SONA AMAL

sona amal “üç yarpaq”– da

ƏLLƏRİMDƏN TUTASAN

Həsrətin oduna yanıb alışsam,
Sən sussan, mən sənlə incik baxışsam,
Özüm öz bəxtimlə küsüb barışsam,
Kaş ki, əllərimdən gəlib tutasan.

Kədərin köksünə sinib yatarsam,
Həsrət dəryasına cumub batarsam,
Sənsiz günlərimə səni qatarsam, 
Kaş ki, əllərimdən gəlib tutasan.

Param-parça olub ömrün növrağı,
Çəkilib sinəmə həsrətin dağı,
Daha öləziyir eşqin çırağı,
Kaş ki, əllərimdən gəlib tutasan.

Sevinc perik düşüb, qəmdi həmdəmim,
Sıxa əllərimdən kaş vüsal dəmim, 
Üz-üzə, göz-gözə dursaq, nə qəmim? 
Kaş ki, əllərimdən gəlib tutasan.

Sənsizlik qəlbimi soğantək soyub,
Nə vaxtdır əlimi qoynumda qoyub,
Amalam, gözlərim həyatdan doyub,
Kaş ki, əllərindən gəlib tutasan. 
23. 03. 2019-cu il.

= = = =

GÖRÜNÜR

Göz yaşım donubdur baxışlarımda, 
Sənli xəyalıma duman bürünür.
Ömrümün dolaylı yoxuşlarında, 
Həsrət at səyirdir, hicran görünür.

Baxışlarım baxışında buzlaşır, 
Küskün düşən əzalarım duzlaşır,
Vüsal anım həsrətinlə üzləşir,
Səninlə aramda ümman görünür.

Qəmin qəm ötürür yenə qəlbimə,
Kədər yağmurutək çökür təbimə,
Bal, şəkər qatsam da, hər an ləbimə,
Acından su içən orman görünür.

Amalam, dağlardan ağırdır yüküm,
Çəkəmmir ürəyim ta eşqin gücün,
Yaralı qəlbimə, bil, məlhəm üçün,
Sevgin İlahidən dərman görünür. 
25. 03. 2019-cu il.

= = = =

NEYLƏRƏM

Kor tale ömrümü çəkibdi dara,
Möhtacam vəfalı dosta, dildara,
Qəlbim tuş gəlməsin şeytana,sara,
Bülbülü səslərəm, sarı neylərəm?!

Günəş şəfəqini yaya dağ, düzə,
Sevinc zinət vura hər məsum üzə,
Təbəssüm yaraşır bax gülərüzə,
Qəlbimi göynədən xarı neylərəm?!

Bilmirəm gecədi, açılıb səhər?
İstərəm, yol versin sevincə kədər,
Üzməsin qəlbimi daha dərdi-sər,
Amalam, ta ahu-zarı neylərəm?! 
30. 03. 2019-cu il.

Müəllif: SONA TEYMURBEYLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir