Eldar İsmayıl BÖYÜKTÜRK

BƏHANƏ

(Biri soruşdu: Bəhanə nədir? Dedim bir şeir verim oxu.)

Minib kor atını köndələn çapar,
Aralıqda quyruq bular bəhanə.
İblislə oturar, abidlə durar,
Mey vurub namaz da qılar bəhanə.

Quyu qazmaqdadı fikri- xəyalı,
Badalaq vurmaqda əhdi- amalı…
Zəhər torbasına bənzər camalı,
Zövqünü hiylədə bular bəhanə.

Çırtıq vurub oynar nöqsan görəndə,
Qurcuxar, bayılar qanan görəndə…
İki ləyaqətli insan görəndə
Şeytan tək meydanı sular bəhanə.

Qurbağa tövriylə quruldar keçər,
Qonşu tulası tək mırıldar keçər.
Dolmuş bulud kimi guruldar keçər,
Bəzən yalquzaq tək ular bəhanə.

Yaxşıya, yamana yetirər nəzər,
Bir könül güldürməz, yüz könül üzər.
Çərləyən, şərləyən qadına bənzər.
Bağırar, saçını yolar bəhanə.

Bəzən də Eldarı soraqlar, arar,
Şairin yoluna daş- kəsək atar.
Hiyləni yalanın gözünə qatar,
Yalanı yalana calar bəhanə.

Müəllif:ELDAR ISMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir