TƏVƏKKÜL GORUSLU

TƏVƏKKÜL GORUSLUDAN “ÜÇ YARPAQ”

XOŞBƏXT OLACAQ

Sehrkar çubuqdu qələmim mənim,
Yazdığım oxusan hüzur taparsan.
Qələmlə vəhdətdə əməlim mənim,
Sən məni misramda hazır taparsan!

Bir az qapalıyam, bir az ciddiyəm,
Qələmi götürsəm , qəlb qapım açıq.
Adıma uyğunam, düzlük həddiyəm,
Həssasam çoxundan, duysan azacıq.

Tanrıya min şükür vücudum gözəl,
Boy- buxun, yaraşıq, hamısı məndə.
Yazdığım fərqlidi, düşüncəm özəl,
Əl qoymam məkirə, fitnəyə, fəndə.

Qəlbimi yandırır elat həsrəti,
Aylardı, illərdi kğçdən yazıram!
Sınmayıb, gülümsər tutub surəti,
Mən heçdən yazmıram, içdən yazıram!

Dörd yanın kədərin, dərdin çəkməkdən,
Saçıma ələnib dağların qarı.
Səbr ilə hicranı qəlbə bükməkdən,
Canımı dağlayır ruhun qabarı!

Qələmim silahım, kağız səngərim,
Sətirlər, misralar güllə darağım.
Bəllidi təpərim, vardır ləngərim,
Bu dünya, bu bəşər alar sorağım!

Duyub sədasını türk oğlu türkün,
Səksənər, ayılar, karlar oyanar.
Düzəlməz olaylar paşama mümkün,
Bu dünya bir ayrı rəngə boyanar!

Mənim bu diyarım qiymətli inci,
Özgür sərhədlərlə şəfəq saçacaq!
Bax onda , Təvəkkül , duyub sevinci,
Bir şair ürəyi xoşbəxt olacaq!

11.07.2019.

= = = =

ƏN BÖYÜK DƏYƏR

Ay adam, bu dünya hamıya məskən,
Dünyanın yükünü çəkə bilməzsən!
Nə qədər olsan da gözdən tükçəkən,
Qılıyla gözünü tökə bilməzsən!

Açıb gözlərini ətrafa bir bax,
Dünya yerindədi, insandı yalan!
Hamıya açılmır gələn hər sabah,
Olmadı dünyayla əbədi qalan.

Artır səxavətin, “tit” de nəfsinə,
Qəlblərdə xeyirxah əməllə ucal.
Yaxından yaxındı bil nəfəsinə,
Hər addım qoyduğun yerdədi əcəl!

Sadiq ol sevginə, sevdiklərinə,
Bir heçsən onları itirsən əgər!
Şərik ol onların ÇƏKDİKLƏRİNƏ,
Sevgidi dünyada ən böyük dəyər!!!

10.07.2019.

= = = =

İNANMA

Səmimi olarsan, düzgün olarsan,
Haqqını yeyərlər, “yalan” deyərlər!
Xiffət eləyərsən, üzgün olarsan,
“Nəşədən xəyala dalan ” deyərlər!

Düşündüm Allahdan, salamdan yazdım,
Dedilər şairin ağlı qaçıbdı.
Bir az hiddətləndim, bir az da qızdım,
Dedilər keflənib, şərab içibdi!

Sevgidən yazsaydım, eşqdən yazsaydım,
Qazancım afərin, əhsən olardı.
Mey kimi könülə, ruha sızsaydım,
Vallahi, ünvanım “yeksən” olardı!

Odur ki, ay şair yurd fikri etmə,
Salam verənlərin salamın alma.
Qələmə sarılıb dərinə getmə,
Qarış cəmiyyətə, geridə qalma!

Onsuz da riyakar, saxta adamlar,
Sərvət topladıqca harınlayıblar.
Bu odun adamlar, taxta adamlar,
Ürəyi unudub, qarınlayıblar!

Xalqının şairi olmağın üçün,
Təvəkkül, sevincdən, şadlıqdan döşə!
Cəhalət odunda yandıqca için,
İnanma şansına insanlıq düşə!

09.07.2019

MÜƏLLİF: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir