KAMAL CAMALOV


ŞAİR İLHAMININ VƏRƏQLƏRƏ SƏPİLMİŞ ŞEİR SƏTİRLƏRİ

Qarşımızda atəşpərstliyin simvolunu alov dili ilə təcəssüm etdirən bir kitab var. Kitabın adı “Şeir özü çınqıdır”. “Nuhçıxan-Naxçıvan” (2006), “Köksüm altda söz döyünür” (2008), “Qarabağdır Azərbaycan” (2010), “Son sevgi məktubum” (2012), “Ömür boyda zaman” (2016) kimi şeir kitablarını sevə-sevə oxuduğumuz pedaqoq-şair Tofiq Qəbul. Güclü xarakterik cəhətləri ilə bir-birindən seçilən şeirlər, şeir hadisələrindəki inandırıcılıq, təsvirlərdəki liriklik və reallıq, dərin psixologizm şairin yüksək sənətkarlıq mövqeyində dayandığını göstərən cəhətlərdir. Şeirlərdə ən kiçik təfərrüatlar belə, şair süzgəcindən keçirildikdən, yüz ölçüb bir biçildikdən sonra qələmə alınmışdır.
Sənətinin vurğunu, ədəbiyyatın gözəl bilicisi və təbliğatçısı olan müəllimlərdən söhbət düşəndə də, şeirləri ilə ürəkləri oxşayan, ağıla, idraka nüfuz edən istedadlı şairlərdən söz açanda Tofiq Qəbulu yada salırıq. Tofiq müəllim Naxçıvan Muxtar Respublikasında tanınmış və təcrübəli ədəbiyyat müəllimlərindən biridir. O, qəlbən ədəbiyyata bağlıdır, fitrətən şairdir. Vətənpərvərlik duyğularının, təbiət gözəlliklərinə vurğunluğunun incə lirizmlə yoğrulmuş nümunələri… Şair ilhamının vərəqlərə səpilmiş şeir sətirləri. Vərəqləri çevirdikcə şirin misraların ləzzətini duya-duya özünü təbiətin, gözəlliyin qoynunda hiss edirsən. “Şərq qapısı Naxçıvan”da necə hərəkət edəsən ki, təbiətə bəzək verən bu gözəl naxışlar pozulmasın.
Haçadağı ehram kimi,
Sıra dağlar sərhəd-kəmər.
Bu şəhəri soran kimi,
Ağıla ilk Duzdağ gələr.
Min-min qonaq heyran ona,
Duz-çörəkli Naxçıvana.
Naxçıvançay axır-axır,
Dövrəsini alıb evlər,
Nuh türbəsi qucaq açır,
Gülərüzdür bizim ellər.
Köhnə qala gəlib cana,
Qürur verir Naxçıvana (səh.11).
“Şəlalə”, “Nəğməkar yağış”, “İlk qar”, “Son çərşənbə” və s. şeirlərində də şair rəng vurmağa xəsislik etmədən əlvan boyalarla Azərbaycanımızın doyulmaz mənzələrini şeirlərilə təsvir etmişdir. Şairin palitrası dağlar, dərələr, meşələr, çaylar, rənglər yığını yurdumuzun füsunkar təbiəti, sətirləri düzən fırçası vətənpərvər şairin coşan-çağlayan ürəyi, büllur gözlü ilhamıdır.
Şair şeirlərinin əksəriyyətində ciddidir. Mövzuları rəngarəng və aktualdır. O, az sözlə çox mətləblər deməyi xoşlayır. Və xoşbəxtlik də ondadır ki, məqsədinə çatır. Dili aydın, səlis və oxunaqlıdır. Klassik şeirimizdən, folklorumuzdan bəhrələnir. Bu xüssiyyətlər onun şeirlərinə təravət, aydınlıq, yığcamlıq verir. Axı, xalq şeiri və ya folklor nümunələrindən bərələnməyin üstünlüklərini həmişə görkəmli sənətkarlarımız yüksək qiymətləndiriblər. Müəllifin “Son çərşənbə” şeirinə nəzər salaq. Şeirin məzmunu belədir: Son çərşənbədə təbiətin yuxusu qaçır və gnəş öz nuru ilə torpağı oyadır. Günəş yatandan sonra həyətlərdə od qalanır, tonqallar çatılır. İnsanların üzündə sevinc olur, fərəh olur.

İlin axırıdır, son çərşənbədir,
Daha təbiətin yuxusu qaçır.
Yel covlan eyləyir belədən-belə,
Günəş torpaq üstə nurunu saçır.

Tonqallar çatılır günəş yatanda,
Hər evdə, həyətdə bir çınqı, bir od.
Elimdən, obamdan səslər yüksəlir:
– Var olsun gözəl yaz! Var olsun həyat! (səh.32)
Şair bu kitabda kövrək qəlb çırpıntılarına, mübarizə ruhuna, öyrənmək həvəsinə sadiq qalaraq Vətənə, yurda, torpağa, min bir bəzəkli, min bir sərvətli təbiətə, dünyanın əşrəfi sayılan bəşər övladına, romantik uşaqlıq aləminə həsr etdiyi bir-birindən gözəl şeirlərlə, poetik tapıntıları ilə oxucularının görüşünə gəlib.
Kitabın “Uşaq şeirləri” bölməsində (səhifə 75-dən 81-ə) verilmiş şeirlər əsasən məktəbəqədər yaşlı uşaqlar və ya kiçikyaşlı məktəbli şagirdlər üçün nəzərdə tutulub. Çünki bu şeirlərdəki vətənpərvərlik, cəsarətlilik, vətəndaşlıq duyğuları, torpağa, el-obaya məhəbbət, düşmənə nifrət hisləri və digər əxlaqi-mənəvi, bədii-estetik keyfiyyətlər uşaqların anlamı və dünyagörüşü səviyyəsində təqdim olunur. “Bilirəm Qarabağı”, “Gəl, novruz bayramım”, “Ağıl oyunu” şeirləri də bu qəbildəndir.
Azğın ermənilər Azərbaycan torpaqlarına köçüb gələli iki yüz ilə yaxındır ki, bu yerlərdə zaman-zaman qırğınlar, fəsadlar törədirlər. Qarabağ camaatı öz yurdundan-yuvasından köçkün düşəsi olublar. Göylərə yüksələn nalələr, ahlar hələ də cavabsız qalıb. Şeiri oxuyan zaman görürük ki, ancaq yenə də atalar, analar, babalar, nənələr və müəllimlər Xankəndindən, Şuşadan, Topxana meşəsindən, Əsgəran qalasından, Pənah xandan, Natəvandan, Xan Əmidən, Bülbüldən söhbət salır, Qarabağ salnaməsini balaca uşağın zehninə həkk etdirirlər.
Mən balaca olsam da,
Bilirəm ki el nədir.
Bilirəm, Vətən nədir,
Bilirəm ki, dil nədir.

Qarabağ cənnətməkan,
Elə şirindir mənə.
Çox deyibdir bu haqda
Atam, babam, müəlliməm.
Uşaq köksünə əminliklə yazıb ki, əzəli torpağımız Qarabağ çox da uzaqda olmayan günlərin birində Ali Baş Komandanımız tərəfindən geri qaytarılacaqdır. Çünki Azərbaycanın yenilməz ordusu var. Uşaq da bizim kimi əmindir ki, Qarabağ “arxalı köpək”lərdən azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Bilirəm ki, ordum var,
Alacaq Qarabağı.
Orda dalğalanacaq
Azərbaycan bayrağı
Şairin nikbin və ya optimist duyğuları, sabaha ümidi, inamı balaca körpələri, növcavanları ruhlandırır. İnanırsan ki:
Mən balaca olsam da,
Əzizimdir bu torpaq.
Bax, köksümə yazmışam.
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ,
Yaddan çıxmaz Qarabağ! (səh.75-76)
Müdrik düşüncələrdən, işıqlı baxışlardan, yaşanmış ömrün vurduğu naxışlardan, şairin humanist duyğularından süzülən bu misralar, durulub hikmət çələnginə, həyat fəlsəfəsinə çevrilib. Çevrilib ki, balaca oxucular duyğulansınlar, haqq yolunu seçsinlər və ən əsası torpağa yaraşıq olsunlar.
Tofiq Qəbulun “Oyunçu Özləm” adlı şeirini oxuyan zaman şairin sanki bir arzusunu görürük. Arzu da bu körpənin təmiz gülüşünün daim çöhrəsində qalması arzusudur. Bildiyimiz kimi, nəvələrin emosional, intellektual inkişafında baba və nənələrin rolu heç də az deyil. Uşaqlar sonsuz istək və arzularının reallığını baba və nənədə tapır. Çox zaman uşaqların hər bir oyun istəklərini reallaşdıran yenə də baba və nənələrdir. Budur, Özləm hakimdir – baba müttəhim, Özləm həkimdir – baba xəstə, Özləm müəllimdir – baba şagird, Özləm mühəndisdir – baba fəhlə.
Özləm həkimdir sanki,
Xəstəyəm nəzərində.
“Həblərini ud!” – deyir – 
Gözlərim üzərində

Özləm olub mühəndis,
Fəhləyəm nəzərində.
Deyir: “Evi yaxşı tik!
Gözlərim üzərində”.

Hərdən də qucur məni,
Babayam nəzərində.
Deyirəm: “Gözəl nəvəm,
Həmişə belə şən ol,
Gözlərim üzərində” (səh.80).
Uşaq psixologiyasını yaxşı bilməsi, kiçikyaşlıların arzu və istəklərini həssaslıqla duyması şairə bu sahədə şeirlər yazmağa geniş imkan vermişdir.
Torpağa bağlılıq, gözəlliyə vurğunluq, insana məhəbbət – bunlardır “Şeir özü çınqıdır”dan aldığımız bəşəri hislər, duyğular. Sadəliyi ilə seçilən, lakin ehtiraslı qəlbə malik olan şair çox şairlər kimi xəyala dalmağı sevmir, daha çox qəlbən yaşadığı, görüb-duyduğu, müşahidə etdiyi fakt və hadisələri qələmə alır, real duyğularını pafos və ritorikaya varmadan oxucularına təqdim edir. “Dar ağacı”, “Ruhu yandıran sual”, “Belə də olur”, “Güllə yaraşır”, “Nə mənası var”, “İlahi ədalət” və digər şeirlərində axıcılıq, obrazlılıq, məzmun dərinliyi oxucunu razı salır, həyəcanlandırır, kədərləndirir, sevindirir. Xoşagələn cəhətlərdən birincisi, biz deyərdik ki, hər bir şeirin məzmunlu sonluqla bitməsidir, tamlıq, bütövlükdür. Şair nədən bəhs edirsə, onu mənalandırır, oxucusunu bu mənaya varmağa məcbur edir. “Nəyindən yazım” şeirinə fikir verək: Hər bir insanda doğruluq, dürüstlük, sözübütövlük, mərdlik, şərafət, namus, ləyaqət kimi ali insani keyfiyyətlər və prinsiplər cəmiyyətimizdə daxili gözətçi rolunu oynayır. Bu ali keyfiyyətlərin yerini riyakarlıq, yaltaqlıq, mütilik, ikiüzlülük, xəbislik, xəsislik kimi mənfi keyfiyyətlər əvəz edirsə o adam sağlığında da, dünyadan köçəndə də ittiham olunur. Şair altı bəndlik şeirində mənfi obrazı necə də gözəl ustalıqla təsvir edir:
Deyirsən, məndən yaz, yazım ey, yazım,
Ancaq söylə görüm, nəyindən yazım?
Hər baxdıqca sənə tükənir sözüm,
Əxlaqın iy verir, iyindən yazım?..

Qəlbin döyünürmü millətin üçün?
Elə çırpınırsan sərvətin üçün.
Qəpik xərcləmirsən hörmətin üçün.
Saxta şivənindən, vayından yazım? (səh.49)
Məhəbbət lirikası! İnsanların ülvi hisslərinin, şirin duyğularının lirikası! Heç vaxt solmayan, heç vaxt sönməyən məhəbbətin tərənnümü hansı şairin rübabında öz ifadəsini tapmamışdır? Bu mənada, Tofiq Qəbul da yaradıcılığında ismət dolu, həya dolu lirik şeirlərə də yer ayırmışdır. Ona görə ki, V.Belinskinin dediyi kimi, “Lirika dilsiz duyğulara söz və surət verir, onları dar köks qəfəsi içindən bədii həyatın təmiz havasına çıxarır, onlara xüsusi bir həyat verir”. Tofiq Qəbul insan həyatını mənalandıran sevgidən, vəfalı, sədaqətli sevgidən yazmağı unutmur. Onun lirik şeirlərində səmimilik, nikbinlik, xoş əhval-ruhiyyə, əhdi-peymana sədaqət və s. ifadəsi vardır. Şair gəncliyə Şərq ənələrinə sadiq qalmağı, yəni, ulu babalar sayağı sevməyi məsləhət edir:
Mən diz çökməyəcəm qarşında sənin,
Səni sevəcəyəm şərqli sayağı.
Mən gül səpməyəcəm başına sənin,
Səni sevəcəyəm şərqli sayağı.

Yalan vədlər ilə aldatmayacam,
Özümü qarşında alçaltmayacam,
Sənə tərif deyib ucaltmayacam,
Səni sevəcəyəm şərqli sayağı…

Sevgi qəlbimizdə yaşayacaqdır,
Sonra övladlara daşınacaqdır,
Ailə sevgisi başlanacaqdır.
Səni sevəcəyəm şərqli sayağı (səh.72).
Tofiq Qəbulun bu şeirini oxuyan zaman Qurban Səidin “Əli və Nino” əsərindən bir epizodu xatırlalamaq olmur. Səfər xan oğlu Əli xana etdiyi nəsihətlərindən biri də belədir: Qadın tez sınan bir qabdır. Bunu bilmək vacibdir… Bilirsən ki, müsəlmanlar dörd arvdı birdən saxlaya bilər. Amma biri ilə kifayətlənsən, daha yaxşıdır. Onunla səbirli ol (Nino nəzərdə tutulur). İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş-qaş ver… Kişi gərək arvadı sevməsin. Kişi vətəni, müharibəni sevər. Kişi qadını qorumalıdır, sevməli deyil.
T.Qəbulun lirik qəhrəmanları aciz və passiv deyildirlər. Onun qəhrəmanları məhəbbəti uğrunda çarpışan, vüsala qovuşmağa əmin olan, ən şirin arzularına yetişəcəyinə möhkəm inanan nikbin aşiqlərdir. Onların əhval-ruhiyyəsi oxucuya gözəl təsir bağışlayır, oxucuya inam və iftixar hisləri aşılayır.
Bu payız gecəsində,
Sən yadıma düşmüsən.
Xəzəllərin səsindən
Sandım ki, üşümüsən (səh.64).
Şairin şeir yaradıcılığının digər bir qolunu düşünən, düşündürən yetkin insanların həyati arzularını, baxışlarını, əməllərini əks etdirən lirika təşkil edir.
Bir vaxt qışın sərt günündə,
Sən, mən, bir də şəhər idi.
Qar nur idi gecəmizə,
Elə bil ki, səhər idi.

Atabəylər türbəsinin
Meydanında əylənirdik.
O, sanki eşq Kəbəsiydi,
Dövrəsində hərlənirdik.
Bunu bütün oxucular təsdiq edə bilər ki, Tofiq müəllim nə qədər yazır-yazsın, onun şeir dili dadlı, duzlu və yeni ideyalarla zəngin olduğu üçün ictimaiyyət tərəfindən sevilə-sevilə oxunur. Maksim Qorki belə insanlar haqqında necə də gözəl deyib: “Əgər sən bütün ömrün boyu həmişə və hər yerdə adamlar üçün ancaq yaxşılıq – yaxşı çiçəklər əkmisənsə, yaxşı fikirlər yaymısansa, özün barədə xoş xatirələr qoya bilmisənsə, sənin həyatın asan, xoş və şən olacaqdır”. Öz yaradıcılıq münasibətilə həyat kredosunu insanlara yaxşılıq etməkdə görən şair Tofiq Qəbul şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək poetika aləminin inkişafına ləyaqətlə xidmət edir. Bu sadə və səmimi insanı yeni şeir kitabı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan Yazıçılar birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“A” HƏRFİNİN ŞEİRİ

“A” HƏRFİ HAQQINDA ŞEİR

“ A “

A ilə Ana deyə,

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.

01.10.2011.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

Əsəd Cahangirin Azadinform-a müsahibəsi – Əvəz Qurbanlı

Tanınmış tənqidçi Əsəd Cahangirin Azadinform-a müsahibəsi
 

  • Əsəd müəllim, ədəbi tənqid kimi ağır, gərgin enerji tələb edən bir işlə uzun illər məşğul olmaq sizi yormur? Xüsusilə, fikirlərinizə ədəbi ictimaiyyət tərəfindən adekvat münasibət görməyəndə…
     
  • Ali ədəbiyyat ödülü “Qızıl kəlmə”ni, Yazıçılar Birliyinin Yaşar Qayayev adına ədəbi-tənqid mükafatını tənqidçilər arasında hamıdan öncə mən almışam. AYB-nin son iki qurultayının məruzəçisiyəm. Xalq yazıçısı Elçin bir neçə ay öncə ədəbi-tənqidlə bağlı elədiyi məruzəsini başdan-başa mənimlə dialoq üstündə qurub. Adekvat münasibət daha necə olur ki? Özümə münasibətdə ictimai rəydən də narazı deyiləm. Yazılarıma sosial tələbat var, heç bir tənqidçinin oxunmadığı qədər oxunur, rezonans doğururam. Bu, əlbəttə, mənim təkcə yazılarım yox, həm də alın yazımla bağlıdır. Əleyhdarlarım bunu unutmasınlar.
     
  • Sizi Azərbaycan ədəbi tənqidinin sərkərdəsi adlandıranlar var.
     
  • Sərkərdə olmaq çətin deyil, bəs, əsgərlərim kim olacaq? Sual budur.
     
  • Azərbaycanda ədəbi tənqidlə məşğul olan nə qədər adam var?
     
  • Rusiya əyalət universitetləri tələbələrinin referatları Azərbaycanın bəzi tənqidçilərinin yazdıqlarından maraqlıdır. Tənqidçi bədii mətni avtomat kimi söküb yığmalıdır. Görürsən, biri iddia edir ki, tənqidçiyəm, amma analizlə sintezin fərqindən xəbərsizdir. Amma vaxtilə tənqidçilər olub. Akif Hüseynovun ötən əsrin 70-80-ci illər nəsri haqda gözəl üslubda, təkrarsız analitik təhkiyə ilə yazılan məqalələri bu gün də örnəkdir.


     
  • Hazırda nə ilə məşğulsunuz?
     
  • Gənclərin yaradıcılığından ibarət antologiyanı artıq çapa hazırlamışam. 70-ə yaxın gənci özündə birləşdirən antologiya tənqid, şeir, nəsr, dram bölümlərindən ibarət olacaq.
     
  • Gənclərdən kimlərin adını ilk sıralarda çəkərdiniz?
     
  • Sırasını bilmirəm, amma son vaxtlar Fərid Hüseynin yazıları diqqətimi çox çəkir. Elə yazarlar var ki, torpağın altından cücərən toxum kimi zamanla baş qaldırırlar. Fərid də belədir.
     
  • Belə demək mümkünsə, enerjilərini sonrakı illərə də saxlayırlar?
     
  • Məncə, onlar bunu bilərəkdən etmir, bitki öz iradəsi ilə cücərmədiyi kimi. Sonra Qismətin yazıları seçilir. Əgər Fəriddə daxili zərrənin açılışı gedirsə, Qismətdə kənar amillər hələ ki, buna mane olur. Kənar amillər deyəndə, sosial rəy, işlədiyi kollektivin, baxdığı filmlərin, oxuduğu kitabların təsirini nəzərdə tuturam… Qismət kənardan mənimsədiklərini hələ tam özününküləşdirə bilmir. Yəqin ki buna zamanla nail olacaq.Əvəzində Fəridin astagəl yazı tərzi ilə müqayisədə onun daha çevik manerası, cilalı üslubu, hətta yumoru var. Onun yazıları mənə qılıncoynadanın məşqini xatırladır. Amma nə Fərid, nə də Qismət hələ əsas seçimlərini etməyib – poeziya, esseistika, tərcümə, redaktə, tərtibatçılıq, yoxsa nəsr?
     
  • Sizcə hansı?
     
  • Özləri bilən məsləhətdir, amma məndən olsa, esseistikada.
     
  • İnformasiya artıqlığının yaratdığı düşüncə problemi Həmid Herisçidə də var.
     
  • Bu, onun “Solaxay” romanının lazımı bədii uğuruna imkan vermədi. Romanın təxminən yarısından sonra müəllif hadisələrə o qədər informasiya daxil edir ki, mətndə informativ tıxac yaranır. 
     
  • Antologiyanın bir vəzifəsi də yeni imzalar üzə çıxarmaqdır. 

    – Cavid Zeynallını oxucular nasir kimi tanıyır, amma antologiyada o pyeslə çıxış edir. Cavanlar arasında indiyə qədər də dram cəhdləri olub, amma əksərən uğursuz. Cavidin “Tanrı quşu gəlmədi” pyesinin mövzu aktuallığı problemi olsa da, dram sənəti qanunları baxımından uğurludur. Yəni bu pyes səhnəyə qoyulmasa belə, onun müəllifi gələcəkdə səhnələşdiriləcək əsərlər yaza bilər. Yaxud Savalan Talıblını indiyə qədər publisist kimi tanıyırdıq. Odur ki, onun “Qəza” hekayəsi məni yaxşı mənada təəccübləndirdi. Ümumən tanımadığım bir imza – Bahəddin Salmanın “Qozbelin son duası” hekayəsinin özəl psixoloji iqlimi var. Ağasəlim Əmri, Kamal Hüseyn, Nicat Nəsri, Tahirə Bərraq, Vəlixan Abdullayev, Zaur Rəxşan əruzda, Elşad Ərşadoğlu, Anar Amin, Qılman İman, İltimas Səmimi, Vasif Zöhraboğlu, Ruslan Dostəli, İntqam Yaşar, Məhəmməd Məhəməd hecada ənənələri davam etdirirlər. Əruzçuların yeniləşmə, hecaçıların isə həm də məhsuldarlıq problemi var, istedad isə məhsuldar yeniləşmə deməkdir. Adları çəkilənlər bunu yadda saxlasınlar. Heca ilə sərbəst arasında var-gəl edən Emin Piri müharibə, Pərviz Axundov qaçqın-köşkün mövzusu, Allahşükür Ağa orijinal tapıntıları, lakonizmi ilə yadda qalır. Bunlar haqda da eyni sözləri demək olar. Nə Emin, nə də Pərvizin yeni şeirlərini görmürəm. Sərbəst şeirlər yazan Aqşin Evren üçün planetar, hətta kosmik düşüncə səciyyəvidir. Onu oxuyanda özünü hansısa yad planetin səthinə enmiş kimi kosmonavt kimi hiss edirsən. Fuad Cəfərli, Ruzbeh Məmməd, Tural Turan, Ümid Nəccari, Ulucay Akif, Rəvan Cavid üçün psixoloji incəlik xasdır. Amma bəzən özlərinə o qədər qapanırlar ki, ətrafla əlaqələri kəsilir, anlaşılmaz olurlar. Qafar Rüstəm romantik üslublu, Yadigar Ələkbərov tarixi mövzulu, Şəfaqət Cavanşir gender problematikalı, Orxan Həsəni, Mansur Rəğbətoğlu absurd məzmunlu hekayələri ilə seçilirlər. Bunların hamısından ötə Günel Eyvazlıdır. Gənc bir xanım olasan və mənəm-mənəm deyən kişilərin baş vura bilmədiyi Maks Gendeli, Rene Genonu, Yelena Blavatskayanı oxuyasan! Günelin perspektivini ezoterik nəsrdə görürəm. Yəni Kastanedanın yaradıcılığı kimi. Bizdə o yer boşdur.
     
  • Bəs, antologiyadan başqa nə iş görürsüz?
     
  • Şairə Arzu Nehrəmlinin portretini cızacaq bir yazı üzərində düşünürəm. Bu, 90-cı illərin dramatik olayları, taleyin sərt dönüşləri fonunda romantik sevgi yaşayan Azərbaycan xanımının portreti olmalıdır. Bir neçə ay qabaq dünya kinosu və çağdaş nəsrimiz haqda yazmağa başladığım məqaləyə qayıtmaq fikrim var. Məqalədə Aslan Quliyev, Murad Köhnəqala, Qan Turalı və Pərvinin hekayələri dünya kinosu örnəkləri ilə müqayisəli təhlilə çəkiləcək. Bu günlərdə tanınmış yazıçı Əjdər Olun meydan hadisələrindən bəhs edən “Lo” adlı yeni romanının əlyazmasını oxudum. Qismət olsa, ondan bir yazı yazmaq fikrim var.
     
  • Romana özəl münasibətiniz nədən doğur?
     
  • Sabir Əhmədlinin “Kütlə”, Əli Əmirlinin “Meydan”, Afaq Məsudun “Azadlıq”  romanlarından sonra “Lo” 90-cı illər hadisələrinə münasibətin yeni – daha emosiyasız mərhələsini ortaya qoyur. Bu romanla Əjər Ol ədəbiyyatın tarix qarısındakı 30 illik borcunu qaytarmağa cəhd edib. O dövrün bütün gəncləri kimi mən də “Lo”da təsvir olunan meydan olaylarının şahidi və iştirakçısıyam. Ona görə roman mənə yaxındır.
     
  •  İndi hamı Nəsimidən danışır, yazır. Nə əcəb Nəsimi mövzusuna müraciət etmirsiniz?
     
  •  Ona görə ki, bilən də yazır, bilməyən də. Bu bayağı xor kapellasına qoşulmaq istəmirəm. “Məndə sığar iki cahan”a bir xanım mahnı bəstələmişdi, çox sərt ümummlli təpki ilə qarşılandı. Bu təpkini başını başlara qoşub, Nəsimidən yazan, danışan bəzilərinə də göstərmək lazımdır. Öz əqidəsi uğrunda dabanından soyulan bir şairi ucuz qazanc vasitəsi, möhtəkirlik alətinə çevirmək günahdır.


     
  • Bəs, siz Nəsimidən yazsaz, necə yazarsız?

    – Mən Nəsiminin çağdaş elm və planetar məkanda analizinə üstünlük veririəm. Çünki yalnız bu zaman onun əbədiliyi öz təsdiqini tapır. Odur ki, “Məndə sığar iki cahan” qəzəli, amerikan rejissoru Stenli Kubrikin “Kosmik Odisseya – 2001” və rus rejiossru Andrey Tarkovskinin “Solyaris” filmlərinin müqayisəli təhlilinə dair bir məqalə yazmaq istəyirəm. Məqalənin əsas ideyası, süjeti, bir sözlə, konturları hazırdır, qalır bəzi materiallara göz gəzdirib, fikirlərimi yazıya almaq.
     
  • Əsas ideyanız nədir?
     
  • Amerikanların ötən əsrin ikinci yarısında yaxınlaşdığı, rusların hələ indi də dərk edə bilmədiyi məqama Nəsimi ön dördüncü yüzildə çatmışdı.
     
  • O hansı məqamdır?
     
  • Çərxə çıxan həcər mənəm!
     
  • Bəlkə, biz az açıqlama verəsiz.
     
  • Sirri-nihanı hələlik faş eləmək istəmirəm.
     
  • Yuxarıda gənc yazarlardan danışdınız; ümumiyyətlə, ədəbiyyata yeni gələn nəslin baxışları sizi qane edirmi?
     
  • Gənclərin başlıca problemi yeni zamanın mənəvi-ruhi və intellektual  tələbini duymamaqdır. Onlardakı kədər, bədbinlik, ümidsizlik ovqatı burdan doğur. Yolun sonundakı işığı görmürlər.
     
  • İntihara çağıran ədəbiyyat?
     
  • İntihara meyl ondan doğur ki, insan öz ölməzliyinə inanmır. Ümumən Azərbaycan yazıçısının düşüncəsinin konturları əksərən ölümə qədər gedir, ordan o yana keçmir. Antik tragediyaların finalında “deus ex machina”, yaxud hind filmlərinin sonunda əllərində zopa tutmuş şortikli polislər necə peyda olursa, bizim bir çox şair-yazıçıların da düşüncəsinin sonunda hökmən Əzrayıl zühur eləyir. Əlbəttə ki, istisnalar da var. Məsələn, Muğanna ölümün o üzünə keçmək, əbədiyyətin nəfəsini duymaqla həm də ölü sözdən diri sözə keçdi. Ölməzlik düşüncəsi ədəbiyyatı əbədiyyətə çevirir. Bu həqiqət gənclərə nə öz ruhlarından açılır, nə də Muğannanı, Nəimini, Nəsimini oxuyurlar. Onların əksəri iyirminci yüzil Avropa dekadans düşüncəsinin təsiri altındadır.
     
  • İsa Muğanna və Çingiz Aytmatovu necə müqayisə edərdiniz?
     
  • Aytmatov kosmik, Muğanna metafizik düşüncəlidir. Çingiz ağa son romanlarından olan “Kassandra”da da kosmik düşüncəni yarıb metafizikaya vara bilmədi. O, uzaqbaşı yaxşı yazıçıdır. Muğanna sadəcə yazıçı yox, peyğəmbərliyə  iddialıdır. O yeni bir inanc yaradıb – Odər inancı! Maraqlidir ki, ötən əsrin ikinci yarısında ədəbiyyatımızda peyğəmbərliyə iddialı iki şəxsin – İsa Muğanna və Asif Əfəndiyev – hər ikisi Ağstafadan çıxıb. Rus ədəbiyyatında Dostoyevski, Lermontov, Tütçev peyğəmbərliyə iddialı idi. Məsələn, bir şair kimi Puşkin, bəlkə də, Lermontovdan öndədir. Amma bir müjdəçi, öncəgörən kimi ona uduzur. Çingiz ağa ilə Muğannada da məsələ belədir. 
     
  • Azərbaycan ədəbiyyatına postinsan terminini siz gətirmisiniz. Postinsan kimdir?
     
  • Postinsan üçün əsas təbiətin yox, ağlın qanunlarıdır. O süni intellekt sahibidir. Onun yaranmasıyla təbii seçimi süni seçim əvəzləyir. İnsan özünün ənənəvi bioloji və intellektual sərhədlərini aşır, ölümsüzlüyə və kainatı idarə etməyə iddia edir. Bu, insanın bir mərhələdən başqasına keçməsi yox, keyfiyyətcə başqa bir varlığa – postinsana çevrilməsidir. Homo sapiens dönəmi bitir.
     
  • Yəni ənəlhəq?
     
  • Zahiri oxşarlıqlarına baxmayaraq, ənəhəq ideyası ilə postinsan arasında fərq var. Ənəlhəqdə allah insanın aliliyinin ölçüsüdür. Postinsanda isə insan özünü allaha bənzətmir, allah haqda ümumən düşünmür, onun yerini tutur. Ənəlhəqə görə, insan ilahi elm – Quranın batini dərki hesabına həq mərtəbəsinə yüksələ bilər. Postinsan isə yalnız bəşəri elm hesabına baş verir. Ənəlhəq insanın ruhi, postinsan cismani ölməzliyindən danışır.
     
  • Postinsan bu gün nə dərəcədə aktual və gerçəkdir?   
     
  • Bu gün insan ağlı qarşısıalınmaz qüvvəyə çevrilib və bizi qabağına qatıb, çox böyk sürətlə gələcəyə qovur. Artıq istəsək belə, bu qaçhaqaçı dayandırmaq gücündə deyilik. Maşın sürücünün idarəetməsindən çıxıb. Yəni sinqulyarlıq deyilən bir durum ərəfəsindəyik. Odur ki postinsan bu gün gerçək və aktualdır.
     
  • Belə çıxır ki, bu nəzəriyyədə Allahın varlığı inkar edilir?
     
  • Bu, bizə elə gəlir. Çünki ağlı bizə Allah verdiyindən məsələnin kökündə Onun gizli proqramı dayanır. Allah proseslərdə iştirak etmir, lakin bunun özü, “iştirak”ın bir formasıdır.
     
  • Bu yaxınlarda Musa Yaqub, Ramiz Rövşən, Vahid Əziz “Xalq şairi”, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud isə “Xalq yazıçısı” fəxri adlarını aldılar.
     
  • Ramiz Rövşən Azərbaycan poeziyasında mərhələ yaradan şairdir. O, ədəbiyyatın ölçüsüdür. Düzdür, bəzən görürsən ki, əsl istedadlar qalır bir tərəfdə, ikinci, üçüncü, hətta on üçüncü dərəcəli yazarları tərifləyir. Və inanmıram ki, bunu bilmədən edir. Amma bu, onun çağdaş ədəbiyyatın arbitri olmasını inkar etmir.
    Bu qeyd Kamal Abdullaya da aiddir. Görürsən ki, müsahibə verir, yalnız öz çevrəsində olanları tərif edir. Amma bu da onun romanlarının önəmini inkar etmir.Azərbaycan bədii fikri ilk dəfə bu romanlarla “Nobel”in qapısını döyüb.
     
  • Qapısını döydü?
     
  • Ona qədər heç qapını döyə də bilmirdi, axı. Mövlud Süleymanlı istisna olmaqla, Afaq Məsudun əsərlərinin insan psixologiyasının dərin qatlarını qaldırmaq baxımından analoqu yoxdur.
     
  • Bəs, Muğanna?
     
  • Muğanna şüurüstü, Afaq Məsud şüuraltı ilə işləyir. Yəni əgər Muğanna ucalarda pərvaz edirsə, Afaq Məsud dərinlərə enir. O yalnız son dönəm əsərlərində şüurüstünə keçməyə başlayıb.
     
  • Sizcə, daha kimlər bu adlara layiqdir?
     
  • Qarabağ haqqında romanların müəllifi Aqil Abbas. Onun “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı ümummilli arzularımızı ifadə edir. Azərbaycan insanının Şuşaya qayıtmaq, Qarabağı qaytarmaq, özünü fərdi və milli anlamda təsdiq etmək  istəyi heç bir əsərdə bu romandakı qədər bədii ehtirasla əks olunmayıb. Yalnız Sabir Əhmədlinin Qarabağa qayıdışı əks etdirən “Ömür urası” romanının adının çəkmək olardı. Lakin Sabir müəllim fantastik janrda yazdığından Aqil Abbasın romanı öz müstəsnalığını saxlayır. Bu romanla Azərbaycan ədəbiyyatı həyatı qabaqlayıb. İllər sonra Mübariz İbrahimov romanın qəhrəmanının igidliyini həyatda göstərdi.
     
  • Deyirsiz Mübariz İbrahimov Aqil Abbasın romanından ilhamlanaraq o qəhrəmanlığı göstərmişdi?
     
  • Əsas o deyil ki, Mübariz İbrahimov Aqil Abbasın romanını oxumuşdu, ya yox. Əsas odur ki, Aqil müəllim Azərbaycan insanının nəbzini tutub, onun ürək döyüntülərinə qulaq asmış, onun qəlbinin ən dərin qatlarındakı arzularını oxumuşdu.  Bir yazıçı ki xalqın ürəyini oxuyur, onun qəlbindən xəbər verir, o, Xalq yazıçısı adı almağa layiqdir.
    Bir də, məncə, ölümündən sonra olsa da, Adil Mirseyidə ad verilməlidir.
     
  • Adətən, hərbi sahədə, qəhrəmanlıq göstərərək şəhid olmuş şəxslərə ölümündən sonra adlar verilir…
     
  • Adil Mirseyid də şəhiddir – sözün şəhidi. Onun həyatı və yaradıcılığı müasir ədəbiyyatın ən kədərli səhifələrindən biridir. Bu şairin cənazəsi Milli Teatrdan götürülməli idi, kirayə yaşadığı evdən yox… İndi on doqquzuncu yüzil deyil, amma Seyid Əzimə, Sabirə olan münasibət daha yaxşı idi, nəinki Adil Mirseyidə. Onları heç olmasa, daşqalaq edirdilər, Adil Mirseyidə isə etinasızlıq vardı.
     
  • Sizə elə gəlmir ki, Sabir dövründə cəmiyyətin intellektual səviyyəsi daha yüksək idi?
     
  • Haqlısan, şeirə etiraz, əslində, onu başa düşmək, şairə gözünü bərəltmək, dolayısı ilə ona verilən qiymət deməkdir. Bu durumun günahı şairdəmi, cəmiyyətdədirmi, bilmirəm, amma faktdır ki, bu gün ədəbiyyat cəmiyyətin problemlərindən uzaq düşüb, “özündəşey”ə çevrilib…
     
  • Uzaq düşüb, yoxsa geridə qalıb?
     
  • İstənilən halda cəmiyyətlə ədəbiyyat arasında əlaqə kəsilib. Çağdaş şeirin bayraqdarı Ramiz Qusarçaylı və daha bir neçə şair istisna olmaqla xüsusən də şairlər ictimai mövzulardan uzaq düşüblər.
     
  • Əgər yaradıcı adamlar ətraf tərəfindən təcrid olunursa, onların daxili aləmlərinə çəkilməsi də normal hal deyilmi?
     
  • Əsas məsələ o deyil ki, yazıçı özünə çəkilib, ya yox, odur ki, o oxunurmu? Əgər oxunursa, demək, ədəbiyyatla bədii sözün əlaqəsi var. Doxsanıncı illər ədəbiyyatında fərdiyyətçiliyin ən səciyyəvi ifadəçisi Salam idi.  Amma o oxunurdu.
     
  • Niyə?
     
  • Çünki o öz tənhalığını tərənnüm etmir, tənqid edirdi. Onda özünə qarşı ironiya vardı. Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Bayatlının ağır, ciddi şeirlərindən sonra bu, oxucuya yeni görünürdü. Salamdan öncəkilər kimi, sonrakılar da öz tənhalıqlarını tərənnüm edirlər. Məncə, əsas problem bundadır. Yəni nə yazmaq yox, yazdığına münasibətdə.
     
  • Müsahibələrinizin birində AYB sədrliyinə namizədliyinizi verəcəyinizlə bağlı fikirlər səsləndirmişdiniz. Yenə o fikirdə qalırsızmı?
     
  • Əslində, mən o fikirlə ədəbi mühitdə baş verən və mənə dəxli olmayan məsələlərdə ittiham olunmağıma ironiyamı bildirmişəm. Demək istəmişəm ki, əgər sədr olmaya-olmaya hamı mənim sözümlə durub-oturursa, hamını mən idarə edirəmsə, niyə sədr olmayım ki?
     
  • Axı, bunun üçün əsaslar da vardı – Əsəd Cahangir ciddi imzadır. Nəyə görə AYB sədrliyinə namizəd ola bilməz ki?
     
  • Hətta ciddi imza olmasam belə, AYB Nizamnaməsinə uyğun olaraq sədrliyə namizədliyimi irəli sürə bilərəm. Burada qeyri-adi heç nə yoxdur. AYB sədri, əslində, böyük vəzifə deyil. Onu böyük göstərən uzun illərdən bəri bu vəzifədə çalışan Anar müəllimin obrazıdır. Kravçuk 10 il qabaq Rusiya Yazıçılar İttifaqının prezidenti seçiləndə 33 yaşı vardı.
     
  • Aqşin Yeniseyin sözlərinə görə, yazıçı Anar sizin “xaç atanız”dır.
     
  • Dini mənsubiyyətim müsəlman olduğu üçün Anar mənim “xaç atam” yox, “aypara atam” ola bilər. (gülür)
     
  • Əgər nə vaxtsa AYB sədri seçilsəydiniz, qurumda nə kimi islahatları həyat keçirərdiniz?
     
  • Ən öncə AYB üzvlərinin sayının 2000 nəfərdən 200 nəfərə endirilməsi məsələsini qaldırardım. Keçmiş SSRİ ərazisindəki respublikalar arasında  Yazıçılar Birliyi üzvlərinin sayına görə Rusiyadan sonra ikinci yeri Azərbaycan tutur. Halbuki, Rusiyanın əhalisi bizdəkindən 20 dəfə çoxdur. Bu hesabla, onların Yazıçılar Birliyi üzvlərinin sayı da 20 dəfə çox – 40 min nəfər olmalıdır. Amma cəmi 3 min nəfərdir. İndi özünüz hesabınızı götürün.
     
  • Birlik üzvlərinin sayca çoxluğu və azlığı nəyi həll edir?
     
  • Açıq qapı siyasəti yazıçı adını nüfuzdan salır. Bu məsələnin mənəvi tərəfidir. Birlik üzvləri sayının minlərlə olması dövlət tərəfindən ədəbiyyatın inkişafına ayrılan vəsaitin lazımı məcraya yönəldilməsinə imkan vermir. Bu da məsələnin iqtisadi tərəfidir.
     
  • Bəs, sizcə, Birlik üzvlüyündən kənarlaşdırılan şəxslər neyləməlidir?
     
  • Biz təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçmişik. İqtisadi həyatda dövlət sektoru ilə yanaşı özəl sektor yaranıb. Ədəbiyyat isə hələ də təkpartiyalı sistem dövründə qalıb. Alternativ ədəbi qurumlar yaranmalı və hər kəs öz dünyagörüşünə uyğun qurumun üzvü olmalıdır. Biz qapalı, totalitar kommunist rejimində yox, suveren bir dövlətdə, plüral cəmiyyətdə yaşayırıq. Ədəbiyyat təkcə bədii əsərlərin məzmunu yox, təşkilatlanma baxımından da cəmiyyətin güzgüsü olmaldır.

    Söhbətləşdi: Əvəz Qurbanlı
  • İLKİN MƏNBƏ: Əsəd Cahangir: “Anar mənim “aypara atam”dır”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Salam İbrahimoğlu “Ziyadar” Mükafatına layiq görüldü.

Salam İbrahimoğlu yeni işıq üzü görmüş “Məzəli Əhvalatlar” kitabına görə “Ziyadar” Mükafatına layiq görülüb. Mükafat Qarabağın tanınmış rəngkar-şairinə ad günündə təqdim olunub. “Məzəli Əhvalatlar” şairin sayca onuncu kitabıdır. Bu münasibətlə Kərbalayi Salam İbrahimoğlunu bir daha təbrik edir, yeni-yeni yaradıcılq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Salam müəllim!!! Var olasız!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru