“Qədim Turan eposu”

Bədii yaradıcılıq tarixində məlum olan 7 minillik “Bilqamıs” eposu, 3 minillik tarixə malik Homerin “İliada”, 2 minillik, bəlkə, də çox tarixə malik “Dədə Qorqud” eposu və s. bəşəriyyətin bədii təfəkkür zirvəsində duran əsərlərdir. Müasir dövrdə belə bir əsər də Azərbaycan ədəbiyyatına məxsus “Qədim Turan eposu”dur: əsərin müəllifi müasirimiz olan şair Niftalı Göyçəlidir. 

“Qədim Turan eposu” yüz nüsxə ilə çap olunmuş, Azərbaycan Respublikası Prezident Kitabxanası fonduna (bir nüsxə olmaqla) maddi və elektron variantı daxil edilmişdir. Bu əsərlə Azərbaycan bədii söz sənəti fəxr etməlidir, məktəb dərslikləri proqramına yerləşdirilməklə şərəfli tarix kimi təbliğ olunmalıdır… Əfsuslar olsun ki, Azərbaycan məkanında hələ bu dahiyanə əsər layiqincə qiymətləndirilmir. 

Əsər başqa xalqların dilində olsaydı, indi bütün dünyaya car çəkərdilər ki, belə bir bədii zirvədə olan sənət nümunəsi vardır. Neyləmək, paxıllıq, nadanlıq ədəbi mühitimizi çulğalayıbsa, nə qədər haqq-ədalətdən, hikmətdən desək də, faydası yoxdur. Ola bilsin ki, 30-40 ildən sonra – “Qədim Turan eposu” bizim bədii ədəbiyyatımızın qiymətsiz sənət xəzinəsinə aiddir, – deyə hansısa ziyalı gənc aydınlardan biri münasibət bildirəcək, bu hökmən olacaq. 

Eposda Şumer sivilizasiyasından başlayıb Uruk, Ur mədəniyyəti əsasında bəşəriyyətin Yer kürəsinə yayılma prosesi: Hindistan ərazisində qədim dövlətlərin təşəkkülü, Hindistandan Çin ərazisinə keçid, Çindən Sibir, Sibirdən Amerika qitəsinə keçid və qədim tayfa, qəbilə dövlətlərinin yaranması, onlar arasında gedən müharibələr bədii lövhələrdə əks olunur. Eləcə də, Qafqaz, Qıpçaq düzündə, indiki Tatarıstan Ural, Yunanıstan ərazilərindəki ictimai proseslərin müharibələr əsasında təsviri və dövlət başçılarının, sərkərdələrin qədim dövrlərə aid adları, mərkəzi şəhərlərin qədim adları indiki coğrafi toponim, etnonimlə əlaqəli təsvir olunur. 

“Qədim Turan eposu” 14 dastandan ibarətdir: “Şumer dastanı” , “Tatar dastanı”, “Hun dastanı”, “Çində hun tərəqqisi və xan dövlətləri”, “Hunların şimal-şərqə axını”, “Tapqaç xanın Çin səddini tikdirməsi”, “Başqır-Çuvaş dastanı”, “Kazax dastanı”, “Yuran xan dastanı”, “Peçenq Temir və Az Alpər dastanı”, “Türkmən dastanı”, “Özbək xan və Sallur dastanı”, “Qırğız dastanı”, Amerikanın yerli xalqına aid “Hundu dastanı”… 

Eposun “Ön söz”ündə Yer kürəsi coğrafiyasında “ur” morfemli toponimlər, hidronimlər, etnonimlərdən linqvistik dəlillər gətirilməklə göstərilir ki, insan törəməsi Dəclə və Fərat çayı sahillərindən həndəsi silsilə ilə artıb dünya ərazilərinə səpələnmişdir. İnsanın ilkin məskən-məkan adı “ur” morfemi bəşəriyyətin nitqindən-nitqinə irsi ötürmə ilə dünya coğrafiyasına yayılmışdır…

“Qədim Turan” eposunu Prezident kitabxanasının virtual bölməsində oxuyub dediklərimin doğru olduğunu təsdiqləmək olar. Əsas məsələ ondan ibarətdir ki, kitabın müəllifinə mədəniyyət sahəsi rəhbərlərinin (dövlət tərəfindən) 5 il keçən zaman ərzində heç bir münasibəti yoxdur. Lakin elə ictimai məfkurəsi zəif və ya olmayan əsərlər var ki, tanışlığa, vəzifəli qohumluğa görə mukafatlara, təqaüdlərə layiq görülmüşdür.

Niftalı Göyçəli Homer, Xəqani, Nizami, Füzuli, Şerkspir kimi dahilər sırasında bədii söz sənətinin zirvəsində duran şairdir. Ustada can sağlığı, uzun ömür arzulayəram! İndiki zaman olmasa da, gələcək zaman şairə layiqli qiymətini verəcək. Bu bir gerçəklikdir…

Müəllif: Mahmud Əyyublu

İlkin mənbə: Analoq.az 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir