AQİL KƏNGƏRLİ

ÜZ ÇEVİRMİŞİK

Bəzən çox yamana yaxşı söyləyib, 
Neçə yaxşılardan üz çevirmişik.
Çirkin xislətliyə təriflər deyib, 
İnad göstərmişik, söz çevirmişik.

Gətirib qəzəbə, tuş edib kinə, 
Layiqli olanı sıxmışıq tinə.
Nə qədər nadanı çəkmişik önə, 
Elə hey başına duz çevirmişik.

Kömürə ağ deyib, qatığa qara, 
İmzalar atmışıq saxtalıqlara.
Fitnə-fəsad ilə vurmuşuq ara, 
Ocaq qurdalayıb, köz çevirmişik.

“Düzgünlük” demişik biz təkrar-təkrar, 
Danıb həqiqəti etmişik inkar.
Dilimiz lal olub, qulağımız kar, 
Haqqı görə-görə göz çevirmişik.

Susduq, olanları gündə görsək də, 
Dayandıq kənarda, gendə, görsək də.
Günahı şeytanda, cində görsək də, 
Dünyanı, aləmi biz çevirmişik.

Müəllif: AQİL KENGERLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir