Etibar Etibarlı – Bacı şeiri

etibar etibarlı

(Bacıma məktub – fevral 1972)

Bilmirəm nə vaxtdı?
Hansı il,
Hansı gün?
Hansı saatdı?

Səndən necə oldu söz saldı anam.
Uşaq xəyalımda tufan yaratdı,
O gündən qəlbimə köz saldı anam.
O, elə közdü ki, yanar, ay bacı,

Könlümdə, tüstüsüz od-ocaq çatar.
Qəlbimə bir həsrət qonar, ay bacı,
Kipriyim kədərdən buz-qırov tutar.
Bir qərib xatirə yaşayır məndə,

Ona sığınaram kövrəlsə ürək.
Yaşayar qəlbimin dərinliyində,
Hər saat mən onu ovudam gərək.
Unuda bilmirəm!
Bilmirəm niyə?
Bu kədər ərimir sirli dağ kimi,
Gecə yuxularım çəkilir göyə,
Alışır hər ulduz bir ocaq kimi,
Ocaq …odu köz-köz ata ocağı.

Solğun qız bənizi…..
Nisgilli gözlər…
(Doğma yurd ömrümün ilk sığınacağı,
Qayıtsam daş divar məni əzizlər.)
-Eviniz nə yaman soyuqdur, ana
(Donur gözlərimdə yaş gilə-gilə)
Ürək üşüyərsə……
Neylər insana, 
Günəşi ocaqda yandırsan belə?
Sənin taleyinə düşmüşdü yoxsa,
İnsafsız “fələyin” bir sərt gərdişi?
Yadıma düşəndə…
Od-alov yağsa, 
Yansa başım üstə bir yay günəşi,
Yenə üşüyərəm….
Ağırdır bu qəm!….

Nə yaxşı dünyada “qol-qanadın” var,
Bəlkə bu nisgilə dözməzdim bacım.
Qayıdıb ömrünə gecikən bahar,
Rahat yer üzündə gəzməzdim bacım.

Bu xoşbəxt günləri indi alqışla,
Saldım ötənləri yadına sənin.
Neyləyim bacarsan məni bağışla,
Qurbanam, ay bacı, adına sənin.

Müəllif: ETİBAR ETİBARLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir