ABDULLA CƏFƏR

Şeytana yazığım gəlir


Nədir istəyimiz bədbəxt mələkdən,
Daha başı çıxmır hiylə-kələkdən.
Taleyi qaradır, küsüb fələkdən,
Baxıram, Şeytana yazığım gəlir.

Guya, Adəm uyub Şeytan dərsinə,
Həvva da getməyib bunun tərsinə.
Tanrı qurban verib insan nəfsinə,
Baxıram, Şeytana yazığım gəlir.

Daha qalmayıbdır deyəcək sözü,
Çəkilib kənarda dayanıb özü.
Bizim əməllərdən utanır üzü,
Baxıram, Şeytana yazığım gəlir.

Uzun zaman keçib bura gələni,
Deyir, mən bilmirəm insan biləni,
Yalvarır çiynimdən alın şələni,
Baxıram, Şeytana yazığım gəlir.

Qəlbindən keçənlər gəlib dilinə,
Hər pis əməlimiz minib belinə,
İstəyir qayıtsın doğma yerinə,
Baxıram, Şeytana yazığım gəlir.

Dəyişib hiylənin modu, fasonu,
Cənnətdən qovulub bilinmir sonu.
Bəs niyə Allahım öldürmür onu?
Baxıram, Şeytana yazığım gəlir.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir