlini pulsuz edəməz kimsə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbasi gün mzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafətdə bizimdir,
Əmlak biizmdirsə, əyalətdə bizimdir,
Divan bizim, ərbabi hökümətdə bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz hələdə nemətimizdən,
Böylə çıxacaqsınızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan!

=============================================

Qoyma, gəldi!
Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrm,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır – babam yaşında,
Amma sodamandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir boyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma gəldi
Kirdarı yamandır, qoyma, gəldi!

====================================================

Ürəfa marşı
İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları,
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Bir para biəqlü fərasət bizə,
Eyləyir isnadi qəbahət bizə,
İstəyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki biz irfanlarıq!
Ay bərəkallah nə gözəl canlarıq!

Kimsəyə yox dəxli ki, biz işrəti,
Xoşlayırıq, boşlayırıq külfəti,
Guşeyi qəsdində olan ləzzəti,
Xaneyi viranda haçaq anlarıq?
Ay bərəkallah, nə gözəl canlarıq!

İnteligentik bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qalibi irfan deyil,
Biz buna qail olan insanlarıq…
Ay bərəkallah, nə gözəl canlarıq!

Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq mana,
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Yox işimiz məcməi islam ilə,
Püxtə nasıl söhbət edər xam ilə,
Çünki klublarda sərəncam ilə,
Hər gecə bir mətləbi ünvanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!
Baş saçlı, ayaq çəkməli, mırt mırt danışanlar!
Din qədri bilib mömini dindar olacaqdır!

MİRZƏ ƏLƏKBƏR SABİRİN DİGƏR ŞEİRLƏRİ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏZİZ MUSA – BU QIZ

BU QIZ

Şeh düşmüş qönçədi gül dodaqları,
Gözəllik bağında çiçəkdi, bu qız.
Qoşa qızıl güldü al yanaqları,
Ətirli, bir zərif ləçəkdi, bu qız.

Baxışı elə bil ulduzdu, aydı,
Tanrının xoş gündə verdiyi paydı,
Hüsnü gözəllikdə günəşə taydı,
Şirin bir arzudu, diləkdi, bu qız.

Yaradan çəkibdi qaşına gələm,
O gözlərə baxan bilməz qüssə, qəm,
Yerişi, duruşu aləmdi, aləm,!
Sevdalı dünyadı, ürəkdi bu qız.

Belə də bir gözəl olarmı Allah!
Ona vurulmamaq günahdı, günah,
Hürüdü, pəridi, mələkdi vallah,
Hamıdan gözəldi, qəşəngd,i bu qız.

Necə mehribandı,necə də əziz,
Sevgisi təmizdi, ürəyi təmiz,
Ceyran balasıdı, ürkək, aybəniz,
Könüllər bəzəyən çəfəqdi, bu qız.

Müəllif: EZİZ MUSA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru