Kollec məzunu və nəticə

miq -2019 ibtidai sinif müəllimliyi

Bu gün – 16 İYUL 2019 – MİQ – növbəti imtahan olub, Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu ən yüksək bal toplayıb:

İyulun 16-da ibtidai sinif müəllimliyi üzrə işə qəbul imtahanları keçirilib. İmtahanda 2881 namizəd iştirak edib. Namizədlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Aysel Məmmədova və Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Sara Xəlilova 58 bal toplayaraq yüksək nəticə əldə ediblər. 
İmtahan zamanı 7 namizəd köçürmə halına yol verərək imtahan qaydalarını kobud surətdə pozma və ikinci dəfə imtahanda iştirak etməyə cəhd etmə səbəbilə imtahandan xaric edilib.

Mənbə: İNSAN RESURSLARI MƏRKƏZİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Gözün gözü

GÖZÜN GÖZÜ

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər…
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər…
* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər…

* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər…
21.09.2015. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

TOFİQ BAYRAM

QADIN ÜRƏYİ

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən,
Bəzən uşaq kimi bir ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!

Müəllif: Tofiq Bayram

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eldar İsmayıl BÖYÜKTÜRK

BƏHANƏ

(Biri soruşdu: Bəhanə nədir? Dedim bir şeir verim oxu.)

Minib kor atını köndələn çapar,
Aralıqda quyruq bular bəhanə.
İblislə oturar, abidlə durar,
Mey vurub namaz da qılar bəhanə.

Quyu qazmaqdadı fikri- xəyalı,
Badalaq vurmaqda əhdi- amalı…
Zəhər torbasına bənzər camalı,
Zövqünü hiylədə bular bəhanə.

Çırtıq vurub oynar nöqsan görəndə,
Qurcuxar, bayılar qanan görəndə…
İki ləyaqətli insan görəndə
Şeytan tək meydanı sular bəhanə.

Qurbağa tövriylə quruldar keçər,
Qonşu tulası tək mırıldar keçər.
Dolmuş bulud kimi guruldar keçər,
Bəzən yalquzaq tək ular bəhanə.

Yaxşıya, yamana yetirər nəzər,
Bir könül güldürməz, yüz könül üzər.
Çərləyən, şərləyən qadına bənzər.
Bağırar, saçını yolar bəhanə.

Bəzən də Eldarı soraqlar, arar,
Şairin yoluna daş- kəsək atar.
Hiyləni yalanın gözünə qatar,
Yalanı yalana calar bəhanə.

Müəllif:ELDAR ISMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL

sona amal “üç yarpaq”– da

ƏLLƏRİMDƏN TUTASAN

Həsrətin oduna yanıb alışsam,
Sən sussan, mən sənlə incik baxışsam,
Özüm öz bəxtimlə küsüb barışsam,
Kaş ki, əllərimdən gəlib tutasan.

Kədərin köksünə sinib yatarsam,
Həsrət dəryasına cumub batarsam,
Sənsiz günlərimə səni qatarsam, 
Kaş ki, əllərimdən gəlib tutasan.

Param-parça olub ömrün növrağı,
Çəkilib sinəmə həsrətin dağı,
Daha öləziyir eşqin çırağı,
Kaş ki, əllərimdən gəlib tutasan.

Sevinc perik düşüb, qəmdi həmdəmim,
Sıxa əllərimdən kaş vüsal dəmim, 
Üz-üzə, göz-gözə dursaq, nə qəmim? 
Kaş ki, əllərimdən gəlib tutasan.

Sənsizlik qəlbimi soğantək soyub,
Nə vaxtdır əlimi qoynumda qoyub,
Amalam, gözlərim həyatdan doyub,
Kaş ki, əllərindən gəlib tutasan. 
23. 03. 2019-cu il.

= = = =

GÖRÜNÜR

Göz yaşım donubdur baxışlarımda, 
Sənli xəyalıma duman bürünür.
Ömrümün dolaylı yoxuşlarında, 
Həsrət at səyirdir, hicran görünür.

Baxışlarım baxışında buzlaşır, 
Küskün düşən əzalarım duzlaşır,
Vüsal anım həsrətinlə üzləşir,
Səninlə aramda ümman görünür.

Qəmin qəm ötürür yenə qəlbimə,
Kədər yağmurutək çökür təbimə,
Bal, şəkər qatsam da, hər an ləbimə,
Acından su içən orman görünür.

Amalam, dağlardan ağırdır yüküm,
Çəkəmmir ürəyim ta eşqin gücün,
Yaralı qəlbimə, bil, məlhəm üçün,
Sevgin İlahidən dərman görünür. 
25. 03. 2019-cu il.

= = = =

NEYLƏRƏM

Kor tale ömrümü çəkibdi dara,
Möhtacam vəfalı dosta, dildara,
Qəlbim tuş gəlməsin şeytana,sara,
Bülbülü səslərəm, sarı neylərəm?!

Günəş şəfəqini yaya dağ, düzə,
Sevinc zinət vura hər məsum üzə,
Təbəssüm yaraşır bax gülərüzə,
Qəlbimi göynədən xarı neylərəm?!

Bilmirəm gecədi, açılıb səhər?
İstərəm, yol versin sevincə kədər,
Üzməsin qəlbimi daha dərdi-sər,
Amalam, ta ahu-zarı neylərəm?! 
30. 03. 2019-cu il.

Müəllif: SONA TEYMURBEYLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD ARAZ

MƏMMƏD ARAZ HAQQINDA

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.
Publisist İradə Tuncayın atasıdır.
Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.

ƏSƏRLƏRİ

1.Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
2.Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
3.Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
4.Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
5.Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
6.Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
7.İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
8.Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
9.Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
10.Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
11.Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
12.Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
13.Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
14.Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
15.Dünya düzəlmir. Bakı: “Azərbaycan” nəşriyyatı, 1992, 81 səh.
16.Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
17.Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
18.Yol ayrıcında söhbət. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 318 səh.
19.Sənətdə son mənzil olmur. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 440 səh.
20.Ağlayan qayalar. Bakı: “Araz” nəşriyyatı, 2002, 144 səh.
21.Vətən deyin. Bakı: “Adiloğlu” nəşriyyatı, 2003, 149 səh.
22.Əsgər andı. Bakı: “Araz” nəşriyyatı, 2003, 98 səh.
23.Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh.
24.Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: “Ozan nəşriyyatı, 2003, 360 səh.
25.Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 376 səh.
26.Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 365 səh.

TƏRCÜMƏLƏRİ

(Rus dilindən – Ana dilimizə)
1.S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
2.G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
3.M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
4.N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
5.Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA CƏFƏR

Şeytana yazığım gəlir


Nədir istəyimiz bədbəxt mələkdən,
Daha başı çıxmır hiylə-kələkdən.
Taleyi qaradır, küsüb fələkdən,
Baxıram, Şeytana yazığım gəlir.

Guya, Adəm uyub Şeytan dərsinə,
Həvva da getməyib bunun tərsinə.
Tanrı qurban verib insan nəfsinə,
Baxıram, Şeytana yazığım gəlir.

Daha qalmayıbdır deyəcək sözü,
Çəkilib kənarda dayanıb özü.
Bizim əməllərdən utanır üzü,
Baxıram, Şeytana yazığım gəlir.

Uzun zaman keçib bura gələni,
Deyir, mən bilmirəm insan biləni,
Yalvarır çiynimdən alın şələni,
Baxıram, Şeytana yazığım gəlir.

Qəlbindən keçənlər gəlib dilinə,
Hər pis əməlimiz minib belinə,
İstəyir qayıtsın doğma yerinə,
Baxıram, Şeytana yazığım gəlir.

Dəyişib hiylənin modu, fasonu,
Cənnətdən qovulub bilinmir sonu.
Bəs niyə Allahım öldürmür onu?
Baxıram, Şeytana yazığım gəlir.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru