SƏN GƏLMƏZ OLDUN…

DURNALAR QAYITDI

Deyirdin baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi sındı əhdimiz,
Aylar gəldi, getdi sən gəlməz oldun.

Dedin, durnalarla gələrəm mən də,
Durnalar qayıtdı sən gəlməz oldun.
Saraldı yarpaqlar çöldə, çəməndə,
Payız fəsli çatdı sən gəlməz oldun.

Deyirdin qapına qonaram quş tək,
Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun,
Yaşamaq eşqiylə vəcdə gələrək
Quşlar yuva qurdu sən gəlməz oldun.

Dedin nəğmələrlə dönərəm geri,
Min nəğmə ucaldı, sən gəlməz oldun.
Tükəndi ömrümün bahar günləri,
Könlüm sənsiz qaldı sən gəlməz oldun.

Sənsiz dönə-dönə yollara baxdım;
Gözlərim qaraldı, sən gəlməz oldun.
Ay mənim taleyim, ay mənim baxtım,
Söylə,bu nə haldı sən gəlməz oldun.

Dərdimi ahəstə çaldım, sevgilim,
Susdular çaylar da sən gəlməz oldun.
Axı necə deyim, heç gəlmir dilim,
De bəs qaldın harda sən gəlməz oldun?

Sən dönük deyildin, dönük deyilsən,
Yəqin…eh nə deyim, sən gəlməz oldun.
Dözümlü olsam da,darıxır hərdən,
Ovunmur ürəyim-sən gəlməz oldun.

Fəqət inanıram, bir gün olacaq
Mən deməyəcəm sən gəlməz oldun,
Qəmim o həsrətli gündə qalacaq.
Kim deyir sən xəyal, ya bir səs oldun.
Gün gələr demərəm sən gəlməz oldun…

Müəllif: Mədinə Gülgün

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir