Bədirə Rza Həsənqızı


Örnək ömür – inamlı yol
( 14 iyul tarixinin 50-ci ildönümü münasibətilə )
Mənalı həyat, ömür yolu keçən insanlar haqqında çox yazırlar. Həm sağlığında, həm dünyasın dəyişəndən sonra, həm də əsrlər sonra… Bu yazılar, yazan şəxsin tutduğu ictimai mövqedən asılı olaraq müxtəlif mənalarda canlandırıla da bilir bəzən. 
Amma, bir də olur ki, insan xalqın bir nəfəri olaraq sadəcə düşündüyünü qələmə almaq, sadəcə el yaddaşından bir yarpaq xatirətək paylaşmaq istəyir. Təmənnasız, könül sevgisilə … Düşüncəsində o böyük şəxsiyyətin ömür yolunun nuruna baxaraq yada salır, xatırlayır, fikirlər ömrün enişli-yoxuşlu yollarından qalaqlanır üstünə… Bir ömür yaşamaq, səhvlərdən yan keçmək və əbədiyyən xalqın yaddaşında işıqlı xatirələrlə qalmaq, heç də asan iş deyil…Və bu böyük məsuliyyət hər kəsin bacara biləcəyi qüvvət ola bilməz. Belə şəxsiyyətlər İlahidən seçilmişlərdir…
Evimiz seçki məntəqəsi yerləşən orta məktəbin qarşısında yerləşirdi. Dörd qız atası olan atam sürücü işləyir, qanunları çox sevir, ehtiyac olduqca da tələb edərdi. Necə deyərlər bir az “qanun adamı” kimi tanınmışdı. Onun simasında biz də inanırdıq inandıqlarına. Və atamın qanunları bilməsi, eyni zamanda yeri gəldikcə tələb edərək yaşadığı dövr böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə iki bacımın diplom aldıqdan sonra çox asanlıqla işlə təmin olunmasına səbəb olmuşdu. Atamın Ulu öndərə olan dərin məhəbbəti, sanki bütün ehtiyacların üstünə inam pərdəsi çəkmişdi. Onu şəxsən görə bilməsə də, bütün çıxışlarını izləyir, hər kəlməsinə, ifadəsinə çox böyük hörmətlə yanaşardı. Nə ailədə, nə işində olan çətinliklər onu darıxdırmaz, qorxutmazdı. Böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması isə ona çox böyük həyat ümidi vermişdi. Gələcəyə çox böyük inamla baxardı. Yaxşı yadımdadır… 1993-cü ilin payızı, oktyabr ayı idi. Ölkədə iqtisadi cəhətdən çətinliklər vardı. Müstəqillik yollarında hələ kövrək addımlarını ataraq, sərhədlərində düşmən yaralarından qorunmağa çalışırdı doğma yurdumuz. Varislik haqqını qorumaq istəyirdi müstəqil Azərbaycan, saysız sınaqlar, görünən və görünməyən siyasi çətinliklər əhatəsində. Belə çətin günlərdə dövlət rəhbərliyinə yenidən seçkilər keçirilirdi. 
Seçki günü səhər atam çox tezdən oyanmış, məntəqəyə getməyə hazırlaşırdı. Saat 6:00 dan məntəqə açıq olacaqdı. Ondan niyə belə tələsirsən, ay ata, seçki məntəqəsi uzaq deyil ki… soruşduqda: 
– Bu çox vacib məsələdir, əlbəttə ki, daha erkən getmək lazımdır! -dedi… Kimə səs verəcəyini soruşduqda isə, çox təəccüblə dönüb baxdı… Əslində onun böyük məhəbbətin, rəğbətin ailədə hər birimiz bilirdik. Ulu öndərin 1969-cu ildən 1982-ci ilə qədər respublikamızda olan hakimiyyət dövrü tanıtmışdı xalqına necə rəhbər olmasını. Bəli, biz belə görmüşdük valideynimizi. Ölkə başçısına olan böyük məhəbbət, rəğbət dolu inamla baxırdı gələcəyə. Məncə, atam kimi, Ulu öndərə rəğbəti olan ailələr Azərbaycanda minlərlə idi…
Bəli, böyüklük şərəfi. Onu qazanmaq hər kəsə nəsib olmur. Milyonlarla insanın ürəyində yer ala bilmək… Bir iş yoldaşım var. Onun qardaşı Qarabağ döyüşlərində Şəhid olub. (Ruhu şad olsun!) Daha doğrusu itgin düşüb, Şəhid adı alıb. O deyir ki, ailəmizin ilki olan qardaşım könüllü olaraq döyüşlərə getmişdi, 1993-cü ildə. O illərdə Ümummilli lider Heydər Əliyevin televiziya ilə xalqa müraciətini eşitdikdən sonra, Neftayırma zavodunda işləyən qardaşım Zeynalov Azad dayanmayıb, könüllü getmişdi cəbhəyə, Qarabağın müdafiəsinə. Qeyd etdiyim bu xatirələr sadə bir xalqın ayrı-ayrı nümayəndələrinin öz rəhbərinə olan sevgisindən xəbər verir. Bəli, Ulu öndər xalqın rəğbətini qazanan dahi bir insan idi. Onun saatlarca nitqinə qulaq asan insanlar, hər kəs etiraf edər ki, öz xalqının tarixini, mədəniyyətini dərindən bilən, sevə -sevə təbliğ edən, qoruyan, yaşadan, bütün dünyada Vətənimizin siyasi varlığının təsdiqinə var qüvvəsilə çalışan fəxr ediləcək şəxsiyyət, azərbaycanlı idi. 
Biz bu gün də onun böyük dühasından, dərin zəkasından, dünya xalqları, dövlətləri haqqında düşüncələrindən bəhrələnir, inanırıq ki, böyük siyasətçi, fonemen şəxsiyyət Heydər Əliyev ideyaları qalib gələcək, xalqımızın haqq səsi bütün dünyada tezliklə ədalət nidası ilə bitəcəkdir.

Müəllif: BƏDİRƏ NİFTALİYEVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir