Ceyhun Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən, i.f.d. Ceyhun Məmmədova təqdim edilib.

Aİİ-nin rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi İnstitutun kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və İnstitutun kollektivi adından səmimi minnətdarlığımı bildirir, təşəkkür edirik. Bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.

İLKİN MƏNBƏ: Rektor Ceyhun Məmmədov “Azərbaycan Xalq…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR

Gecələr

Yenə gündüzündə günə dözürəm,
Ayüzlüm, boğuldum, dardı gecələr.
Dərdin harayından necə bezirəm…
İnləyən kamandı, tardı gecələr!

Nəsimi qisməti gülür dərimdə,
Ah, necə rahatam mən dizlərində,
Yanıb kül oluram gündüzlərində,
Elə üşüyürəm, qardı gecələr.

Dərd acır oduma, durub söndürür,
Məni lampa bilir, burub söndürür,
Hər gün son gümanı qürub söndürür,
Mənim əzabıma yardı gecələr.

Çəkdiyim hər ahım Haqqa çağrımı,
Həsrət çəkməyənlər bilməz ağrımı,
Gündüzlər günündən gülən bağrımı,
Paramparça etdi, yardı gecələr.

Səhər dan üzünə sıçradı qanım,
Yenə “canıımm”- dedi canımda canım,
Məmməd, çox üzülmə, əsil sevdanın,
Əvvəli gündüzdü, ardı gecələr…

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏJDƏR ƏLİZADƏ

MƏN OLUM…
(Rəcəz bəhri, növ-8, variant I)

Əhdə vəfa eyləginən, hüsnünə heyran mən olum,
İşvəni gəl az elə sən, nazına qurban mən olum.

Alma yanaq, qönçə dodaq, incə belin canım alır, 
Aşiqinəm, rəhm elə gəl, bir gecə mehman mən olum.

Sən gülü-xəndan, gözəlim, bülbülü-zarəm, nə edim,
Güllü gülüstanə gəlim, bülbülü-şeydan mən olum.

Getmə belə göylə daha, axtarıram yerdə səni,
Göydə sitarəm* sən isən, mehri-dirəxşan* mən olum.

Sevgi payım, dinlə məni, yarın et eşqinlə məni,
Can evinə təşrif edib, qəlbinə sultan mən olum.

Əjdərin ol təkcə, gülüm, gözlə desən gözləyəcəm,
Qəbrə qədər gözləməsəm qanına qəltan mən olum.

10.07.2019.

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayaz Arabaçı

Ayaz Arabaçı: “…yuxu kimi yuxu…”

YUXU

Bu axşam yuxuda səni görmüşəm,
Açmısan qəlbimin otaqlarını.
İpək tellərini tumarlamışam,
Öpmüşəm şip-şirin dodaqlarını.

Heç nə deməmisən, susmusan elə,
Göyərçin əllərin gəzib sinəmdə.
Səadət qol açıb belədən-belə,
İtib qəlbimdəki kədər də, qəm də.

Bir yuxu görmüşəm ətirli, dadlı,
Bum-buz ürəyimə yaz gətirmisən,
Dönüb bir dəfə də soruşmamışam,
Ki, mənim yuxuma niyə girmisən?

Gəlmisən dağıdıb qadağaları,
Həsrətə, kədərə qənim olmusan.
Təbrik eləmişəm özüm-özümü,
Bu gecə yuxuda mənim olmusan.

Çəkmişəm ətrini çiçək yerinə,
Səninlə bir nəfəs, bir can olmuşam.
Yuxuma gəldiyin qədəmlərinə,
Yüz dəfə, min dəfə qurban olmuşam.

Dönmüşəm bir anda körpə uşağa,
Nəvaziş ummuşam, qılıq ummuşam.
Təzədən yuxuma gələsən deyə,
Açıb gözlərimi bir də yummuşam.

Yuxumu həyatdı, həyatmı yuxu?
Bu sual nə aydın, nə bəlli olur.
Amma ki, çox zaman çin çıxmasa da,
Yuxular özü bir təsəlli olur.

Dəyişdim

Qoy bütün şəkillər qapqara çıxsın,
O aylı-ulduzlu fonu dəyişdim.
Yaşıl köynəyimi soyunub atdım,
Payıza köklənib donu dəyişdim.

Hər sözə gül vurdum,buta köçürdüm,
Ruhumu çiçəyə,ota köçürdüm,
Dərdimi bildiyim nota köçürdüm,
“Fa”nı rədd elədim,”do”nu dəyişdim.

Mən gedən arzunun yolu qarıydı,
Ağladım göz yaşım sarı-sarıydı..
İçimdə bir azca ümid varıydı,
Dünən də aparıb onu dəyişdim.

Bunun aqilinə,bunun pirinə!..
Qarışdı hər yerdə acı şirinə,
İlişdim it oğlu itin birinə,
Gördüm sərf eləmir konu, dəyişdim.

Burda ocaq sönüb buxarı keçib,
Süfrədə baş yerə suxarı keçib,
Baxdım ki,arsızlıq yuxarı keçib,
Səsimi azaldıb tonu dəyişdim.

İlahi dərdinə,dəvana şükür,
Uzandım bu cırıq divana,şükür,
Yenə də hər nədi İvana şükür,
Dostluğa yaramır Conu dəyişdim..

Bircə saqqızımız saçaq-saçaqdı…
Vaxt qoca quldurdu,ömür qaçaqdı,
Axırı başqa cür qurtaracaqdı,
Özüm bilə-bilə sonu dəyişdim.

Kimi

Sağa da yol gedir,sola da yol var,
Qalmışam ortada çaş adam kimi.
Gözümü açmamış qırxı tulladı,
Üstümə gəlmir ki,yaş,adam kimi.

Əlimdən illərin cilovu düşür,
Kamanı,nizəsi,tilovu düşür,
Saçıma payızın qırovu düşür,
Neynim,ağarmır ki,baş,adam kimi.

Barmaq hesabıyla yüzə çıxmıram,
Bir əyri yol tapıb düzə çıxmıram,
Gör neçə müddətdi üzə çıxmıram,
Sirri el-aləmə faş adam kimi.

Çiçəklər hamısı qu dili bilmir,
Çoxları yansa da su dili bilmir,
Heyif ki,adamlar bu dili bilmir,
Danışır gözümdə yaş adam kimi.

Yarama məlhəm qoy o buz yerindən,
Qoy öpüm tel düşmüş qopuz yerindən,
Elə gözəlsən ki,qopub yerindən,
Yüyürür dalınca daş adam kimi.

Apaydın görünür yollar,apaydın,
Bir ağ at gələydi minib çapaydım,
Təzədən üçgünlük ömür tapaydım,
Sürəydim səninlə kaş,adam kimi..

Var

Yaxşı ki,mən səni çoxdan unutdum,
Adın nə qəlbimdə,nə yadımda var.
Sən subay öləcən demişdin,amma,
İndi sevgilim də,arvadım da var..

Səsim qabaqkıtək bəm deyil daha,
Çəkdiyim siqardı,qəm deyil daha,
Heç nəyim həyatda kəm deyil daha,
Üstəlik uçmağa qanadım da var..

Durmuşam hamıdan yuxarı qatda,
Mən yazım birbəbir,sən oxu,çatda.
Şir gücü yığılıb qoluma hətta,
Dağları yenməyə inadım da var.

Əhvalım həmişə təzədi-tərdi,
İt kimi qovmuşam həsrəti-dərdi,
Şəhərdə nə varsa bizimkilərdi,
Beş-altı şirkət də öz adımda var.

Baxma səndən ötrü çordu-vərəmdi,
Dünya kef çəkdiyim nazlı hərəmdi,
Mənim bir oğlumun adı Kərəmdi,
Biri də Məcnundu,Fərhadım da var..

Ay belə doğuldu,gün belə batdı..
Söz gəlib axır ki,məqama çatdı..
Bunların hamısı bir zarafatdı,
Xəyal qırıqlığı hər addımda var..

Yaz yağışı

Heç nəyi dəyişməz bu yaz yağışı,
Nə o Ay işıqlı xatirələri, 
Nə də gözlərinə çökən kədəri.
Heç nəyi dəyişməz, amma ürəyi,
Aldada-aldada zorlamaq olar,
Həsrət şerləri yazıb gecələr, 
Beş-on ağ varağı korlamaq olar.
Heç nəyi dəyişməz bu yaz yağışı,
Alma çiçəyini töküb aparar,
Köhnə çəpərləri söküb aparar.
Heç nəyi dəyişməz bu yaz yağışı;
Nə acı həsrəti, nə də o ilki
İslaq tellərinin nərgiz ətrini,
Altında durduğun yarpaq çətrini,
Elə xatirimdə qalar, necə var,
Ovcumda titrəyən yanaqların da,
Moruq tamı verən dodaqların da.
Heç nəyi dəyişməz bu yaz yağışı,
Çıxıb, islanaram, iliyimədək,
sərxoş addımlarla dönərəm evə.
Kədərlə gizlənqaç oynayan ürək, 
Təzədən, çətin ki, vurula, sevə.
Heç nəyi dəyişməz bu yaz yağışı,
Yadımda, necə var, qalar o axşam;
Sükutun, nəfəsin, göy gurultusu,
Yarpaqdan-yarpağa damcılayan su…
Aç, bu yaz gecəsi pəncərələri, 
Səslə o illəri, geriyə çağır,
Heç nəyi dəyişməz bu yaz yağışı,..

* * * *

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..

Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..

İlahi sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.

Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.

Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..

Gözəldi bu ağac,bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki,bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.

Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?…

Müəllif: Ayaz Arabaçı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYAZ ARABAÇI

AYAZ ARABAÇI HAQQINDA

Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulub. 1984-də Arabaçı kənd orta məktəbini bitirib. Təxəllüsünü doğulduğu kəndin adından götürüb. Orta məktəbdə oxuduğu illərdə şeirləri “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. Ali təhsilini başa vurandan sonra Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Sonralar “İdrak” qəzetində baş redaktor, “Diplomat” nəşriyyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, “Xudafərin” jurnalının redaktoru işləmişdir. 5 şeir kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU

TƏVƏKKÜL GORUSLUDAN “ÜÇ YARPAQ”

XOŞBƏXT OLACAQ

Sehrkar çubuqdu qələmim mənim,
Yazdığım oxusan hüzur taparsan.
Qələmlə vəhdətdə əməlim mənim,
Sən məni misramda hazır taparsan!

Bir az qapalıyam, bir az ciddiyəm,
Qələmi götürsəm , qəlb qapım açıq.
Adıma uyğunam, düzlük həddiyəm,
Həssasam çoxundan, duysan azacıq.

Tanrıya min şükür vücudum gözəl,
Boy- buxun, yaraşıq, hamısı məndə.
Yazdığım fərqlidi, düşüncəm özəl,
Əl qoymam məkirə, fitnəyə, fəndə.

Qəlbimi yandırır elat həsrəti,
Aylardı, illərdi kğçdən yazıram!
Sınmayıb, gülümsər tutub surəti,
Mən heçdən yazmıram, içdən yazıram!

Dörd yanın kədərin, dərdin çəkməkdən,
Saçıma ələnib dağların qarı.
Səbr ilə hicranı qəlbə bükməkdən,
Canımı dağlayır ruhun qabarı!

Qələmim silahım, kağız səngərim,
Sətirlər, misralar güllə darağım.
Bəllidi təpərim, vardır ləngərim,
Bu dünya, bu bəşər alar sorağım!

Duyub sədasını türk oğlu türkün,
Səksənər, ayılar, karlar oyanar.
Düzəlməz olaylar paşama mümkün,
Bu dünya bir ayrı rəngə boyanar!

Mənim bu diyarım qiymətli inci,
Özgür sərhədlərlə şəfəq saçacaq!
Bax onda , Təvəkkül , duyub sevinci,
Bir şair ürəyi xoşbəxt olacaq!

11.07.2019.

= = = =

ƏN BÖYÜK DƏYƏR

Ay adam, bu dünya hamıya məskən,
Dünyanın yükünü çəkə bilməzsən!
Nə qədər olsan da gözdən tükçəkən,
Qılıyla gözünü tökə bilməzsən!

Açıb gözlərini ətrafa bir bax,
Dünya yerindədi, insandı yalan!
Hamıya açılmır gələn hər sabah,
Olmadı dünyayla əbədi qalan.

Artır səxavətin, “tit” de nəfsinə,
Qəlblərdə xeyirxah əməllə ucal.
Yaxından yaxındı bil nəfəsinə,
Hər addım qoyduğun yerdədi əcəl!

Sadiq ol sevginə, sevdiklərinə,
Bir heçsən onları itirsən əgər!
Şərik ol onların ÇƏKDİKLƏRİNƏ,
Sevgidi dünyada ən böyük dəyər!!!

10.07.2019.

= = = =

İNANMA

Səmimi olarsan, düzgün olarsan,
Haqqını yeyərlər, “yalan” deyərlər!
Xiffət eləyərsən, üzgün olarsan,
“Nəşədən xəyala dalan ” deyərlər!

Düşündüm Allahdan, salamdan yazdım,
Dedilər şairin ağlı qaçıbdı.
Bir az hiddətləndim, bir az da qızdım,
Dedilər keflənib, şərab içibdi!

Sevgidən yazsaydım, eşqdən yazsaydım,
Qazancım afərin, əhsən olardı.
Mey kimi könülə, ruha sızsaydım,
Vallahi, ünvanım “yeksən” olardı!

Odur ki, ay şair yurd fikri etmə,
Salam verənlərin salamın alma.
Qələmə sarılıb dərinə getmə,
Qarış cəmiyyətə, geridə qalma!

Onsuz da riyakar, saxta adamlar,
Sərvət topladıqca harınlayıblar.
Bu odun adamlar, taxta adamlar,
Ürəyi unudub, qarınlayıblar!

Xalqının şairi olmağın üçün,
Təvəkkül, sevincdən, şadlıqdan döşə!
Cəhalət odunda yandıqca için,
İnanma şansına insanlıq düşə!

09.07.2019

MÜƏLLİF: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK

Doğum günləri bu günə təsadüf edən;

Jurnalist -qiraətçi Arzu Heydərovanı,

Şair Namiq Həsənzadəni,

Şair Vüsal Yurdoğlunu

Və digər təqvimin bu gününü ad günü kimi qeyd edən şəxsləri təbrik edir, uzun ömür, can sağlığı, bütün işlərində müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!!! Yaradan yardımçınız olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru