ELŞAD BARAT

ELŞAD BARAT “KAKTUS YARPAQLARI” RÜBRİKASINDA

RİYAKARA

Saxta cəmiyyətin saxta adamı,
Bəsdi vaqqıldadın, sus, inanmıram.
İstəsən dədənin goruna and iç,
Əlini qurana bas, inanmıram.

Mən necə inanım sənə, ay axmaq.
Dediyin üç sözün beşi yalandı,
Görsəm ki, qurandan köynək geymisən,
Yenə inanmaram, əşi, yalandı.

Mən sənin yerində olsaydım əgər,
Utanıb əriyib yoxa çıxardım,
Bu dövran dəyişsə, əlimə düşsən,
Səni bircə qaşıq suda boğardım.

===============================================

CİBLƏRİM

Sizə görə utanıram, ciblərim.
Utanıram dost-tanışın yanında.
Sizə görə qısalıbdı əllərim,
Bir qorxu var əllərimin canında.

O qorxuyla hörmətdən də düşürəm,
Məclislərdə yerim küncdü-bucaqdı.
Sizə görə mənə söz də verilmir,
Nə olsun ki, sözüm qucaq-qucaqdı.

Qucaq-qucaq utanıram özümdən,
Ayaqlarım yeriməkdən utanır,
Hərdən olur bir şad xəbər alıram,
Dodaqlarım sevinməkdən utanır.

Sevinmirəm dostlarımın toyuna,
Lal oluram, dilim üsyan eləyir,
Barmaqlarım bir-birinə yapışmır,
Utandıqca əlim üsyan eləyir.

Heç bilmirəm əllərimi neynəyim,
Utanıram öz balamın üzündən.
Sizə görə, sizə görə, ciblərim,
Adam düşür adamların gözündən.

Müəllif: ELŞAD BARAT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir