TAPDIQ YOLÇU

TAPDIQ YOLÇU “ÜÇ YARPAQ” – DA

NƏYİM QALIB…

( …bu şeirim çox kövrək alındı… )

Nəyim ötdü – bilirsən,
Bilmirsən – nəyim qalıb?
On ilim, on beş ilim,
Bəlkə bir ayım qalıb?

Nə qədər istəyirsən,
Yenə çəkim nazını?
Çoxunu ki, çəkmişəm,
Çəkim qalan azını?

Həsrətindən saralıb,
Sinəmin yaşıl donu.
Qorxuram – birdən olar
Bu payız ömrün sonu…

Tərs əsir dərd küləyi,
Çatmır sənə sözlərim.
Getdiyin izi görmür,
Heydən düşür gözlərim.

Çöküb ömür divarım,
Gəl, bir gör nəyim qalıb?
Sənsiz ölüb getməyə,
Bəlkə bir ayım qalıb…

= = = =

VARMI XƏBƏRİN…

Gün görür, yer-göy baxır,
Dərd oduma, tüstümə.
Soyuq yağışlar yağır,
Həsrətimin üstünə.

Sabahlarım açılmır,
Ömrümün şər çağıdı.
Gün mənə gün ağlamır,
İl – düşmən, gün – yağıdı.

Sonudurmu səfərin,
Bir fərmanmı almışam?
…Görən, varmı xəbərin,
Ölmüşəm, ya qalmışam?..

= = = =

QƏLBİMİN SÜZGƏCİNDƏN…

Qəlbimin süzgəcindən,
Sevinc keçmir, dərd keçir.
Bir-iki gəlsə, nə dərdim,
Üçbir gəlir, dörd keçir.

Sayı itib sayımda,
Yol-yoldaşdı yanımda.
Günlü yazım, yayım da,
Qış tək soyuq, sərt keçir.

Tanrım açan hoqqadı,
Dərdnən məni yoxladır.
Yarıyolu haqladım,
Ömrüm keçir…
Mərd keçir…

Müəllif: TAPDIQ YOLCU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir